Postsovet məkanında müzakirə olunan qəza
Və
ya Mixail Yefremovun günahı
Rusiyanın tanınmış aktyoruMixail
Yefremovun iyun ayında törətdiyi yol qəzası ilə bağlı səs-küylü məhkəmə işi
başa çatıb. Rusiya Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, aktyor ümumi rejimli koloniyada olmaq şərtilə 8 il həbs cəzasına məhkum
edilib.
Xatırladaq ki, hadisə
axşam saatlarında Moskvada baş verib.Yefremovun idarə etdiyi
"Jeep Grand Cherokee” avtomobili qarşıdakı zolağa çıxaraq "Lada” avtomobili ilə
toqquşub.Nəticədə "Lada”nın sürücüsü kəllə-beyin travması alıb. Ekspertiza aktyorun sərxoş olduğunu müəyyənləşdirib. Yefremovun
özü isə qəza nəticəsində xəsarət almayıb.Aktyora qarşı açılan cinayət işi
üzrə təhqiqat 4 ay davam edib. Budur, Moskvanın
mərkəzində ölümlə nəticələnən yol qəzasında günahkar olan aktyor Presnenski
məhkəməsinin qərarı ilə təkcə həbslə canını qurtarmır, eyni zamanda qəzada ölən Sergey Zaxarovun
böyük oğluna 800 min rubl məbləğində təzminat ödəməli olacaq.
Məhkəmə, aktyoru yol hərəkəti qaydalarını
pozmaqda, ehtiyatsızlıqdan bir nəfərin ölümünə bais olmaqda və hadisəni sərxoş
vəziyyətdə törətməkdə günahkar hesab edib. Zərərçəkənlər tərəfindən verilən
şahidlərin ifadələri etibarlı sayılıb, lakin məhkəmə müdafiə tərəfinin
Yefremovun sərnişin oturacağında oturduğuna dair sözlərinə inanmayıb.
Sənətçinin şəxsən "Jeep Grand
Cherokee”ini sürdüyü və avtomobildə tək
olduğu sübuta yetirilib. Bundan əlavə, məhkəmə həkimlərin Sergey Zaxarovu xilas
etmək üçün əlindən gələni etdiyini təsbit edib. Eyni zamanda, müdafiə tərəfi
sürücünün tibbi səhv səbəbi ilə öldüyünü israr edib. Rusiya mətbuatı yazır ki,
istedadlı aktyor bu hərəkəti ilə günahı boynuna almağa qorxduğunu da nümayiş
etdirib. Hansı ki, məlum qəzadan sonra o ağlayıb, özünü söyüb... Vəkili Elman
Paşayev isə "o, hadisənin necə baş verdiyini xatırlamır, heç nə xatırlamır”
deyə israrla bildirib. Qeyd edək ki, bir çox nüfuzlu vəkillər Yefremovun
işini aparmaqdan imtina ediblər.
Hadisənin videogörüntüləri göstərir ki, aktyor
hadisədən sonra avtomobildən çıxıb, şahidlərdən birindən siqaret istəyib, "hamı
sağdırmı?” deyə soruşub. Sonra zərərçəkənlərin müalicəsini qarşılayacağını
bildirib. Bir neçə gündən sonra Yefremov üzr istəyərək videomüraciət yayıb və
zərərçəkənin ailəsinə kompensasiya söz verib. Ancaq Zaxarovun qohumları puldan
imtina ediblər.
Xatırladaq ki, ölümlə nəticələnən yol qəzası
hadisəsində dövlət ittihamçısı Yefremov üçün 11 il həbs istəmişdi. Son iclasda
aktyor son sözü söyləyib və məhkəmə çərçivəsində olmasa da, günahkar olduğunu
etiraf edib. Aktyora 8 il iş verilməklə yanaşı, üç il müddətində
sürücülük hüququndan da məhrum olunub.
Balaca aktyor
5 aya yaxındır ki,
mətbuatın və sosial şəbəkələrin gündəmindən düşməyən qəza ilə bağlı təkcə bütün
Rusiya əhalisi deyil, aktyoru tanıyan postsovet məkanı danışır. Onunsa xüsusi
təqdimata ehtiyacı yoxdur.
Bioqrafiyasında teatr və kinoda oynadığı 150-dən çox rol yer alıb. Onun
xarizması tamaşaçıları ovsunlayıb, müqayisəolunmaz oyun tərzinin hər kadrda
görünməsi üçün tamaşaçılar səbirsizliklə gözləyib.
Mixail
Yefremov aktyor ailəsində doğulub. Atası əfsanəvi aktyor və rejissor Oleq
Yefremov, anası "Sovremennik” teatrının aktrisası Alla Pokrovskaya, opera
rejissoru olan babası Boris Pokrovski ona da böyük sənəti sevdirə biliblər.
Onun tərbiyəsi ilə dəhlizin o biri başında yaşayan baba və nənəsi məşğul olub. Atası onun üçün
bir növ "ali hakim” idi. Uşaq hər həftə təhsildə uğurlarını və gündəlik
hadisələri əks etdirən bir məktub hazırlayıb qonşu mənzilə aparırdı. Düzdür, uşaqlıqda aktyorluq
işinin sirlərini çox yaxşı bilən Mixail Yefremov ailə ənənəsini davam etdirməyə
həvəsli deyildi. Bir müddət taksi sürücüsü olmaq xəyalları qururdu. Ancaq
dedikləri kimi, genlər öz təsirini göstərdi və Mixail səhnədə ilk çıxışını
erkən etməli oldu.
Onun iştirakı ilə ilk tamaşa Moskva Bədaye
Teatrında "Get, geriyə bax” tamaşasında baş tutdu. 13 yaşlı Mişa "Cərrah
Mişkinin günləri” film-dramında da baş rolu oynadı.
1978-ci
ildə onun iştirakı ilə təsirli məzmuna malik
"Mən nəhəng olanda” filmi ekranlara çıxdı. Yeniyetmə sevgisi və əxlaqi
dəyərlər haqqına olan filmdə cazibədar
xuliqan Petya Kopeykin rolunu oynayan aktyor, onunla eyni sinifdə oxuyan qıza
vurulur. Tamaşaçılar zərif hisslərini həssaslıqla çatdıran gənc aktyorun uşaq
sadəlövhlüyü və idrakına heyran oldular. Təbii ki, bu, həmçinin öz rejissor
düşüncələrinə oğlu üzərində səylə nail olan Oleq Yefremovun da zəhməti idi.
Növbəti uğurlu rolu, milyonlarla sovet tamaşaçısına iki məktəblinin –
Andrey və Nataşanın təsirli sevgisindən bəhs edən "Hər şey əksinə” filmində
"əsil məhəbbət hər şeydən yüksəkdir” fikrini aşılamaq oldu. Qızın
valideynlərini Oleq Tabakov və Svetlana Nemolyaeva kimi səhnə sənətinin nəhəngləri
oynayırdı. Birgə oyundan əldə edilən təcrübə isə Mixail üçün boşuna getmədi.
Əlvida, MXAT
Mixail teatr təhsilini MXAT-ın məktəb-studiyasında aldı. Birinci
kursdan sonra - 1982-ci ildə onu orduya çağırdılar və aviasiyada xidmət etdi. Aktyor,
müsahibələrində deyir ki, hərbi xidmətin birinci ilini hamı kimi yola verib,
sonra isə rəhbərlik istedadı itirmək istəməyib və ona bayram proqramı
hazırlamağı etibar edib.
Hərbi xidməti başa vuran Yefremov yenidən təhsilini
davam etdirmək üçün MXAT-a qayıdır. Vladimir Boqomolovun kursunda oxuyur.
1987-ci ildə aktyor "Sovremennik-2”
teatr-studiyasına rəhbərlik edir. Onunla bu teatrda Nikita Vısotski, Mariya
Yevstiqneyeva, Yevgeni Mitta kimi gənc aktyorlar çalışırdı. 1991-ci ildə
studiya dağılsa da, heyəti, oynadıqları tamaşalara bilet çətin tapılan aktyorlara
çevrildilər. Sonra Mixail ömrünün 8 ilini MXATA-a həsr etdi. Bu müddətdə aktyor
bədii rəhbər olan atası ilə daim yaradıcılıq mübahisələrində olurdu. Bacısı
Anastasiya xatırlayır ki, Mixaili bir sıra idarəetmə məsələləri razı salmırdı,
O, atası ilə yox, bütün sərt teatr sistemi ilə mübarizə aparırdı. 1999-cu ildə
bədii şuranın iclası zamanı teatrın maliyyəçisi Komarovla əlbəyaxa dalaşmasından
sonra bu səhnə ilə vidalaşmalı oldu.
2000-ci ildə Aleksandr Mitta oğlunun məsləhəti ilə
Yefremovu yeni layihəsinə - "Sərhəd. Tayqa macərası” serialına dəvət etdi.
Aktyora mənfi rol olan zabit Aleksey Jqut obrazını oynamaq həvalə edildi.
Mübahisəli rol olmasına baxmayaraq, Jqut obrazı tamaşaçılar tərəfindən sevildi.
Yefremovun özü isə personajın uğurunu, daha çox ssenaristlərin əməyi ilə
əlaqələndirdi.
Filmin
uğurundan sonra Yefremov mütəmadi olaraq ekranda görünməyə başladı. Rejissorlar,
həmçinin onun komediya istedadından da istifadə edirdilər. Aktyor heç vaxt bir
ampluada sığınıb qalmadı. Gah dramatik, gah komediya rolları ilə tamaşaçılarını
cəlb etdi.
Çoxuşaqlı ata
Mixail
Yefremov çoxuşaqlı atadır. İlk həyat
yoldaşı Yelena Qolyanova olub. Hər ikisi heç vaxt nikahlarının saxta olduğunu və Yelenanın mənzilini
dəyişmək üçün bağlandığını gizlətməyiblər. İttifaqları ay yarım çəkib.
Tələbəlik illərində Mixail, aktrisa Natalya Neqodanı sevib. İki il sonra eyni kursda oxuduğu Natalya
İonova ilə görüşməyə başlayır. Həmçinin onun Lyudmila Zalessko ilə
macəralarından da danışırlar. MXAT-ı bitirəndən sonra "Sovremennik” ədəbi
jurnalının redaktoru Asya Vorobyova ilə vətəndaşlıq nikahında da yaşayıb.
1988-ci ildə bu nikahdan oğulları Nikita doğulub. Deyilənə görə, Asya təkcə öz
əri Anton Tabakovu tərk edərək Mixaillə evlənmədi, həmçinin nikahı ilə bərabər
iki kişinin dostluğunu da alt-üst elədi.
Yefremovun
növbəti həyat yoldaşı Yevgeniya Dobrovolskaya olur. Oğulları Nikolay bu
evlilikdən dünyaya gəlir. Aktyor sevgisi xətrinə düz 5 il dilinə spirtli içki
vurmur. 1997-ci ildə isə nikahları, Mixailin xəyanəti üzündən pozulur.
Mixail üçüncü rəsmi nikahını aktrisa Kseniya Kaçalinlə
gerçəkləşdirir. Onunla, birgə oynadığı filmin çəkilişlərində tanış olur. Nikahları
4 il davam edir. Hazırda Kseniya
Hindistanda yaşayır. O, uzun illər qızları Anna-Mariyanın tərbiyəsi ilə tək
məşğul olur. Sonra qız, Moskvaya, atasının yanına qayıdır. 16 yaşında isə
qeyri-ənənəvi seksual oriyentasiyasına görə onun haqqında danışılır.
Aktyorun evlilikdə son seçimi səs rejissoru Sofiya
Kruqlikova olur. O, aktyor üçün Vera və Nadejda və boris adlı əkiz qız və oğlan
dünyaya gətirir. 2016-ci ildə - 15 illik evlilikdən sonra onlar kilsədə nikah mərasimi keçirirlər. Aktyorun yaxınları
Sofiyanı onun məhəbbəti adlandırırlar.
Amma
indi aktyor yaşadığı sevgi macəralarını az qala xatirəyə çevirib. İndi onu daha
çox azadlığı düşündürür. Rusiya mətbuatı yazır ki, aktyor məhbəsdən yalnız ölkə
prezidenti Vladimir Putinin şəxsi göstərişi ilə azad oluna bilər.
Rusiya mətbuatından tərcümə etdi
Təranə Məhərrəmova