AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Paşinyana qarşı müxalifətin ittifaqı baş tutacaq?

Paşinyana qarşı müxalifətin ittifaqı baş tutacaq?

Siyasət
25 İyun 2020, 17:23 1894
Ekspertlərin fikrincə, Ermənistanda daxili siyasi vəziyyət mürəkkəbləşəcək
 
Ermənistanın sabiq prezidenti Robert Köçəryan girov müqabilində azad edildikdən dərhal sonra keçmiş silahdaşları ilə görüşlər keçirməyə başlayıb. Onun komanda yoldaşları ilə əsas müzakirə mövzusu isə Ermənistandakı yaranmış siyasi vəziyyət olub. Köçəryanın Sərkisyanla görüşü isə daha çox diqqət çəkib. Sabiq prezidentlərin görüşündə müxalifətin birləşməsi məsələsi də müzakirə olunub.
Bütün bunlar isə onu deməyə əsas verir ki, "Qarabağ klanı” - sabiqlər və müxalif qüvvələr Paşinyana qarşı aktiv fəaliyyətə keçmək üçün bir araya gələcəklər. Robert Köçəryan - Serj Sərkisyan cütlüyünün Paşinyana qarşı mübarizədə yer alacaq əsas fiqurlar sırasında olması istisna olunmur.
Onu da qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyanın siyasi idarəçiliyinin böhrana uğraması, xalqın get-gedə narazılığının artması, xüsusilə koronavirus epidemiyası qarşısında dövlətin və hökumətin acizliyi, müxalifət təşkilatlarının liderlərinin, onları dəstəkləyənlərin siyasi təqiblərə məruz qalması, eləcə də hakimiyyətin qanunsuz yollarla əldə saxlanılmasına hesablanmış konstitusiya düzəlişlərinin həyata keçirilməsi və s. böhranlı vəziyyətlər ölkə müxalifətinin bir araya gələrək mübarizə aparmaq ideyasını da reallaşdırıb. Bu günlərdə Ermənistanın üç əsas müxalifət partiyası -"Çiçəklənən Ermənistan”, "Vətən” partiyaları və "Daşnaksyutun” fraksiyası toplaşaraq birgə qərar qəbul ediblər. Qərara əsasən, Nikol Paşinyana qarşı irəli sürüləcək tələblərə müsbət cavab verməyəcəyi halda, fasiləsiz aksiyaların keçirilməsi, habelə hökumət və parlament binalarına yürüşlər təşkil ediləcək. Hətta hakimiyyətin güc yolu ilə devrilməsini əks etdirən "b” planının da masa üzərində olduğu təkzib olunmur.
Bütövlükdə, hadisələrin gedişi göstərir ki, Paşinyana qarşı əksinqilab olacağı ilə bağlı proqnozlar özündə reallığı əks etdirməyə başlayıb. Bəs görəsən, Paşinyana qarşı Koçəryan-Sərkisyan və digər müxaliflərin ittifaqı baş tutacaqmı?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında "Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirdi ki, eks-prezident Robert Köçəryan həbsdən çıxandan sonra onun baş nazir Nikol Paşinyana qarşı fəaliyyətə başlayacağı gözlənilən idi: "Doğrudur, həbs onun səhhətinə mənfi təsir edib və o azadlığa çıxandan sonra ilk olaraq müalicəyə ehtiyacı olduğunu bildirib. Buna baxmayaraq, Köçəryan anlayır ki, vaxt itirə bilməz. İndiki halda onun qarşısında iki məqsəd var.
Birinci məqsədi, başsız qalan "Qarabağ klanı”nın liderliyinə gəlməkdir. O, məhz bu məqsədlə keçmiş prezident Serj Sərksiyanla görüşüb. Onlar Dağlıq Qarabağda işğala birlikdə başlayıblar, həmfikir olublar. Köçəryan Ermənistanda prezidentlik müddətini bitirdikdən sonra ali kürsünü silahdaşı Sərkisyana ötürüb. Ancaq daha sonra Köçəryan ara-sıra hakimiyyətdə olan Serj Sərkisyanı tənqid edib. Buna baxmayaraq, indi hər ikisi Nikol Paşinyana müxalifətdədirlər və deməli, baş nazirə qarşı birlikdə hərəkət edə bilərlər.
Köçəryanın ikinci məqsədi Ermənistanda "Qarabağ klanı” ətrafında daha böyük müxalif bloku formalaşdırmaqdır. Məsələn, Paşinyan "Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyanı həbs etməyə çalışır. Bu partiyanın Ermənistanda müəyyən tərəfdarları var. Köçəryan Sərkisyanla birgə Tsarukyanı və onun tərəfdarlarını birliyə çağıracaqlar”.
E.Şahinoğlu vurğuladı ki, Robert Köçəryan üçün çətin olacaq: "Çünki, "Qarabağ klanı”nın Ermənistan parlamentində fraksiyası yoxdur. Digər tərəfdən Ermənistandakı ağır vəziyyətə baxmayaraq, Paşinyanın reytinqi Köçəryanla Sərkisyanın reytinqindən üstündür. Ancaq o da bəllidir ki, Köçəryan dinc dayanmayacaq. Onun Ermənistanda reytinqi yüksək olmasa da, Dağlıq Qarabağ separatçıları arasında tərəfdarı çoxdur. Bundan başqa, Köçəryanı Moskva dəstəkləyir. Bu da, Ermənistanda hakimiyyəti ələ keçirmək üçün əsas amillərdən biridir. Odur ki, Paşinyanı ağır günlər gözləyir”.
Siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirdi ki, sabiq dövlət başçısı Robert Köçəryanın həbsdən çıxması, köhnə komandanın toparlanmasına gətirib çıxaracaq: "Hazırkı siyasi vəziyyətə qarşı yeni güc formalaşdıracaq. Məhz sabiq prezident və silahdaşı Serj Sərkisyanla görüşü buna hesablanıb. Amma Ermənistanda daxili dəstəyə malik olmadıqları üçün bunu Rusiya və orduda olan adamları vasitəsilə etməyə çalışacaqlar”.
M.Əsədullazadə qeyd etdi ki, əsas plan Qarabağda separatçıları öz tərəflərinə çəkmək və buradakı generallarla təmasları sıxlaşdırmaqdır: "Hesab edirəm ki, Köçəryan bu istiqamətdə çalışacaq və Paşinyana qarşı payız aylarından başlayaraq təzyiq etməyə çalışacaq. Serj Sərksiyan və Robert Köçəryan, Sarukyan üçlüyü digər müxalif qüvvələrə də "stavka” edə bilər. Məhz onların pərdə arxasında qalıb, digər qüvvəni ortaya atma ehtimalı var. Bununla da Paşinyana qarşı yeni siyasi cəbhəni formalaşdıra bilərlər. Bu istiqamətdə işlər gedir və düşünürəm ki, Köçəryan Moskvadan təlimatlar almaqla bunu reallaşdıracaq. Hətta Ermənistanın sabiq baş naziri, oliqarx və Rusiyada yaşayan Karapetyanı da buna cəlb edəcəklər. Rusiyada olan erməni biznesmenləri Köçəryanı maliyyələşdirəcəklər və yeni siyasi qüvvə adı ilə ortaya çıxıb Paşinyanın devrilməsi üçün ciddi hazırlıqlar görəcəklər. O cümlədən, pul vasitəsilə ordunun bəzi generallarını öz tərəflərinə çəkəcəklər. Qeyd edim ki, Ermənistan ordusunda "Qarabağ klanı”na rəğbət edənlər çoxluq təşkil edir və onların da əsas hədəfi Paşinyanın devrilməsidir. Göründüyü kimi, Ermənistanda Paşinyana qarşı daxili siyasi vəziyyət mürəkkəbləşəcək”.

BƏXTİYAR