• şənbə, 27 Aprel, 00:04
  • Baku Bakı 14°C

“Qarabağ klanı” yenidən hakimiyyətə gələ bilərmi?

31.07.19 20:00 12506
“Qarabağ klanı” yenidən hakimiyyətə gələ bilərmi?
Ermənistanda hakimiyyət dəyişikliyindən sonra baş nazir postuna sahib olan Nikol Paşinyan "Qarabağ klanı”nda yer alan siyasi müxalifətlə qarşı-qarşıya qalıb. Faktiki olaraq, seçildiyi dövrdən indiyədək verdiyi vədləri yerinə yetirə bilməyən Paşinyan siyasi təzyiqləri dəf edə bilmir. Lakin məsələ ondadır ki, erməni cəmiyyəti "Qarabağ klanı”nı dəstəkləmir.
Buna baxmayaraq, bu günlərdə həbsdə olan Ermənistanın eks-prezidenti Robert Koçaryan müsahibə verərək hakimiyyətə gəlmək niyyətində olduqlarını dilə gətirib. Görəsən bu fikirlər Koçaryanın növbəti yalanıdır, yoxsa həqiqətən də "Qarabağ klanı”nın hakimiyyətə gəlmək şansı var?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Elşad Mirbəşiroğlu bildirdi ki, "Qarabağ klanı” Ermənistanda kifayət qədər güclüdür: "Sarkisyanın hakimiyyətdən getməsi heç də bu klanın siyasi səhnədən getməsi kimi qəbul olunmamalıdır. Nəzərə alsaq ki, Paşinyanın dövlət idarəçiliyi, siyasi manevrlər sahəsində təcrübəsi, səriştəsi olduqca azdır, bu fonda "Qarabağ klanı” heç də zəif görünmür, əksinə, daha da güclü görünür. Eyni zamanda qeyd etmək lazımdır ki, "Qarabağ klanı”nın kənar əlaqələri də güclüdür, dəstəyi də mövcuddur. Bu baxımdan hesab edirəm ki, bu klanın bütövlükdə Ermənistandakı tam imkanları ilə hakimiyyətə qayıtmaq ehtimallarını nəzərdən keçirmək mümkündür. Onu da qeyd etmək lazımdır ki, Ermənistanda hakimiyyətdə hansı klanın, yaxud da siyasi qüvvənin olmasından asılı olmayaraq, o, işğalçı dövlətdir. Ermənistan regionda təhlükəsizliyə, sabitliyə böyük təhdid yaradır. Onlar Azərbaycan torpaqlarını işğal etməklə, əsassız ərazi iddiaları irəli sürməklə və bu istiqamətdə israrı davam etdirməklə, Azərbaycana düşmən dövlətdir. Amma təbii ki, biz düşmən və işğalçı ölkədə cərəyan edən siyasi prosesləri yaxından izləməliyik. Əslində "Qarabağ klanı”nın özündə güc saxlaması, haradasa işğalçı dövlətin daha da zəifləməsi baxımından müsbət məqam kimi nəzərdən keçirilə bilər. Çünki Paşinyan da hakimiyyətə gəldiyi ilk gündən işğalçılıq siyasətini dəstəkləyəcəyini nümayiş etdirdi. Hətta Paşinyan hökumətinin beş illik fəaliyyət proqramında ayrıca bir bənd olaraq qondarma və separatçı "Dağlıq Qarabağ” rejiminin danışıqlar prosesinə cəlb olunması bir fəaliyyət istiqaməti kimi göstərildi. Yəni, daha da irəli getdi. Bu baxımdan hesab edirəm ki, Ermənistanda ciddi şəkildə bir-birinə qarşı gələcək siyasi qüvvələrin olması bizim xeyrimizədir. Çünki onsuz da zəif, iqtisadiyyatı bərbad olan Ermənistanda daxili siyasi vəziyyətin daha da gərginləşməsi fonunda Azərbaycanın daha da güclənməsi gec-tez torpaqlarımızın azad olunmasına gətirib çıxaracaq. Məhz bu səbəbdən hesab edirəm ki, bütövlükdə Ermənistanda qarşıda gözlənilən gərgin siyasi ab-hava sürətlə güclənməkdə olan və artıq özünün bütün istiqamətlərdə potensialını formalaşdırmış Azərbaycanın xeyrinə işləyir”.
E.Mirbəşiroğlu əlavə etdi ki, Ermənistanda konstitusiya dəyişikliyi baş verdi və dövlət idarəetmə formasına görə prezidentli respublikadan parlamentli respublikaya keçdi: "Bu baxımdan hesab edirəm ki, prezident olmaq Koçaryanın əsas hədəfi deyil. O, çox güman ki, Ermənistanın baş naziri olmaq istəyəcək. Çünki prezidentin səlahiyyətləri simvolik xarakter daşıyır. Lakin bir daha qeyd etmək istəyirəm ki, qondarma rejimi "Qarabağ klanı” formalaşdırıb və Paşinyan da özünə əsl başağrısı kimi məhz bu rejimdəki siyasi qüvvələri hesab edir. Nəzərə almaq lazımdır ki, Ermənistanda növbəti seçkilər olanadək siyasi gərginlik davam edəcək və güclənəcək. Eyni zamanda bir faktı da unutmaq olmaz ki, az müddət öncə məhz "Qarabağ klanı” və separatçı rejimin səyləri Koçaryanın qısa zaman kəsiyində də olsa, azadlığa çıxmasını təmin edə bildi. Bu da onların real resurs imkanlarından, gücündən xəbər verir. Fikrimcə, Paşinyanın narahatlığı da onu deməyə əsas verir ki, "Qarabağ klanı” Ermənistanda siyasi və eləcə də hakimiyyət mövqelərini bərpa edə bilər”.
"Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Koçaryan Azərbaycan torpaqlarının işğalında bilavasitə iştirak etsə də, Xocalı soyqırımını törədənlərdən biri olsa da, müsahibəsindəki fikirlərinin bir çoxu ilə razılaşmaq olar: "Faktiki olaraq, Paşinyanın mövqeyi getdikcə zəifləyir, heç bir sahədə uğur qazana bilmir. Üstəgəl, qarşısında böyük güclər var. Rusiya ilə münasibətlərdə soyuma mövcuddur. Eyni zamanda Qarabağ separatçıları Paşinyanın sözünə baxmır və qarşısında dayanmış "Qarabağ klanı” daim pusqudadır. Koçaryan da məhz bu mesajları Paşinyana göndərməyə çalışdı ki, biz zəif deyilik və hər an yenidən fəaliyyətə başlayıb, səni devirə bilərik. Necə ki, vaxtı ilə Levon Ter-Petrosyanı devirdilər. Sadəcə, bir məqam gözləyirlər. Yəni mövqelər tam zəifləyəndən sonra məhz Paşinyanın üsulu ilə hakimiyyətə gəlmək niyyətindədirlər və Koçaryan da buna işarə edir. Düşünürəm ki, Koçaryan müsahibə vasitəsilə Rusiyadakı öz ağalarına da mesaj göndərir. O hər zaman qulluq göstərmək üçün hazır olduğunu və onların dəstəyi ilə Paşinyanı devirə biləcəyini bəyan edir. Fikrimcə, Paşinyan Koçaryanın bu fikirləri ilə tanış olub və zəif mövqelərini müəyyənləşdirməyə çalışacaq. Tutaq ki, payız aylarında siyasi və iqtisadi sahədə vəziyyət gərginləşərsə, o nələr edə bilər. Koçaryan, həmçinin Azərbaycan və Türkiyə ilə sərhədlərin bağlı, İranın sanksiyalar altında olduğunu, Gürcüstanla sərhəd məsələlərinə aydınlıq gəlmədiyini və bununla da tranzit yolundan məhrum olma ehtimalının olduğunu vurğulayır. Faktiki olaraq, Koçaryan etiraf edir ki, Ermənistan çox ağır geosiyasi vəziyyətdədir. Bu vəziyyətdən isə Paşinyan baş açmır və guya onun kimi bir təcrübəli siyasətçiyə ehtiyac var”.
E.Şahinoğlu qeyd etdi ki, Koçaryan məhz özünün baş nazir olmaq iddiasını ortaya qoyub: "O belə bir iddia ortaya atır ki, geniş müxalifət koalisiyası yaradılsa, bu qurumun lideri kimi özü baş nazirliyə iddialı olacaq. Amma söyləmək çətindir ki, indi erməni cəmiyyətində əhval-ruhiyyə necədir. İnanmıram ki, Ermənistanda Koçaryana böyük dəstək var. Lakin biz bilirik ki, Koçaryan bundan əvvəl də xalqın dəstəyi ilə hakimiyyətə gəlməyib. O, baş nazir olarkən Levon Ter-Petrosyanı güc yolu ilə devirərək prezident oldu. Koçaryan o dönəm iqtisadiyyatda müəyyən irəliləyişlər əldə etdi, amma indi demək olmaz ki, cəmiyyət ona dəstək verir. Çünki ermənilər Sarkisyandan imtina etdi və o da Koçaryanın dəstəklədiyi bir fiqur idi. Lakin Koçaryan Paşinyana təzyiq haqqında düşünürsə, bu, o demək deyil ki, o, seçki yolu ilə hakimiyyətə gəlməyi nəzərdə tutur. O, Ter-Petrosyan variantının ikinci hissəsini işə salaraq küçə yolu ilə Paşinyanı devirməyə çalışacaq”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər