• şənbə, 27 Aprel, 02:35
  • Baku Bakı 14°C

Qarşılıqlı maraqlardan doğan yüksək səviyyəli əməkdaşlıq

13.05.14 08:49 1226
Qarşılıqlı maraqlardan doğan yüksək səviyyəli əməkdaşlıq
Məlum olduğu kimi, Fransa prezidenti Fransua Olland mayın 11-də Azərbaycana rəsmi səfərə gəlib. Sonuncu dəfə Fransa prezidenti 2011-ci ildə Azərbaycanda olmuşdu. Zaman etibarilə qısa bir müddətdə Fransa kimi nəhəng bir dövlətin başçısının ölkəmizə ikinci dəfə səfər etməsi münasibətlərin yüksək səviyyəsinin göstəricisidir.
Ümumiyyətlə Azərbaycan və Fransa prezidentləri arasında təmasların bir növ, intensiv xarakterli olduğunu söyləmək olar. Belə ki, 2003-cü ildə İlham Əliyev prezident seçildikdən sonra ənənəyə sadiq qalaraq, ilk səfərini Fransaya etməsi də daxil olmaqla bu günədək Azərbaycan prezidenti ilə Fransa prezidenti 10 dəfədən artıq görüş keçiriblər.
Bu cür intensiv və yüksək səviyyəli təmaslar isə ikitərəfli münasibətlərin hazırda bütün əsas istiqamətlər üzrə yüksək səviyyədə inkişafını təmin edib. İki dövlət arasında həm iqtisadi, həm siyasi və həm də humanitar sahələrdə kifayət qədər yaxın əlaqələri əks etdirən məqamlar vardır.
İqtisadi sahədə münasibətlər, əlbəttə ki, əsasən Azərbaycanın karbohidrogen ehtiyatlarının ixracı ilə bağlıdır. Sirr deyil ki, hazırda Azərbaycan nefti və qazı Avropanın enerji təchizatında mühüm amilə çevrilib. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tiflis-Ərzurum qaz kəmərləri, TANAP və TAP layihələri Avropanın enerji ilə təmin edilməsi istiqamətində əsas vasitələrdəndir. Fransa şirkətlərinin, xüsusilə «Total» şirkətinin bu layihələrdə iştirakı Fransanın ölkəmizin enerji sektorunda maraqlı olduğunu göstərir.
İqtisadi sahədə də Azərbaycan stabil və etibarlı tərəfdaş kimi də diqqət mərkəzindədir. Belə ki, Avropanı enerji daşıyıcıları ilə təchiz edən bəzi bölgələrdə, məsələn, 2011-də Liviyada, hazırda isə tranzit ölkə olaraq Ukraynada baş verən hadisələr ölkəmizin əhəmiyyətini artırır. 2011-ci ildə Liviyadan idxal olunan neft və qazın kəsilməsi zamanı Fransanın bu məhsullara olan ehtiyacını əsasən Azərbaycan ödəmişdi. Rusiya ilə konfrantasiya şəraitində alternativ enerji mənbələri axtarışı bir daha Avropanın üzünü Azərbaycana çevirməyə vadar edir. Bu mənada həm Fransa, həm də ümumilikdə Avropa üçün prezident Ollandın Azərbaycana səfəri mühüm əhəmiyyətə malikdir.
Bütün bu amillər isə bir daha Azərbaycanın beynəlxalq əhəmiyyətinin artığını göstərir.
Ölkəmizlə Fransa arasında yaxın münasibətlər mədəni sahədə də intensiv xarakterlidir. Məsələn, 2012-ci ildə Azərbaycanın maliyyə dəstəyi ilə Luvr Muzeyindəki İslam Mədəniyyətləri Pavilyonunun açılışı ikitərəfli mədəni əlaqələrə verilmiş mühüm töhfələrdəndir. Parisin mərkəzində, Eyfel qülləsinin yaxınlığında açılmış Azərbaycan Mədəniyyət Mərkəzi də eyni amala xidmət edir. Bundan başqa, hazırda Azərbaycanda Fransa mədəniyyəti və fransız dilinə olan marağın yüksək səviyyəsi də ikitərəfli əlaqələrə təkan verir. Məlumdur ki, hazırda Bakıda Fransız liseyinin inşası davam edir və səfəri çərçivəsində Fransa prezidenti də liseylə tanış olub.
Fransız liseyinin inşası ilə yanaşı, azərbaycanlı gənclərin Fransa ali məktəblərində təhsil almaları da təhsil sahəsində ikitərəfli əməkdaşlığın dərinləşdiyinin göstəricisidir.
Azərbaycan-Fransa əlaqələrində ana xətt isə bu dövlətin ATƏT-in Minsk qrupunun həmsədri olması ilə bağlıdır. Fransa artıq 20 ildən çoxdur ki, Minsk qrupunda Avropanı təmsil edir. Lakin bu dövrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi irəliləyiş olmayıb. Ölkəmiz Avropanın bu mühüm dövləti ilə münasibətlərin yüksək səviyyəsindən problemin ədalətli həllinə dəstək gözləyir. Lakin hazırda Fransa da digər Minsk qrupu ölkələri kimi, münaqişənin həllində işğalçı dövlət olan Ermənistana ciddi təzyiqlər göstərmir. Əksinə, bu dövlətlə sıx münasibətlərə malikdir. Lakin onu demək lazımdır ki, Ermənistanla Fransa arasında münasibətlərdə yeganə amil erməni diasporudur. Əslində isə Ermənistanı Fransa üçün erməni diasporundan başqa heç bir amil cəlbedici edə bilməz. Çünki Ermənistanın nə təbii sərvətləri, nə Avropa üçün strateji əhəmiyyəti vardır. Bu dövlət Fransanın da lideri olduğu Avropa İttifaqına rəqib olan Gömrük İttifaqına üzv olmağa hazırlaşır və həmçinin Avropanın milli maraqlarını təhdid edən İranın nüvə proqramına dəstək verir. Bu isə Avropanın təhlükəsizlik maraqları ilə birbaşa ziddiyyət təşkil edir. Məlumdur ki, məhz Fransa İranın nüvə proqramında ən radikal mövqe sərgiləyən dövlətlərdən biridir.
Ermənistanın bu cür antiQərb davranışları əslində Fransanın praqmatik siyasətçilərini düşündürməlidir.
Lakin o gözləniləndir ki, Azərbaycan-Fransa əlaqələrinin yaxın gələcəkdə daha da yüksək səviyyəyə qalxması bu dövləti erməni diasporunun təsirindən xilas edə biləcək.
Əslində hazırkı mərhələdə də Azərbaycan tərəfi, diasporumuz, səfirliyimiz bir sıra hallarda Fransada erməni diasporunu zərərsizləşdirə bilir. Məsələn, Fransada Sarkozinin prezidentliyi dövründə Senat tərəfindən qəbul olunmuş qondarma erməni soyqırımını inkar qanunun Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilməsi bunun bariz nümunəsidir.
Bu da onu göstərir ki, artıq müxtəlif sahələrdə inkişaf edən Azərbaycan –Fransa münasibətləri öz bəhrəsini verməkdədir.
Sonda isə qeyd etmək lazımdır ki, Fransua Ollandın Cənubi Qafqazın ən qüdrətli dövlətinə səfəri, keçirilən görüşlər və verilən bəyanatlar Azərbaycan-Fransa münasibətlərinin perspektivlərinin aydın olduğunu göstərir. Fransa prezidentinin dilindən Azərbaycanın günü-gündən inkişaf edən qüdrətli ölkə olduğunu bəyan etməsi də mühüm siyasi əhəmiyyət kəsb edir: «Azərbaycan xeyli sayda uğurlara nail olub. Bu da bütün regiona və hətta bütün dünyaya nümunə ola bilər".
Təvəkkül Dadaşov
banner

Oxşar Xəbərlər