• şənbə, 27 Aprel, 00:53
  • Baku Bakı 14°C

Qazaxıstan pozitiv təcrübə formalaşdırdı

17.06.19 09:15 581
Qazaxıstan pozitiv təcrübə formalaşdırdı
Qazaxıstanda keçirilən prezident seçkilərində ilk dəfə idi ki, birinci prezident Nursultan Nazarbayev iştirak etmədi. Sona çatmış seçki kampaniyasının fərqli cəhəti təkcə bu məqam deyildi. Sözügedən seçkilərdə namizədlər arasında son dərəcə gərgin rəqabət qeydə alındı.
İlkin nəticələr açıqlanan kimi aydın göründü ki, Nursultan Nazarbayevin kampaniyada iştirak etməməsi belə sürprizlərə səbəb olmadı. Onun siyasi varisi, təcrübəli diplomat Qasım-Comərd Tokayevin qələbəsi gözlənilən idi. Qalib, ölkədə yüksək populyarlıq reytinqi olan birinci prezidentin siyasi kursunun davam edəcəyini vəd etmişdi. Məhz buna görə də ölkə vətəndaşlarının əksəriyyəti sabitliyə və Qazaxıstanın lider məmləkətlərin qrupuna çıxmasına səbəb olan siyasətə səs verdilər.
Hətta seçkiqabağı proqnozlarda bir çoxlarının Tokayevi favorit görməsinə baxmayaraq siyasi yarışda ciddi rəqabət qeydə alındı. Bunu təsdiqləyən üç fakt göz önündədir: Qazaxıstan tarixində keçirilmiş prezident seçkilərində say etibarı ilə ən çox namizəd məhz bu kampaniyaya təsadüf etdi; ilk dəfə namizədlər arasında xanım iştirakçı qeydə alındı; ilk dəfə seçkiöncəsi kampaniya çərçivəsində namizədlərin açıq debatları oldu.
Namizədlərə gəldikdə isə diqqət çəkən odur ki, onlar siyasi spektrin müxtəlif cinahlarını təmsil etməklə göstərdilər ki, ölkədaxili siyasətdəki cərəyanlar canlanma ilə fərqlənir. Təsadüfi deyil ki, kampaniyada sağçı, solçu, liberal, mərkəzçi və s. qanadlar təmsil olunmuşdurlar. Namizədlərin geniş spektri təmsil etmələri elektoral kampaniyaya intriqa gətirməklə seçicilərin ab-havasına da xüsusi ovqat gətirmiş oldu. Çünki plüralizm ənənəsi vüsət aldı.
Müşahidəçilər də kampaniyanın gərgin rəqabət şəraitində keçməsini qeyd etdilər. Ümumilikdə onlar əvvəlcədən tənqidi ruhla prosesə münasibət bəsləmələrinə baxmayaraq sonradan, demək olar hamılıqla pozitiv rəy və münasibət bildirdilər. Onların qənaəti bu oldu ki, seçkilər tam şəffaf şəraitdə və cüzi pozuntularla başa çatdı. Ən əsas onu da vurğuladılar ki, səsvermə kampaniyası yüksək vətəndaşlıq ruhunda keçdiyinə görə qənaətbəxş sayılmalıdır. Bəzi səsvermə məntəqələrində vətəndaşlar növbələrə düzülüb, öz vətəndaş borcunu vicdanla yerinə yetirdi. Yetər-say 77%-i üstələdi.
Bu haqda danışmağa dəyər. Yetər-sayın yüksək okması göstərir ki, Qazaxıstan cəmiyyəti səviyyəsində yumşaq siyasiləşmə cərəyanı getdikcə vüsət alır. Bu ənənə Qərb məmləkətlərinə də xasdır. Başqa sözlə deməli olsaq, birmənalı qeyd etmək lazımdır ki, ölkə vətəndaşları səslərinin Qazaxıstanın gələcəyi üçün nə dərəcədə vacib olmasını dərindən dərk edirlər.
Təəccüblü səslənsə də, vətəndaşların yüksək fəallığına dəlalət edən amillərdən biri də Nur-Sultan və Almatıda qeyd olunmuş nümayişlər oldu. Etiraz edənlər, təəssüf əvvəlcədən nümayişlər üçün icazə almadıqlarına görə ümumi sabitliyi pozmuş oldular. Bu səbəbdən hüquq-mühafizə orqanları sabitliyi qorumaqdan ötrü müdaxilə etməli oldu.
Seçkilərin qalibi Qasım-Comərd Tokayev baş verən hadisələrə dərhal münasibət bildirməklə dialoqa girmək üçün hazır olduğunu bildirdi və etiraz edən seçicilərlə belə təmas qurmağın tərəfdarı olduğunu diqqətə çatdırdı. Bundan əlavə o, ölkədə ictimai etimad komitəsinin təsis edilməsi təşəbbüsünü irəli sürdü.
Seçki kampaniyaları zamanı nümayişlərin keçirilməsi demokratiyanın beşiyi sayılan belə məmləkətlərdə adi haldır. Bu məqam özü elektoral prosesin həqiqi rəqabət məcrasında olmasına dəlalət edir. Lakin bu başqa məsələdir ki, Qazaxıstanda etiraz etmək istəyən seçicilər hələ öz hərəkətlərini qanuniləşdirməyə vərdiş etməyiblər və buna görə də ictimai asayişi pozaraq, digər insanlara təhdidlər törədirlər. Hətta belə olduğu halda ictimai qüvvələrin etiraz etmək istəkləri vətəndaş cəmiyyətinin inkişafından, insanların məsuliyyəti dərk etmələrindən xəbər verir. Bu özü özlüyündə təqdirə layiq göstəricidir.
Ümumilikdə isə seçki kampaniyasının özəllikləri, əldə olunmuş təcrübə və nəticələr Qazaxıstanda demokratiya hərəkətinin təkamülündən xəbər verir. Siyasi rəqabətin gərgin tərzdə ötməsi isə ölkədə 2021-ci ildə keçiriləcək parlament seçkilərinə pozitiv təsir göstərəcəyini vəd edir. Ən azı ölkədəki siyasi məkanın genişlənməsi, plüralizmin yeni keyfiyyət mərhələsinə çıxma ehtimalı, nəhayət, siyasi palitranın zənginləşməsini gözləmək yerinə düşür.
Qasım-Comərd Tokayevin andiçmə nitqi isə bir çox diqqət çəkən məqamlara aydınlıq gətirdi. Yeni prezidentin ilk çıxışı ölkədəki hakimiyyət tranzitinin nöqtəsini vurmaqla bərabər hakimiyyətdə dəyişikliklərin demokratik əsaslarla baş vermə platformasını gücləndirəcək. Bu tək Qazaxıstanın müqəddəratı üçün deyil, bütün Mərkəzi Asiya ölkələri üçün vacib örnək oldu, axı bu çağa qədər heç bir ölkədə belə hakimiyyət transferi hələ olmamışdı.
Yusif Bağırzadə

banner

Oxşar Xəbərlər