• şənbə, 27 Aprel, 01:02
  • Baku Bakı 14°C

Prezident paytaxta gətirilən yeni metro qatarları ilə tanış olub

16.04.15 15:10 831
Prezident paytaxta gətirilən yeni metro qatarları ilə tanış olub
Aprelin 16-da Prezident İlham Əliyev Bakı Metropolitenində olub. Dövlətimizin başçısı Bakı Metropoliteninin Nəriman Nərimanov adına elektrik deposunda metropolitenin qatar parkının yenilənməsi məqsədilə paytaxta gətirilən yeni qatarlarda yaradılan şəraitlə maraqlanıb.
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov dövlətimizin başçısına məlumat verdi ki, metropolitenin qatar parkının yenilənməsi məqsədilə dəmir yolu infrastrukturunda dünyada aparıcı mövqe tutan, böyük nüfuza malik və “Metrovaqonmaş” Səhmdar Cəmiyyətinin səhmlərinin 25 faizinin sahibi olan Fransanın “Alstom” şirkəti ilə ötən il memorandum imzalanıb. Həmin memorandumun şərtlərinə uyğun olaraq, bu şirkətlə “Bakı Metropoliteni” QSC arasında bağlanan müqaviləyə əsasən, 5 vaqondan ibarət üç qatarın alınması nəzərdə tutulub. Artıq iki qatar paytaxta gətirilib.
Dövlətimizin başçısına məlumat verildi ki, qısa vaxtda Bakı Metropoliteninin infrastrukturunun beynəlxalq standartlara uyğun yenidən qurulması istiqamətində görülmüş əhəmiyyətli işlərdən biri də burada Diaqnostika Kompleksinin yaradılmasıdır. Belə ki, xaricdə istehsal olunan ən müasir serverlər və fasiləsiz cərəyan təminatı, lazer optik sistemləri, cərəyan çeviriciləri, işçi kompyuter avadanlığı, GPS - koordinasiya qurğusu və digər müasir sistem və qurğularla təchiz olunmuş Diaqnostika Kompleksi qatarların hərəkətinin tam təhlükəsizliyini, səlistliyini və sərnişindaşımanın rahatlığını təmin edəcək.
Yeni nəsil vaqonların tutumu 330 sərnişin təşkil edir. Köhnə vaqonlarda isə bu rəqəm 308 idi. Bu texniki göstəricilərdən göründüyü kimi, müasir tələblərə cavab verən yeni qatarlar ən mütərəqqi texnologiyaya, idarəetmə üsuluna malik olmaqla, sərnişinlərin rahat və təhlükəsiz daşınmasını yüksək səviyyədə təmin edəcək.
Qeyd edək ki, son vaxtlar Bakı Metropolitenində aparılan abadlıq işləri nəticəsində depo ərazisindəki park yenidən qurulub. Burada depo işçiləri üçün yeməkxana və ehtiyat avadanlıq saxlanan böyük anbar kompleksi tikilib.
banner

Oxşar Xəbərlər