AZE | RUS | ENG |

Paşinyan repressiyaları gücləndirir

Paşinyan repressiyaları gücləndirir
Bu dəfə H2 televiziyasının və “Yerevan.Today” saytının sahibi həbs edildi

Nikol Paşinyanın idarə etdiyi Ermənistanda kriminogen, iqtisadi, sosial durum gərgin olaraq qalır. Parlament-Paşinyan qarşıdurması artıq pik həddə çatıb. Görünən odur ki, böyük ehtimalla baş nazir istəyinə çatacaq və dekabrda növbədənkənar parlament seçkiləri keçiriləcək. Baş nazir onun bu təklifinə qarşı çıxan "Çiçəklənən Ermənistan” və "Daşnaksütyun” partiyaları ilə ayrı-ayrılıqda görüşüb məsləhətləşmələr aparacağını bildirib. Yerevanın keçmiş meri Vaaqn Xaçatryan hesab edir ki, tərəflər arasında qarşıdurma ötəridir və böyük ehtimalla "Çiçəklənən Ermənistan” sonda "Yelk” blokunun növbədənkənar seçkilərin dekabrda keçirilməsi barədə təklifinə hə deyəcək. "Məsələ ondadır ki, indiki vəziyyətdə gərginlik axtarmaq düzgün deyil. Çarukyan konkret olaraq inqilab zamanı Paşinyanı müdafiə etdi. İndi də bəyan edir ki, Paşinyanın tələbinə qarşı olmayacaq. Lakin sonrakı müddətdə tərəflər arasında gərginlik arta bilər”, - deyə ekspert bildirib.
Paşinyana qarşı çıxan Ermənistan Respublika Partiyasının parlament fraksiyasının rəhbəri Vaqram Baqdasaryan isə növbədənkənar seçkilərlə bağlı hər hansı bir qərar qəbul etmədiklərini bildirib. Onun sözlərinə görə, dekabrda seçkilərə getmək çox təhlükəli addımdır. "Gələcəkdə qanunverici orqan bir qurumun nəzarəti altına düşə bilər”, - deyə o bildirib. Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov isə deyib ki, Ermənistanın indiki hökuməti gözəl şüarlar, demaqogiya, selfidən başqa heç bir iş görmür: "Paşinyanın dedikləri ilə etdikləri fərqli şeylərdir. Bununla da o, parlamenti mühasirəyə aldırır”. E.Şarmazanov Paşinyanın parlamenti mühasirəyə aldırmasını 1993-cü ildə Rusiyada küçədə və parlamentdə baş verən silahlı qarşıdurma ilə müqayisə edib. Deputat Armen Aşotyan isə bildirib ki, Paşinyan özünü ölkədə diktatura rejimi bərqərar etdiyi barədə kütləvi ittihamlardan kənar tutmağa çalışır.
Yeri gəlmişkən, Paşinyanın repressiya aparatına çevrilmiş Xüsusi İstintaq Komitəsi özünün peşə bayramını qeyd edir. Dünən baş nazir qurumun əməkdaşlarının yubiley mərasimində çıxışında onların fəaliyyətini yüksək qiymətləndirib. "Sizlərə göstərdiyiniz səylərə görə təşəkkür edirəm. Barrikadaları söküb dağıtmağın vaxtı çatıb. Qarşıdan növbədənkənar seçkilər gəlir”- deyə baş nazir bildirib. Baş nazir növbəti sərt bəyanatını da səsləndirib. "Əgər kimsə xalqa problem yaratmaq rolunu üzərinə götürmək qərarını veribsə, o zaman xalq özü bu problemin ləğvi yolunu tapacaq”, - deyən baş nazir əlavə edib ki, hazırda Ermənistan parlamenti de-fakto buraxılıb. İndi sadəcə onun de-yure buraxılması həll edilməlidir: "Əgər xalq qərar qəbul edibsə ki, bu hökumət getməlidir, o zaman hökumət istefaya getməlidir. Mən özümü bu prosesin zəmanətçisi sayıram”.
Baş nazirin sözlərindən ruhlanan əməkdaşlar isə dərhal ölkədə kütləvi həbslərə start veriblər. Bu dəfə onlar eks-prezident Robert Koçaryanın yaxın adamı olan biznesmen Samvel Mayrapetyanı həbs ediblər. Bu barədə məlumatı Ermənistan Xüsusi İstintaq Komitəsi yayıb. O, H2 televiziyasının və "Yerevan.Today” saytının sahibidir. Bunun ardınca Ermənistan parlamentinin keçmiş deputatı Levon Sarkisyan on il əvvəl törədilən cinayətə görə həbs edilib. Bildirilib ki, 2008-ci ilin oktyabrında Ermənistan Dövlət Gömrük Komitəsinin keçmiş başçısı Armen Avetisyanın malikanəsinə silahlı hücum edilib. "Ayaqqabı şəhəri” Açıq Səhmdar Cəmiyyətinin təsisçisi Ara Karapetyan və Yerevanın Nor-Nork rayonunun keçmiş polis rəisi Armen Nikoqosyanın yaratdığı quldur dəstəsinin 10 üzvü bu cinayətə görə 2011-ci ilin mayında 15 il müddətinədək azadlıqdan məhrum edilib. İlkin məlumata görə, basqının sifarişçisi keçmiş deputat Levon Sarkisyan olub. Cinayətdən sonra L.Sarkisyan oğurlanmnış qızıl-zinət əşyalarını və bahalı saatları qarətçilərin əlindən alıb. 2018-ci ilin oktyabrında keçmiş deputatın malikanəsi və mənzilində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində xeyli sayda silah-sursat, o cümlədən "AK-74” avtomatı, qumbara və qumbaraatan, 4000 müxtəlif çaplı güllə aşkarlanıb. L.Sarkisyan və qohumu həbs edilib.
Bununla paralel olaraq Ermənsiatnda kriminogen durum da ağırlaşıb. Yerevanın mərkəzi restoranlarından birində günün-günorta çağı eks-deputat Karo Karapetyan qətlə yetirilib. Eks-deputatın qətlə yetirildiyi "Pietro-Beretta” markalı silahın daha bir eks-deputat Arutyun Qaragözyana məxsus olduğu bildirilib. Silah 2001-ci ildə Ermənistanın o vaxtkı baş nazirinin qərarı ilə Qaragözyana verilib. Yerevanın Davitaşen rayonunun ikinci məhəlləsində Arutyun Qaragözyanın özünün də cəsədi tapılıb. Eks-deputatın intihar etdiyi bildirilib. Eks-deputatlardan birinin öldüyü, digərinin intihar etdiyi bildirilən qanlı atışmada daha bir eks-deputatın iştirak etdiyi üzə çıxıb. Erməni mediası yazıb ki, Karo Karapetyanla Arutyun Qaragözyanın mübahisəsinə eks-deputat Abraam Manukyan şahidlik edib. Bildirilir ki, keçmiş deputatlar arasında mübahisə maliyyə məsələlərinə görə olub, Manukyan isə onları "sakitləşdirmək” üçün müzakirədə iştirak edirmiş. Qanlı atışmadan sonra polisə məlumat verən də Manukyan olub.
Ekspertlər hesab edir ki, Ermənistanda gərginləşməkdə olan ictimai-siyasi durum daha qanlı sonuclara gətirib çıxara bilər. Əsas səbəb də budur ki, baş nazir Nikol Paşinyan rəqiblərini sıradan çıxarmaq üçün daha sərt və repressiv addımlara üstünlük verməyə başlayır. Bu da öz növbəsində təkcə müxalifətdə yox, elə bütün cəmiyyətdə narazılıq yaradır, qarşıdurma əhval-ruhiyyəsini yüksəldir.
 
Azər

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6331
GBP 1 İngilis funt sterlinqi 2.2267
TRY 1 Türk lirəsi 0.3042
KWD 1 Küveyt dinarı 5.6079
SEK 1 İsveç kronu 0.1895
EUR 1 Avro 1.9550
CHF 1 İsveçrə frankı 1.7090
USD 1 ABŞ dolları 1.7000