• şənbə, 27 Aprel, 03:44
  • Baku Bakı 14°C

Paşinyanın hakimiyyəti üçün beş təhlükə

24.12.19 20:00 699
Paşinyanın hakimiyyəti üçün beş təhlükə
Almaniyanın nüfuzlu "DW” nəşri ermənilərin yeni hökumətdən narazılıqlarının artma səbəblərini araşdırıb

Erməni cəmiyyətində "məxməri” ajiotajdan sonra insanlar artıq anlamağa başlayırlar ki, əvvəlki rejimlə indiki arasında fərqlər elə də ciddi deyil. Artıq bu məsələyə nüfuzlu qərb nəşrləri də yer ayırır. Məsələn, Almaniyanın nüfuzlu "DW” nəşri erməni vətəndaşların yeni hökumətdən narazılıqlarının artma səbəbləri və bunun siyasi qarşıdurmaya səbəb ola biləcəyini araşdırmağa çalışıb. Müəllif yazır ki, Ermənistanda insanlar narazılıqlar etməyə alışıblar. Bu narazılıq ən müxtəlif formada özünü göstərir - gah korrupsiyada və konstitusiya quruluşunun devrilməsində ittiham olunub həbs edilən ikinci prezident Robert Koçaryanın azad edilməsi, gah da İstanbul konvensiyasının ratifikasiya edilməməsi, "Amulsar” qızıl yatağının işlənməsi və s. məqsədlə aksiyalar keçirilir. Telekanallar, informasiya saytları və qəzetlərin çoxu hakimiyyətin tənqid edilməsini ürəkdən müdafiə edirlər. Serj Sarkisyanın istefasından sonra ciddi dəyişikliklərin baş verəcəyi barədə gözləntilər güclü olsa da, bu, baş vermədi. Əhalinin bir qismi prinsip etibarilə hansısa bir dəyişikliklərin baş verəcəyini gözləsə də, ümidlər doğrulmadı.
Beləliklə, alman nəşri Paşinyan hakimiyyəti üçün birinci təhlükəni məğlub olanların aktivləşməsində görür. Sarkisyan kütləvi etirazlar nəticəsində hakimiyyətdən getdi və nəticədə baş nazir Nikol Paşinyan seçildi. Hökuməti təşkil edən Nikol növbədənkənar seçkilər nəticəsində loyal parlament əldə etdi. Keçmiş hakimiyyət partiyası – Ermənistan Respublika Partiyası beş faizlik baryeri keçməyə müvəffəq olmadı və yalnız parlamentdənkənar müxalifət rolunu oynayır. İndi bu partiya "ümumxalq narazılığı”nı irəli sürür və əsas etibarilə sosial şəbəkələr vasitələri ilə bəyan edir ki, Paşinyan ölkədə diktatura qurub və Dağlıq Qarabağ probleminin nizamlanması üzrə danışıqlarda uduzur. Ermənistan Respublikaçılar Partiyasını keçmiş koalision ortağı, parlamentə düşməyə müvəffəq ola bilməyən "Daşnaksütyun” müdafiə edir. Hakimiyyətin tənqidinə onlarla xırda və yeni yaradılan təşkilatlar da qoşulub. Lakin məsələ ondadır ki, onların Paşinyana qarşı güc ortaya qoya biləcəkləri mümkünsüzdür. Erməni politoloq Armen Minasyanın qənaətincə, məğlub olanlarla, inqilabdan narazı olanların qruplaşması prosesi gedir: "Yeni qrupların maraqlarının formalaşması, hakimiyyətə qarşı aktivləşən təbəqənin güclənməsi baş verir. Məsələn, Robert Koçaryanın azad edilməsi üzrə koordinasiya şurası, bu günlərdə İctimai Şuranın sədri vəzifəsindən çıxan Vazgen Manukyanın "Vernatun” təşkilatı və s. yaradılıb. Qarşıdurma müəyyən vaxt üçün latent idi, lakin artıq bu mərhələ keçib və proseslər mütəmadi olaraq daha hiss olunan və kütləvi hal alır”. Onun qənaətincə, Ermənistanda açıq, rəqabətli siyasi sistem mövcuddur, demək, qarşıdurma da onun ayrılmaz hissəsidir. Ermənistan əhalisinin dörddə biri artıq müxalifətin fəaliyyətini məqbul hesab edir və bunu "Gallup International”un keçirdi sorğunun nəticələri də sübut edir.
İkinci təhlükə - məmurlara qarşı etimadsızlıq. Hazırkı hakimiyyətə qarşı etimad əvvəlki tək yüksəkdir. "Gallup International”ın sorğusunun nəticələrinə görə, baş nazirin fəaliyyətini 83 faiz yüksək qiymətləndirir, 55 faiz hökumətin, 43 faiz də parlamentin fəaliyyətini yüksək qiymətləndirir.
"Lakin Paşinyana və hökumətinə dəstəyin yüksək olmasına baxmayaraq əhalinin böyük bir hissəsi dövlət aparatına skeptik yanaşır”. Bunu Ermənistan Vəkillər Palatasının üzvü David Sanduxçyan bildirib. Onun sözlərinə görə, dövlət aparatının effektivsizliyindən nəinki əhali, baş nazirin özü də narazıdır. O bildirib ki, son nailiyyətlər dövlət institutlarının işinə əks təsir edib. Onlar nəinki inkişafa səbəb olublar, əksinə, hökumətin təşəbbüslərinə müqavimət göstəriblər. Belə çıxır ki, Ermənistanda hardasa orta, aşağı səviyyədə islahatlar boykot olunur. Sanduxçyan hökumətin üç əsas problemini sadalayır - islahatlar strategiyasının, dövlət effektiv aparatı və məhkəmə islahatlarının olmaması. Ekspert hesab edir ki, 2020-ci il dönüş ili olacaq. Ya hakimiyyət islahatları effektiv strategiya ilə yerindən oyada biləcək, ya da yeni hakimiyyət de-fakto 2023-cü il seçkilərinə hazırlaşmaq məqsədilə müdafiə mövqeyinə keçəcək.
Üçüncü təhlükə - gözləntilərin böhranı. Politoloq Armen Minasyanın qənatincə, hər şeyi dərhal qazanmaq istəyənlər indi özlərini aldanmış vəziyyətdə hesab edirlər. Yeni hakimiyyətlə bağlı eyforiya tədricən ən aşağı həddə düşməkdədir. Məsələn, keçmiş maliyyə naziri həbs edilib, Serj Sarkisyana qarşı cinayət işi aşılıb. Parisdə Sünikin keçmiş qubernatoru həbs edilib. Bütöv generallar ordusuna qarşı axtarış elan edilib.
Dördüncü təhlükə - populizm və qeyri-peşəkarlıqdır. Məsələ ondadır ki, indiki hakimiyyət problemlərin mahiyyətini ayırd edə bilmir, kadr çatışmazlığı mövcuddur, idarəçilik problemi var. Minasyan hesab edir ki, hakimiyyət ciddi problemlərə sistemli reaksiya verə bilmir. Ağıllı, düşünülmüş qərarlar yerinə, populist addımlar atır.
Nəhayət, sonuncu təhlükə - informasiya antikampaniyasıdır. Politoloq Ruben Meqrabyanın qənaətincə, erməni cəmiyyətində qarşıdurma söhbətləri vəziyyətin olduğu kimi göstərilməməsidir. Belə bir təəssürat yaranır ki, hakimiyyətə qarşı səs-küylü aqressiv kampaniya, onun hansısa addımına və yaxud fəaliyyətinə qarşı yönəlib.
Yeri gəlmişkən, ermənilərin "Fakt” qəzeti "2019-cu il və Paşinyanın vədləri” başlıqlı məqalə dərc edib. Ermənistan kütləvi informasiya vasitələri cari ilin yekunlarını təhlil etməyə başlayıblar. Qəzet Nikol Paşinyanın 2019-cü ildə erməni ictimaiyyətinə verdiyi vədləri maneəsiz icra etməsi üçün hər cür şəraitin olduğunu yazıb. "Vətəndaşlar 2019-cu ilin Ermənistan üçün yüksəliş ili olacağına böyük ümidlər bəsləyirdi. Ancaq biz geridə qalan ilə baxarkən aydın olur ki, insanların gözləntiləri reallıqdan çox uzaqdır. İl boyunca hökumət iqtisadiyyatın inkişafı, həyat şəraitinin yaxşılaşdırılması, investisiyaların cəlb edilməsi, immiqrasiyanın təmin edilməsi və s. ilə əlaqəli olan real islahatlarla deyil, populizmlə və populist şüarlarla məşğul olub. Nəticədə, 2019-cu il əvvəlki illərlə müqayisədə iqtisadi cəhətdən əlamətdar olmadı və ölkədən emiqrasiya davam etdi. Bu, ən aşağı səviyyədir və bundan da aşağı düşmək mümkün deyil”, - deyə nəşr bildirir. Məqalədə bildirilib ki, oktyabr ayına olan göstəricilərə əsasən, Ermənistan əhalisinin sayı bu il 11700 nəfər azalıb. Birbaşa xarici investisiyaların kəskin azalması müşahidə olunub. Bu ilin ilk doqquz ayı ərzində investisiyaların həcmi 60 milyon dollar azalıb. İnsanların sosial rifahı yaxşılaşmayıb, əmək haqları və təqaüdlər aşağı olaraq qalır, mühüm istehlak mallarının qiymətləri isə artmaqda davam edir. "Belə çıxır ki, Paşinyan hakimiyyət dəyişilən zaman vəd etdiyi müsbət dəyişikliklərə 2019-cu ildə nail ola bilmədi və növbəti ildə zaman artıq baş nazirin xeyrinə işləməyəcək. İnsanlar Paşinyanın təqdim etdiyi rəqəmlərə və korrupsiya ilə mübarizə haqqında
ürək dağlayan rəvayətlərinə daha inanmır”, - deyə "Fakt” qəzeti yazır.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər