• cümə axşamı, 02 may, 02:05
  • Baku Bakı 15°C

Prodüser Sultan Mustafayev: “Əzrayıldan icazə almışam”

14.05.14 12:17 5578
Prodüser Sultan Mustafayev: “Əzrayıldan icazə almışam”
Ötən gün Avropa prodüseri kimi tanınan Sultan Mustafayev “Kaspi” qəzetinin qonağı oldu. Qonağımızın gəlişinin səbəbi isə prodüserin təşkil etdiyi “Mr and Mrs land of fire” layihəsidir.
Bu dəfə moda layihəsi ilə iştirakçılarımızı dünyaya tanıdacağını qeyd edən Sultan belə layihələrin azlıq təşkil təşkil etdiyini deyir. Onun sözlərinə görə, oktyabrın 26-da bu layihədə qalib gələn iştirakçılar 70 ölkənin içərisində Şimali Koreyada ölkəmizi təmsil etməyə yollanacaqlar. Münsiflər heyətinə gəlincə isə, layihədə Avropadan gələn model şirkətlərinin rəhbərləri olacaq. Seçim turu avqustda başa çatacaq. Seçimlər bitdikdən sonra müsabiqə canlı olaraq Fashion TV-də yayımlanacaq. Belə bir layihə Azərbaycanda ilk dəfə olacaq.
Oğlanlar 5 min, qızlar 10 min avro qazanacaqlar
- Bu layihənin digər moda yarışmalarından fərqi nə olacaq?
- İndiyə kimi Azərbaycanda moda yarışmaları çox olub, ancaq sizi əmin edə bilərəm ki, bunun kimisi olmayıb. Adətən, modellik yarışmasının əksəri qızlardan ibarət olur. Ancaq bu dəfə qızlarla bərabər oğlanlar, həm də uşaqlar bu müsabiqədə iştirak edə biləcəklər. Bu layihə üçün öncə qızları və oğlanları nəzərdə tutmuşduq, daha sonra düşündük ki, uşaqları da buraya əlavə etsək, daha yaxşı olar. Uşaqlara əyləncə lazımdır. İndi görürük ki, müsabiqəyə böyükdən çox uşaqların qeydiyyatı aparılır. Layihədə qalib olan iştirakçıları böyük sürprizlər gözləyir. Belə ki, oğlanlar 5 min, qızlar 10 min avro əldə edəcəklər. Uşaqlar üçün isə düşündük ki, ən gözəl hədiyyə Parisdə Disneylənddə əylənmək olar. Qalib gələn azyaşlı model 4 nəfərlik hər şey daxil olmaqla Disneyləndə bilet əldə edəcək. Uşaqlar 4 yaşından 14 yaşına qədər olmalıdır. Qızlarda boyun ən azı 1.75, oğlanlarda 1.80 olması əsas şərtlərimizdəndir.
- Bizə maraqlıdır, həmin layihənin Avropada işıqlandırılması üçün Fashion TV-yə nə qədər pul ödəyəcəksiniz?
- Burda gizlədiləsi heç nə yoxdur. Layihənin bir dəfə yayımlanması 50 min avro təşkil edəcək. Moda nümayişimiz 2 saat ərzində canlı olaraq orada yayımlanacaq. Fikirləşdim və bu layihəyə “Mr and Mrs of fire” adı verdim, onu təsdiqlətdirdim. Bunu dünyaya da çıxartmaq istəyirəm. Dünyada birinci yerə çıxan iştirakçı isə tacla bərabər böyük məbləğdə pul əldə edəcək.
- Bəs bu layihənin sponsorları kimlərdir?
- Layihənin sponsoru da özümüzük. Demirəm ki, bizim pula ehtiyacımız yoxdur, hər şeyi asan şəkildə edirik. Mənim üçün sponsor ilk növbədə özüməm. Amma bu gün böyük bir sponsora ehtiyacım olsa da, əfsuslar olsun ki, hər şeyi öz imkanımız daxilində, yəni “Sultan prodakşn” sayəsində edirik. Bu layihə IMI holdinq şirkəti ilə birgə təşkil olunan layihədir. İkimiz də birlikdə sponsorluq edirik. Bəzi dostlarımız söz verirlər ki, sizə sponsorluq edəcəyik, ancaq mən onlara inanmıram. İndi “ağlamaq” kimi çıxmasın, böyük bir kreditin altına girmişik. Məqsədim isə odur ki, Azərbaycan bayrağı xaricdə təmsil olunsun. Düzdür, buna görə mənə heç o qiymət də verilməyəcəklər. Bu vətənpərvərlik mənim daxilimdən gələn bir hissdir.
Biz nə üçün gedib Avropadan pul ala bilməyək?
- Layihədə yarımfinala neçə nəfər keçəcək?
- Bu layihədə 30 oğlan, 30 qız və 30 uşaq yarımfinala keçəcək. Onların 22-si finala çıxacaq. Çox istəyirəm ki, orda modellik sənətinə uyğun olan insanları görüm. Əslində bu layihənin əsas adı “Miss and Mister international”-dır . “Land of fire” ifadəsini isə mövzu olaraq özüm seçmişəm. Yəni buradan seçilən finalçılar 26 oktyabrda “Miss and Mister international” müsabiqəsində bizi təmsil edəcək. Bu adı brendə çevirəcəyəm. Bunu qeydiyyatdan keçirmək istəyirəm ki, bu layihəni dünyaya sata bilim. Bir də ki, “The best of model” şirkəti gəlib bizdən 30-40 min pul alıb gedir, biz niyə almayaq? Biz nə üçün gedib Avropadan pul ala bilməyək ki?
- Sizi müğənnilərin xaricdə konsertini təşkil edən prodüser kimi tanıyırıq. Bəs modaya müraciət etməyinizə səbəb nədir?

- Bu, mənim üçün yeni bir şeydir. Mən heç zaman modaya müraciət etməmişəm. Bu da bir təbliğatdır. İnanıram ki, bu da yüksək səviyyədə keçəcək. Bundan sonra səfərlərim başlayacaq. Belə ki, mayın 22-si Londonda, 23-ü Almaniyada, 28-i Hollandiyada olacağam. Həmin münsiflər heyəti ilə eyni rolda iştirak edəcəyəm. Xəbəriniz olsun ki, bu layihədən sonra çox möhtəşəm bir layihə həyata keçirəcəyəm. Bu barədə hələ tam məlumat vermək istəmirəm.
- Belə çıxır ki, siz bu layihədə xeyli ziyana düşəcəksiniz? Bəs gəlir olmadan hər hansı layihəyə başlamağın nə mənası?
- Gəlir deyəndə ki, biz yarışmanın finalında biletləri satışa çıxarmaq istəyirik. Harda təşkil olunacaqsa, həmin ölkədə satılan biletlərdən gəlir əldə etməyə çalışacağıq. Ümumiyyətlə, mən heç bir layihəmdə rüşvət almamışam və hər zaman da düzgün iş görmüşəm. Bütün layihələrimdə məqsədim o olub ki, Azərbaycan bayrağı dünyanın müxtəlif ölkələrində dalğalansın. Layihənin finalında çox möhtəşəm şou hazırlamağı düşünürəm.
Allah sağlıq versin ki, bu arzularımı həyata keçirim. Son zamanlar böyük xəstəliklər keçirdim. Haqqımda bəziləri boş-boş danışdılar. Bu da saytlarda yer aldı. Sizin vasitənizlə demək istəyirəm ki, mən onlarla eyni səviyyəyə düşməyəcəyəm. Əgər onlara cavab versəm, bu, həmin insanlar üçün böyük bir şərəf olar. Onları Allaha tapşırıram. Bu 15 ildə heç vaxt nə sənətimə, nə də adıma ləkə gətirməmişəm. Ancaq bunlar istəyirlər ki, mənə şər atsınlar, gözdən salsınlar. Onların istədikləri olmayacaq. Çıxıb haqqımda söylədilər ki, guya mən kimisə təhqir eləmişəm. Əslində heç kimi təhqir eləməmişəm. Sultan onsuz da Sultandır. Onun öz dəst-xətti var. Bilirəm ki, çox insanlara maraqlıyam, ancaq mən insanlara qarşı çox qapalıyam. Onları yanıma buraxmıram. Çünki öz siyasətimi bilirəm. Mənə nə qədər təklif edirlər ki, gəl qalmaqal edək, pul da təklif edirlər. Ancaq mən elə ucuz reklamlara getmirəm. Özüm kiməsə mahnı hədiyyə eləmişəm, o mahnı hit olub, hər kəsə haqqımı halal edirəm. Sənətdən gedəndə şou-biznesdəki mübarizəli həyat tərzi özümə necə çatırsa, o şəkildə yazmağı düşünürəm.
- Sizdən başqa hər hansı bir prodüser belə layihədə iştirak edibmi?
- Məncə yox. Modanı qurtarım, ondan sonra dünyanı gəzmək istəyirəm. Bizim işimiz çox çətindir. Səhhətim elə də əl vermir ki, belə ağır layihələrdə iştirak edim. Allaha dua edirəm ki, mənə bir az səbir versin. Hərdən Əzrayıla deyirəm ki, mən tərəfə gəlmə, 3-4 aya bu layihəmi təhvil verim, öz istədiyim kimi tamaşaçılara təqdim edim, ondan sonra canımı almağa icazə verirəm (gülürük).
“Evlənəcəyim qadını dəlicəsinə sevmirəm”
- Belə çıxır ki, Əzrayılla müqavilə bağlamısınız?
- Yox, mən ondan icazə almışam. Allahım məni sevir. Əzrayıldan xahiş edirəm ki, mənə oktyabra qədər toxunmasın. Sentyabrın sonunda toy etmək istəyirdim, bu layihəyə görə o da qaldı. Düşünürəm ki, artıq evlənməyin vaxtıdır. Özümə “palatka” toyu etmək istəyirəm. Hamı fikirləşir ki, yəqin toyunda hansısa Avropa ulduzu gələcək. Ancaq mən sırf Azərbaycan musiqiçilərindən ibarət toy edəcəm. Hətta, toyum üçün də ssenari yazmışam. Bizim yerli müğənnilərimizin əksəriyyəti toyumda ifa etməyəcək. Orada gözəl şou və muğama yer ayıracağam. Etiraf edirəm ki, evlənəcəyim qadını dəlicəsinə sevmirəm, sadəcə olaraq ona öyrəşmişəm. Onun xasiyyəti, mənə olan hörməti, izzəti, sənətimi başa düşməyi mənim çox xoşuma gəlir. Sənətim mənim üçün hər şeydir. Bəlkə ailə qurandan sonra dəlicəsinə sevərəm. Dünyanı gəzən adamam. Həyatda hər şeyə adi baxıram. Mənim üçün təəccübə səbəb olan heç nə yoxdur.
- Toydan sonra bir yerdə məskən salmağı düşünürsünüzmü?
- Toydan sonra Sultan tamam başqa Sultan olacaq. Bəlkə bu sənəti də atdım. Ola bilsin ki, Türkiyəyə köçdüm. Orada hər hansı bir şirkətə girib işləyəcəyəm. 7 dil bilirəm, hara getsəm mənə iş tapılar.
- Şou-biznesdən bezmisiniz?
- Xeyr, bezməmişəm, bezmərəm də. Ölənə kimi də bezməyəcəyəm. Bu sənəti həddindən artıq sevirəm. Hər gözəlin bir dövranı var, biz də sözümüzü dedik, çəkilirik kənara. Qoy bizdən sonra gələn gənclər də öz sözlərini desinlər. Mən fəxr edərəm ki, kimsə gəlib mənim yerimi tutsun. Ancaq onu da bilirəm ki, o yeri tutan olmayacaq.
- Deyirlər, bir şou-biznesə gələn sevinir, bir də şou-biznesdən gedən. Bu fikirlə razısınızmı?
- Şou-biznesdən gedən olmur. Gedən ancaq məhv olub çıxır sıradan. Gələn yapışıb qalır. Sizə bir sirr açım. Bir gənc oğlanın vaxtında çoxlu pulu vardı. Şou-biznesə gəldi. Şou-biznes onu bir günə qoydu ki, həmin oğlan indi metronun altında lotereya satır. O insan vaxtilə yemək yeyərkən ən azı 2000 manat hesab ödəyirdi. Yəni şou-biznesin də özünə görə yolları var. O, insan öz yolunu azdı. Çünki o, düzgün insanlarla işləmədi. Qarşısına çıxan insanlar onu məhv elədi. Bu gün mən şou-biznesdə məhv olmamışamsa, ilk növbədə Allahıma borcluyam.
Qeyd edək ki, müsabiqədə iştirak etmək və layihə barədə ətraflı məlumat ədə etmək istəyən şəxslər 0552145115 nömrəsilə əlaqə saxlaya bilərlər.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər