• şənbə, 27 Aprel, 00:27
  • Baku Bakı 14°C

Prezidentimiz hər zaman sənətin və sənətkarın yanındadır

20.12.14 09:02 1480
Prezidentimiz hər zaman sənətin və sənətkarın yanındadır
Dekabrın 18-də prezident İlham Əliyev “Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında” sərəncam imzaladı. Uzun müddətdir ki, incəsənət aləmində külüng vuran sənət adamları il ərzində səbirsizliklə bu günü gözləyirdilər desək, yəqin ki, yanılmarıq.
Beləliklə, dövlət başçısı Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, illər ərzində xalqa xidmət edən sənət adamlarnı təltif etdi. Rafiq Hüseynov, Könül Xasıyeva, Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Ənvər Sadıqov “Xalq artisti” adına, Afaq Abbasova, Murad Dadaşov, İlahə Əfəndiyeva, Fərid Əliyev, Çinarə Heydərova, Rafael İsgəndərov, Rauf İslamov, Babək Niftəliyev, Coşqun Rəhimov, Əlixan Səmədov “Əməkdar artist” fəxri adlarına layiq görüldülər. “Əməkdar incəsənət xadimi” adı ilə isə Məlahət Abbasova, Rafiq Əzizov, Aqil Məlikov təltif olundular.
“Daha da çox çalışmalıyıq”

Xalq artisti Gülyanaq Məmmədova “Kaspi”yə açıqlamasında uzun müddətdir ki, bu günü gözlədiklərini bildirdi: “Fəxri adların verildiyi gün biz Gülyazla Şəkidə çəkilişdə idik, çəkiliş heyəti bizi təbrik etdikdə, çox sevindik. Dünəndən bəri telefonlarımız susmur, hər kəs xəbəri eşidib, bizə ürək sözlərini deyir. Prezidentimiz İlham Əliyevə təşəkkürümüzü bildiririk. Biz “Xalq artisti” adı ilə fəxr edirik. Əslində bu ad bizim çiynimizə böyük bir yük qoyur. Əgər “Xalq artisti” adı almışıqsa, bu o demək deyil ki, indiyə kimi oxuduğumuzu oxumuşuq, artıq yaradıcılığımıza ara verəcəyik. “Xalq artisti” adını aldıqdan sora daha da sərasər çalışmalıyıq ki, bizə göstərilən etimadı doğruldaq. İndiyə qədər nə dərəcədə doğrultmuşuq, onu deyə bilmərəm”.
Gülyanaq Məmmədovanı təbrik edənlər, bacıların bu ada çoxdan layiq olduqlarını bildiriblər: “Biz də çalışacağıq ki, daha da məsuliyyətli işləyək, o etimadı doğrultmaq, dayanmadan çalışmaq arzusundayıq. Fəxri ad aldığımızı eşidən dostlarımız sərasər bizə zəng edirlər. Zənglərə artıq çatdırıb cavab verə bilmirəm. Telefonum heç susmur. Xəbəri eşidən gün dayanmadan 5 saat telefonla danışmışam. Bu gün də telefonum susmur, sevincindən göz yaşı tökənlər kim, ürək dolu sevincini bildirən kim, tanımadığım insanlar belə zəng vurub təbrik edirlər. Onların arasında millət vəkillərimiz, sənət yoldaşlarım, ustad sənətkarlarımız da var. Biz bütün xalqımıza, millətimizə sevgilərinə görə minnətdarıq. Kimlərə cavab verə bilməmişəmsə, sizin vasitənizlə onlara dərin təşəkkürümü bildirirəm”.
“Əsas xalqın sevimlisi olmaqdır”

Xalq artisti Gülyaz Məmmədova bizimlə söhbətində sevincinin həddi-hüdudu olmadığını dilə gətirdi: “Biz çox sevincliyik. Bizə göstərilən bu etimada görə prezidentimizə minnətdarlığımızı bildiririk. O, bizim əziyyətimizi görüb dəyərləndirib. Bizim üçün ən əsası xalqın sevimlisi olmaqdır. Adın da böyük əhəmiyyəti var. Xəbəri eşitdiyimiz gündən təbrik zəngləri dayanmaq bilmir. O qədər həyəcanlıyam ki, nə deyəcəyimi də bilmirəm. Mətbuatın da burada rolu az deyil, onlara da minnətdarıq”.
“Bu şəhərdə”nin prodüseri Müşviq Abbasov aktyorlar Rafael İsgəndərov və Coşqun Rəhimovun “Əməkdar artist” fəxri adı almaları ilə bağlı mətbuata münasibət bildirib. Uzun illərdir adıçəkilən aktyorlarla çalışan M.Abbasov sosial şəbəkədə status yazaraq, prezident İlham Əliyevə təşəkkürünü bildirib: “Prezidentimiz İlham Əliyevin sərəncamı ilə Rafael və Coşqun Azərbaycan Respublikasının Əməkdar artisti adına layiq görülüblər. Çox sağ olun, cənab prezident!”
“Qürur duyuram”

“Əməkdar artist” adına layiq görülən şoumen Murad Dadaşov duyğularını bölüşüb. Belə ki, şoumen sosial şəbəkə vasitəsilə prezident İlham Əliyevə təşəkkürünü bildirib: “Dünən imzalanan sərəncama görə ölkəmizin başçısı, möhtərəm, cənab prezidentimiz İlham Əliyevə öz dərin təşəkkürümü bildirirəm. Bu fəxri ada məni layiq gördüyünə görə prezidentimizə çox minnətdaram. Azərbaycanın əməkdar artistləri sırasında olduğum üçün qürur duyuram”.
“Bu adı özümə yaraşdırmırdım”

Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən “Xalq artisti” fəxri adına layiq görülmüş məşhur gitara ifaçısı Rəmiş (Rafiq Hüseynov) sevinc hissləri keçirir: “Evdə yox idim, şəhərdə gəzirdim. Zənglər gəldi, hamı təbrik etdi. Bu, xalqın sənətimə olan sevgisindən irəli gəlir. Məni xalqım bu səviyyəyə çatdırdı. Prezident isə bunu qiymətləndirdi. 70 yaşım var. Əməkdar artist adını özümə yaraşdırmırdım. Allah prezidentimiz İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın canını sağ eləsin. Onlar ki bu yaşda məni sevindirdilər, təşəkkür etməyə söz tapmıram. Bütün xalqıma və məni sevənlərə minnətdaram”.
“Əməkdar incəsənət xadimi” adına layiq görülmüş Türkiyədə yaşayan aktrisa Məlahət Abbasova ilk təəssüratını Publika.az saytı ilə bölüşüb. M.Abbasova göz yaşlarına hakim ola bilmədiyini söyləyib: “İnanılmaz dərəcədə xoşbəxtəm. İyirmi dörd ildir Türkiyənin ən böyük teatrında - İstanbul Şəhər Teatrlarında həm aktrisa, həm də rejissor kimi fəaliyyət göstərən yeganə azərbaycanlı qadın sənətçiyəm. Sənət adamı olaraq bu xəbər məni çox duyğulandırdı. Dövlətimlə, vətənimin insanları ilə qürur duydum. Hər şeydən öncə məni bu ada layıq görən, sənətin və sənətkarın yanında olan, onlara daim dəstəyini əsirgəməyən cənab prezidentimiz İlham Əliyevə çox-çox təşəkkür edirəm. Mənə dəstək olan insanlara təşəkkürümü bildirirəm. Sevincim sonsuzdur. O qədər telefon zəngləri, təbrik mesajları aldım ki... Onların arasında tanımadığım insanlar da var idi. İnanın ki, ağlamaqdan hələ də özümə gələ bilməmişəm. Məni ən çox sevindirən o idi ki, təbrik edən hər kəs bu adı haqq etdiyimi deyirdi”.
Aktrisa bildirib ki, aldığı fəxri ad onun məsuliyyətini daha da artırıb: “Bu, bir sənət insanı üçün çox gözəl duyğudur. Alnının təriylə, dişinlə, dırnağınla yüksəldiyin pillədə dövlətindən, xalqından uzaqda olsan da, onların sənin yanında olmağını bilmək insana möhtəşəm hisslər yaşadır. Sözlə ifadə edilməsi mümkün olmayan anlardır. Bundan sonra məsuliyyətim daha da artdı”.
M.Abbasova ölkəmizi xaricdə təmsil edən sənət adamlarına verilən dəyərdən də danışıb: “Xarici ölkələrdə bir çox sənətçi həmyerlilərimiz var. Dövlətimizin bizim yanımızda olmağını bilmək insanı ruhlandırır, ümid verir. Uzun illərdir balaban sənətini dünyada tanıdan Əlixan Səmədovun “Əməkdar artist” fəxri adına layiq görülməyi məni inanılmaz duyğulandırdı. Söz veririk ki, dövlətimizin bizə əmanət etdiyi bu adı, üçrəngli bayrağımızı vətəndən uzaqlarda şərəflə, namusla daşıyacağıq. Mən fəxr edirəm ki, azərbaycanlıyam”.
Biz də öz növbəmizdə fəxri adlara layiq görülən yaradıcı insanları təbrik edirik.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər