• cümə, 26 Aprel, 07:56
  • Baku Bakı 12°C

“Qarabağ klanı” Paşinyandan revanş ala biləcək?

09.10.18 19:12 676
“Qarabağ klanı” Paşinyandan revanş ala biləcək?
Nikol Paşinyan Ermənistanın baş naziri olduqdan sonra, faktiki olaraq keçmiş hakimiyyət təmsilçilərinə və onların tərəfdarlarına qarşı "cəbhə” açıb. O, bununla, narazı elektoratı öz ətrafında birləşdirərək, hakimiyyətini möhkəmləndirmək üçün addımlar atmağa başladı. İlk olaraq ikinci prezident Robert Koçaryana və daha sonra Sarkisyanın ətrafındakılara qarşı cinayət işləri açıldı. Bu günlərdə isə keçmiş hakimiyyətə yaxınlığı ilə seçilən "H2” telekanalının və "Yerevan.Today” saytının sahibi həbs edilib. Məsələ burasındadır ki, Paşinyanın sıradan çıxardığı adamların böyük əksəriyyəti "Qarabağ klanı”na bu və ya digər dərəcədə bağlıdır.
Paşinyan həbslərlə yanaşı, öz hakimiyyətini möhkəmləndirmək üçün növbədənkənar parlament seçkilərinə köklənib. Məhz bu istiqamətdə onun ilk sınağı Yerevan merinə keçirilən seçkilər oldu və qələbəni təmin elədi. Amma məsələ ondadır ki, onun rəqibləri, yəni keçmiş "Qarabağ klanı” da sakit dayanmır. Rıçaqları əldən çıxan klanın Ermənistanda çevriliş etməyə hazırlaşdığı barədə məlumatlar yayılır. Prezident Levon Ter-Petrosyanın devrilməsində, daha sonra parlamentin güllə-boran olunmasında məhz bu klanın yaxından iştirakını xatırlasaq, bu ssenarini istisna etmək olmaz. Bəs görəsən, Paşinyanı devirmək üçün "Qarabağ klanı”nı yetərli gücə sahibdirmi? Ümumiyyətlə, buna cəhd göstərəcəklərmi?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, Nikol Paşinyan 5 aya yaxındır hakimiyyətdədir və onun hakimiyyətdə olduğu dövrə diqqət yetirsək, görəcəyik ki, "Qarabağ klanı”na qarşı davamlı şəkildə addımlar atmaqdadır: "Bu addımların pik nöqtəsi onda oldu ki, Ermənistanın 2-ci prezidenti Robert Koçaryanın həbsi ilə yekunlaşdı. Düzdür, sonra Paşinyan Koçaryanı azadlığa buraxsa da, hər halda, ona qarşı cinayət işi bağlanmayıb. Eyni zamanda Koçaryan da Paşinyanı hədələyir. Hadisələrin gedişatı göstərir ki, əslində bu gün Ermənistanda inqilab başa çatmayıb və yeni fazaya daxil olur. Bu o fazadır ki, əksinqilab artıq özünə gəlməkdədir. Əksinqilab, əslində inqilabi proseslər gedişatında, idman dili ilə desək, nokauta yox, noqdauna düşmüşdü. O, yenidən ayağa qalxıb və təsadüfi deyildir ki, Paşinyan əksinqilabın son hərəkətlərini ilk hücum kimi dəyərləndirir. Paşinyanın məntiqinə görə, xalq bərabərdir Paşinyana. Əgər əksinqilab Paşinyan əleyhinə hücuma keçirsə, deməli, əksinqilab xalqa müharibə elan edib. Əksinqilab dedikdə isə erməni baş nazir çox da uzağa getmir və daha çox hakimiyyətdən devirdiyi Sarkisyan və onun adamlarını nəzərdə tutur. Biz görürük ki, hazırda Sarkisyan və Koçaryan birlik nümayiş etdirirlər. Bu nöqteyi-nəzərdən, həm də burada Koçaryan da nəzərdə tutulur. Bilirik ki, həm Koçaryan, həm də Sarkisyan "Qarabağ klanı”nın nümayəndələridirlər. Əgər bu gün Paşinyan özünü xalq hesab edirsə, qarşı tərəf, yəni Koçaryan və Sarkisyan da "Qarabağ klanı” deməkdir. Buradan belə bir nəticə çıxır ki, "Qarabağ klanı” xalqa müharibə elan edib. Bu nöqteyi-nəzərdən, Ermənistanda inqilabi proseslərin yeni mərhələsi başlayıb”.
E.Nəsirov qeyd etdi ki, Ermənistanda inqilabi proseslərin yeni mərhələsinin ən mürəkkəb ssenarisi vətəndaş müharibəsi reallığıdır: "Hadisələr göstərir ki, Paşinyan yenə də küçənin təzyiqindən istifadə etmək istəyir. Bu baxımdan on minlərlə insan onun bir işarəsi ilə Ermənistanın paytaxtında küçələrə toplaşa bilər. Amma vəziyyət dəyişib. Artıq hakimiyyətdən getmiş əksinqilabi qüvvələr də on minlərlə insanı öz ətrafında toplamaq arzularını gizlətmirlər. Belə olan təqdirdə, paytaxtın bir yanında hakimiyyətyönümlü on minlərlə insanın mitinqi, başqa bir yerində isə eyni sayda müxalifətin mitinqi keçirilə bilər. Həmin qüvvələrin üz-üzə gəlməsi artıq vətəndaş müharibəsinin başlanması deməkdir. Ermənistanı ən pis halda bu gözləyir. Nisbətən yumşaq variant o ola bilər ki, müəyyən kompromis əldə edilsin. Yəni, hazırda müxalifətdə olan Respublika Partiyası yeni parlament seçkilərində az miqdarda səslərlə təmin edilsin, amma hər halda, onların parlamentdə təmsilçiliyi mümkün olsun. Əsas real qüvvə isə hakimiyyətin əlində olsun. Amma Respublika Partiyasına buna gedəcəkmi? Hazırda bu sual açıq qalıb. Görünən isə odur ki, hazırda Paşinyanla "Qarabağ klanı”nın mübarizəsi getməkdədir”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlubildirdi ki, əslində Paşinyan strateji baxımdan doğru hərəkət edir: "Yerevanda mer keçirilən seçkilərdə tərəfdarları böyük səs çoxluğu ilə qələbə qazanıb. Paşinyan vaxtı uzatmadan dekabrda parlament seçkiləri keçirmək istəyir, gələn ilin may ayına saxlamaq istəmir. Çünki seçkiləri gələn ilə saxlasa, çox şey baş verə bilər. Həmin o "Qarabağ klanı” hərbi çevriliş təşəbbüsünə cəhd edə bilər ki, bunu da Paşinyan istəmir. Ona görə də bir neçə gün əvvəl Savukyanla bir memorandum imzalamaqla, o biri partiyaları fakt qarşısında qoydu. Düşünürəm ki, bu günlərdə qeyri-adi hadisə baş verməsə, Paşinyanın, dekabrda erkən parlament seçkiləri keçirib, azlığın baş nazirindən, çoxluğun baş nazirinə çevrilmək ehtimalı böyükdür. Bu məsələdə də Rusiyanın mövqeyi onun üçün əsas deyil. Paşinyan üçün əsas odur ki, hakimiyyətini gücləndirsin”.
E.Şahinoğlu vurğuladı ki, "Qarabağ klanı”nın iki dəfə Ermənistandakı hadisələrdə əli olub: "1997-ci ildə həmin bu "Qarabağ klanı”nın üzvü Koçaryan və Sarkisyan Azərbaycanla anlaşmaq istəyən Levon Ter-Petrosyanı devirdi. Daha sonra 1999-cu ildə çox müəmmalı şəkildə parlamentdə güllə-boran baş verdi. Hesab edirəm ki, üçüncü dəfə bu ssenarini təkrarlaya bilərlər və ehtimal var. Ona görə də Paşinyanın Savukyanla memorandum imzalaması o məqsəd daşıyırdı ki, "Qarabağ klanı”na qarşı bir ittifaq yaratsın. Amma böyük ehtimalla, Savukyanın özünün də məqsədi var. O da "Qarabağ klanı”nın sıxışdırılmasında maraqlıdır ki, daha sonra ana müxalifətə çevrilsin”.
BƏXTİYAR
banner

Oxşar Xəbərlər