Paşinyanın növbəti şousu

Paşinyanın növbəti şousu

Siyasət
05 Avqust 2019, 16:53 9315
"Məxməri inqilab”dan sonra ölkəni tez bir zamanda dəyişəcəyi barədə vədlər verən baş nazir Nikol Paşinyan artıq tamam başqa mövqedən çıxış edir. Populist bəyanatlarını pessimizmlə dolu fikirlər əvəzləyir. Artıq media, siyasi və iqtisadi ekspert dairələrində ötən il yarım müddətində baş verənlər geniş şəkildə analiz edilir, rəqəmlər sadalanır. Gəlinən qənaət də budur ki, hər hansı bir irəliləyişdən, investisiya axını, layihələrin reallaşmasından danışmağa dəyməz. Baş nazir də bunu etiraf etməyə başlayıb. Gündəmi dəyişmək üçün də hər cür vasitələri işə salır. Bu il yarım müddətdə susub-susub, birdən-birə hansısa bir məxfi sənədlərdən danışmağa başlayır. Paşinyan Serj Sarkisyan dönəminə aid olan məxfi sənəd haqqında danışıb. Sənədlə bir neçə ay əvvəl tanış olduğunu, amma məzuniyyəti zamanı onu detallı şəkildə yenidən oxuduğunu bildirib. O, sənəddə məxfiliyin nə olduğunu açıqlamayıb: "Sənədin vacibliyi ondadır ki, bizə ölkədəki real vəziyyət haqqında tam məlumat verir. Bütün toplanmış problemləri bir il ərzində həll etmək mümkün deyil. Sənəddə Ermənistanın institusional iflic vəziyyətində olduğu bildirilib”. Beləliklə, baş nazir artıq başa düşür ki, verdiyi vədlərin heç birini yerinə yetirə bilməyəcək. Bu səbəbdən də günahı yenə də əvvəlki hakimiyyətin üstünə yıxmağa çalışır. Eyni zamanda bu bəyanatı həm də Paşinyanın acı etirafı kimi də qələmə vermək olar. Yəni ay ermənilər bilin, biz yenə də əvvəlki kimi bərbad vəziyyətdə yaşamalı olacağıq.
"Baş nazirin "məxfi sənəd” aşıqlaması ölkənin daxili siyasi həyatında ciddi müzakirələrə yol açıb”. Bu sözləri özünün "facebook” səhifəsində "Bir Ermənistan” Partiyasının rəhbəri Artik Kazinyan bəyan edib. "O, öz müraciətində 2014-cü ildə hakimiyyətin sifarişi ilə hazırlanan hansısa bir məxfi sənədə istinad edir. Nəzərə alaq ki, "Bir Ermənistan” Partiyası dövlət-mərkəzçi siyasi qüvvədir və dövlət idarəçiliyinin institusionlizmi onun üçün əsas məsələdir. Bu səbəbdən də, biz baş nazirin bəyanatından çox ciddi narahatçılıq keçiririk. Ona görə də, partiyamız adından tələb edirik ki, Nikol Paşinyan həmin sənədi ictimaiyyətə açıqlasın. Bu sənəddən çıxış edərək  böhranın aradan qaldırılması üçün tədbirlər hazırlanmalıdır. Bir faktı da nəzərə almaq gərəkdir ki, Nikol Paşinyanın siyasi stili gündəmi dəyişməkdən ibarətdir. Bu səbəbdən də onun növbəti açıqlaması saxta, feyk də ola bilər. Əgər elə deyilsə, onda mütləq sənədi açıqlamalıdır. Bunu etməzsə, yalnız bir nəticəyə gəlmək olar: Belə bir sənəd, ümumiyyətlə, mövcud deyil - Nikol Paşinyan sadəcə öz stilinə və üslubuna sadiq qalıb”.
Hakimiyyət həm də ölkəni bürüyən narazılıqların əlində aciz qalıb. Paşinyanın komandasının üzvləri narazılıqları əvvəlki hakimiyyətin yanlış siyasətinin nəticəsi kimi qələmə verməyə çalışırlar. "İcevanda baş verən hadisələr spontan olmayıb”. Bunu jurnalistlərə açıqlamasında Ermənistan milli təhlükəsizlik xidmətinin rəhbəri Artur Vanetsyan deyib. Onun sözlərinə görə, bu hadisə müəyyən şəxslərin provokasiyası əsasında baş verib: "İstintaq sirrinin qorunması ehtiyacına görə, mən adlar çəkə bilmərəm. Bu sirri yalnız istintaqı aparan orqan açıqlaya bilər”. Qeyd edək ki, bundan öncə İcevanda taxta-şalban sexlərinin işçiləri hökumətin meşədə ağac kəsilməsi qadağasına görə etiraz aksiyası keçirib, Gürcüstana gedən beynəlxalq magistralı qapadıblar. Nəticədə polislərlə etirazçılar arasında toqquşma yaşanıb, 30 nəfər yaralanıb.
  Yeri gəlmişkən, Paşinyanın növbəti şouya hazırlaşır. Son məlumatlara görə, baş nazir işğal altındakı Dağlıq Qarabağa səfər edib. "Moskva-Baku” portalında dərc olunan materialda bu səfərin separatçı qurumla Ermənistan hakimiyyəti arasnda qarşıdurma fonunda baş tutduğu xüsusi  vurğulanır. Politoloq İqor Korortçenko hesab edir ki, Paşinyanın bölgəyə hər bir səfərini diqqətdən kənarda saxlamaq olmaz: "Mən onun bu səfərini siyasi oyun, növbəti siyasi teatrlaşmış ssenari kimi qiymətləndirərdim. Məqsəd də siyasi iddiaları möhkəmləndirmək, öz hakimiyyətini qoruyub saxlamaqdır. Bu növbəti piar olacaq. Gələn il Qarabağda separatçıların növbəti rəhbərinin seçilməsi üçün "seçki” keçiriləcək. Paşinyan da hər vəchlə Qarabağı öz nəzarəti altına almağa çalışacaq. Onun üçün bura çox vacibdir. Çünki Qarabağ klanı birbaşa əvvəlki hakimiyyətə bağlıdır. Baş nazir bura səfər etməklə vəziyyəti öyrənməyə çalışır. Yaddan çıxarmaq gərək deyil ki, onun separatçılarla münasibətləri gərgindir. Az əvvəl Paşinyan separatçıları az qala dövlət çevrilişi cəhdində ittiham etmiş və inqilabı, bölgəyə transfer etməklə hədələmişdi”.
Ekspert hesab edir ki, baş nazirin bölgəni nəzarətə almaq cəhdi baş tutmayacaq: "Paşinyan nə istəsə danışa bilər. Lakin onun söylədikləri populizmdən başqa bir şey deyil. Ölkədə iqtisadi inqilabdan dəm vurur, ümumdaxili məhsulun başgicəlləndirici inkişafından danışır. Lakin nəticədə bunlar hamısı hay-küy və yalana əsaslanır.”
Politoloq əlavə edib ki, ümumiyyətlə, Paşinyanın Qarabağ klanını üstələyə biləcəyinə inanmır.

Azər NURİYEV