• şənbə, 27 Aprel, 01:19
  • Baku Bakı 14°C

Qarabağ bütün dünyada azərbaycanlıları birləşdirdi

20.07.20 19:43 2846
Qarabağ bütün dünyada azərbaycanlıları birləşdirdi
Müxtəlif ölkələrdə soydaşlarımız bir araya gələrək, erməni təxribatına cavab verdilər

Bu günlərdə Ermənistan-Azərbaycan sərhədinin Tovuz istiqamətində baş verən hadisələr nəinki ölkədə, bütün dünyada ürəyi vətən üçün döyünən hər bir azərbaycanlını qəzəbləndirdi və həmrəy etdi. Belə ki, dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı dövlətimizin, ordumuzun yanında olduğunu bir daha göstərdi. Bunu artıq bir neçə gündür ki, planetin müxtəlif yerlərində soydaşlarımızın keçirdiyi dəstək mitinqləri də sübut edir. Bu cür aksiyalar Avropanın müxtəlif şəhərlərində hələ də davam edir.
Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar bu hadisələrdən sonra aksiyalar təşkil edib, yürüşlər keçirir, səslərini ucaldıb, "Hər şey vətən üçün”, "Qarabağ bizimdir, bizim olacaq” şüarlarını səsləndirirlər. Soydaşlarımız bu işdə yaşadıqları ölkələrdə ermənilərin təxribatları ilə qarşılaşsalar da, onların lazımi cavabını verməyi də bacardılar. Xaricdə baş verənləri xaricdə yaşayan azərbaycanlıların dilindən eşidək.


Gənc rejissor Elvin Abdulla iyulun 19-da İstanbulun Beyazit meydanında "Can Azərbaycana canımız fəda" şüarı ilədəstək məqsədli mitinq keçirildiyini deyir: "Sosial şəbəkə vasitəsi ilə iyulun 19-u üçün İstanbulda yaşayan azərbaycanlıların bir araya gələcəkləri xəbərini eşitdim. Bir Azərbaycan vətəndaşı olaraq buraya üz tutduq. Meydanda böyük izdiham vardı. Tədbir İstanbulda fəaliyyət göstərən Azərbaycan Ocaqları, Turan Ocaqları və İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin təşkilatçılığı ilə keçirilirdi. Türkiyədə yaşayan, təhsil alan həmvətənlərimiz və qardaş ölkənin nümayəndələri də aksiyada iştirak edirdilər. Böyük bir izdihamda fəxrlə, qürurla iştirak etdik. Mitinqdə Azərbaycan və Türkiyə, digər türkdilli dövlətlərin bayraqları qaldırılmışdı. İştirakçılar "Qarabağ Azərbaycanındır", "Ar olsun Ermənistana", "Qarabağa ədalət" şüarları səsləndirirdilər. İnsan belə bir mühitdə qürur hissi keçirir. Nəinki İstanbulda, eyni zamanda həmin gün Ankarada da təcavüzkar Ermənistana etiraz tədbiri keçirilib. Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün məzarlığı yerləşən Anıtqəbir kompleksində çələnglər qurulub. Tədbirdə Azərbaycanın Türkiyədəki Səfirliyi, Türk dünyası Parlamentarilər Birliyi,Ankarada yaşayan azərbaycanlılar, Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyi (TAİB), Osmanlı Ülkü Ocaqları Federasiyası və bu kimi bir çox dərnəklərin üzvləri iştirakı ediblər”.

Kanadada yaşayan azərbaycanlılar, diaspor təşkilatları və diaspor fəalları bu ölkənin Toronto və Ontario şəhərlərində Azərbaycan ordusuna dəstək aksiyası keçiriblər. Kanadada yaşayan jurnalist Lalə Musaqızı qeyd edir ki, aksiya iştirakçıları Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribata etirazlarını bildiriblər: "İyulun 19-da Kanadada yaşayan azərbaycanlılar Toronto şəhərində Azərbaycana dəstək, Ermənistana "dayan" demək üçün bir araya gəldilər.Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribata etiraz əlaməti olaraq Kanadada fəaliyyət göstərən müxtəlif Azərbaycan cəmiyyətlərinin təşkilatçılığı ilə izdihamlı yürüş keçirildi. Azərbaycan və ingilis dillərində "Erməni aqressiyasına son", "Erməni işğalına son", "Qarabağ bizimdir, bizim olacaq", "Qarabağa ədalət", "Şəhidlər ölməz, vətən bölünməz", "Qarabağ Azərbaycanındır" şüarları altında keçirilən aksiyaya təxminən 500-ə yaxın azərbaycanlı və Azərbaycan sevdalısı qatıldı.Qeyd edim ki, qaldırılan bayraqlar arasında Türkiyənin, İsrailin, Gürcüstanın da bayraqları var idi. Torontonun College və Yonge küçələrinin kəsişməsindən başlayan yürüş şəhərin mərkəzində yerləşən Dundas meydanına kimi davam etdi. Dundas meydanına çathaçatda leysan yağış yağsa da, heç kim yerindən tərpənmədi. Yağış dayanandan sonra aksiya davam etdi və çıxışçılar bir-bir mikrofona yaxınlaşaraq ürəklərini boşaltdılar. Erməni təcavüzündən, erməni məkrindən, Tovuzda baş verən hadisələrdən, ermənilərin yaşayış yerlərini atəşə tutmasından danışdılar və Azərbaycan həqiqətlərini Toronto sakinlərinə çatdırdılar. Toronto sakinlərinə ermənilərin işğalçılıq siyasəti, Qarabağ həqiqətləri ilə bağlı məlumat xarakterli broşürlər də dağıdıldı. Tədbirin sonunda Kanadada fəaliyyət göstərən bütün Azərbaycan təşkilatlarının bir araya gələrək Azərbaycan alyansı yaradacağı barədə fikirlər də səsləndirildi”.
L.Musaqızı qeyd etdi ki, yürüşün baş tutması üçün mərkəz küçələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılmışdı. Aksiyanın təhlükəsizliyini təmin etmək məqsədilə Toronto polisi iş başında idi.

Almaniyanın Köln şəhərində yaşayan azərbaycanlılar da Ermənistanın təxribatına cavab olaraq etiraz aksiyası keçiriblər. Almaniyadakı Time TV Media group-un jurnalisti Emil Cəfərov bizimlə söhbətində aksiya iştirakçılarının Azərbaycanın ərazi bütövlüyündən, qonşu Ermənistanın işğalçılıq siyasətindən əziyyət çəkməsindən və Qarabağ həqiqətlərindən bəhs edən şüarlar səsləndirərək, şəhərin mərkəzi küçələrində yürüş etdiklərini bildirdi: "Bu, bir həmrəylik yürüşü idi. Bu yürüşdə Almaniyada fəaliyyət göstərən diaspor təşkilatlarımız, iş adamları, digər qurumların nümayəndələrdi iştirak edirdi. Bu yürüş milli ruhda keçirildi. Bizi sevindirən əsas məsələ isə burda iqtidar, müxalifət söhbətinin olmaması idi. Söhbət Azərbaycandan gedirsə, insanlarımız bir yerə toplaşmağı bacarır”.
E.Cəfərov daha əvvəl, iyulun 18-də Düsseldorf şəhərində də mitinq keçirildiyini dedi: "Düsseldorfdakı yürüşdə 1000-dən çox azərbaycanlı iştirak edirdi. Alman dilində mətnlər oxundu, mətnlərdə Qarabağın necə işğal olunması, Xocalıda baş verən hadisələr öz əksini tapdı”.


Niderland Krallığında fəaliyyət göstərən "Ana Vətən”Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyevadeyir ki, Tovuzda yaşanan hadisələr oradakı azərbaycanlılara ciddi təsir edib: " Biz xəbəri eşidən kimi, aksiya üçün müraciət etdik. Burda hər hansı aksiya keçiriləcəksə, 4 gün öncədən məlumat verilməlidir və hadisələrin üzərindən 5 gün keçdikdən sonra biz o aksiyanı gerçəkləşdirdik. Ermənilər də öz xislətlərindən əl çəkmədilər. Ermənilərin səfirliyimizin binasının önünə gələrək onu əhatəyə almaq kimi məkrli niyyətindən xəbər tutan kimi, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurası, Benilüks Azərbaycanlıları Konqresi, "Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyi, Azərbaycan Xanımlar Klubu, Hollandiya Azərbaycan Evi, Hollandiya Azərbaycan-Türk Kültür Dərnəyi, Holland-Azərbaycan Dostları Cəmiyyəti, Belçika-Azərbaycan Dostluq Cəmiyyəti, "Odlar Yurdu" təşkilatının üzvləri, Almaniya, Niderland və Belçikada təhsil alan tələbələrimiz ölkəmizin diplomatik nümayəndəliyinin qarşısına gələrək ermənilərin piket cəhdinə möhtəşəm etiraz aksiyası ilə cavab verdik. Biz aksiyadan öncə səfirliyimizin qarşısında ingilis dilində yazılmış "Erməni təcavüzünə son!", "Xocalıya ədalət!" şüarlarını, Ermənistanın son təxribatları zamanı qəhrəmancasına həlak olmuş şəhidlərimizin şəkillərini düzməklə, ermənilərə tarixi vətənlərinin təcavüzkar mahiyyətə malik olduğunu bir daha göstərdik. Aksiya ərzində "Qarabağ Azərbaycandır!", "Qarabağ bizimdir, bizim olacaq!", "Vur, keç səngəri, Azərbaycan əsgəri!" şüarlarını səsləndirdik. Yerli polis qüvvələri vəziyyətə nəzarət etsələr də, ermənilər soydaşlarımıza tərəf 2 dəfə daş və şüşə əşyalar atmaqla təxribatçı hərəkətlərə yol verdilər. Biz polislərə müraciət etdik. Bir anda böyük polis qrupu töküldü. Burada atlı polislər fəaliyyət göstərir ki, onlar öyrədilmiş itlərlə erməniləri geri çevirdilər. Bu hadisə Holland mətbuatı tərəfindən əks olundu. Hətta sizə onu da bildirim ki, düşmən tərəf 7 saat müddətində aksiya keçirmək üçün polisdən icazə almışdı. Azərbaycanlılar isə sonadək mübarizədən əl çəkmədilər”.

Xəyalə Rəis
banner

Oxşar Xəbərlər