AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Paşinyan separatçılara qarşı

Paşinyan separatçılara qarşı

Siyasət
25 Fevral 2020, 17:20 843
Baş nazir separatçı qurumda öz adamlarını yerləşdirməyə çalışır

Münxendə Qarabağla bağlı keçirilən debatın yekunlarının müzakirəsi başa çatmamış Nikol Paşinyan növbəti qalmaqallı bəyanatı ilə gündəmi dəyişməyə çalışır. Düzdür, bu dəfə açıqlamanı vətənində, komfortlu şəraitdə, ən əsası opponentlərsiz səsləndirib. Onun Azərbaycan lideri İlham Əliyevlə debatda məğlubiyyətini hətta erməni mətbuatı da etiraf edib. Beləliklə, baş nazir Münxendə səsləndirdiyi fikirləri təkzib edib və bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində hər hansı bir ərazinin qaytarılmasından söhbət gedə bilməz. Sözsüz ki, mövqeyin dəyişməsinə səbəb Münxendəki məğlubiyyətindən diqqəti yayındırmaqdır. Baş nazirin fikrini dəyişməsində başqa səbəb martın 31-də qondarma qurumda keçiriləcək "parlament və prezident” seçkiləri də ola bilər. N.Paşinyanın bu "seçki”lərdən sonra ritorikanı yumşaltmasının mümkünlüyünü "Moskva-Baku” portalına müsahibəsində rusiyalı politoloq, PolitRUS portalının rəhbəri Vitali Arkov şərh edib. "Paşinyan bəyan edib ki, Dağlıq Qarabağ məsələsində heç bir ərazi güzəştindən söhbət getmir. Görəsən bu, onun Qarabağla bağlı mövqeyinin  dəyişməsidirmi? Yoxsa Paşinyan qondarma qurumda seçkilər ərəfəsində ritorikanı sərtləşdirir? Bəlkə parlamentdə və prezident postunda öz adamlarını yerləşdirməyə çalışır?”, - deyə ekspert bildirib. Rusiyalı politoloqun qənaətincə, digər tərəfdən Paşinyan yalan danışmır: "Ermənistan həqiqətən də Dağlıq Qarabağ məsələsində Azərbaycana güzəştə getmək istəmir. Bu, hakimiyyətlə əhalinin böyük bir hissəsinin həmrəylik nümayiş etdirdiyi məsələdir. Dağlıq Qarabağın gələcək statusu məsələsində diskussiya mümkündür və Bakı da bunu aparmağa hazırdır. Rəsmi Bakı mərhələli həll variantını müdafiə edir. Məsələn, regiona geniş muxtariyyət statusu verilməsinə hazırdır. Eyni zamanda iki dildə danışmaq, erməni dildə orta təhsil və s. O ki qaldı Dağlıq Qarabağ ətrafında işğal olunan rayonlara - bu məsələ çoxdan beynəlxalq müşahidəçilərin imza atdığı sənədlərlə həllini tapıb və möhkəmlənib. Bizlər isə bu məsələ ətrafında Yerevanın son illər yeni və yeni "istəkləri”nin şahidi oluruq. Bu, imzalanan razılaşmaları yerinə yetirməmək cəhdindən və Azərbaycanın işğal olunan torpaqlarına nəzarəti ələ almaq arzusundan irəli gəlir”. 31 mart "seçkiləri”ndən sonra Paşinyanın hansı addım atacağına gəldikdə, ekspert hesab edir ki, baş nazir Qarabağ klanını təmsil etmir. Onlarla sərt mübarizə aparır.
 "EADaily” nəşri yazır ki, mart "seçki”lərində əsas mübarizə qondarma qurumun "XİN” rəhbəri Masis Mailyan və sabiq "dövlət naziri” Araik Arutunyan arasında gedəcək. Sayta açıqlamasında VERELQ portalının rəhbəri Vigen Akopyan bildirib ki, seçkiqabağı yarışda favorit yoxdur. Onun sözlərinə görə, "seçki”yə marağın yüksək olması onunla bağlıdır ki, yekunda Qarabağda tamam başqa daxili siyasi reallıq formalaşacaq: "Yeni prezident, yeni parlament və yeni hökumət olacaq”.
Erməni siyasilərində isə məsələyə fərqli münasibət mövcuddur. Onların qənaətincə, Paşinyan nəyin bahasına olursa-olsun bölgədə vəziyyəti nəzarətinə almaq istəyir. "Paşinyanın Dağlıq Qarabağ bəyanatında müxtəlif şeyləri təsvir etmək olar”. Bunu erməni politoloq Stepan Danielyan deyib. Politoloqun sözlərinə görə, variantlardan biri budur ki, Ermənistan və qondarma qurum arasında hansısa fikir ayrılıqları var və bunların həqiqi olub-olmadığı məlum deyil, lakin bu hal həmsədrlərə və Azərbaycana belə bir problemin var olduğunu və əlavə müzakirənin olmalı olduğunu göstərir. "Yəni, Paşinyan məsuliyyəti qondarma qurumun "rəhbərliyi”nin üzərinə atır. Yeri gəlmişkən, əvvəlki hakimiyyət də bu cür vasitələrə əl atırdı, Qarabağdan istifadə edirdi, "bizim aramızda fikir ayrılıqları var” deyirdi və bu, xarici siyasət üçün edilirdi. Digər tərəfdən, bəlkə də real fikir ayrılıqları var, lakin daxili mətbəxlə tanış deyilik, Qarabağ "rəhbərliyi” ilə nə danışıldığını bilmirik, üstəlik də bu "rəhbərlik” tezliklə dəyişiləcək”, - deyə erməni politoloq bildirib.
Öz növbəsində qondarma qurumun "təhlükəsizlik şurasının keçmiş katibi” Vitali Balasanyan da Paşinyanın yürütdüyü siyasəti sərt tənqid edib. "Gəlin, kiminsə ünvanına qiymətləndirmələr səsləndirməyək. Lakin mən öz baxışımı söyləyə bilərəm”. O qeyd edib ki, Ermənistan hakimiyyəti son 2 ildə danışıqlar prosesində uğursuz olub. Son 2 ildə Ermənistanın siyasi hakimiyyəti baş nazir Nikol Paşinyanın timsalında Qarabağ məsələsi danışıqlarında uğursuz olub. Bu gün çoxları Azərbaycanın ərazi bütövlüyü barəsində danışır, BMT tribunasından da dövlətlərin ərazi bütövlüyü haqqında danışırlar, Minsk qrupu da ərazi bütövlüyünün vacibliyini dilə gətirir”, - deyə Balasanyan bildirib. Balasanyanın sözlərinə görə, Ermənistanın hazırkı hakimiyyəti Sankt-Peterburq və Vyana razılaşmalarını heç nəyə çevirib. "Ermənistanın keçmiş hakimiyyətinin Dağlıq Qarabağ məsələsi ilə bağlı mirası Sankt-Peterburq, Vyana razılaşmaları idi, hazırkı hakimiyyət onları heç nəyə çevirdi”, - deyə o qeyd edib.
Belə bir mürəkkəb durumda qondarma qurum hərbi birləşmələrin rəhbərliyində dəyişiklik etmək qərarına gəlib. Ermənistanın işğal altında olan Qarabağda yerləşdirdiyi qanunsuz "hərbi birləşmə”nin komandiri Karen Abrahamyan tutduğu vəzifədən azad olunub, onun yerinə "hərbi birləşmə”nin "qərargah rəisi” olan Calal Harutyunyan təyin olunub. Harutyunyan 1992-ci il noyabrın 5-dən başlayaraq Ermənistanın işğal altında olan Qarabağda yerləşdirdiyi qanunsuz "hərbi birləşmə”də xidmət edir. O, 2018-ci il dekabrın 14-də Qarabağda yerləşdirilmiş qanunsuz "hərbi birləşmə”nin "komandirinin birinci müavini” – "qərargah rəisi” təyin olunub. 2019-cu il iyulun 8-də general-mayor hərbi rütbəsi ilə təltif olunub. Harutyunyan 1992-1994-cü illərdə Qarabağda işğal əməliyyatlarında iştirak edib.

Azər NURİYEV