“Qəzet istehsal edənlər rəqabət aparmalı olacaqlar” - Müsahibə
Fevralın 11-də Mətbuat
Şurası İdarə Heyətinin iclası keçirilib. Toplantıda kütləvi informasiya
vasitələrinin dövlət tərəfindən maliyyələşməsinin vəziyyəti, Azərbaycan
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondu (KİV DF) tərəfindən maliyyələşmə şərtlərinin bir qədər sərtləşdirilməsi,
çap mediasının qarşılaşdığı problemlər ətrafında geniş müzakirələr aparılıb,
həmçinin şuranın 2018-ci ildə gördüyü işlərə dair hesabatı dinlənilib. İclasda
müzakirə mövzusu olan məsələlərlə bağlı "Kaspi” qəzetinin suallarını Mətbuat
Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov cavablandırır.
-
Əflatun müəllim, KİV DF-nin qəzetlərin maliyyələşməsi ilə bağlı şərtləri
dəyişdirməsindən sonra yaranmış durumu necə dəyərləndirirsiniz? Sizcə, bu
dəyişikliklər hansı zərurətdən irəli gəlib?
- Bildiyiniz kimi, şərtlər
qəzetlərin tirajı və yayımı ilə bağlıdır. Əlbəttə, ilk baxışdan radikal addım
kimi görünə bilər. Amma bir məsələni unutmaq olmaz ki, dövlət dəstəyi ictimai
rəydə qəbul edilən, xüsusi çəkiyə malik kütləvi informasiya vasitələrinin
mövcudluğunun təminatı üçündür. Dövlət vəsaiti ianə deyil, məqsədyönlüdür.
Digər tərəfdən, dediyiniz şərtləri qəbul edən konkret dövlət qurumudur. Ancaq
bəzilərinin iddialarının əksinə olaraq onu demək istəyirəm ki, Azərbaycan
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondu açıqladığı şərtlərlə heç də qəzetçiliyə zərbə vurmadı. Əksinə, yeni
mərhələnin əsasını qoydu. Bu, o mərhələdir ki, hər bir qəzet istehsalçısı,
yaxud qəzet istehsal etmək niyyətində olan şəxs fəaliyyət minimumunu həmin
şərtlərə uyğun götürəcəkdir. Qəzet ictimai məhsuldur. Onu istehsal edənlər
dövlətin dəstəyindən faydalanaraq həm özlərini təkmilləşdirmək, maliyyə
imkanlarını yaxşılaşdırmaq, həm də dövlətin cəmiyyətə yönələn media siyasətinin
tərkibində olmaq istəyəcəklərsə, cəmiyyətin maraq və mənafelərindən irəli gələn
prinsipləri media müstəvisində reallaşdırmağı prioritet seçəcəklərsə, deməli,
rəqabət aparmalı da olacaqlar. Bu rəqabət eyni zamanda ictimai rəydə tanınmaq
uğrundadır. Məsələni belə təqdim edərdim. Təbii ki, hər bir proses itkilərsiz
ötüşmür. Bəli, bəzi qəzetlər elektron varianta, bəziləri həftəliyə keçdiklərini
bəyan etdilər. Bu, istər-istəməz ixtisarlara səbəb olacaqdır. Əsasən də texniki
heyət baxımından. Düşünürəm ki, yaxın iki-üç ay ərzində loru dillə desək, bütün
daşlar yerinə oturacaqdır. Ümumən peşəkar jurnalistlərə hər zaman tələbat var
və olacaqdır. Qeyd ediləcək daha bir məqam yaradıcılığa baxışla əlaqədardır.
Bir neçə dəfə bildirmişəm ki, bizə internet media orqanlarından, sosial
şəbəkələrdən oxuduğumuz məlumatı ertəsi gün dərc edən qəzetlər lazım deyil.
Dünyada da belədir. Çap mediası məzmununda dəyişikliklər aparır. İnsanlar
qəzetdən hansısa hadisəni deyil, həmin hadisənin doğurduğu, yaxud doğura
biləcəyi vəziyyəti öyrənirlər. Əslində bu tələb müəyyən mənada internet mediaya
da aiddir. İndi onlar üçün də sadə xəbərçilik artıq aktual sayılmır. Bu mənada
qəzetə daha böyük yük düşür. Üstəlik, qəzet geniş imkanlara malikdir. Sadəcə,
işə yaradıcı yanaşmaq lazımdır. Oxucuya fərqli nəsə təqdim edilməlidir. Eyni
zamanda, bizim yüksək keyfiyyətli kağızda nəşr olunan, rəngli qəzetlərimiz
olmalıdır. Hesab edirəm ki, bütün bunlar dəyişikliklərin başlıca motivini
təşkil edən məsələlərdir.
-
Çap mediasının iqtisadi müstəqilliyini təmin edəcək amillərdən biri də reklam
bazarının mövcudluğu, qəzetlərin reklam gəlirlərinin yüksək olmasıdır. Bu
bazarın formalaşması istiqamətində nə kimi işlər görülməlidir?
- Mətbuat Şurasının İdarə
Heyətinin son iclasında bu məsələ də
geniş müzakirə olundu. Əslində dövlət dəstəyinin fəlsəfəsini medianın iqtisadi
müstəqilliyinin möhkəmləndirilməsi təşkil edir. Bu məqam «Azərbaycan
Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi
Konsepsiyası»nda yetərincə geniş şərh olunur. O ki qaldı reklam bazarına,
əlbəttə nəzəri baxımdan bu, çoxşaxəli prosesdir və ümumən iqtisadi sistemə
söykənir. Bəli, hazırda media ölkənin reklam bazarında zəif təmsil olunur.
Bunun obyektiv və subyektiv səbəbləri var. Bəzi məsələləri bazar özü
tənzimləməlidir, ona müdaxilə yolverilməzdir. Hansısa sahibkara necə demək olar
ki, sən reklamını telekanala deyil, qəzetə ver. Mümkün deyil. Ona görə biz hələlik dövlət qurumlarının elan
və reklamlarının mediada, xüsusən çap mediasında verilməsi üzərində dayanırıq.
Əlbəttə, prinsipial yanaşsaq, hansısa dövlət qurumu reklamını oxunmayan qəzetdə
vermək istəməz. Çünki o, sosial mahiyyət daşıyan elan və reklamları ilə bir
növ, cəmiyyətə müraciət edir. Cəmiyyət dövlətin tədbirlərindən məlumatlı
olmalıdır. Amma bu sahədə də fərqli vəziyyət müşahidə edilməkdədir. Bəzi dövlət
qurumları büdcələrində reklam və elanlar üçün nəzərdə tutulan məbləği özlərinin
təsis etdikləri media orqanlarına yönləndirirlər. Həmin media orqanlarından
cəmiyyətin böyük hesabla xəbəri yoxdur. Deməli, məsələyə yanaşma dəyişməlidir.
Onu da deyim ki, dövlət qurumlarının reklam və elanlar üçün büdcədə nəzərdə
tutulan vəsaitinin miqdarı imkan verir ki, ictimai rəyə təsir göstərən çap
mediası onun köməyi ilə özünün gəlirlərini artırsın. Hələlik bu məsələnin
gerçəkləşməsinə çalışırıq.
-
Siz Milli Məclisin iclaslarında tez-tez qəzet kağızının əlavə dəyər vergisindən
azad edilməsi barədə təkliflər səsləndirirsiniz. Elə son plenar iclasda da çap
məhsullarının, kitab və jurnalların üzərindən əlavə dəyər vergisinin
götürülməsini təklif etmisiniz. Sizcə, bu təkliflərinizin nəzərə alınması
qəzetləri üzləşdiyi problemlərdən tam azad edə bilərmi?
- Bununla əlaqədar
parlamentdə bir neçə dəfə çıxış etmişəm. Mətbuat Şurasının ayrı-ayrı vaxtlarda
müvafiq dövlət qurumlarına müraciətləri də olub. Ümumən məsələnin qoyuluşu
belədir ki, dövlətin qanunvericilik yolu ilə müəyyənləşdirdiyi imtiyazlar
özlüyündə mediaya dəstəkdir. Vaxtilə ulu öndər Heydər Əliyev qəzetlərin
«Azərbaycan» Nəşriyyatına olan borclarının dondurulması barədə sərəncam
imzalamışdı. Prezident İlham Əliyev bu borcun dövlət hesabına silinməsini təmin
etdi. Əlbəttə, böyük dəstək idi. Eləcə də bütün növ çap məhsullarının əlavə
dəyər vergisindən azad edilməsini götürək. Bilirsiniz ki, bu məsələ Vergi
Məcəlləsi ilə tənzimlənir. Konkret olaraq 164.1 və 164.1.7-cü maddələrlə.
Maraqlıdır ki, 2005-ci ildə Nazirlər Kabineti 11 saylı qərar qəbul edib. Həmin
qərarda da idxal olunan KİV məhsullarının ƏDV-dən azad edildiyi vurğulanıb.
2015-ci ildə Nazirlər Kabinetinin həmin qərarı ləğv edilib və məhz buna görə
ƏDV-nin tətbiqinə başlanılıb. Əlbəttə, dövlət qurumları müxtəlif səbəblər
gətirir, əsaslandırmalar aparırlar. Biz isə izah etmək istəyirik ki, istəyimiz
ƏDV-nin tətbiqinin dayandırılmasıdır. Bu zaman onu da nəzərə alırıq ki, ƏDV-nin
tətbiqi ilə dövlət büdcəsinə elə də ciddi vəsait daxil olmur. Amma bu,
KİV-lərin durumuna mənfi təsir göstərir. Mən parlamentdə "Kitabxanalar
haqqında” qanuna dəyişikliyin müzakirəsində də bildirmişdim ki, kitabların
qiyməti bahadır. Yəni məsələdən əziyyət çəkən yalnız KİV-lər deyil. Amma
KİV-lər və yayım firmaları buna görə ixtisarlara gedirlər. Neçə-neçə adam öz iş
yerini itirir. Hesablayanda görürsən ki, həmin adamlara görə hüquqi şəxslər
tərəfindən dövlət büdcəsinə ödənilən vəsaitin miqdarı da azalıb. Göründüyü
kimi, ƏDV-nin tətbiqi bir tərəfdən dövlət büdcəsinə vəsait daşıdısa, digər
tərəfdən daxil olmalı olan vəsait azaldı. Belədə uduş nədir? Heç nə. Hesab
edirik ki, ölkəyə gətirilən hazır çap məhsulları və qəzet kağızının üzərindən
ƏDV-nin götürülməsi media sektorunda canlanmaya səbəb olacaqdır.
-
Fəaliyyətini dayandıracaq qəzetlərin sayt versiyasına üstünlük verməsi və
ümumilikdə elektron medianın maliyyələşdirilməsi kimi məsələlər də aktualdır.
Sizcə, bu proses hansı şəkildə həyata keçirilə bilər? Bunun üçün hansısa
mexanizm varmı? Hüquqi status hansı formada olmalıdır?
- Ümumiyyətlə, çap mediası
saxlanılmalıdır. Biz deyə bilmərik ki, on, iyirmi, otuz, əlli, yüz il sonra nə
olacaq? İnternet qalacaqmı? Bu mənada çap mediası gələcək üçün təminatdır.
Hansı ölkə çap mediasından imtina edib ki, biz də edək? Əslində son günlər
aparılan diskussiyaların mahiyyətində bu sayaq məsələlər dayanır. Amma reallıq
da var. Bu gün dünyanın bir sıra aparıcı media vasitələri internet üzərindən
yayıma üstünlük verir. Ümumən ictimai rəyi əsasən internet üzərindən yayımlanan
KİV-lər formalaşdırırlar. Vəziyyəti nəzərə almalıyıq. Dediyiniz kimi, KİVDF-nin
məlum qərarından sonra bəzi KİV-lər elektron yayıma keçdiklərini bəyan etdilər.
Bəli, onlar hazırda təşkilati-hüquqi forma baxımından KİV-dirlər. «İnformasiya
əldə etmək haqqında» qanun onların öz elektron resurslarını yaratmaq
öhdəliklərini müəyyənləşdirir. Elektron resursları isə var. Bu durumda əlbəttə,
dövlət dəstəyindən faydalanmalıdırlar. O ki qaldı, digər elektron media
orqanlarına, bəli, biz dəfələrlə bildirmişik və əsaslandırmışıq ki, onlara da
dövlət dəstəyi şamil edilməlidir. Hüquqi status məsələsini də doğru
vurğuladınız. Hesab edirik ki, məsələyə kompleks baxış elə buna söykənir.
Düzdür, bir sıra qanunvericilik aktlarında, əsasən də «İnformasiya,
informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında» və
«Telekommunikasiya haqqında» qanunlarda ciddi dəyişikliklər edilib. Müəyyən
məsuliyyət növləri müəyyənləşib. Ancaq hesab edirəm ki, bu, yetərli deyil.
İnternet media hüquqi münasibətlər sistemində müstəqil şəkildə təmsil
olunmalıdır. Yəni, onunla bağlı ayrıca qanuna ehtiyac var. Qanun həm də mövcud
məkandakı sui-istifadələrlə mübarizə üçün vacibdir. Mübarizədə konkret hüquqa
əsaslanmaq lazımdır. Yaxşı yadımdadır ki, bir rayon məhkəməsi bizə müraciət
etmişdi. Hansısa internet media orqanı ilə bağlı qərar verməkdə çətinlik
çəkirdi. Məhkəmə müəyyənləşdirə bilmirdi ki, məsələni necə mübahisələndirsin.
İnternet xəbər daşıyıcısı kimi fəaliyyət göstərən quruma KİV, yoxsa kommersiya
təşkilatı kimi müraciət etsin. Faktiki olaraq KİV-dir. Ancaq təşkilati-hüquqi forma
baxımından əksəriyyəti MMC-dir. Belə olan halda biz də düşünməliyik. İnternet
media ənənəvi media kimi KİV statusunda çıxış etməlidir. Təbii ki, burada
müəyyən texniki məqamlar da əsas götürülməlidir. Məsələn, qəzetə KİV deməyimiz
üçün qanunvericilik minimum tələblər müəyyənləşdirir. Tiraj və sair. Eyni
tələblər internet media üçün də işlək hala gətirilməlidir. Ancaq burada artıq
İP göstəricilər və digər məsələlər nəzərə alınmalıdır. Bu yolu sürətlə
getməliyik ki, tez bir zamanda internet media dövlət yardımından bəhrələnə
bilsin. Təbii ki, ayrıca maliyyələşmə kriteriyaları da olmalıdır. Məsələn,
müxtəlif dillərdə yayımlanma. Nəzərə alınmalıdır ki, biz Azərbaycan
həqiqətlərinin xaricdə təbliğini istəyirik. Biz istəyirik ki, KİV-lərimiz
dünyanın media məkanına inteqrasiya etsinlər. Ümumən internet medianın
potensialının dövlət və cəmiyyət üçün vacib məsələlərə səfərbər edilməsi günün
tələbidir.
-
Rəhbərlik etdiyiniz qurum tərəfindən "Mətbuat Şurası haqqında” qanun layihəsinin
hazırlanmasına dair xəbərlər var. İstərdim bu sənəd barədə bir qədər ətraflı
məlumat verəsiniz. Sözügedən qanun layihəsində nələr əhatə olunacaq?
- Mətbuat Şurası haqqında
qanun layihəsi artıq hazırdır və müvafiq dövlət qurumuna təqdim olunub. Layihə
üzərində iş aparılmalıdır və aparılacaq da. Bildiyiniz kimi, Şura hazırda
ictimai təşkilatdır. Bu status bir çox layihələrin reallaşması, eyni zamanda
media məkanındakı sui-istifadələrə qarşı mübarizə aparmaq üçün o qədər də
effektiv platforma deyil. Əlbəttə, ötən 16 ildə Mətbuat Şurasının uğurları
yetərincədir. Biz məhdud imkanlarla cəmiyyətdə tanına bilmişik. Vətəndaşlar
Şuraya etimad göstərirlər. Ancaq elə situasiyalar olur ki, gücsüzük. Bəzi
KİV-lər var ki, ictimai qınaqdan nəticə çıxarmırlar. Onların hərəkətlərindən
isə bütövlükdə cəmiyyət narazı qalır. Hətta əziyyət çəkir. Ayrı-ayrı cəmiyyət
üzvlərinin mənafeyinin təmin olunmaması, hüquqlarının məhz media müstəvisində
pozulması isə yolverilməzdir. Nəzərə alaq ki, insanlar mətbuata, ümumən KİV-ə
nicat yolu kimi baxırlar. Həmişə də belə olub və bu, bir növ ənənədir. Təsəvvür
edin ki, media özü insan hüquq və azadlıqlarını heçə sayır. Belə bir durumda nə
etmək olar? Əslində bu sualla çox üzləşirik. Qərar çıxarırıq, tövsiyə edirik
ki, xoşagəlməz hallar təkrarlanmasın, amma əhəmiyyət verilmir. Vaxtilə Mətbuat
Şurası nəyə görə yaranmışdı? Media ilə bağlı narazılıqların məhkəmələrə
daşınmaması üçün. Əlbəttə, baxış ondan ibarət idi ki, çoxsaylı məhkəmə
prosesləri həm medianın ziyanınadır, həm də məhkəmələr yüklənir. Mətbuat Şurası
ötən 16 ildəki fəaliyyəti ilə bu yükü aradan qaldırdı. Daha doğrusu, yükü öz
üzərinə götürdü və daşıdı. Qeyd etdiyim kimi, uğurlar da əldə etdi. Ancaq elə o
zaman da, indi də bu yük Şura üçün ağırdır. Çünki təsir mexanizmi məhduddur.
Baxın, internet media orqanlarının sayı artır. Mediadan narazılıq isə dünyanın
hər yerində var. İstəmirik ki, bizdəki narazılıqlar yenidən məhkəmə müstəvisinə
daşınsın. Bu, media üçün də əlverişli deyil. Belədə Mətbuat Şurasının
fəaliyyətinə daha sistemli yanaşmaq zərurəti meydana çıxır. Qanun da bu
sistemliliyin təminatı üçündür. Mətbuat Şurası haqqında qanun Azərbaycan
Respublikasının ərazisində hər bir şəxsin kütləvi informasiya vasitəsi kimi
fəaliyyət göstərən qəzet, jurnal, informasiya agentliyi və internet informasiya
resurslarında öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsini
həyata keçirmək, media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini
tənzimləmək, KİV məkanındakı sui-istifadələr və digər neqativ halların
qarşısının alınması üçün effektiv hüquqi mexanizmlərin tətbiq etmək, medianın
özünütənzimləmə orqanı olan Azərbaycan Mətbuat Şurasının fəaliyyətini
təkmilləşdirmək məqsədini daşıyır. Sual yaranır - burada dövlətin marağı nədən
ibarətdir? Nə üçün dövlət Mətbuat Şurasının fəaliyyətini qanuniləşdirməkdə maraqlı olmalıdır? Ona görə
maraqlı olmalıdır ki, dövlət ölkədə söz və ifadə azadlığının dərinləşməsi, bu
sahədə cəmiyyətin istəyindən irəli gələn mühitin formalaşmasını, Azərbaycan
KİV-lərinin beynəlxalq informasiya məkanına inteqrasiyasında səmərəliliyin
artırılmasını istəyir. Göründüyü kimi, qanun dövlətlə media ictimaiyyətinin
ortaq maraqlarının təminat vasitəsi kimi çıxış edir. Ümumən Mətbuat Şurası
haqqında qanun layihəsi barədə bunları deyə bilərəm. Əlbəttə, sənəd üzərində iş
gedir. İnanıram ki, işlər müsbət nəticə verəcəkdir.
Rufik
İSMAYILOV