Paşinyan sərt ittihamlarla üz-üzə

Paşinyan sərt ittihamlarla üz-üzə

Siyasət
22 Aprel 2019, 18:33 232
Nikol Paşinyan populist çıxışları ilə cəmiyyətin bütün zümrələrində ciddi narazılıq doğurmaqdadır. İnsanlar artıq baş nazirin boş vədlərindən bir növ boğaza yığılıblar. Çıxış yolunu hər həftə canlı bağlantılar etməkdə görən baş nazir ümid edir ki, bununla uğursuzluqları aşa biləcək. Erməni müxalifəti də baş nazirin düşdüyü bu vəziyyətdən yararlanmağa çalışır. Keçmiş iqtidar partiyası - Ermənistan Respublikaçılar Partiyası sədrinin müavini Armen Aşotyan "facebook”da birbaşa bağlantıda bildirib ki, Paşinyanın ötən günkü efiri növbəti PR-aksiya idi. "Mətbuat konfransı daha çox verilən vədlərin yerinə yetirilməsinə həsr olunsa da, baş nazir hər şeydən danışdı, bir bu məsələdən başqa. Paşinyan bildirir ki, onun büdcəni artırmaq barədə vədi 30-40 faiz reallaşır. Bunu da onunla əsaslandırır ki, 2018-ci il büdcəsinin gəliri 10 faizi artıb. Lakin bütün bunlar real deyil. Onun diqqətinə çatdırım ki, ötən ilin dövlət büdcəsinin gəlir hissəsinin 2017-ci ildə artırılması nəzərdə tutulurdu. Əminəm ki, hakimiyyət dəyişikliyi olmasaydı belə, büdcə artırılacaqdı”, - deyə A.Aşotyan bildirib. Onun qənaətincə, Paşinyanın digər yalanı "Saşikin spidomertləri”dir: "Paşinyan mətbuat konfransında əvvəlki hakimiyyətin mənasız cərimələrindən danışır və iddia edir ki, 25 mln. dollarlıq cərimələri silib. Lakin bu cərimələr büdcə hesabına silinib - yəni sizin və bizim pullarımız hesabına. Paşinyan bu günə qədər "Saşikin spidometrləri” formulirovkasından istifadə olunmasına aydınlıq gətirmir. Sübut edə bilər ki, bu spidiometrlər həqiqətən də Saşika aiddir? Keçmiş yüksək rütbəli polis əməkdaşı, indi isə deputat olan biri bir neçə dəfə bildirib ki, bu spidiometr heç bir zaman Saşikə məxsus olmayıb. Nikol Paşinyan bizim qulağımızı doldurur. Hanı sübutlar?”- deyə Aşotyan sual verib. Müxalifət funksioneri daha sonra 1 Mart mövzusuna toxunub. Xatırladıb ki, Paşinyan hakimiyyətdə olduğu 100-cü gün - avqustun 17-də bildirib ki, bu cinayət işinin üstü 100 faiz açılıb. "Tam əminliklə deyə bilərəm ki, bu, belə deyil. Onun başlatdığı cinayət işi heç nəyin üstünü açmayıb. 10 nəfərin ölümü ilə nəticələn hadisə və gülləbarana səbəb olan şəxslərin kimlikləri bəlli deyil”, - deyə Aşotyan bəyan edib. Onun qənaətincə, Paşinyan təkzib etsə də, Ermənistanda siyasi məhbuslar mövcuddur. Məsələn, Robert Koçaryan. Paşinyanın vendettalar və siyasi barışıq barədə bəyanatları onun tərəfindən manipulyasiyadır. N.Paşinyanın baş nazirliyi planında xarici siyasət barədə danışan müxalifət funksioneri bildirib ki, Ermənistanın strateji müttəfiq belə, onu rəsmi səfərlə dəvət etmək niyyətində də deyil. Yəqin ki, Aşotyan siyasi müttəfiq dedikdə Rusiyanı nəzərdə tutur.
Öz növbəsində "Modus vivendi” analitik mərkəzinin rəhbəri Ara Papyan da hesab edir ki, Ermənistanın yeni hakimiyyəti verdiyi vədləri yerinə yetirə bilmir. Onun sözlərinə görə, müəyyən irəliləmələr var, lakin bu da cəmiyyətin mənəvi-psixoloji vəziyyətindən irəli gəlir. Papyan ilk növbədə hesab edir ki, Konstitusiya dəyişməlidir. Söhbət hissə-hissə deyil, kompleks yanaşmadan gedir: "Ermənistana parlament üsul-idarəsinə keçməsinin uyğunluğunu müzakirə etməliyik. Axı biz bilirik ki, super baş nazirlik nə məqsədlə yaradılıb. Əgər hakimiyyətin müvafiq ambisiyaları yoxdursa, onda sistemi dəyişmək gərəkdir. Çünki, parlament üsulu artıq işləmir. Partiya şəxsiyyətlər üzərində qurulur və bu, hakim partiyaya da aiddir. Əgər Nikol Paşinyanın şəxsiyyəti olmasaydı, onda "Vətəndaş müqaviləsi” əvvəlki seçkilərdəki qədər səs toplayardı.
N.Paşinyanın konkret hansı vədləri yerinə yetirmədiyinə toxunan Papyan onun reapatrasiya ilə bağlı fikirlərini xatırladıb: "Lakin reapatrasiyanın yüngülləşdirilməsi üçün qanunvericilikdə hansısa bir islahat aparılıbmi? Yox. Kim gəlmək istəyirsə, bürokratiya ilə qarşılaşır. Heç bir iş görülmür, sadəcə vədlərdir. Oğurlanan pulların geri qaytarılacağı barədə vədlər yerinə yetirilmədi. Nə üçün Miqran Poqosyan və Saşik Sarkisyana getməyə icazə verildi? İnsanlara onlar barəsinə istintaq tədbirlərinin başlana biləcəyi barədə məlumat verilir. Onlar da gedirlər, sonra da axtarış başlayır. Bu, aydın deyil. Başqa ölkələrdə belə deyil. Axı cəmiyyət geci-tezi belə bir sual verəcək ki, nə baş verir? Əgər vədlər yerinə yetirilməyəcəksə, onda belə çıxır ki, hər şey hakimiyyətə gəlmək üçün gərək idi? Bir il ərzində qiymətlər qalxıb, hətta maaşları artanların belə alıcılıq qabiliyyəti aşağı düşüb”.
Ermənistan Respublikaçılar Partiyasının mətbuat katibi Eduard Şarmazanov da hakimiyyəti kəskin tənqid edib: "Nikol Paşinyan Vətəndaş günü ilə bağlı 124 mln. dram ayırıb. Necə oldu ki, deputat olanda tez-tez dilə gətirdiyi babaları, nənələri unudub. Borcu olan bu kateqoriyadan olan insanlar barədə tez-tez danışırdı. Cənab Paşinyan, nə oldu, bu insanlar o qədər pullandılar ki, sən Vətəndaş gününə 124 mln. dram ayırırsan? Yalnız bayramlar təşkil edirsən. Yaxşı olardı ki, bu pulu həmin şəxslərin borclarının ödənməsinə ayırardın”. E.Şarmazanov hakimiyyəti ölkənin xarici siyasətini məhv etməkdə də günahlandırıb. "Baş nazir bir dəfə bildirib ki, Rusiya-Ermənistan münasibətləri indiki qədər gözəl olmayıb. Mən əvvəlcə sevindim. Lakin sonra anladım ki, Paşinyan ya eyforiya vəziyyətində olub, ya da sadəcə zarafat edib. Əgər münasibətlər belə yaxşı idisə, onda niyə qazın qiyməti qalxdı, hakim partiyanın deputatları Rusiya telekanallarının yayımının dayandırılmasının zəruriliyini bildirirlər. Niyə bizim KTMT üzrə müttəfiqlərimiz Ermənistanın nümayəndəsinin quruma namizədliyini dəstəkləmədi? Əgər münasibətlər əladırsa, niyə Rusiyaya qarşılıqlı dövlət səfərləri baş vermir?”, - deyə keçmiş vitse-spiker vurğulayıb.
 
Azər NURİYEV