• şənbə, 27 Aprel, 05:36
  • Baku Bakı 14°C

Qarabağ münaqişəsinin həlli ilə bağlı heç bir yenilik və razılaşma yoxdur

08.03.17 11:00 1234
Qarabağ münaqişəsinin həlli ilə bağlı heç bir yenilik və razılaşma yoxdur
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov martın 6-da Moskvada ikigünlük səfərdə olub. Səfər çərçivəsində o, rusiyalı həmkarı Sergey Lavrovla görüşüb, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli barədə müzakirə aparıb. Danışıqlardan sonra diplomatlar birgə mətbuat konfransı da keçiriblər. Mətbuat konfransında nazirlərə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar predmeti olan sənəd barədə sual verilib. Bu suala birinci cavab verən S.Lavrov Dağlıq Qarabağ probleminin nizamlana bilən münaqişə olduğuna inandığını diqqətə çatdırıb. Qeyd edib ki, çoxillik təmaslar, danışıqlar nəticəsində işlənib hazırlanmış nizamlama modeli bu qənaətə gəlməyə əsas verir. Ardınca bu nizamlama modelinin əsas məqamları barədə danışan rusiyalı diplomat bildirib ki, bura ilk növbədə təhlükəsizliyin təmin olunması, humanitar məsələlər, Dağlıq Qarabağ ətrafında yerləşən rayonların qaytarılması, Dağlıq Qarabağda yaşayan əhalinin mövqeyi nəzərə alınmaqla Dağlıq Qarabağın yekun statusu kimi məsələlər daxildir. Eyni zamanda vurğulayıb ki, beynəlxalq sülhməramlı əməliyyatların aparılması da nizamlama modelinin məqamlarından biridir. S.Lavrovun sözlərinə görə, münaqişənin tənzimlənməsi ilə bağlı iki-üç prinsipial məsələ var ki, tərəflər bunlarla bağlı ümumi mövqeyə gəlməkdən uzaqdır. Rusiya xarici işlər naziri sözügedən prinsipial məsələlərin hələ də müzakirə olunduğunu, azərbaycanlı həmkarı ilə görüş zamanı da bu barədə detallı danışdıqlarını vurğulayıb. O, bir daha diqqətə çatdırıb ki, həmin prinsipial məsələlər barədə tərəflər ortaq mövqeyə gəlməkdən uzaqdır və danışıqlar əlavə səylər tələb edir.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu mövzuya dair fikirlərini "Kaspi”yə bölüşərkən, diqqəti Dağlıq Qarabağ probleminin həlli barədə aparılan danışıqlara çəkib. Onun sözlərinə görə, danışıqlar prosesində Azərbaycanın prinsipial mövqeyi bundan ibarətdir ki, işğalçı Ermənistanın silahlı qüvvələri heç bir şərt irəli sürülmədən Dağlıq Qarabağ ətrafındakı rayonları tərk etməlidir. Politoloq deyib ki, məhz bu məqam rəsmi İrəvanı qane etmir: "Ermənistan işğal altında saxladığı həmin rayonların boşaldılmasını Dağlıq Qarabağın hüquqi statusunun müəyyən edilməsindən sonraya saxlamaq istəyir. Yəni, Ermənistanın irəli sürdüyü şərt bundan ibarətdir ki, razılaşma sənədində Azərbaycan tərəfi Dağlıq Qarabağda keçiriləcək referendumun vaxtını göstərsin. Yalnız bundan sonra işğalçı dövlət rayonlarımızı mərhələ-mərhələ boşaldacağını bildirir. Təbii ki, bu, Azərbaycanın milli-dövlətçilik maraqlarına cavab vermir. Nə qədər ki, azərbaycanlı məcburi köçkünlər öz yurd-yuvalarına, o cümlədən Dağlıq Qarabağa qayıtmayıblar, orada referendum keçiriləcəyi təqdirdə nəticələr Ermənistanın maraqlarına uyğun olacaq. Bir sözlə, məcburi köçkünlər ora qayıtmadan keçiriləcək istənilən referendumun nəticəsi indidən məlumdur. Lavrovun son açıqlamalarında da məhz bu ziddiyyət nəzərdə tutulur”.

E.Şahinoğlu təəssüflə qeyd edib ki, Rusiya xarici işlər naziri artıq bir neçə dəfədir öz açıqlamaları ilə dolayısı yolla Ermənistanın maraqlarını müdafiə edir: "Lavrov son açıqlamasından təxminən bir ay öncə də o, mətbuata bildirmişdi ki, Dağlıq Qarabağ ətrafı rayonlar boşaldıla bilər, ancaq bu zaman status məsələsi də müəyyənləşdirilməlidir. Bu, Ermənistanın maraqlarına xidmət edəcək "Paket həll” variantıdır. Görünən budur ki, illər keçsə də Lavrovun baxışlarında heç nə dəyişməyib. Bizim müəyyən ümidlərimiz var idi ki, ötən ilin aprel döyüşlərindən sonra böyük dövlətlər, o cümlədən Rusiya regionda müharibənin yenidən başlanması təhlükəsini nəzərə alıb Ermənistan hakimiyyətinə təsir və ya təzyiq edəcək, Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasını sürətləndirəcəklər. Ancaq bu ümidlər özünü doğrultmadı, Vyana və Sankt-Peterburq görüşləri nəticəsiz qaldı. Belə olan halda danışıqlardan gələcəkdə də müsbət nəticə çıxmayacaq, cəbhə xəttində gərginlik müşahidə olunacaq”.

Politoloq Natiq MiriRusiya xarici işlər nazirinin son açıqlamasını Dağlıq Qarabağ probleminin həllinə dair insanlarda boşuna ümid yaratmağa, həmçinin münaqişəyə bundan sonra da Kremlin nəzarətini təmin etməyə hesablanmış addım kimi dəyərləndirib. Onun sözlərinə görə, tərəflər arasında bir çox məsələlər razılaşdırılıb, lakin prinsipial məqamlarla bağlı ortaq məxrəcə gəlmək mümkün deyil kimi mesajların verilməsi əslində tərəflər arasında hər hansı anlaşmanın olmadığına işarədir: "Prinsipial məsələ Dağlıq Qarabağ ətrafı 7 rayonun boşaldılması, Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi məsələsidir. Bu məsələlər içərisində Dağlıq Qarabağda referendumun keçirilməsi də nəzərdə tutulub. Məhz bu məsələ razılaşdırılmayıb. Əgər bu məsələdə razılaşma yoxdursa, deməli, problemin həllinə dair ortada olan plan Azərbaycan və Ermənistan tərəfindən razılaşdırılmayıb. Lavrovun son açıqlamaları belə qənaətə gəlməyə əsas verir ki, Rusiya da "Mərhələli həll planı”nı deyil, işğalçı Ermənistan kimi "Paket həll planı”nı dəstəkləyir, münaqişənin həllini bu çərçivədə görür. Halbuki, aprel döyüşlərindən sonra Rusiya "Madrid prinsipləri” əsasında "Kazan formulu”nu ortaya qoymaqla, bütövlükdə Dağlıq Qarabağ probleminin çözülməsini mərhələli həldə görmüşdü. Bu baxımdan Lavrovun son fikirləri onun ötən ilki fikirlərinin tamamilə əksidir. Rusiyalı diplomatın ötən il söylədiyi fikirlərdən vaz keçməsinin səbəbi olduqca maraqlıdır. Bu, o anlama gəlir ki, hazırda ortada heç bir plan, yenilik, hər hansı razılaşma yoxdur. Xarici işlər nazirlərinin Moskva görüşünün başlıca hədəfi hər hansı güc mərkəzinin problemin həllinə dair yeni təşəbbüsdə bulunmasının qarşısını almaqdır”.

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Mübariz Əhmədoğlu da bizimlə söhbətində deyib ki, Lavrovun qarşısında duran əsas məsələ Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi deyil. O, rusiyalı diplomatın son açıqlamalarını əsas gətirərək deyib ki, Lavrov bu yolla Sarkisyan hakimiyyətinə dəstək verir: "Rusiya Ermənistanı özünün daxilinə qatmaq istiqamətində yeni layihələr reallaşdırır. Ermənistana "İsgəndər” raketinin verilməsi, Rusiyanın bu dövləti öz daxili bölgələrindən birinə bərabər tutması anlamındadır. Çünki Kremlin sərt qaydaları var və o qaydalara görə "İsgəndər” Rusiyadan kənara çıxa bilməz, ancaq ölkənin öz ərazisində yerləşdirilə bilər. Bundan başqa, bu yaxınlarda Rusiya vətəndaşları daxili pasportlarla, vizasız şəkildə Ermənistana gedib-gələ biləcəklər. Təsəvvür edin, Rusiya vətəndaşı üçün evindən çıxıb Orenburqa, Rostova getmək nə deməkdirsə, İrəvana getmək də o anlamda olacaq. Yəni, Rusiyanın gözündə Rostovla Ermənistan arasında heç bir fərq yoxdur. Digər tərəfdən, Rusiya tərəfi bəzi ekspertlərinin dili ilə Avrasiya İqtisadi Birliyi (AİB) vətəndaşlığı məsələsini gündəmə gətirir. Hər kəsə gün kimi aydındır ki, Qazaxıstan güclü dövlətdir və o öz vətəndaşlığından imtina etməyəcək, AİB vətəndaşlığını rədd edəcək. Belarus da oxşar addımı atacaq. Belə olan halda Rusiyaya AİB vətəndaşlığını dəstəkləyən ölkə lazımdır. Yəqin ki, bu da Ermənistan olacaq. Bu kimi səbəbləri əsas götürərək belə qənaətə gəlmək olar ki, Rusiya Ermənistanı öz daxilinə qatır deyə, Dağlıq Qarabağ məsələsində müəyyən qədər İrəvana güzəşt edir. Ən nəhayət, Lavrovun son açıqlamaları Rusiya xarici işlər nazirinin ermənilərlə yaxınlığı ilə əlaqədardır. O istəyir ki, Ermənistanda aprel ayında keçiriləcək parlament seçkilərinə qədər Dağlıq Qarabağ məsələsi bu ölkənin daxilində müzakirə predmetinə çevrilməsin. Moskvada hesab edirlər ki, Ermənistanda Dağlıq Qarabağ məsələsi aprel seçkilərinə qədər aktiv müzakirə fazasına keçərsə, Sarkisyanın evi yıxılacaq”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər