• cümə, 26 Aprel, 21:39
  • Baku Bakı 22°C

Paşinyanın gülüş doğuran arzuları

06.08.19 19:34 11184
Paşinyanın gülüş doğuran arzuları
Nikol Paşinyan belə getsə, ölkə tarixinə ən populist baş nazir kimi düşəcək. Növbəti dəfə erməni soydaşlarının beynini yalanlarla dolduran baş nazir bu dəfə 2050-ci ilə nələri planlaşdırdıqlarını vurğulayıb. Xankəndində çıxış edən baş nazirin ən gülüş doğuran açıqlaması ermənilərin sayını 5 milyona çatdırmaqla bağlı olub. Baş nazir, ola bilər, dünyada ermənilərin sayını dediyi rəqəmə çatdırsın. Lakin əvəzində ölkədə ermənilərin sayı azalmağa doğru gedəcək. Onun hakimiyyətə gəlişi ilə nəinki miqrasiya azalıb, əksinə, sürətlə artmaqdadır. Konkret bir misal: BMT-nin hesablamalarına görə, 2050-ci ilə qədər Ermənistan əhalisinin sayı indikindən daha da az olacaq. Ermənistan əhalisinin sayı son 6 ay ərzində 3700 nəfər azalıb. Bu məlumatı "Joxovurd” qəzeti yayıb. Məlumata görə, hazırda ölkə əhalisinin sayı 2 961 600 nəfər təşkil edir. Hazırkı göstərici keçən ilin analoji dövrü ilə müqayisədə 8200 nəfər azdır. Baş nazir daha sonra yaxın 30 il üçün işsizliyi tamamilə aradan qaldıracağını, yarım milyon iş yeri yaradacaqlarını iddia edib. Bir il ərzində heç nəyə nail ola bilməyən inqilabçı komanda hətta Ermənistanı sənaye dövlətinə çevirəcəyini, ümumdaxili məhsulu 15 dəfə artıracaqlarını iddia edir. Müqayisə üçün bildirək ki, buna heç Avropanın inkişaf etmiş ölkələri belə nail ola bilməyib. Bəlkə də başqa bir dövlət buna nail ola bilərdi. Ancaq sual yaranır - hansı vəsaitlər, investisiyalar hesabına? Paşinyanın ən gülüş doğuran xülyası ölkədə ümumi dəyəri milyardlarla dollar olacaq, özündə 10 mindən artıq işçini birləşdirəcək minimum 5 texnologiya şirkəti yaratmaq istəyidir. Orta aylıq əmək haqqını 7 dəfə, ordunun döyüş qabiliyyətini artırmaq, onu dünyanın ən döyüş qabiliyyətli 10 dövləti sırasına daxil etmək də planda var. Lakin necə deyərlər, arzulamaq heç də pis deyil. Erməni iqtisadçı ekspertlərinin hesablamalarına görə, ölkənin xarici dövlət borcu 2019-cu ilin ikinci yarısından sonra da artacaq. Hökumət təxirəsalınmaz xərclər üçün vəsait cəlb edəcək. Ümumilikdə, 2019-cu ildə Ermənistan təxminən 490 milyon dollar xarici kredit alacaq. Bu vəsaitin 40% -i Rusiyadan cəlb ediləcək. Bundan başqa, Dünya Bankından suvarma sistemlərinin və elektrik xətlərinin yenilənməsi, yolların tikintisi, şəhərlərdə abadlıq işlərinin aparılması ilə bağlı kreditlər gəlməkdə davam edir. Bu il Ermənistan, həmçinin ümumi büdcə dəstəyi üçün kredit götürməyə davam edəcək. Yeni büdcə idarəetmə siyasətinə əsasən, dövlət əməkhaqqı və pensiyaların ödənilməsi üçün müstəqil şəkildə qazanmalı və yalnız inkişaf layihələrinə (infrastruktur və s.) kredit götürməlidir. Ancaq Ermənistan hökuməti büdcə xərclərini ödəmək üçün vəsait cəlb etməyə məcburdur. O ki qaldı, ordunun vəziyyətinə - Ermənistan silahlı qüvvələri baş qərargahının rəisi Artak Davtyan Dilicanda jurnalistlərin hərbçilərin intiharı ilə bağlı sualını cavablandırarkən buna "dolğun” cavab verib. Onun sözlərinə görə, ağır sosial şəraitdə yaşamaları, ailə problemlərinin olması hərbçilərin xidmətində də özünü əks etdirir. "Komandirlər hərbçilər arasında təbliğat aparmasaydı, intihar hadisələrinin sayı iki deyil, 12 olardı. Bu il iki, ya 3 intihar hadisəsinin qarşısı alınıb”, - o vurğulayıb. Ümumiyyətlə, Ermənistanda hər il 10 mindən çox gənc orduda xidmətdən yayınır və hüquq mühafizə orqanları onların barəsində axtarış elan edib. Döyüş itkilərindən əlavə, Ermənistan ordusunda baş verən fərarilik, ölüm, döyülmə, rüşvət, korrupsiya, intihar, təcavüz və digər nizamnamədən kənar halların sayı dəfələrlə artıb. Əvvəlki kimi, erməni ordusu daxildə çox ciddi qütbləşməyə məruz qalır, qarabağlı-yerevanlı məsələsi silahlı qüvvələrin durumunu daha da pisləşdirir. Komandirlər tərəfindən hərbi hissələrdən hərbi qulluqçuların qeyri-qanuni yolla, müəyyən olunmuş pul müqabilində ay ərzində hərbi hissədən kənara buraxılması halları hələ də davam etməkdədir.
Paşinyanın xülyaları tək bununla kifayətlənmir. Bildirir ki kəşfiyyat sistemini dünyanın ən effektiv sistemlərindən birinə çevirəcək. Səhiyyəyə yardımı 20 dəfə artıracaq, təhsilə və elmə maliyyə kifayət qədər olacaq. Ölkəyə turist axınını 15 milyona qaldırmaq da onun prioritetidir. Ən maraqlısı isə erməni futbolu ilə bağlıdır. Belə ki, Paşinyan illər boyu heç bir erməni hakimiyyətinin nail ola bilmədiyini reallaşdırmaq istəyir. Ermənistanın futbol yığmasını Avropa və dünya çempionu etmək, ən azı 25 Olimpiya medalı əldə etmək və şahmat üzrə dünya çempionluğunu qazanmaq. Beləliklə, Paşinyan təkcə Ayı və Marsı fəth etməkdən başqa, hər şeyi arzulayıb.
Beləliklə, bir gün əvvəl ölkənin institusional iflic vəziyyətində olduğunu bəyan edən baş nazir, indi həlli mümkünsüz olan məsələlərdən dəm vurur. Politoloq Stepan Danielyan yazır ki, "xalqdan olan baş nazir” yenə öz ampluasındadır. Politoloqun sözlərinə görə, baş nazirin bəyanatı Ermənistanın rəsmən böhran vəziyyətdə olduğunu göstərir.
Yeri gəlmişkən, Paşinyanın separatçı Dağlıq Qarabağ rejimi ilə bağlı söylədikləri də erməni siyasi qurumlarında narahatçılıq doğurub. Baş nazir onu da deyib ki, inqilab Ermənistanda, Qarabağda və bütün ermənilər arasında davam etdirilməlidir: "İcevanlı”, "qarabağlı”, "gümrülü” anlayışlarından imtina edilməlidir”. O, ümumerməni ideyaları üçün Qarabağ, Ermənistan və erməni diasporunun birgə çalışmalı olduğunu bildirib. Bunun ardınca isə gənclər təşkilatı Dilicanda keçirdikləri tədbirin sonunda yaydıqları bəyanatda Paşinyandan Ermənistan və separatçı qurum arasında fikir ayrılığı yaratmamağa çağırış edib: "İki qurum arasında ziddiyyət toxumu səpmək, populist bəyanatlar vermək, dözümsüzlük, söz azadlığına utancverici hücumlar, ümumerməni ənənələrinə antimilli kampaniya yolverilməzdir”. Erməni kommunistləri də separatçı qurumla ziddiyyətli vəziyyətin yaranmasından narahatçılıqlarını ifadə ediblər. Partiyanın yaydığı bəyanatda separatçı qurumdakı daxili-siyasi gərginlikdən narahatçılıq ifadə edilib. Qeyd edilir ki, baş nazirin mitinqindən sonra vəziyyət daha da gərginləşə bilər.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər