“Qala divarının heç bir daşına ziyan vurmaq olmaz” - Fotolar
Ölkənin Birinci-vitse-prezidenti Mehriban xanım Əliyeva elm, təhsil,
mədəniyyət və digər sahələrin inkişafına köməklik göstərir, eyni zamanda
beynəlxalq miqyasda davamlı inkişafa dəstək olaraq sülh quruculuğu
istiqamətində xidmətlərini davam etdirir. Ölkəmizdə maddi və qeyri-maddi irsin
qorunub saxlanılması, Azərbaycanda və xarici ölkələrdə tarixi, dini, mədəni
abidələrin bərpası, məktəblər, uşaq bağçaları, səhiyyə ocaqları və sair elmi,
mədəni və sosial mərkəzlərin açılması sahəsində Mehriban xanımın əməyi
böyükdür. Məhz onun səyləri nəticəsində Azərbaycanın maddi və qeyri-maddi
mədəni irs nümunələri UNESCO-nun müvafiq siyahılarında yer almaqdadır.
Mehriban Əliyevanın dünya mədəniyyətinə, o cümlədən Azərbaycan mədəni
irsinin yaşadılmasına, qorunub saxlanmasına, gələcək nəsillərə çatdırılmasına həssas
münasibəti indi də özünü göstərməkdədir. Belə ki, ötən həftə bəzi dairələr
Azərbaycan əleyhinə kampaniya aparmaq üçün Bakının ən dəyərli incisi - "İçərişəhər”
tarixi-memarlıq qoruğu barədə sosial şəbəkələrdə, xaricdən maliyyələşən onlayn
mediada həqiqətlə uzlaşmayan məlumatlar yaymışdılar. Dezinformasiya xarakterli
həmin məlumatlarda iddia edilirdi ki, 2000-ci ilin dekabrında YUNESKO-nun Dünya
Mədəni İrsi siyahısına daxil edilmiş İçərişəhərin qala divarları dağıdılır,
onun yerində isə iaşə obyektləri inşa edilir.
Həmin "xəbərlər” internetdə
yayıldıqdan bir müddət sonra Birinci vitse-prezident Mehriban Əliyeva
"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna baş çəkib, orada görülən işlərlə yerindəcə
tanış olub. Bununla bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan memarlığının
və mədəniyyətinin nadir incisi sayılan İçərişəhərin qorunması diqqət
mərkəzindədir.
Birinci vitse-prezidenti Mehriban Əliyeva İçərişəhərin doğma
Bakımızın ürəyi olduğunu söyləyib. Bildirib ki, İçərişəhər çox dəyərli tarixi
və mədəni abidədir: "Mənim yadımdadır, xatırlayıram, bir zamanlar İçərişəhər
UNESCO-nun qara siyahısına salınmışdı. Çünki burada bərpa işləri aparılmırdı. Bütün
bu qanunlara zidd hərəkətlər olub. O zaman məhz Prezidentin göstərişi ilə
İçərişəhərdə bir çox işlər, bərpa, yenidənqurma işləri aparıldı. Sakinlərin,
sahibkarların məramları nəzərə alınaraq İçərişəhərin hər binasına, hər bir
daşına dövlət tərəfindən böyük diqqətlə yanaşıldı. Mənim yadımdadır, Novruz
bayramında cənab Prezidentlə bizim burada gəzintimiz oldu və sakinlərlə
ünsiyyətdə olduq. Fəxr edirik ki, bizim Bakımızın belə İçərişəhəri var. Əlbəttə,
mən əminəm ki, bu, hər bir azərbaycanlının ürəyində yaşayan bir hissdir. Təbii
ki, Qala divarının heç bir daşına da ziyan vurmaq olmaz və heç zaman
vurulmayacaq”.
Mehriban xanım Əliyeva sosial şəbəkələrdə, informasiya məkanında
yayılan yalan, böhtan, qarayaxma kampaniyaları və onları aparan insanlara da
diqqət çəkib. Deyib ki, hər insan öz vicdanı və Allah qarşısında cavab verir. Birinci
vitse-prezident əminliklə vurğulayıb ki, pis niyyətlə, təxribatla, nifrət hissi
ilə heç vaxt yaxşı bir nəticə əldə etmək mümkün deyil. Mehriban xanım
İçərişəhərin gözəlliyini, bizim sərvətimiz olduğunu diqqətə çatdıraraq, bundan
sonra da onun qorunub saxlanılacağını, gələcək nəsillərə eyni şəkildə təhvil
veriləcəyini vurğulayıb: "Vətənimizə, Vətənimizin hər bir mədəni abidəsinə,
tarixinə, dininə yalnız və yalnız xoş niyyət, mərhəmət, sevgi bəsləməliyik. İnsanlarımız
bunu çox gözəl bilir, çox gözəl hiss edir. Ona görə mən bu gün şəxsən bura
gəldim. Mən bilirdim, bütün bu hadisələrin gedişatı haqqında məndə məlumat var
idi. Amma mən yenə də sahibkarlarla görüşmək istəyirdim. Bir daha əmin olmaq
istəyirdim ki, yeni heç bir inşaat yoxdur. Buradakı tarixi və mədəni abidələrə
heç bir təhlükə yoxdur. Əksinə, bütün bu addımlar onların qorunmasına yönəlib. Burada
yeni aşkar olunmuş tarixi abidəmiz – hamam bərpa olunur. Onu da qeyd etmək
istəyirəm ki, son illər İçərişəhərdə Qala divarı üzərində aparılan bütün bərpa
işlərinə bu sahədə ən aparıcı ekspertlər də cəlb olunub”.
İnternetdə İçərişəhərlə bağlı aparılan böhtan kampaniyasına ölkə
vətəndaşlarının reaksiyası, Birinci vitse-prezidentin qoruq ərazisinə baş
çəkməsi, orada aparılan işlərlə tanış olması, yerli sakinlərlə ünsiyyətdə
olması İçərişəhərin Azərbaycan xalqı üçün doğma və əziz yer olduğunu,
xalqımızın milli sərvətinin qədimiliyinin qorunmasına daim diqqət və qayğı ilə
yanaşıldığını bir daha nümayiş etdirib.
Millət vəkili Rauf
Əliyev hesab edir ki, Birinci vitse-prezident Mehriban
xanım Əliyeva ona həvalə olunmuş bütün vəzifələri uğurla həyata keçirir.
Deputatın fikrincə, fəaliyyət dairəsinə aid olan bütün sahələr daima Mehriban
xanımın diqqət və qayğısı ilə əhatə olunub: "Azərbaycan memarlığının və
mədəniyyətinin nadir incisi sayılan, Şirvan-Abşeron memarlıq məktəbinin ən
məşhur nümunəsi kimi UNESKO-nun Dünya İrs Siyahısına daxil olan İçərişəhərin
qorunması daim Prezident İlham Əliyevin və Birinci-vitse prezident Mehriban
Əliyevanın diqqət mərkəzindədir. Aprelin 26-da Birinci vitse-prezidentin
İçərişəhərə gəlməsi, orada aparılan işlərlə yerindəcə şəxsən tanış olması,
sakinlərlə görüşüb söhbət etməsi buna əyani misaldır. Bununla yanaşı, həmin gün
Mehriban Əliyeva Nəsimi rayonunda Tibb Universitetinin yataqxanasında və
Qaradağ rayonunda salınmış "Qobu Park” yaşayış kompleksində məskunlaşan məcburi
köçkünlərlə də görüşdü. Bu, bir daha göstərdi ki, Birinci vitse-prezidentin
diqqət və nəzarətində olan ən vacib məsələlərdən biri də köçkünlərin və
qaçqınların yaşayış şəraitlərinin yaxşılaşdırılmasıdır. Bundan başqa, ölkəmizdə
uşaq müəssisələrinin yüksək səviyyədə qurulması istiqamətində görülən işlərə də
Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu böyük töhfələr verir.
2014-cü ilin fevral ayında Fondun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə
məktəbəqədər təhsil müəssisələrinin inkişaf proqramının təqdimatı keçirilib və
həmin vaxtdan Fond tərəfindən ölkəmizdə məktəbəqədər təhsil müəssisələrinin
yenidən qurulması, yeni müasir uşaq bağçalarının inşası sahəsində böyük işlər
görülüb və görülməkdədir. Birinci vitse-prezident Mehriban Əliyevanın
fəaliyyətinin mühüm istiqamətlərindən biri də sosial müdafiəyə ehtiyacı olan
ailələrin, birinci növbədə şəhid ailələrinin, müharibə əlillərinin sosial
vəziyyətlərinin daima diqqətdə saxlanılmasıdır. Bütün bunlar göstərir ki,
Mehriban xanım Birinci vitse-prezident kimi ona həvalə olunmuş bütün vəzifələri
uğurla həyata keçirir. Onun elm, təhsil, mədəniyyət, idman, əhalinin
aztəminatlı hissəsinin problemlərinin və digər sosial məsələlərin həllinə
diqqət və qayğı göstərməsi, bu sahələri daima nəzarətdə saxlaması cəmiyyət
tərəfindən də yüksək qiymətləndirilir”.
Milli Məclisin
deputatı Naqif Həmzəyev də bildirib ki, Azərbaycanın
çiçəklənməsində, beynəlxalq miqyasda daha yüksək imiclə tanınmasında, ölkəmizin
dünyada söz və nüfuz sahibi olmasında ölkə Prezidenti İlham Əliyevlə yanaşı,
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xidmətləri əvəzsizdir. Millət
vəkili deyib ki, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən
layihələr milli genefondun qorunmasına, təmiz, saf hisslərin şüurlarda məskən
salmasına, ölkənin tərəqqisinə, xalqın problemlərinin həllinə, təhsilin,
mədəniyyətin, səhiyyənin inkişafına xidmət edir: "Mehriban xanım Əliyeva öz
nəcib əməlləri, həssas ürəyi, ülviyyəti, yüksək mədəniyyəti, ziyalılığı,
insanpərvərliyi ilə milyonlarla insanın ürəyinə yol tapıb, xalqın sevimlisinə
çevrilib. Bütün fəaliyyətini xeyirxah işlərə, elmin, mədəniyyətin, təhsilin
inkişafına, uşaqların problemlərinin həllinə yönəldən ölkəmizin birinci xanımı
incə təbiətə, həssas qəlbə sahibdir. Buna Mehriban xanımın həm İçərişəhər
sakinləri, həm də Nəsimi rayonunda Tibb Universitetinin 4 saylı yataqxanasında
və Qaradağ rayonunda salınan "Qobu Park” yaşayış kompleksində məskunlaşan
məcburi köçkünlərlə görüşdə bir daha şahid olduq. Hər iki görüş Mehriban xanım
Əliyevanın vətənpərvərlik kimi əxlaqi-mənəvi keyfiyyətləri tam dolğunluğu ilə
özündə əks etdirdiyini, tarixi-mədəni abidələrimizin qorunub saxlanılaraq
gələcək nəsillərə çatdırılmasına həssas münasibətini bir daha göstərdi”.
Rufik İSMAYILOV