• çərşənbə axşamı, 23 aprel, 16:59
  • Baku Bakı 24°C

Paşinyanın “reytinq oyunu”

08.07.20 17:57 893
Paşinyanın “reytinq oyunu”
"Past” qəzeti yazır ki, baş nazirin reytinqi ilə bağlı sorğuların nəticələri reallığı əks etdirmir

Nikol Paşinyan yenidən media və sosial şəbəkələrin "qəhrəmanına” çevrilib. Başı bu günlərdə açıqlanan sorğunun nəticələrindən gicəllənən Nikol Ermənistanın koronavirusa yoluxma göstəricisinə görə hazırda dünyada 9-cu yerdə qərarlaşdığını belə "unudub”. Ermənistanın koronavirus liderliyi ilə yanaşı, iqtisadi çətinliklər, kütləvi işsizlik və əhalinin sosial problemlərlə üz-üzə qaldığı bir ərəfədə Nikol reytinqinin pik həddə olmasından dəm vurmağa başlayıb. "Gallup”un keçirdiyi sorğunun nəticələrini əlində bayraq edərək xalqın dəstəyinin əvvəlki tək qaldığını iddia etməyə başlayıb. Sözsüz ki, bu sorğu Rusiya ilə yaşanan gərginlikdən sonra Qərbin müəyyən dairələrinin ona dəstəyindən xəbər verir. Yeri gəlmişkən, erməni "Past” qəzetinin yazdığına görə, mərkəzin keçirdiyi sorğunun nəticələri erməni cəmiyyətində ən müxtəlif formada tənqidlərə gətirib çıxarıb. Qəzet yazır ki, "əslində sorğuda bir sıra metodoloji səhvlər var və o nəticə heç də reallığı əks etdirmir. Bu cür "rəqəmlər” əslində hakimiyyət tərəfindən PR məqsədlər üçün ortaya atılıb. Məsələ ondadır ki, hakimiyyət üçün əslində Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi məxfi və gizli sorğular əhəmiyyət kəsb etməlidir. Həmin sorğuların nəticələri barədə əsasən hesabat verirlər, ancaq dərc etmirlər”. Nəşrin yazdığına görə, Nikolu reytinqi sürətlə aşağı düşməyə başlayır. Lakin burada başqa bir məqam da var. Məsələ ondadır ki, hakimiyyətdən narazı və gözləntiləri doğrulmayan böyük bir kəsim var. Onların da yeni lider müəyyən etdikləri bəlli deyil. Məhz bu vəziyyət də Paşinyanın reytinqini hələ ki, tam şəkildə aşağı düşməyə qoymur. Öz növbəsində "Erməni Qartalları: Vahid Ermənistan” Partiyasının sədri Xaçik Asryan "facebook” səhifəsində yazıb ki, "Nikolun dağılan hakimiyyətinin yeganə ümidi fövqəladə vəziyyətin uzadılması və "Gallup”ın sorğularının saxta nəticələridir”. O qeyd edib ki, Ermənistanda ümumxalq üsyanının dalğası üzərində hakimiyyətə gəlmiş Paşinyan ən çox ümumxalq üsyanının yeni dalğasından qorxur. "Bu dalğa uğursuz və xəyanətkar Nikol hakimiyyətini tarixin zibil qutusuna atacaq. Heç bir fövqəladə vəziyyət uzadılması ilə ümumxalq hərəkatını dayandırmaq mümkün deyil”, - deyə Asryan bildirib. Ermənistan Respublikaçılar Partiyasının gənclər strukturunun rəhbəri Hayk Mamicanyan isə bildirib ki, "Nikol Paşinyanın iş üslubu sadəcə qəbuledilməzdir, bu üslubla o, güc strukturlarını öz çirkli korrupsiya skandallarını ört-basdır etməyə məcbur edir. Biz polislərimizdən yox, siyasi vəzifəli şəxslərdən izahat tələb edirik”. O qeyd edib ki, Ermənistan lokdaundadır, sərnişin və yük daşımaları ciddi şəkildə məhdudlaşdırılır. Mamicanyanın sözlərinə görə, müstəntiqlər aydın şəkildə bilməlidirlər ki, Ermənistan baş naziri əbədi deyil və güc strukturları tərəfindən yol verilmiş qanunsuz fəaliyyətlərlə bağlı məsuliyyət daşıyacaq. Erməni politoloq Hrant Melik-Şahnazaryan da bildirib ki, "aylardır medianın bir çox nümayəndələri, bir sıra ekspertlər, eləcə də mən ictimaiyyətə xəbərdarlıq edirdik ki, Konstitusiya Məhkəməsində özü üçün arzuladığı nəticəni əldə etdikdən sonra Nikol Paşinyan dördüncü hakimiyyətə, yəni mətbuata qarşı mübarizəyə keçəcək. Düşünməyin ki, hər şeyə qadirsiniz və ölkəmizdə diktatura qurmağınıza icazə verməliyik”.
Yeri gəlmişkən, "168.am” qəzetində bugünki erməni hakimiyyətinin fəaliyyətini əks etdirən məqalə dərc edilib. Müəllif yazır ki, iki il əvvəl Ermənistanda ən populyar adam olan Paşinyan indi totalitar bir hökmdar olmaqdadır. "Bu gün Ermənistan açıq şəkildə söz azadlığının təzyiqə məruz qaldığı ölkədir. Paşinyanın bu qədər çox danışmağı sevdiyi demokratiya, süni şəkildə təqdim edilən başqa bir saxta gündəmdir, çünki onun özü demokratiyanı pozan şəxsdir. Paşinyan hakimiyyəti dövründə media və sərbəst söz haqqında dəfələrlə "zarafatlar” edib. Təbii ki, bir çox insan jurnalist olaraq, azad söz uğrunda mübarizə aparan və müxalifətin fikirlərini ifadə edən Paşinyanın mətbuat və söz azadlığına xüsusi münasibət göstərməsini gözləyirdilər, amma bu gün baş verənlərin sayəsində tam əksi görünür. Paşinyan çıxışında dəfələrlə vurğulayıb ki, bu gün Ermənistanda söz hüququ vacib dəyərdir, çünki medianın əksəriyyəti məlum qüvvələrə aiddir və hakimiyyəti gündəlik tənqid edir. Artıq Nikolun tənqidləri sevməməsi, üstəlik, onun içində depressiyaya səbəb olduğu və avtomatik olaraq özünü siyasi bir boşluq içində hiss etdiyi vurğulanıb”,- deyə məqalədə bildirilir. Əlavə edilir ki, "maska taxmama adı altında polis, Paşinyan hökumətini sərt və əsaslı şəkildə tənqid edən müəllif proqramı ilə əlaqədar olaraq KİV-lərdən birinə qarşı inzibati icraat tətbiq etdi. Deyə bilərik ki, geniş ictimaiyyət tərəfindən "demokratik” və "liberal” imic yaradan Paşinyanın həqiqi siması altında, özünü sübut etməyə çalışan və Ermənistanda "film uşağı” olduğunu hər kəsə göstərməyə çalışan adi bir "diktator” var”.
Başqa bir nəşr - "Tert.am” isə yazır ki, "baş nazir əsasən populizmlə məşğuldur, çox görüşlər keçirir, hər şeyi danışır və heç nə etmir. Əslində Paşinyan prezident Armen Sarkisyandan 5.7% daha inandırıcı populistdir, daha çox görüşlər keçirir, hər şey haqqında daha çox danışır və daha da çox heç nə etmir. Ancaq bunu rahat kənara qoyaq, başa düşməyə çalışaq, görək bu rəqəmlər Paşinyana nə verəcək?” Müəllif yazır ki, "bu gün Paşinyan "Gallup”dan bütün xalqın 85% səsini alıb və buna səbəb olan amillərə daha dərindən fikir versək, bu, etibarlı say deyil. Paşinyan bundan istifadə edərək, müxalifətin xalqın adından danışmağa haqqının olmadığını söyləyəcək, lazım gələrsə gücdən istifadə üşün əlində əsas saxlayacaq. Baş nazirə sadəcə 85% etimad sənədi lazımdır ki, siyasi rəqibləri onun hakimiyyəti qorumaq əzmində olduğunu başa düşsünlər və qarşıdurmaya əl atmasınlar. ”, - deyə nəşr yazır.
Azər NURİYEV

banner

Oxşar Xəbərlər