• cümə, 26 Aprel, 09:08
  • Baku Bakı 12°C

“Postsovet məkanındakı bütün münaqişələrə eyni münasibət göstərilməlidir”

10.02.15 05:35 1026
“Postsovet məkanındakı bütün münaqişələrə eyni münasibət göstərilməlidir”
Prezident İlham Əliyev: “Azərbaycanın ərazi bütövlüyü indi hər kəsin haqqında danışdığı Ukraynanın ərazi bütövlüyü kimi eyni dəyərə malikdir”
SSRİ-nin dağılmasından sonra Ermənistanın siyasi rəhbərliyindən güclü dəstək alan erməni separatçıları Azərbaycanın Dağlıq Qarabağ bölgəsində genişmiqyaslı hərbi əməliyyatlara başladılar. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin pozulmasına yönələn bu cəhd nəticəsində ölkəmizin 20 faizdən artıq ərazisi, o cümlədən Dağlıq Qarabağ və ətraf 7 rayon işğal edildi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi tarixə düşən bu problemin həlli ilə 1994-cü ildə imzalanan atəşkəs müqaviləsindən sonra ATƏT-in Minsk qrupu məşğul olmağa başladı. Lakin Rusiya, ABŞ və Fransadan olan həmsədrlərin bu günə qədər olan fəaliyyəti münaqişənin həllində hər hansı irəliləyişlə nəticələnməyib. Hətta BMT Təhlükəsizlik Şurasının bu münaqişə ilə bağlı qəbul etdiyi qətnamələr də Ermənistan rəhbərliyi tərəfindən yerinə yetirilməyib. Buna baxmayaraq, ölkənin ərazi bütövlüyünü güc yolu ilə bərpa etmək hüququ və imkanı olan Azərbaycan Qarabağ münaqişəsini sülh yolu ilə, ikitərəfli və çoxtərəfli danışıqlar vasitəsi ilə həll etməyə yenə də səmimi şəkildə səy göstərməkdədir. Ötən həftə Almaniyada keçirilən Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyev bütün bunlar barədə bir daha çıxış edərək, münaqişənin həlli istiqamətində atılan addımlar, ölkəmizin mövqeyi, Ermənistanın qeyri-konstruktiv yanaşması barədə fikirlərini yüksək tribunadan bütün dünyaya çatdırıb. “Ukraynadan əlavə-Avropada həll olunmamış münaqişələr” mövzusunda panel müzakirəsində çıxış edən dövlətimizin başçısı Ermənistan və Azərbaycan arasındakı münaqişənin Sovet İttifaqı dağılmamışdan əvvəl başlamasına və dağılandan sonra daha da kəskinləşməsində diqqət çəkib. Prezident bildirib ki, münaqişə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalı ilə nəticələnib. O, Azərbaycanın tarixi hissəsi olan Dağlıq Qarabağın zəbt edildiyini, buradakı bütün azərbaycanlıların zorla çıxarıldığını, 700 min nəfər əhalinin yaşadığı 7 ətraf rayonun da Ermənistanın işğalı altında olduğunu vurğulayıb. Qeyd edib ki, işğal olunmuş ərazilərdə hər şey məhv edilib və Azərbaycan tərəfi hər hansı bir nəticə əldə etmədən 20 ildən çoxdur danışıqlar aparır.
Prezident İ.Əliyev Ermənistanın üzərində kifayət qədər beynəlxalq təzyiq olmadığını vurğulayıb. Deyib ki, bəzən BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə saat olmasa da, bir neçə gün ərzində yerinə yetirilib, lakin Azərbaycanla bağlı 1990-cı illərin əvvəllərində BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamənin heç biri bu günə kimi yerinə yetirilməyib. Dövlət başçısı deyib ki, təcavüzkara adekvat təzyiq göstərmək üçün vasitəçilərdə siyasi iradənin olmaması Azərbaycanın bu gün üzləşdiyi real vəziyyətə gətirib çıxarıb: “Ermənistan əsasən asılı olan ölkədir. Bu ölkə özünü təmin edə bilmir. Onlar inkişaf edə bilmirlər və hətta onların dövlətçiliyi belə sual altındadır. Ermənistana xarici dəstək göstərilmədən bu ölkə yaşaya bilməz. Onlara dəstək əsasən Minsk qrupuna həmsədrlik edən ölkələr tərəfindən göstərilir. Bu da paradoksdur. Biz burada ikili standartları görürük və bu məsələ bizi məyus edir. Qeyd etmək istəyirəm ki, postsovet məkanındakı bütün münaqişələrə eyni münasibət göstərilməlidir. Azərbaycanın ərazi bütövlüyü indi hər kəsin haqqında danışdığı Ukraynanın ərazi bütövlüyü kimi eyni dəyərə malikdir”.
Azərbaycan Prezidenti bildirib ki, postsovet məkanının digər münaqişələrindən fərqli olaraq, BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qəbul etdiyi dörd qətnamə var. Bu qətnamələrin icra olunmaması faktı onu göstərir ki, həmin qətnamələri qəbul edən ölkələr öz qərarlarına hörmət etmirlər.
Ölkə başçısı münaqişənin həllində Azərbaycanın öz resurslarına güvəndiyini vurğulayıb. O, ölkələrimiz arasında etimadın bərpa edilməsi üçün Ermənistan tərəfinin atmalı olduğu addımları da sadalayıb. Bildirib ki, ilk növbədə işğal olunmuş ərazilərin bir hissəsi Ermənistan tərəfindən geri qaytarılmalıdır: “Dağlıq Qarabağ və 7 ətraf rayon işğal olunub. Beləliklə, danışıqlar prosesini davam etdirəcəyimizi nəzərə alaraq bu ətraf rayonların bir qisminin geri qaytarılmasına başlanılması mənzərəni dərhal dəyişəcək, hərbi əməliyyatlar dərhal dayanacaq, atəşkəs rejiminə tam riayət olunacaq. Biz artıq Azərbaycan ilə Ermənistan arasında bütün kommunikasiyaların açılacağına dair təklif irəli sürmüşük. Beləliklə, Ermənistanın bizim ərazimizdən dəmir yolu vasitəsilə Rusiyaya çıxışı olacaq. Həmçinin Türkiyə də Ermənistan ilə bütün kommunikasiyalarını açacaq. Beləliklə, biz hərbi əməliyyatların başlanması ilə əlaqədar istənilən potensial riskləri aradan qaldırmış olacağıq və etimad qurmağa başlayacağıq. Lakin Ermənistan bizim bütün təkliflərimizə məhəl qoymur. Çünki Ermənistan sülh istəmir. Düşünürəm ki, bu, münaqişənin həll olunmamasının səbəbi ilə bağlı ən vacib məsələlərdən biridir. Çünki bir tərəf sülh, ərazi bütövlüyünün bərpasını istəyir, digər tərəf isə sülh istəmir. Ermənistan hər şeyin dəyişməz qalmasını istəyir. Çünki onların torpaqları işğal altında deyil, onların bizim üzləşdiyimiz bir milyon qaçqın və məcburi köçkün kimi böyük problemi yoxdur. Onlar danışıqlar prosesində sadəcə imitasiya xarakterli müəyyən addımlar atırlar”.
Dövlət başçısı Ermənistan XİN nümayəndəsinin sualını cavablandırarkən bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişənin həllində ən maraqlı tərəfdir: “Biz torpaqlarımızın geri qayıtmasını istəyirik. Biz qaçqın və məcburi köçkünlərimizin öz evlərinə qayıtmaq hüququna malik olmasını istəyirik. Ermənistan isə münaqişənin həll olunmasını istəmir. Ermənistanı beynəlxalq hüquq normaları ilə razılaşmağa vadar edən heç bir mexanizm yoxdur. Hər bir münaqişənin həlli beynəlxalq hüquq normalarına əsaslanmalıdır. Beynəlxalq hüququn bu normaları çox aydın şəkildə BMT-nin Nizamnaməsində və Helsinki Yekun Aktında öz əksini tapıb. Helsinki Yekun Aktında ərazi bütövlüyü prinsipi və öz müqəddəratını təyinetmə ilə bağlı çox aydın tərif var. Biz öz müqəddəratını təyinetmə prinsipinə qarşı deyilik, lakin bu prinsip ölkələrin ərazi bütövlüyünü pozmamalıdır. Dağlıq Qarabağ erməniləri və Ermənistan ordusu tərəfindən qovulan Dağlıq Qarabağ azərbaycanlıları öz torpaqlarına qayıtdıqdan sonra öz həyatlarını qurmaq hüququna malik olacaqlar. Lakin bu, ölkənin ərazi bütövlüyünü pozmamalıdır. Ermənistanın cəhd etdiyi kimi, hər hansı bir ölkənin ərazi bütövlüyü güc tətbiq olunaraq dəyişdirilə bilməz. Üstəgəl, istənilən ölkənin ərazi bütövlüyü bu ölkə ilə razılıq əldə olunmadan dəyişdirilə bilməz. Bunlar əsas prinsiplərdir. Mən yenə də deyirəm, biz beynəlxalq hüququn əsas prinsiplərinə qarşı deyilik. Lakin Ermənistan ilk növbədə beynəlxalq hüquqa hörmətlə yanaşmalıdır və BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməni yerinə yetirməlidir”.
Ermənistan nümayəndəsinin atəşkəsin pozulması ilə bağlı sualını cavablandıran Prezident İ.Əliyev bu məsələdə rəsmi İrəvanın hər zaman günahı Azərbaycanın üzərinə atdığını bildirib. Prezidentin sözlərinə görə, Ermənistan bizim torpaqlarımızı işğal edib, beynəlxalq hüquq normalarını pozub, Xocalıda soyqırımı törədib, tarixi və dini abidələrimizi məhv edib, amma yenə də Azərbaycanı günahlandırır: “İşğal olunmuş ərazilərdə Ermənistan əsgərlərinin nə işi var? Erməni əsgərinin Ağdamda nə işi var? Əgər o ölmək istəmirsə, onda qoy Ağdama getməsin, olduğu yerdə qalsın, Yerevanda, Gümrüdə, öz ölkəsində qalsın. Sizin özünüz üçün ölkənizdə kifayət qədər yeriniz var. Ermənistanda o qədər də çox insan qalmayıb. Sizin Ağdamda, Füzulidə nə işiniz var?”
Prezident İ.Əliyev çıxışının sonunda Ermənistana işğalı dayandırmaq barədə mesaj da verib. Bildirib ki, Ermənistan işğalı dayandırdığı an bizdə sülh də, qarşılıqlı ünsiyyət də, barışıq da olacaq. Onun sözlərinə görə, bunun baş verməməsinin səbəbi erməni əsgərinin Ağdamda, Füzulidə olmasıdır.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər