• cümə, 26 Aprel, 13:51
  • Baku Bakı 23°C

“Paşinyanı Azərbaycanı hədələməyə məcbur edən qorxu hissidir”

25.12.19 17:58 806
“Paşinyanı Azərbaycanı hədələməyə məcbur edən qorxu hissidir”
Rusiyalı hərbi ekspert Ermənistan baş nazirini populizmdə və səriştəsizlikdə ittiham etdi

Yerevanda Ermənistan Təhlükəsizlik Şurası və separatçı DQR rejimi rəhbərliyinin toplantısında baş nazir Nikol Paşinyan növbəti dəfə Azərbaycanı hədələyən bəyanatla çıxış edib. Prezident Armen Sarkisyan, separatçıların lideri Bako Saakyanın da qatıldığı toplantıda Nikol yenə də sərsəm fikirləri ilə gündəmə gəlib, Azərbaycanın ünvanına hədələr də səsləndirib. Bununla da o, növbəti də ekspert və müşahidəçilərin tənqidlərinə tuş gəlib. Məsələn, Təhlükəsizlik Şurasının iclasında müzakirə olunan məsələləri şərh edən Rusiyanın "Milli müdafiə” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko "Moskva-Baku” portalına müsahibəsində erməni baş naziri ucuz populizmdə ittiham edib. Onun sözlərinə görə, belə birgə iclasların keçirilməsi Yerevan üçün adi praktikaya çevrilib və bu səbəbdən də sensasiya gözləmir. Hesab edir ki, bu, Ermənistanın lap əvvəldən Dağlıq Qarabağ məsələsinə nümayiş etdirdiyi siyasətin davamıdır. "Təəssüf ki, erməni tərəfinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı mövqeyi dəyişməz qalır. Və bu tip iclaslar də bunu bir daha sübut edir. O ki qaldı Qarabağın subyektivliyinə - onun bu subyektivliyi yüksəlmir. Onu dövlət kimi hətta Ermənistanın özü belə tanımır. Belə olan halda onun rolu necə yüksələ bilər”, - deyə ekspert vurğulayıb.
Ekspert qondarma Qarabağ rejiminin danışıqlar prosesinə cəlb edilməsini qeyri-real hesab edir. Fikrini də onunla əsaslandırır ki, onu nə beynəlxalq vasitəçilər, nə Azərbaycan müdafiə etmir. "Bu gün biz Qarabağla bağlı danışıqlar prosesinə nə görürük – istənilən variantların olmaması, tam dalana dirənmiş vəziyyəti. Yəqin ki, Paşinyan Qarabağ məsələsini gündəliyə gətirməklə onun siyasətindən narazı olanların (belə narazılıq artıq Ermənistanda artır) başını qatmağa çalışır. Ölkədə real iqtisadi nəticələr, uğurlar yox dərəcəsindədir. Paşinyanın Qarabağ məsələsini də gündəmə gətirmək cəhdi sırf daxili siyasi manevrdən başqa bir şey deyil. Hazırda onun erməni cəmiyyətinə təqdim etməyə hər hansı bir uğuru yoxdur. Ondan militarist ritorika gözləyirlər. Bu hal ümumiyyətlə Ermənistanda norma halını alıb, iqtisadi vəziyyətin real şəkildə yaxşılaşdırılması - əmək haqlarının artması, əcnəbi investisiyalar, erməni diasporası tərəfindən investisiyalar yox dərəcəsindədir. Bu səbəbdən də Paşinyan gələcəkdə də Qarabağ trekində ritorikanı sırf daxili siyasi məqsədlər naminə, eləcə də, rəhbər kimi qeyri-effektiv fəaliyyətindən yayındırmaq üçün gərginləşdirilməsinə çalışacaq”, - deyə bəyan edib.
Maraqlıdır ki, Paşinyan arqumentlərini 25 il ərzində münaqişənin həll edilməməsini, hər hansı bir "maksimal tələblər” səslənməməsi ilə əlaqələndirir. Rusiyalı ekspertin bu iddialara cavabı qısa və lakonik olub. O bildirib ki, Azərbaycan torpaqları işğal altındadır və bu fakt da hamıya bəllidir. "Əgər Paşinyan Azərbaycanla münaqişənin nizamlanmasına çalışırsa, demək mərhələ ilə irəli getmək gərəkdir. Məsələn, Dağlıq Qarabağ ətrafında işğal olunan beş rayonu azad etməlidir, sonra isə iki rayonun taleyini həll etməlidir. Daha sonra isə Dağlıq Qarabağın taleyini həll etmək gərəkdir. Yəni, demək istəyirəm ki, hərəkət gərəkdir. Bunu isə görmək mümkün deyil. Azərbaycanın ünvanına ittihamlar - təbliğatdır və son onilliklərdə səslənir. Biz hər hansı bir pozitiv görmürük. Söhbət tək Paşinyandan getmir. Mənə elə gəlir ki, erməni isteblişmenti bütövlükdə münaqişənin həlli ilə bağlı real danışıqlara hazır deyil. İstənilən, xüsusən də bu cür mürəkkəb münaqişələr mərhələli həll olunur. Ölkələr hədələyici ritorikadan daha sakit danışıqlara getməli, həll variantına isə addım-addım getməlidirlər. Burada isə biz Ermənistan tərəfindən Azərbaycana qarşı heç bir hüquqi əsası olmayan qeyri-konstruktiv təbliğat ittihamları müşahidə edirik. Lakin bu ittihamlar birinci və sonuncu deyil. Hər kəsə aydındır ki, Azərbaycan yaranmış vəziyyətin günahkarı deyil. Ərazisi işğal olunub. Hətta Ermənistanı dəstəkləyənlər belə bunun belə olduğunu təkzib etmək iqtidarında deyillər. Burada hər hansı bir şübhə yoxdur, bu, faktdır və problemi həll etmək gərəkdir. Özü də biz vəziyyəti dəyişmək üçün heç bir real addımlar müşahidə etmirik. Bu çox pisdir, bu dalandır və sonu yeni döyüşlər, gərginləşmə ilə nəticələnə bilər və heç kimə xeyir gətirməyəcək”, -deyə ekspert bəyan edib.
O ki qaldı Nikolun "əgər müharibə başlarsa, onda bu Azərbaycanın özü üçün fəlakət olacaq” sayıqlamalarına ekspert "bu təhlükələr sadəcə bir sözdür. Qarşı tərəfin qorxudulması? Mən hər iki ölkədən səslənən hədələri izləyirəm. Azərbaycanın birinci şəxslərindən Ermənistanı dağıtmaq hədələri yoxdur. Paşinyan tərəfdən isə militarist bəyanatlar səslənir. Mənə elə gəlir - kim ki həqiqətən güclüdür, hücum bəyanatları səsləndirməməlidir” deyib. Əlavə edir ki, bu, daha çox qorxudan verilən bəyanatdır: "Azərbaycan ordusu kifayət qədər peşəkar, hazırlıqlıdır, yaxşı təchiz olunub. Paşinyan Azərbaycanı hərbi düşmən kimi nəzərdən keçirirsə, düşməninə hörmətlə yanaşmalıdır. Bu cür bəyanatlar verilirsə, qoy əməldə göstərsin. Söz oyunu oynamaq gərək deyil. Biz Rusiyada münaqişəyə iki ölkə arasında dialoq, ağıllı yanaşma və vəziyyətin demilitarizasiyası prizmasından baxırıq. Lakin belə hərbi bəyanatlar səslənirsə, necə deyərlər bacarırsan, nümayiş etdir, bacarmırsansa, qışqırma. Sülh və hərbi məsələlər ciddi məsələdir. Bu tip bəyanatlar axmaq və yersiz təsir bağışlayır. Əgər Paşinyan müharibəyə hazırdırsa, mən soruşmaq istəyirəm, erməni cəmiyyəti buna hazırdırmı?”.
Ekspert Ermənistan liderinin KTMT-yə üzv dövlətləri Azərbaycanla qorxutmasına da toxunub. Onun qənaətincə, Ermənistan nə istəsə iddia edə bilər. "Məsələn, o, artıq bəyan edib ki, Njde qəhrəmandır. Halbuki faşist əlaltısı və nasist cinayətkarıdır”, - deyə rusiyalı hərbi ekspert bəyan edib.
Azər


banner

Oxşar Xəbərlər