• cümə, 29 Mart, 04:02
  • Baku Bakı 7°C

Paşinyanın “iqtisadi inqilab” ideyası blefdir

18.10.19 17:27 1280
Paşinyanın “iqtisadi inqilab” ideyası blefdir
Ermənistanda yaranmış ciddi iqtisadi və siyasi böhran baş nazir Nikol Paşinyanı Təhlükəsizlik Şurasının növbədənkənar iclasını keçirməyə məcbur edib. İclasda çıxışı zamanı Paşinyan regionda ağır proseslərin getdiyini və bu məsələlərin müzakirə edilməsinə zərurət yarandığını bildirib. O, Təhlükəsizlik Şurasının Qarabağ məsələsini də müzakirə edəcəyini deyib. Ermənistanda iqtisadi durumun ağırlaşdığını artıq əksəriyyət etiraf edir.
"Yeni hakimiyyət də əvvəlkinin davamıdır. Əvvəlki hakimiyyətlərin dövründə olduğu kimi, indi də oliqarxlar dövlətin iqtisadi əsasını təşkil edir. İstehlak üzərində qurulan bu model hər zaman oliqarxik sistem istehsal edir”. Bu sözləri Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan bəyan edib. Onun sözlərinə görə, Nikol Paşinyan hakimiyyətə gələndən dəyişikliklər aparmaq üçün barmağını barmağına belə vurmayıb. "O, başa düşmür ki, sistemi dəyişmək gərəkdir. Onların komandası yoxdur, varsa da, bu komandada ideya, intellekt yoxdur”, - deyə fikrini sərt formada bildirib. "Yeni hakimiyyətin iqtisadi əsasını oliqarxlar təşkil edirmi” sualına iqtisadçı "sözsüz” deməklə kifayətlənib. "Əgər bizdə belə bir modeldirsə, onda nə qədər çox oliqarx olsa, yaxşıdır”, - deyə eks-baş nazir kinayə ilə "yerkir.am”a bildirib.
O, Paşinyanın "Ermənistan kreativ insan üçün cənnətə çevrilməlidir” bəyanatını şərh edərək bildirib ki, ölkədə informasiya texnologiyalarının inkişafı iqtisadiyyat üçün əsas ola bilməz: "Çünki bizdə proqressiv informasiya texnologiyaları mövcud deyil. Serj Sarkisyan dövründə olduğu kimi, indi də iqtisadiyyat inkişaf etmir, heç bir fərq yoxdur”. O ki qaldı yük daşımaların göstəricisinin 54 faizə qədər enməsinə, iqtisadçı bildirib ki, bu o deməkdir ki, iqtisadi yüksəliş blef, yalan üzərində qurulub. "Təsəvvür edin ki, yüklərin daşınması iki dəfəyə qədər azalırsa, iqtisadiyyat 7 faiz necə yüksəlib? Belə halı təsəvvür edə bilərsinizmi? Dəmir yolları, nəqliyyat şirkətləri bildirirlər ki, yük daşınmasında artım yoxdur. İndi baş nazirdən soruşmaq lazımdır – necə olur ki, belə vəziyyətdə ümumdaxili məhsul artıb? Lakin komanda üzvləri ondan soruşmurlar, çünki onlar üçün heç bir fərqi yoxdur”, - deyə fikrini tamamlayıb.
Rusiyanın "Vestnik Kafkaza” nəşri də Paşinyanın "iqtisadi inqilab” proqramının uğursuzluğuna həsr etdiyi məqalə dərc edib. Müəllif yazır ki, Nikol Paşinyanın həyat fəlsəfəsi yalan vədlər vermək üzərində qurulub. "Populizm, erməni baş nazirin il yarımlıq müddətə ərzində əldə etdiyi ən ciddi "uğurudur”. Nikol Paşinyan və komandasının bütün sahələr üzrə uğursuzluqları baş nazirin reytinqini kəskin şəkildə aşağı salıb. Bu da ona aktiv şəkildə "kəmərləri bərkitməyə” vadar edib. Artıq Ermənistan kütləvi informasiya vasitələri bar-bar bağırırlar ki, söz azadlığa ilə bağlı vəziyyət Serj Sarkisyanın dövründəkindən də pisdir. Bundan əlavə, dünyaya Paşinyan və onun ilhamvericilərinin qarmaqarışıq bəyanatlarının çatdırmaq istəyənlər tapılacaq. Artıq Ermənistanda baş nazirə quyruq bulamaq və onun stolunun tör-töküntülərindən nəsə əldə etmək istəyənlərin növbəsi yaranıb”, - deyə müəllif yazır.
"Vətəndaşın qərarı” Sosial-Demokrat Partiyasının üzvü Mikael Narapetyan isə yazır ki, baş nazirin kitabını dərc edən şirkətə heç bir tender olmadan 100 min dollar ödəyiblər: "Yəni bundan sonra da baş nazirin ölkə ilə bağlı yalanlarını yayımlamaq üçün. İnsanlar sual verirlər ki, necə olur, məhz bu şirkət bu vəsaiti alır?”
Onun sözlərinə görə, əhali yeni hakimiyyətdən həyat şəraitlərinin yaxşılaşacağını gözləyirdi: "Reallıqda isə bunun əksi baş verib. Nəticədə Paşinyan və onun xanımı büdcədən yarım milyon dolları Birləşmiş Ştatlara uğursuz başa gələn səfərə sərf edir. Xanım Akopyan erməni cəmiyyətini məsuliyyətsiz bəyanatları, ABŞ-da erməni saç ustasının yanında saçını necə düzəltməsi barədə bəyanatları ilə özündən çıxarır”. Bu günlərdə isə erməni keşişlərinin yanında açıq-saçıq geyimi ilə şoka salıb. Cenevrədəki İsveçrə Qırmızı Xaç Cəmiyyətinin Ermənistana həsr olunmuş xeyriyyə gecəsində Paşinyanın həyat yoldaşı Anna Akopyanın geyimi sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib. Sosial şəbəkə istifadəçiləri Akopyanın din xadimləri, xüsusilə də katolikoslarla birlikdə oturduğu vəziyyətdə çəkilmiş fotosunu kəskin tənqid ediblər. Hətta Ermənistanın bir sıra mətbuat orqanı Annanı erməni pornoulduz Kim Kardaşyanla müqayisə edərək, Kardaşyanın belə rəsmi görüşlərdə daha qapalı paltarlar geyindiyini, açıq-saçıq geyimlərdən uzaq durduğunu yazıb.
"Vestnik Kafkaza” yazır ki, Nikolun xanımı öz əyin-başına sərf etdiyi vəsaitlərin hesabını verməyə belə tələsmir: "Elə əri də özündən geri qalmır. İqamətgahı yaxınlığındakı şəxsi avtoparkını bahalı və yeni avtomobillərlə yeniləyir, iqamətgahda dəbdəbəli təmir işləri aparır - ümumiyyətlə, dövlət vəsaitlərini sağa-sola xərcləyir. Bəs deyirdi ki, əlavə xərclərin qarşısını alacaq? Az qala and içirdi ki, sadə şəraitdə yaşayacaq”. Yeri gəlmişkən, Paşinyanın vədləri barədə. Onların içərisində ən qalmaqallısı "iqtisadi inqilab”la bağlı idi. Hələ də heç kim ölkəyə vəd edilən əcnəbi iqtisadi investisiyaları görməyib. Artıq iqtisadiyyat naziri Tiqran Xaçatryan də jurnalistlərlə söhbətində ölkəyə investisiya axınının baş vermədiyini etiraf etməli olub. "Bizdə investisiya ümumdaxili məhsulun minimum 23-25 faizini təşkil etməlidir. Məhz bu zaman iqtisadi yüksəliş 8 faiz təşkil edə bilər”, - deyə Xaçatryan bəyan edir. Lakin bütün bu nəzəri fikirlər heç bir praktiki nəticələr ortaya qoymur. Halbuki, bu fikirləri ölkənin iqtisadiyyat naziri açıqlayır. Əsl real mənzərəni isə müstəqil erməni ekspertləri təsvir edirlər. Belə müstəqil ekspertlərdən biri də İqtisadi Təşəbbüslərin İnkişafı Mərkəzinin rəhbəri İşxan Karapetyandır. Onun sözlərinə görə, iqtisadi siyasət, dövlət idarəçiliyi sektorunda transformasiyalar, iqtisadiyyatın inkişafı üzrə qlobal proqramların olmaması hakimiyyətin elan etdiyi iqtisadi inqilabla üst-üstə düşmür. Bundan əlavə, sahibkarlıq fəallığının, vətəndaşların alıcılıq qabiliyyətinin aşağı düşməsi də biznes sahəsində hansısa bir dəyişikliyin olmadığını sübut edir. "Kənd təsərrüfatında 13, inşaat sektorunda 9, ixracda 20, idxalda 33, enerji istehsalında isə 7 faiz enmə müşahidə olunub. Bundan əlavə, birbaşa investisiyaların aşağı düşməsi ilə yanaşı, ticarət balansının göstəriciləri pisləşib. Bu da o deməkdir ki, ixracdan çox, idxalla məşğuluq. Bundan əlavə, pulların çıxarılması göstəricisi 5 dəfə yüksəlib”, - deyə Karapetyan bəyan edib.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər