• cümə, 26 Aprel, 08:35
  • Baku Bakı 12°C

Paşinyan üçün kabusa çevrilən “klub”

14.03.19 21:34 650
Paşinyan üçün kabusa çevrilən “klub”
Nikol Paşinyan hakimiyyətinə qarşı sərt tənqidlərinə ara verməyən Ermənistanın "1in.am” saytı növbəti ifşaedici materiala çıxış edib. Saytda dərc olunan məqalədə erməni müəllif yazır ki, Moskvanın "Dialoq” təşkilatının sədri Yuri Navoyan Ermənistan hökumətinə açıq məktub göndərərək Konstantin Zatulinin qurduğu "Lazarev klubu”nun gələcək hədəfləri haqda narahatlıq ifadə edib. Navoyan öz məktubunda özəlliklə baş nazir Nikol Paşinyana, prezident Armen Sarkisyana, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryana və parlamentin spikeri Ararat Mirzəyana müraciət edib."Siz bilirsinizmi ki, Zatulin Ermənistanda devrilmiş güclərin birləşməsinə və qisas almasına yardım etməyə can atır?” deyən Navoyan aydınca vurğulayır ki, klub Koçaryanyönlü istiqamətə malikdir. Bu o mənada sirr deyil ki, Koçaryanın özü azadlıqda olduğu vaxt, klubun toplantılarından birində nitqlə çıxış edib. Və mübahisəli fəaliyyəti olanbu klubun son yığıncağında Qarabağa bitişik ərazilərin Azərbaycana verilməsi yolu ilə Dağlıq Qarabağ münaqişəsini həll etməyə çağırış olub”, - deyə məqalədə vurğulanır.
Yeri gəlmişkən, Navoyan habelə ortalığa çıxardır ki, klubun gizli imzaçılarından biri Ermənistan Respublika Partiyasının vitse-prezidenti Vigen Sarkisyandır. Daha sonra müəllif yazır ki, siyasi və seçki texnologiyaları üzrə ekspert Armen Bədəlyanın fikrincə, bu klubun fəaliyyəti Ermənistanın daxili-siyasi həyatına, çətin ki, hər hansı təsir göstərər:"Bu, yalnız bizim daxili-siyasi proseslərimiz haqqında Rusiyanın bəzi ekspert çevrələrinin rəyini formalaşdıra bilər. Amma özəlliklə Ermənistan hökuməti adekvat islahatlar aparsa, daxili-siyasi proseslərə ciddi təsir göstərməz”.
Bədəlyan vurğulayıb:"Nəhayət, anlamalıyıq ki, Ermənistanın taleyi Ermənistan vətəndaşlarının, hökumətyönlü və müxalif güclərin, müxtəlif QHT-lərin əlindədir. Aydındır ki, bu klub qurulub və keçmiş hakimiyyətin bəzi seqmentləri onda öz rolunu oynayır. Amma bu, Ermənistanın daxili-siyasi həyatına mənfi təsir edən klub deyil. Hökumət və müxalifət günün adekvat gündəliyini və ya islahatlar proqramını təqdim etməsə, Ermənistanın siyasi həyatı ziyan görəcək. Düşünürəm ki, gerçək təhlükə bundadır”.
Bu klubun Ermənistanın devrilmiş siyasi gücləri vasitəsilə qisas həyata keçirməyə çalışdığı haqda baxış nöqtəsinə gəlincə, Armen Bədəlyan cavab verib: "Əlbəttə, bunun piar mənası var. Qisas, seçkilər zamanı seçki prosesi vasitəsilə və konstitusiya üsulları ilə təşkil edilə bilər. Lakin onlar keçmiş hökumətin indiki potensialına görə hakimiyyətə gələ bilməzlər. Ola bilsin, ERP və ya Daşnaksütyun gələcək parlament seçkiləri zamanı parlamentə girə bilər, amma indi siyasi meydanda yoxluqları və rebrendinqin mümkünsüzlüyü üzündən belətəşvişə düşməyi çox məntiqsiz sayıram. Hakimiyyət islahatlara getməsə, keçmiş hakimiyyət isə rebrendinqə məruz qalarsa, bu, tamamilə mümkündür. Mənim fikrimcə, klub indi buna bənzər heç nə edə bilməz, hər halda, mən belə bir iddiada olmazdım. Onların təşkil etdikləri piar keçmiş hakimiyyətiqaytarmaq üçün olduqca cüzidir”.
Politoloq Qagik Ambaryan"1in.am”a açıqlamasında ERP-dən keçmiş deputatların daxil olduqları "Qriboyedov” klubunun fəaliyyətini yada salıb: "Klub sonradan özünü tükətdi, Rusiya hökuməti yenisini yaratmağı qərara alıb.Bu, indi Rusiyada başda Zatulin olmaqla erməniyönlü lobbiçilik fəaliyyəti aparan, demək olar, eyni məqsədi olan "Lazarev klubu”dur. "Məxməri inqilab”dan sonra bizə bəlli oldu ki, Zatulin açıq anti-Paşinyan xətti tutub. Cənab Navoyanın bəyanatı bu mənada böyüksürpriz olmamalıdır”. Ambaryanın sözlərinə görə, indi problem sıradakındadır:"Ermənistan hökuməti bu klubun fəaliyyətinə, ona sərf edən şəkildə rəhbərlik edə biləcəkmi? Buna güclü şübhəm var”. Ambaryan qeyd edib ki, Dövlət Dumasında erməniyönlü deputatlar olsalar da, Rusiya siyasi elitası, yumşaq deyilsə, Paşinyana və komandasına tənqidi yanaşır:"Cənab Navoyanın xəbərdarlığı əsasında Ermənistan hökumətinin bu kluba qarşı demarşının Ermənistan-Rusiya münasibətləri üçün nəticələrinin necə olacağını bilmirəm. Ermənistan-Rusiya münasibətləri mürəkkəb mərhələdədir, bunun parlaq sübutu konkret anti-Paşinyan fəaliyyətlə məşğul olan bu klubun işidir”.
Saytda dərc olunan başqa bir materialda isə vurğulanır ki, Navoyan faktiki olaraq bəyan edib ki, klubun məqsədi Ermənistanın daxili işlərinə qarışmaqdır. Müəllif yazır ki, bu günə qədər "Lazarev klubu” ilə bağlı konkret ittiham səsləndirən şəxs var Lakin bu ittihamları klubun iştirakçıları tərəfindən təkzib edən yoxdur. "Ola bilsin, susmaq da çox şeydən xəbər verir. Digər tərəfdən klubun daxili və xarici məqsədləri bəllidir”, - deyə müəllif yazır.
Beləliklə, gəlinən nəticə odur ki, "Lazarev klubu”nun fəallaşması heç də elan edildiyi kimi, Ermənistana olan təhlükələrə qarşı birgə fəaliyyət aparmaq yox, mövcud hakimiyyəti dəyişməkdir. Hazırkı hakimiyyət də bunu gözəl anlayır. Elə bu səbəbdən də, onun heç bir iclasında hakimiyyətdən kimsə iştirak etməyib. Bu faktdan istifadə edərək ekspertlər hesab edirlər ki, "Lazarev klubu” heç bir əhəmiyyəti olmayan, siyasi çirkab içində olan süni qurumdur. Onların qənaətincə, "Lazarev klubu”nun yaradılmasında digər məqam Rusiyada bir sıra dairələrin Nikol Paşinyanın apardığı siyasətə etibar etməməsi ilə əlaqəli ola bilər. Onlar hesab edirlər ki, N.Paşinyan sözdə Rusiya ilə strateji tərəfdaşlıqdan bəhs edir, əməldə isə başqa addımlar atır.

Azər
banner

Oxşar Xəbərlər