• cümə, 26 Aprel, 08:15
  • Baku Bakı 12°C

Prezidentə “2013-cü ilin adamı” mükafatı təqdim olunub

17.01.14 13:58 1433
Prezidentə “2013-cü ilin adamı” mükafatı təqdim olunub
AzərTAc xəbər verir ki, yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupunun “2013-cü ilin adamı” mükafatının təqdim olunması mərasimi keçirilib.
Yüksək mükafata görə minnətdarlıq edən Prezident İlham Əliyev öz fəaliyyəti ilə ölkəmizi gələcəkdə də inkişaf etdirməyə çalışacağını bildirdi. “Sizin verdiyiniz belə yüksək qiymət məni daha da ruhlandırır”, - deyən dövlətimizin başçısı “İlin adamı” mükafatını təqdim edən ANS-in ölkədə ilk müstəqil telekanal olduğunu xatırlatdı, Azərbaycanda müstəqil jurnalistikanın inkişafında onun xüsusi rolunu vurğuladı.
ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev 2001-ci ildən verilən bu mükafatın ideya təməlində vətənpərvərlik amilinin və xalqımıza göstərilən xidmətlərin dəyərləndirilməsinin dayandığını söylədi.
ANS Şirkətlər Qrupunun prezidenti, Milli Qəhrəman Çingiz Mustafayev Fondunun idarə heyətinin üzvü Vahid Mustafayev bildirdi ki, Prezident İlham Əliyev bu mükafata vətəndaşların etimadını qazanaraq Prezident seçilməsinə, BMT Təhlükəsizlik Şurasının sədri kimi ölkəmizin nüfuzunun dünyada gedən proseslərə təsir göstərə biləcək səviyyəyə çatdırılmasına, Azərbaycanın kosmik dövlətlər sırasına qoşulmasına, iqtisadi inkişaf tempini qoruyub saxlamasına, “Şahdəniz-2”, Trans-Adriatik və Trans-Anadolu layihələrinin uğurla həyata keçirilməsi ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamasına, Avropa İttifaqına üzv ölkələr ilə sadələşdirilmiş viza rejiminə keçidə nail olunmasına, rəsmi Bakının regionda ardıcıl və prinsipial siyasət yürütməsinə görə layiq görülüb.
Sonra mükafat Prezident İlham Əliyevə təqdim edildi.
Dövlətimizin başçısı pul mükafatının ənənəvi olaraq Silahlı Qüvvələr Fonduna köçürüləcəyini, ona təqdim olunan saatın isə muzeydə saxlanılacağını bildirdi.
Azərbaycan Prezidenti 2013-cü ilin həqiqətən də uğurlu olduğunu, ilin əvvəlində “ASAN xidmət”in yaradıldığını, bu xidmətin korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizəyə yardım etdiyini vurğuladı. “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya qərarının imzalanması ilə 2013-cü ilə gözəl yekun vurulduğunu deyən dövlətimizin başçısı bu hadisənin ölkəmizin siyasi və iqtisadi maraqlarını təmin edəcəyini bildirdi.
Prezident İlham Əliyev 2013-cü ildə “Azərspace -1” peykinin fəzaya buraxılmasını ilin mühüm hadisələrindən biri adlandırdı. Dövlətimizin başçısı peykin idarə edilməsinin artıq Azərbaycan mütəxəssisləri tərəfindən həyata keçirilməsinin önəmini qeyd etdi.
Ötən ilin yaddaqalan hadisələri sırasında Davos Forumunun Azərbaycanda keçirilməsini, ölkəmizin iqtisadi inkişaf templərinə görə Avropa qitəsində birinci olduğunu, sosial sahədə ciddi islahatlar aparıldığını, sovet əmanətlərinin MDB məkanında ən böyük əmsalla məhz Azərbaycan vətəndaşlarına verildiyini, təhsil, ordu quruculuğu, sosial sahələrdə çox ciddi islahatların həyata keçirildiyini və bu islahatların artıq öz bəhrəsini verdiyini deyən Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə ölkəmizin mövqeyinin ədalətə söykəndiyini, dünyada Azərbaycana olan dəstəyin artdığını vurğuladı.
Prezident İlham Əliyev medianın həyatımızdakı vacib rolundan danışdı və Azərbaycanda bütün azadlıqların mövcud olduğunu dedi.
Dövlətimizin başçısı qeyd etdi ki, ANS telekanalı müstəqil jurnalistikanın inkişafına gələcəkdə də töhfə verəcəkdir.
Prezident İlham Əliyev əmin olduğunu bildirdi ki, 2014-cü il də Azərbaycan üçün uğurlu olacaqdır.
Sonda xatirə şəkli çəkdirildi.
banner

Oxşar Xəbərlər