• cümə, 26 Aprel, 11:27
  • Baku Bakı 12°C

Qətərin təcridi ciddi qlobal nəticələrə gətirib çıxara bilər

09.06.17 10:00 1249
Qətərin təcridi ciddi qlobal nəticələrə gətirib çıxara bilər
Münaqişə və gərginliklərin səngimədiyi Yaxın Şərq növbəti problemlə üzləşib. Bu dəfə gərginlik Qətər ətrafında yaşanır. Başda Səudiyyə Ərəbistanı olmaqla yeddi ərəb ölkəsi Qətərlə diplomatik əlaqələri kəsib. Bu ölkələrin Qətəri dənizdən və havadan mühasirəyə alması regional gərginliyi artırıb və dünyanın diqqətini özünə cəlb edib. İnsident qüdrətli ərəb ölkələri arasında son onilliklərin ən böyük gərginliyi hesab edilir. Belə bir iddia da var ki, Fars körfəzində gərginlik Qətər və Türkiyəyə mənfi münasibəti ilə seçilən Birləşmiş Ərəb Əmirliklərinin Vaşinqtondakı səfirinin internetdə yayılan məktubundan sonra qızışıb. Eləcə də Çinin İranın Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv olacağı barədə bəyanatı bu gərginliyə səbəb kimi göstərilir. Lakin əsas diqqət Qətər və İranın yaxınlaşmasına yönəlir. Məsələ ondadır ki, hər iki ölkə 51 trln. kub metr həcmində qiymətləndirilən "Cənubi Fars” qaz yatağını işlədir. Bu o deməkdir ki, iki ölkənin əldə edəcəyi gəlir onların regiondakı mövqelərinin xeyli güclənməsinə gətirib çıxara bilər. Hesablamalara görə, bu yataqda dünyada qaz ehtiyatlarına görə ikinci yerdə qərarlaşan İranın qaz ehtiyatlarının 40 faizi cəm olub. İranın burada payı 14,2 trln. kub metr, Qətərin isə 25,4 trln.kub metrdir. Dünyada qaz ehtiyatlarına görə üçüncü olan Qətər üçün bu rəqəm ehtiyatlarının 99 faizi deməkdir. Başqa sözlə, böyük bir enerji oyununun getdiyi göz önündədir. Əgər İran bu ehtiyatlarını dünya bazarına çıxararsa, bu, onun regiondakı mövqeyinin güclənməsi demək olacaq. Bunu isə nə Birləşmiş Ştatlar, nə də Səudiyyə Ərəbistanı istəyir. Çinə gəldikdə, onu energetika tələbatının ödənilməsi narahat edir. Bütün bu hadisələrin regional və qlobal miqyasda nəticələrinin olacağı isə şəksizdir. Bütün bunlar neftin dünya bazarında qiymətlərinə, ərzaq sektoruna, Qətərin insan resurslarına, 2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatı ilə bağlı inşaat layihələrinə təsir edəcək. Bu gərginlik həm də Çinin "Bir dəhliz, bir yol” layihəsinə də təsirsiz ötüşməyəcək.
Belə bir durumda Türkiyənin rolu artır. Türkiyə nəşrləri yazır ki, yaranmış gərginliyin tez bir zamanda nizamlanması üçün İslam Əməkdaşlıq Təşkilatının müvəqqəti sədri kimi Türkiyənin və prezident Rəcəb Tayyib Ərdoğanın intensiv diplomatik səyləri hamının xeyrinə ola bilər. Artıq yayılan xəbərlərə görə, Türkiyə Qətəri ərzaq məhsulları ilə təmin etməyi öz üzərinə götürəcək. Bu məsələnin müzakirəsi üçün yaxın günlərdə Qətərdən Türkiyəyə xüsusi nümayəndə heyəti səfər edəcək. Bundan əvvəl ərəb KİV-ləri yazmışdı ki, Qətərin ərzaq ehtiyatları ölkəyə 4 həftəyə qədər kifayət edəcək və rəsmi Doha içməli su və kənd təsərrüfatı məhsullarının təmin edilməsi məqsədilə Ankara və Tehranla danışıqlara başlayıb.
Beləliklə, regionda öz mövqeyini iqtisadi və siyasi sabitlik vahəsi kimi göstərən Türkiyənin mövqeyi bütün bu hadisələr fonunda güclənə bilər. Bununla yanaşı, Türkiyənin Fars körfəzi ölkələri arasında "vasitəçi”lik kimi əhəmiyyətli mövqeyi var. Bir faktı da qeyd edək ki, Türkiyənin Qətərdə hərbi bazası var. Türkiyə parlamenti də Qətərdəki hərbi bazasına daha çox əsgər göndərilməsinə dair yeni mandat təsdiq edib.Parlamentdəki əsas siyasi partiyalar bu qanunvericilik aktının növbədənkənar qaydada təsdiqini həyata keçiriblər.
Beləliklə, Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələri Dohanın blokadasına qalxdıqları bir vaxtda Ankara bu qarşıdurmadakı seçimini Qətərin xeyrinə edib.Türkiyə Qətər və bir neçə körfəz qonşuları ilə yaxşı münasibətlərə malikdir. Türkiyə və Qətər Misirdə "Müsəlman qardaşları” təşkilatına və Suriyada antiəsəd qüvvələrinə birlikdə dəstək veriblər. Hakim AKP-nin parlamentə təqdim etdiyi qanun layihəsində Qətərə əlavə qoşun göndərilməsi və bu ölkə ilə hərbi əməkdaşlığın gücləndirilməsi də nəzərdə tutulur. Türkiyə 2014-cü il razılaşmasına əsasən, Qətərdə özünün hərbi bazasını yaradıb. 2016-cı ildə Türkiyənin o vaxtkı baş naziri Əhməd Davudoğlu Qətərdəki 150 türk hərbçiyə baş çəkmişdi. Türkiyə tərəfi 2015-ci ildə bildirirdi ki, son məqsəd burdakı hərbi bazada 3 minədək əsgər yerləşdirməkdir. Baş nazirin müavini Numan Kurtulmuş Qətər böhranının diplomatiya və dialoq yolu ilə həll edilməsi üçün səy göstərdiklərini bildirib. O, bəzi dairələrinbucür böhranlarla islam dünyasını hədəfə aldığınıdeyib. O ki qaldı Qətərə, bu ölkə onu terroru dəstək verməkdə ittiham edən ölkələrin mövqeyi ilə razılaşmır. Ölkənin xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman bin Casim Al Tani deyib ki, Qətər bir sıra ərəb ölkələri ilə münasibətlərdə yaranmış böhranın həlli üçün dialoqa hazırdır: "Region ölkələri superdövlət deyillər ki, problemləri hərbi yolla həll etsinlər”. Nazir əlavə edib ki, Qətər terrorizmi dəstəkləmir.
Bütün bunlardan çıxış edərək bu nəticəyə gəlmək olar ki, məsələnin hələ uzun müddət müzakirə və gərginlik mövzusu olaraq qalacağı şəksizdir.
Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər. Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya, Maldiv, Mavrikiy, Qəmər adaları və Seneqal da qoşulub.
Azər
banner

Oxşar Xəbərlər