• şənbə, 27 Aprel, 05:35
  • Baku Bakı 14°C

Paşinyanın populist proqramı

07.06.18 20:25 1035
Paşinyanın populist proqramı
Ermənistanda "məxməri inqilab” yaşananda çoxları elə fikirləşirdi ki, nəhayət, hərbi xuntanın 20 ildən artıq davam edən bərbad idarəçiliyindən azad bir ölkədə yaşayacaqlar. Lakin Nikol Paşinyan baş nazir olandan sonra ölkənin sivil siyasət yürüdəcəyi fikrində olanlar xam xəyallara uğradıqlarını anlamağa başlayıblar. Sərsəm və cəfəng bəyanatları ilə daha çox yadda qalan Paşinyan, parlamentdə proqramını təqdim edib. Əvvəlcə onun Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlərə nəzər salaq. Xatırladaq ki, Nikol Paşinyan baş nazir seçiləndən sonra Dağlıq Qarabağa səfər edərək qondarma rejimin danışıqlarda iştirakı məsələsini qaldırmışdı və bu mövqe Ermənistanın özündə də qızğın polemikaya səbəb olmuşdu. Rəsmi Bakı bu mövqeyi "gülməli və qeyri-ciddi” adlandırıb, danışıqlar prosesini pozmağa yönəldiyini bildirib. İndi isə Paşinyan bu qəribə, siyasi peşəkarlıqdan uzaq yanaşmasını daha da inkişaf etdirib və deyir ki, Sarkisyandan, Köçəryandan fərqli olaraq, qarabağlı deyil. Deməli, Dağlıq Qarabağın adından danışa bilməz. Bu, Paşinyanın Qarabağ məsələsini ümumiyyətlə başından uzaq etmək və bu məsələ ilə məşğul olmayıb onu Qarabağ ermənilərinin ixtiyarına buraxmaq niyyətlərindən də xəbər verə bilər.
Beləliklə, baş nazir bildirib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlarda konstruktiv mövqeyini saxlayacaq, ancaq Dağlıq Qarabağın iştirakı olmadan bu danışıqlar effektiv olmayacaq. Daha sonra Paşinyan iddia edib ki, Qarabağ xalqının "öz hakimiyyəti” var və danışıqlarda Qarabağı təmsil edə bilərlər.
Bununla yanaşı Paşinyan deyib ki, Azərbaycan prezidenti İlham Əliyevlə Minsk qrupu çərçivəsində danışıqlar aparmağa hazırdır. O, əvvəllər əldə olunmuş bir sıra razılaşmaların yerinə yetirilməsinin vacib olduğunu deyib. Nikol Paşinyan hesab edir ki, indiyədək ölkədə keçirilən demək olar bütün parlament və prezident seçkiləri saxtalaşdırılıb: "Mən hesab edirəm ki, 1991-ci ildə keçirilən prezident seçkilərindən və 1999-cu ildə keçirilən parlament seçkilərindən başqa, digər bütün seçkilər saxtalaşdırılıb. Bunun üçün fiziki məhvdən başlamış, seçki prosesi zamanı rüşvətə qədər bütün qanunsuz vasitələrdən istifadə olunub”. O, həmçinin bu proses səbəbindən ölkədə əxlaq qaydalarına zidd atmosferin yarandığını qeyd edib.
"Ermənistanda bütün qüsurlu hadisələrin bununla birbaşa əlaqəsi var. Yeni hökumət belə proseslərin kökünü kəsməli, azad və demokratik parlament seçkiləri keçirməlidir”, – deyə Paşinyan vurğulayıb.
Ermənistanın baş naziri onu da deyib ki, bir il ərzində istefaya gedəcək. Paşinyan parlamentdə jurnalistlərə açıqlamasında deyib ki, növbədənkənar seçki üçün yeganə konstitusion yol budur. Qeyd edək ki, Ermənistan Konstitusiyasına görə, növbədənkənar seçki ya hökumətin istefası, ya da parlamentin etibarsız elan edilməsi zamanı baş verə bilər. Lakin bütün bunlar hökumətin fəaliyyətə başlamasından 1 il sonra baş tutmalıdır. Bu isə 2019-cu il mayın 8-nə təsadüf edir. N.Paşinyan bu gün bir daha bəyan edib ki, seçki islahatlarının müzakirəsi üçün işçi qrupu yığmaq istəyir.
Qeyd edək ki, Nazirlər Kabinetinin və onun rəhbərinin gələcəkdə fəaliyyət göstərməsi məsələsi və yeni parlament seçkilərinin keçirilməsi perspektivi proqramın parlament tərəfindən qəbul edilməsindən və ya rədd olunmasından asılıdır. N.Paşinyan proqramında daha çox monopoliya və bunun aradan qaldırılmasından bəhs edib. Lakin onun, buna asan yolla nail olacağına inananlar azdır. Məsələ ondadır ki, ölkədə 20 ildən artıqdır ki, kök salmış oliqarxlar ordusu formalaşıb və onlar asanlıqla təslim olmaq istəməyəcəklər. Onlar hər vəchlə əllərində olan maliyyənin köməyi ilə Paşinyan hökumətinin fəaliyyət göstərməsinə imkan verməyəcəklər. Paşinyanın çıxış yolu isə hakim partiyanı parçalamaq və onların arasında nifaq salmaqdır. Artıq getdikcə buna nail də olur. Belə ki, Respublika Partiyasının parlament fraksiyasında "yarpaq tökümü” start götürüb. Hər gün bir deputat hakim partiyanı tərk edir. İş o yerə çatıb ki, Sarkisyanın partiyası hər hansı bir sənədin qəbuluna qarşı çıxmaq üçün yetərsaydan məhrum olub. Məsələ ondadır ki, hazırkı deputatların böyük əksəriyyəti biznesmenlərdir. Paşinyan da fürsəti fövtə verməyərək, ilk gündən onlara qarşı mübarizə aparacağını bildirib. Bundan qorxuya düşən oliqarx deputatlar Sarkisyanın partiyasını tərk etməyə üstünlük verirlər. Nəticədə son 19 ildə ilk dəfə olaraq Respublika Partiyası azlıqda qalıb. Bu səbəbdən də baş nazirin təqdim etdiyi hökumət proqramının qəbul ediləcəyini gözləmək olar. Lakin onun, bu proqramı reallaşdıra biləcəyi inandırıcı görünmür. Yuxarıda qeyd etdiyimiz kimi, populist bəyanatlar verməklə və işğalçı siyasəti davam etdirməklə, pozitiv dəyişikliklərə nail olmaq mümkün deyil.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər