AZE | RUS | ENG |

Plan doldurmaq üçün hazırlanan “tamaşalar”

Plan doldurmaq üçün hazırlanan “tamaşalar”
İntiqam Soltan: “İki cür sənət var - biri xalqın dalınca sürünən sənət, biri də xalqı dalınca sürüyən sənət”


Dekabrın 27-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 2013-cü ilin yekunlarına həsr olunan kollegiya iclasında teatrların repertuarından narazılıq edib. Nazir çıxışı zamanı uşaq tamaşalarının keyfiyyətindən danışıb: “Teatrların iş cədvəli, teatr və musiqi kollektivlərinin repertuarı məni narahat edir. Teatrların bəzilərinin repertuarına aşağı səviyyəli tamaşalar, dram əsərləri, komediyalar daxil edilir. Teatr kollektivləri olduqca böyük iş görməlidirlər. Bəzi teatrlar yalnız həftədə iki dəfə tamaşa təqdim edirlər. Uşaq tamaşaları, ümumiyyətlə səhnəyə qoyulmur. Mən dəfələrlə təkrar etmişəm ki, bir-birini əvəz etmələri mümkün olsun deyə, teatrlar tamaşaları iki aktyor tərkibində hazırlasınlar. Təəssüf ki, biz buna nail ola bilmədik”.

Nazirin tənqidi fikirlərinə əsaslanıb, biz də uşaq tamaşaları hazırlayan teatrlara üz tutduq. Onlardan naziri çıxışına münasibət öyrəndik. Uşaq tamaşaları hazırlayan rejissorlar vəziyyəti qənaətbəxş hesab etdiklərini, ancaq nazirin sözünü də inkar edə bilmədiklərini söylədilər. Uşaq yazarları isə bu sahədə böyük problem olduğunu təsdiqlədilər.

Bunu qəbul etməsələr də...

Bakı Uşaq Teatrının direktoru İntiqam Soltan təəssüf hissi ilə bildirdi ki, hazırda uşaq tamaşaları çox azdır: “Bakı Uşaq Teatrı 12 ildir ki, yaradılıb. Bu 12 ildə 83 tamaşa hazırlamışıq. Bunlardan 57-si uşaq, 26-sı gənclər və böyüklər üçün nəzərdə tutulub. Həmin 26 tamaşa birbaşa olmasa da, dolayısı yolla uşaqlara həsr olunub. Düşünürəm ki, gözəl nəticə əldə etmək üçün uşaq teatrlarına qayğını daha da artırmaq lazımdır. Azərbaycan teatrlarında uşaq tamaşalarına az müraciət edilir. Uşaq tamaşalarının əksər hissəsi gəlir götürmək məqsədi ilə hazırlanır. Yerdə qalanı isə planı doldurmaq üçün bayağı musiqilərlə bol olan, tərbiyəvi əhəmiyyətə malik olmayan tamaşalardır. Təəssüf ki, bizim səhnə əsərlərimizin bir çoxunda xalqın nadan zümrəsini güldürmək üçün bayağı ifadələrdən istifadə olunur. Ən dəhşətlisi o zaman olur ki, aktyorlar da onlara qoşulur. Nazirin çıxışına gəlincə isə, həmin sözlərdə böyük həqiqət var. Çox sevindirici haldır ki, bu məsələ nazirlik səviyyəsində səsləndirilməyə başlayıb”.

İntiqam Soltan nazirliyin balansında uşaq teatrının olmadığını da açıqladı: “Əbülfəs Qarayevin fikirləri ilə razıyam. Hazırda uşaq tamaşaları yox səviyyəsindədir. Əvvəla, uşaq teatrı yoxdur, bircə Kukla Teatrımız var ki, onun da imkanları çox aşağıdır. Onlar bunu qəbul etməsələr də, bu, reallıqdır. Ölkədə bir çox tamaşalar bəzən yazıçıya, bəzən isə əsərin adına görə səhnəyə qoyulur. Yəni rejissor düşünür ki, bu il “Şekspir” tamaşasını hazırlayım, gələn il yenə də onu başqa formada hazırlayaram. Gəlin görək, bu əsər bugünkü reallığa uyğundurmu və onun tamaşaçısı varmı?

Məhəmməd Füzulinin bir sözü var, deyib ki, “Əgər qulaq asmırlarsa, əlindəki Quran belə olsa, onu yarımçıq saxla”. Boş-boşuna bu qədər xərc çəkməyə dəyərmi? Tamaşaçını nümayiş olunan tamaşanın səviyyəsinə çatdırmaq lazımdır. Hansısa böyük arxası, dayağı olan yazarın ssenarisi bayağı da olsa, biz onu səhnəyə qoymaq məcburiyyətində qalırıq. Halbuki, onun yazdığı ssenari nə bu günümüzlə, nə də sabahımızla səsləşir. Tamaşaçı zala daxil olanda onun arzuları ilə gördükləri üst-üstə düşmür. Bu da onlarda xəyal qırıqlıqlarına səbəb olur. Bilirsinizmi, iki cür sənət var - biri xalqın dalınca sürünən sənət, biri də xalqı dalınca sürüyən sənət. Yəni biri var kütləyə işıq tutub yol göstərən sənət, biri də var sönmək üzrə olan bir şamı tutub, irəlidə gedən xalqın dalınca qaça-qaça gedən sənət”.

Heç kim öz ayranına turş demir

Əməkdar artist, rejissor, aktyor Nicat Kazımov hər bir teatrın yaxşı və pis tamaşası olduğunu və teatrların uşaq tamaşalarına az müraciət etdiklərini qeyd etdi: “Mən bildiyim qədər, uşaq tamaşaları Kukla Teatrında və Gənc Tamaşaçılar Teatrında hazırlanır. Mən bacardığım qədər zəif əsərlərə müraciət etmirəm. Hər bir teatrın repertuarında aşağı və yüksək səviyyəli tamaşalar var. Çox təəssüflər olsun ki, bu gün zəif tamaşalar da səhnələrə yol tapır. Mənim düşüncəmə görə, Gənc Tamaşaçılar Teatrında uşaq tamaşalarının sayı yetərincədir. Bu yaxınlarda dövlət sifarişi ilə “Danışan gəlincik” tamaşası təhvil verildi. Hesab edirəm ki, yeni mövsümdə bu kimi tamaşaların sayı daha da artacaq”.

Sumqayıt Dövlət Musiqili Dram Teatrının baş rejissoru Firudin Məhərrəmov bizimlə söhbətində nazirin çıxışından xəbərdar olduğunu, bu barədə bir sıra tədbirlər də həyata keçirdiklərini söylədi: “Bizim teatrda uşaq tamaşalarına çox az müraciət olunub. Hər il repertuar üçün bir və ya iki uşaq tamaşası hazırlayırıq. Bizim teatrda da ola bilər ki, vaxtilə zəif əsərlər yer alıb. Hərdən olur ki, mövzunu bəyənirsən, səhnəyə qoyursan, ancaq həmin mövzu tamaşaçılar tərəfindən bəyənilmir. Əsər zəif olanda da müəllif heç zaman əsərinə zəif demir. Gah deyir tamaşaçı onu başa düşmədi, gah da deyir ki, rejissor quruluşu zəifdir. Heç kəs öz ayranına turş demir. Şübhəsiz ki, nazir bu prosesləri görüb ki, belə bir nəticəyə gəlib. O, çıxışında konkret hansısa bir teatrın adını da çəkməyib. Təbii ki, heç kim bunu öz üzərinə götürməz. Məncə, nazir teatrın fəaliyyətini düzgün qiymətləndirib. Biz də öz növbəmizdə çalışırıq ki, teatra gözəl əsərlər yol tapsın. Bu, teatrın imicinə xeyir gətirir”.

Uşaq mövzularına daha çox müraciət edən ssenarist Arzu Soltan valideynlərin övladlarını teatrlara çox az gətirdiklərini və hazırda bu sahəyə marağın kifayət qədər olmadığını bildirdi: “Gərək bu sahəyə ehtiyac yaransın ki, kadrlarımız da bol olsun. Düşünürəm ki, uşaq mövzularına dair nəsə yazmaq üçün böyük tələbat olmalıdır. Teatrlar daha çox uşaq tamaşalarına müraciət etməlidirlər. Onlar uşaq tamaşalarına ona görə az müraciət edirlər ki, hazırladıqları məhsulu sata bilmirlər. Əgər hazırladıqları məhsulu sata bilmirlərsə, bunu nəyə görə istehsal etsinlər? Tələbatın artması üçün təhsil və tədris sahələri də bu sahədə maraqlı olmalıdırlar. İnteraktiv təlim metodları tərtib olunmalıdır və onların daxilində tamaşalara getmək və tamaşalarda iştirak etmək vacib sayılmalıdır. Hesab edirəm ki, bu məsələlər yəqin ki, birbaşa təhsil prosesi ilə bağlıdır”.

Xəyalə Rəis

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056