• şənbə, 27 Aprel, 06:36
  • Baku Bakı 12°C

Pərvin Kərimzadə: “Heydər Əliyev Fondu bənzəri olmayan qurumdur”

11.05.19 16:00 1076
Pərvin Kərimzadə: “Heydər Əliyev Fondu bənzəri olmayan qurumdur”
"Başqalarına təmənnasız yaxşılıq etmək, xeyirxahlıq, mərhəmət, ədalət, insanpərvərlik, mənəvi saflıq kimi ülvi dəyərlər Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə fəaliyyət göstərən Heydər Əliyev Fondunun ana xəttini təşkil edir”.
Bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Pərvin Kərimzadə "Kaspi” qəzetinə açıqlamasında bildirib. O qeyd edib ki, əsas missiyası Heydər Əliyevin həyat və fəaliyyətinin, ideyalarının öyrənilməsi və təbliği olan Fond yarandığı ilk gündən xeyirxahlıq, sülh, insanpərvərlik kimi bəşəri amallar uğrunda nəcib fəaliyyəti ilə ölkədə həyata keçirilən çoxşaxəli islahatlara dəyərli töhfələr verir.
Millət vəkili deyib ki, dahi şəxsiyyət Heydər Əliyevin mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan ali ideyalarının ictimai şüurda möhkəmlənməsinə çalışan Fond yüz minlərlə insanın ümid və pənah yerinə çevrilib: "Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü, fədakar, yorulmaz əməyi sayəsində ümummilli liderin ideyaları böyük əzmlə və sədaqətlə həyata keçirilməklə yanaşı, təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə həyata keçirilən layihələr də millətin gələcəyinə xidmət edib. 15 il ərzində Heydər Əliyev Fondu xeyirxahlıq, humanizm, vətənsevərlik hislərinə, milli düşüncəyə söykənən xeyriyyə fəaliyyəti ilə ölkəmizdə, hətta dünyada bənzəri olmayan qurum olduğunu sübut edib”.
Deputat P.Kərimzadə bildirib ki, istər qaçqın və məcburi köçkünlərin üzləşdikləri çoxsaylı problemlərin, istər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, Xocalı soyqırımının, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun misilsiz xidmətləri danılmazdır: "Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət” kampaniyası Xocalı soyqırımın dünyada tanıdılmasına, soyqırımı kimi qəbul edilməsinə əvəzsiz töhfə verir. Heydər Əliyev Fondu hər il Xocalı soyqırımı ərəfəsində dünyanın müxtəlif ölkələrində soyqırımı qurbanlarının fotoşəkillərini sərgiləyir, beynəlxalq mətbuatda soyqırımı haqqında yazılar dərc etdirir, "Xocalı uşaqların gözü ilə” rəsm müsabiqəsinin iştirakçılarının əsərlərindən ibarət sərgilər keçirir. Heydər Əliyev Fondunun vitse-prezidenti, "Rusiya Azərbaycanlıları Gənclər Təşkilatı"-nın sədri Leyla xanım Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" beynəlxalq kampaniyası ildən-ilə geniş vüsət alır. Kampaniya çərçivəsində bütün dünyada yüzlərlə aksiya keçirilir. Avropa İttifaqının üzvü olan dövlətlərin demək olar ki, hamısında, həmçinin bütün MDB, Asiya, Cənubi və Şimali Amerika ölkələrində konqreslər, seminarlar, piketlər keçirilir. Bu kampaniya sayəsində bir sıra beynəlxalq forumlar Xocalı faciəsini tanıyıblar. Fondun və İKT Gənclər Forumunun təşəbbüsü ilə 31 ölkənin deputatları Xocalı faciəsini insanlığa qarşı cinayət kimi tanıyıblar. Bununla yanaşı, dünyanın 20 ölkəsində aparıcı universitetlər arasında gənclərin fleşmobları keçirilir. Eyni zamanda, kampaniyanın yeni mərhələsi - dövlət və hökumət başçılarına, ATƏT-in Minsk qrupuna, AŞPA-ya, BMT Baş katibliyinə, dünya parlamentolarına və beynəlxalq təşkilatlara ünvanlanan bu faciəni soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanınmaq tələbi irəli sürülmüş petisiya və müraciətlərin yayılması mərhələsi başlanıb”.
Millət vəkili vurğulayıb ki, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan "Azərbaycan” internet portalı da ölkəmiz haqqında geniş informasiyanı dünyaya yayır, Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırır. Onun sözlərinə görə, Heydər Əliyev Fondu hər zaman sosial imkanları məhdud, aztəminatlı vətəndaşların, əlillərin, kimsəsizlərin, məcburi köçkünlərin, təbii fəlakətlərdən zərər çəkmiş insanların yanında olur: "15 ildə elə bir əlamətdar gün olmayıb ki, Heydər Əliyev Fondu uşaq evlərində və internat məktəblərində təlim-tərbiyə alan, şəhid, qaçqın və məcburi köçkün ailələrindən olan, valideyn himayəsindən məhrum, təhsildə xüsusilə fərqlənən uşaqlar üçün bayram şənlikləri keçirməsin. Hər yeni dərs ilində Heydər Əliyev Fondu tərəfindən qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə məktəbli ləvazimatından ibarət hədiyyələr təqdim edilir. Fondun "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin icra olunması nəticəsində yeni məktəb binaları tikilir, maddi-texniki bazası gücləndirilir, təhsilin keyfiyyətinin yüksəldilməsinə önəmli töhfələr verilir. Dünyada heç bir yerində bənzəri olmayan - uşaq evləri və internat məktəblərinin məzunları üçün yaşayış binaları inşa olunması da Fondun təşəbbüsü ilə icra edilib. Fond ölkə vətəndaşlarının sağlamlığını da diqqət mərkəzində saxlayır, sağlamlıq müəssisələri, reabilitasiya mərkəzləri inşa edir, şəkərli diabet, talassemiyalı xəstələrlə bağlı aksiyalar keçirir. Heç kəsə sirr deyil ki, bəzən ayrı-ayrı şəxslər sağlamlığının bərpası üçün son ümid yeri kimi Heydər Əliyev Fondunu bilir və bu qurum hər kəsə yardım əli uzadır”.
Deputat P.Kərimzadə qeyd edib ki, Heydər Əliyev Fondunun xeyirxah fəaliyyətini saymaqla qurtarmaz. Millət vəkilinin sözlərinə görə, mədəni və tarixi irsimizin qorunmasında, dünyada təbliğ edilməsində də Heydər Əliyev Fondunun xüsusi xidmətləri var: "Azərbaycan muğamının, Qobustan tarixi-bədii Qoruğunun, Qız Qalasının, Şirvanşahlar sarayı Kompleksinin YUNESKO-nun dünya mədəni irs siyahısına, aşıq, xalçaçılıq, tar ifaçılığı, Lahıc misgərlik sənətlərinin, Novruz bayramı, dolma, lavaş və kəlağayının, çövkən oyununun YUNESKO-nun qeyri-maddi mədəni irsi üzrə reprezentativ siyahıya daxil edilməsi Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın milli maraqları düşünən fəaliyyətinin nəticəsidir. Heydər Əliyev Fondu mühüm humanitar dəyərə malik olan, sivilizasiyalararası dialoqu təşviq edən, ölkələrarası birliyi təbliğ edən layihələri dünyada Azərbaycanın təbliğinə xidmət edir. Bu baxımdan "Tolerantlığın ünvanı Azərbaycan” layihəsi xüsusi diqqətə layiqdir. Pakistanda, Gürcüstanda, Misirdə, Rusiyada məktəblər yenidən qurulub, Vatikanda katakombalar, Strasburqda kafedral kilsə bərpa edilib. Eyni zamanda Pakistanda qızlar üçün məktəb tikilib, xeyriyyə tədbirləri həyata keçirilib. Versal sarayının bir hissəsinin, Luvr muzeyinin qalereyasının birinin bərpası, Rusiyada Knyaz Vladmirə abidənin ucaldılması, Həşətərxanda Azərbaycan-Rusiya körpüsünün inşa edilməsi, əslində Azərbaycanın zəngin ənənələrinin təbliğinə ən böyük töhfədir”.
Millət vəkili P.Kərimzadə bildirib ki, 15 il ərzində Heydər Əliyev Fondu misilsiz fəaliyyəti ilə müstəqil Azərbaycanın Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkəmizin həm daxildə, həm xaricdə nüfuz qazanmasına, öndə olan ölkələrdən birinə çevrilməsinə güclü dəstək verib, xalqımızın ulu öndər Heydər Əliyev ocağına, irsinə olan sevgisini daha da gücləndirib.
Alpər TURAN
banner

Oxşar Xəbərlər