AZE | RUS | ENG |

Prezident Qaradağda məcburi köçkünlər üçün salınmış yaşayış kompleksinin açılışında iştirak edib

Prezident Qaradağda məcburi köçkünlər üçün salınmış yaşayış kompleksinin açılışında iştirak edib
İlham Əliyev: “Azərbaycan xalqı əmindir ki, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik, bunu etməliyik”

"Ermənistan-Azərbaycan,Dağlıq Qarabağ münaqişəsi ən böyük ədalətsizlikdir. Bu işğal nəticəsində bizim vətəndaşlarımız məcburi köçkün həyatı yaşayırlar. Bütün beynəlxalq hüquq normalarını pozan Ermənistan vəhşilik törədib. Erməni faşizminin yırtıcı sifəti bu münaqişənin nəticələrində özünü büruzə verib. Ancaq Azərbaycan xalqı tam əmindir ki, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik, bunu etməliyik. Həm beynəlxalq hüquq, həm də haqq-ədalət bizim tərəfimizdədir. Tarixi həqiqət bizim tərəfimizdədir və güc bizim tərəfimizdədir. Bu gün dünya miqyasında güc amili ön plana çıxır və güclü ölkələr öz istəyinə nail ola bilirlər. Azərbaycan da güclü ölkədir. Güclü ordumuz, güclü iqtisadiyyatımız və düşünülmüş siyasətimiz var”.
 
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham ƏliyevBakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış yaşayış kompleksinin açılışı zamanı deyib.
 
O qeyd edib ki, Cocuq Mərcanlı kəndinin bərpası Azərbaycan xalqının əyilməz ruhunun göstəricisidir: "Bu, bir daha göstərir ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Bu, bir daha onu göstərir ki, bütün məcburi köçkünlər bir arzu ilə - öz doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşayırlar. Əminəm ki, biz buna nail olacağıq. Cocuq Mərcanlı kəndinin yenidən qurulması Aprel döyüşlərinin nəticəsindən, bizim parlaq qələbəmizdən sonra mümkün olub. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının ərazilərinin bir hissəsi işğalçılardan təmizlənəndən sonra bu qəsəbənin bərpası mümkün olub. Azərbaycan Ordusu bir daha öz gücünü göstərdi. Azərbaycan xalqı bir daha göstərdi ki, heç vaxt işğalla barışmayacaq və nəyin bahasına olursa-olsun öz doğma torpaqlarına qayıdacaq, ölkəmizin ərazi bütövlüyünü bərpa edəcək. Bir daha demək istəyirəm ki, biz bu qəsəbənin timsalında köçkünlərin arzularını, niyyətlərini görürük. Cocuq Mərcanlıdan olan vətəndaşlar, uzun illər müxtəlif yerlərdə yaşamış insanlar imkan olan kimi dərhal öz kəndinə gəlməyə üstünlük verirlər. İndi orada həyat canlanır, şərait yaradılır, həm yaşamaq üçün, həm işləmək üçün bütün infrastruktur yaradılıb.

Bu, bir daha onu göstərir ki, biz bu gün dağılmış vəziyyətdə olan bütün şəhərlərimizi işğaldan azad edəndən sonra tezliklə bərpa edəcəyik. İşğal altında olan bütün ərazilərimizdəki tarixi abidələrimiz, məscidlərimiz, muzeylərimiz mənfur qonşular tərəfindən dağıdılıb, talan edilib. Bütün şəhərlərimiz dağıdılıb. Bu, misli görünməmiş vəhşilikdir. Dağıdılmış bu binaların, evlərin, məscidlərin görüntüləri erməni vəhşiliyinin yırtıcı xislətini göstərir. Ancaq biz torpaqlarımıza qayıdacağıq. Buna heç kimdə şübhə yoxdur, necə ki, Cocuq Mərcanlıya, Şıxarx qəsəbəsinə qayıtmışıq. Şıxarx qəsəbəsinin, işğaldan azad edilmiş torpaqlarda bu böyük qəsəbənin salınması bir daha onu göstərir ki, biz torpaqlarımızı işğalçılardan azad edəndən sonra o torpaqlara dərhal yeni həyat gəlir. Əminəm ki, Azərbaycan dövlətinin gücü, Azərbaycan xalqının iradəsi nəticəsində işğaldan sonra bütün şəhərlərimizi bərpa edəcəyik və o şəhərlərdə insanlar yaşayacaqlar, quracaqlar, ölkəmizin inkişafını təmin edəcəklər. Bu yaşayış kompleksi sizin üçün müvəqqəti yaşayış yeridir. Lakin biz istəyirik ki, müvəqqəti də olsa, şərait yaxşı olsun. Ancaq işğaldan sonra biz belə gözəl şəhərcikləri bu gün işğal altında olan torpaqlarda mütləq yaradacağıq”.

-----------
12:55
 

APA-nın məlumatına görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev kompleksdə görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verib.
 
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva kompleksin ərazisində yaradılan şəraitlə tanış olublar.

Məlumat verilib ki, burada 1026 ailəlik 108 birotaqlı, 396 ikiotaqlı, 360 üçotaqlı, 162 dördotaqlı olmaqla 11 ikibloklu doqquzmərtəbəli yaşayış binası inşa olunub.
 
Dövlət başçısı və xanımı mənzillərə baxıblar.
 
Sonra prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksin ərazisində inşa edilmiş 344 nömrəli körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olublar.
 
Bildirilib ki, 220 yerlik ikimərtəbəli uşaq bağçası bütün lazımi avadanlıqla tam təchiz edilib.
 
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva 32 nömrəli köçkün tam orta məktəbində yaradılan şəraitlə də tanış olublar.
 
Məktəblə tanışlıqdan sonra dövlət başçısı məcburi köçkünlərlə görüşüb.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN