• cümə, 26 Aprel, 13:45
  • Baku Bakı 23°C

Paşinyanın Moskva uğursuzluğu

10.09.18 20:11 695
Paşinyanın Moskva uğursuzluğu
Ermənistan baş naziri Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə həftə sonu Moskvada keçirdiyi görüş geniş müzakirələrə səbəb olub. Erməni mediası yazır ki, Rusiya hakimiyyəti əsas niyyətinə nail olub. Kreml Ermənistanda birqütblü siyasi sistemi formalaşdıra bilib. Maraqlıdır ki, bu ideya antirusiya, qərbyönümlü yazıları ilə seçilən "1in.am” erməni saytının əksər xəbərlərində başlıca xətt kimi keçir. Dərc olunan məqalələrdən birində vurğulanır ki, Ermənistan hakimiyyətinin Qərbdən gözləntiləri Paşinyanın Brüssel səfərindən sonra puç olmuşdu. Fakt odur ki, Ermənistanın Avropa istiqaməti axsayır. Məsələ onda deyil ki, Avropa liderləri Yerevana gəlmir və yaxud Nikol Paşinyan özü Avropaya getmir. Düzdür, Merkel Yerevana gəldi, bir neçə gündən sonra isə erməni baş nazir Parisə yollanacaq. Lakin bunlar xarici siyasətin effektivliyinə işarə ola bilməz. Başqa bir məqalədə isə müəllif qeyd edir ki, Paşinyan Putinlə üç dəfə görüşsə də, erməni-rus münasibətlərində problemlər həllini tapmır. Onun qənaətincə, Avropa istiqamətində əsas problem ondan ibarətdir ki, Ermənistan hökumətinin vahid konsepsiyası mövcud deyil.
Beləliklə, qayıdaq Paşinyanın Putinlə keçirdiyi qapalı görüşün təfərrüatlarına. Maraqlı olan odur ki, Rusiya prezidenti Vladimir Putinlə Paşinyanın görüşü zamanı maraqlı anlar yaşanıb. Paşinyan görüşün baş tutacağı zala girmək istəyib. Lakin bu zaman Putinin mühafizəsi onun girişinə maneə yaradıb. Belə ki, zalın qapısının qarşısında Paşinyanın bir neçə saniyə gözləməsindən sonra Putinin onun girişinə izn verdiyini görən mühafizəçi onu içəri buraxıb. Bundan əlavə, bu səfərlə ən böyük zərbə Birləşmiş Ştatlara vurulmuş oldu. Bəlli olub ki, rusiyalı mütəxəssislər Ermənistan ərazisində yerləşən biomaterialları tədqiq edən ABŞ laboratoriyalarına giriş imkanı qazanıblar. Bunu "Kommersant” qəzetinə müsahibəsində Ermənistanın baş naziri deyib. "Təxminən 10-15 gün əvvəl mənim şəxsi tapşırığım əsasında Rusiya mütəxəssisləri bu laboratoriyalara buraxılıblar. Onların bura girişlə bağlı problemləri olmayıb və mənim baş nazirliyim dönəmimdə də olmayacaq. Bu laboratoriyalar tam olaraq Ermənistan hakimiyyətinin nəzarətindədir”, - o bildirib. Baş nazir "Kommersant”a müsahibəsində onu da deyib ki, Rusiya Ermənistana silah təchizatını davam etdirməyə razılaşıb. Beynəlxalq gündəmin digər məsələlərinə toxunaraq Paşinyan bir daha qeyd edib ki, Ermənistanın Suriyadakı kontingenti sırf humanitar məqsəd daşıyacaq. Paşinyanın sözlərinə görə, Ermənistanın missiyası Suriyadakı erməni icmasına yardım məqsədi güdür. O vurğulayıb ki, kontingent Ermənistan bayrağı altında dislokasiya olunacaq. Daha öncə Ermənistan KİV-ləri yazmışdılar ki, ölkə Suriyaya rabitəçilərdən, minaaxtaranlardan və həkimlərdən ibarət heyət göndərmək niyyətindədir.
O ki qaldı Ermənistan və Azərbaycan liderlərinin görüşünün təşkili məsələsinə - Paşinyan deyib ki, Rusiya prezidenti ilə görüşdə bu məsələ müzakirə olunmayıb. Paşinyanla Putin Qarabağ ətrafında vəziyyət barədə söhbət ediblər və münaqişənin yalnız sülh yolu ilə tənzimlənməsinin vacibliyini vurğulayıblar.
Qeyd edək ki, baş nazir seçildikdən sonra N.Paşinyan prinsipial olaraq Azərbaycan prezidenti ilə danışıqlara hazır olduğunu bəyan etmişdi. Paşinyan növbəti dəfə deyib ki, Azərbaycanla ancaq Ermənistanın baş naziri kimi danışıqlar apara bilər, Dağlıq Qarabağın adından danışmağa isə onun səlahiyyəti yoxdur. "Mən Ermənistanın baş naziriyəm və danışıqlarda Ermənistan adından iştirak edə bilərəm. Lakin Dağlıq Qarabağın adından danışa bilmərəm. Dağlıq Qarabağ xalqı Ermənistanda hakimiyyətin formalaşması prosesində iştirak etmir” – deyə Paşinyan qeyd edib.
Xatırladaq ki, Paşinyan bu mövqeni ilk dəfə hakimiyyətə gəlişinin ardınca Dağlıq Qarabağa etdiyi səfər zamanı dilə gətirmişdi. Və onun bu bəyanatı Ermənistanın özündə də ciddi təəccüb və tənqidlə qarşılanmışdı. Ermənistanın baş nazirinə görə, Dağlıq Qarabağ danışıqlarda öz "legitim nümayəndəsi” ilə təmsil olunmalıdır. "Lakin bu o demək deyil ki, biz danışıqlardan imtina edirik, istənilən vaxt danışıqlara hazırıq. Amma Qarabağı Qarabağın nümayəndəsi təmsil etməlidir”, - deyə o bildirib. Paşinyana görə, əslində o, "sensasion heç nə demir”. Minsk qrupu həmsədrlərinin bəyanatlarında deyilir ki, Dağlıq Qarabağın yekun statusu bölgə əhalisinin öz müqəddəratını təyin etməsi hüququ əsasında həll edilməlidir: "Bu isə o deməkdir ki, Dağlıq Qarabağ münaqişə tərəflərindən biridir və onun iştirakı olmadan hansısa həll yolu mümkün deyil”.
"Kommersant”ın əməkdaşı Vladimir Solovyov Paşinyana belə bir sual da ünvanlayıb: "Lakin elə məsələlər var ki, Ermənistandan asılıdır. Mən hətta Ermənistan tərəfindən Azərbaycan ərazisi olduğu etiraf edilən yeddi rayon haqda danışıram. Onların qaytarılması haqda söhbət çoxdan gedir, lakin prosesdə irəliləyiş yoxdur”.
Cavabında Paşinyan sözün əsl mənasında sərsəmləyib: "Həmin rayonlar "Dağlıq Qarabağın ərazisidir”.
Xatırladaq ki, Paşinyan Moskvada erməni biznesmenlərlə görüşündə Dağlıq Qarabağın "Ermənistanın tərkib hissəsi olduğunu” demişdi. "Bu cür yanaşma ilə nəsə irəliləyiş gözləmək çətindir. Azərbaycan bunu heç vaxt qəbul etməz. O zaman danışmağa nə qalır ki?”-jurnalist Paşinyanla polemikaya girib. Ermənistanın baş naziri isə deyib ki, onlar kompromislərin mümkünlüyünü müzakirə edə bilərlər, ancaq bir şərtlə ki, Azərbaycan da kompromislərə hazır olsun.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər