Prezident İlham Əliyevin Qarabağ mesajı
Dağlıq Qarabağ probleminin həlli hər zaman Azərbaycan dövlətinin
yürütdüyü siyasətin prioritet istiqamətlərindən biri olub. Prezident İlham
Əliyevin ölkəmizə rəhbərlik etdiyi ötən 15 il ərzində xeyli diplomatik uğurlar
əldə edilib. 2016-cı ildəki qısa müddətli aprel savaşı nəticəsində isə Cəbrayıl,
Füzuli və Ağdərə rayonlarının ərazilərinin bir hissəsi işğaldan azad olunub.
Dövlət başçısının geniş çıxışında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirləri xüsusi diqqət çəkir. Bununla prezident İlham Əliyev hansı mesajları verdi?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Aydın Mirzəzadə aprelin 18-də
andiçmə mərasimində İlham Əliyevin Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirləri
şərh edərkən bildirdi ki, ilk növbədə güclü dövlətin rəhbəri belə prinsipial və
sərt mesajlar verə bilərdi: "Dövlət başçısı 15 illik fəaliyyəti ilə ulu öndər
Heydər Əliyev irsinə söykənərək güclü, müstəqil dövlət qura bilib. Ölkəmiz bu
gün iqtisadiyyatını inkişaf etdirir, sahibkarlığa dəstək verir. Güclü ordumuz
var və Azərbaycan diplomatiyası öz sözünü deyir. Eləcə də güclü dövlətimiz
güclü beynəlxalq nüfuza malikdir. Bu baxımdan Azərbaycanın işğal edilmiş
torpaqlarla bağlı mövqeyi günü-gündən güclənir. Prezident İlham Əliyev ilk
növbədə Ermənistana torpaqlarımızın işğaldan azad edilməsi tələbini irəli
sürdü. Eləcə də dövlət başçısı bu məsələdə Azərbaycanın heç vaxt güzəştə
getməyəcəyini bildirdi”.
A.Mirzəzadə əlavə etdi ki, dövlət başçısı nitqində həm də beynəlxalq
ictimaiyyətə Azərbaycanın özünün hüquqlarını qorumaq gücündə olduğunu çatdırdı:
"Dünya ictimaiyyətindən beynəlxalq hüquqa və ədalətə söykənən siyasət
yürüdülməsini tələb etdi. Prezident İlham Əliyev eyni zamanda hakimiyyətin
xalqın dəstəyi ilə güclü olduğunu göstərdi. Hər bir vətəndaşa öz təşəkkürünü
bildirdi və bu etimaddan çox qürur hissi duyduğunu elan etdi. Ümumən
götürdükdə, aparılan siyasət milli maraqlara cavab verəndə qarşıya qoyulan
istənilən ədalətli prinsipi həyata keçirmək olur”.
M.Əhmədoğlu əlavə etdi ki, beynəlxalq aləm Dağlıq Qarabağ məsələsində
Azərbaycanın haqlı mövqeyini dəstəkləyir: "Dünya ictimaiyyəti bilir ki, nəinki
Qarabağ, hətta Ermənistan özü tarixən Azərbaycanın ərazisidir. Təxminən mart
ayında Rusiya Xarici İşlər Nazirliyi öz səfirliyi vasitəsilə Yerevanda
Türkmənçay müqaviləsinin 190 illiyi ilə bağlı tədbir keçirdi. Orada rusiyalı
ekspertlər sübut etdilər və hətta Ermənistanın tanınmış siyasi xadimlərinə də
dedirtdilər ki, 190 il bundan əvvələ qədər burada Ermənistan adlı dövlət
olmayıb. Hətta bunu dilə gətirənlərdən biri Ermənistan parlamentinin indiki
vitse-spikeri Eduard Şarmazanov idi. Azərbaycan prezidentinin gördüyü işlərin
nəticəsində artıq xarici ekspertlər başa düşürlər ki, bu regionda Ermənistan
olmayıb, ermənilər gəlmədir və tarixən bu torpaqlar Azərbaycana məxsusdur. Ulu
öndər Heydər Əliyevin siyasətini eyni ilə bu gün İlham Əliyev davam etdirir.
Müxtəlif kitablar, xəritələr dərc edilir. Amma İlham Əliyevin Dağlıq Qarabağ
məsələsində, Azərbaycanın haqq işinin dünyaya çatdırılmasında ən vacib işlərindən
biri Bakını siyasi fikir mərkəzinə çevirməsidir. Paytaxtımız beynəlxalq
tədbirlərin keçirildiyi bir məkana çevrilib və ölkəmizin haqq işini elə
buradaca çatdırmağa imkan yaradılıb”.
Bəxtiyar MƏMMƏDLİ