AZE | RUS | ENG |

Paşinyan Qarabağ məsələsində məsuliyyətini dərk etmir

Paşinyan Qarabağ məsələsində məsuliyyətini dərk etmir
Millət vəkillərinin sözlərinə görə, Ermənistan rəhbərliyi anlamalıdır ki, Aprel döyüşləri daha mürəkkəb ssenari üzrə təkrarlana bilər

Ermənistanın yeni baş nazirinin fəaliyyətə başladığı ilk günlərdən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ziddiyyətli bəyanatları populist xarakter daşıyır. Nikol Paşinyanın "Azərbaycan qondarma "Dağlıq Qarabağ Respublikası” ilə danışıqlar aparmalıdır” tezisi isə ümumiyyətlə qəbuledilməzdir. Hər kəsə məlumdur ki, Azərbaycanın əraziləri Ermənistan tərəfindən işğal edilib və Dağlıq Qarabağdakı qondarma rejimin arxasında Ermənistan durur. Buna görə də Paşinyanın bu kimi iddiaları indiki məqamda danışıqlar prosesini pozmaq məqsədi daşıyır.
 
O cümlədən Paşinyanın Azərbaycanın işğal edilmiş rayonlarının guya qondarma rejimin tərkib hissəsi olması kimi bəyanatları da Ermənistan rəhbərliyinin beynəlxalq qanunlara, beynəlxalq ictimaiyyətə, xüsusilə də ATƏT-in Minsk qrupu həmsədrlərinə hörmətsizliyinin bariz nümunəsidir.
Bir məqamı da qeyd edək ki, Paşinyan son Rusiya səfəri zamanı üzləşdiyi uğursuzluğu məsuliyyətsiz bəyanatlar ilə kompensasiya etməyə və ölkə əhalisi arasında nüfuzunu qorumağa çalışır. Populist vədlər verərək hakimiyyətə gələn Paşinyan indiki halda mövcud reallıqları dərk etməyə başlayıb və düşdüyü mürəkkəb durumu necə həll edəcəyini bilmir.
 
Özündən əvvəlki hakimiyyət mənsublarına qarşı repressiyaların təşkili, demokratiya adı altında insan haqlarının kütləvi şəkildə pozulması hallarının durmadan artması, siyasi rəqiblərinin qeyri-qanuni yollarla neytrallaşdırılması, faktiki olaraq diktatura üsul-idarəsinin tətbiq edilməsi, iqtisadi tənəzzülün dərinləşməsi, ölkədə vəziyyətin daha da pisləşməsi – Paşinyanın hakimiyyətdə olduğu qısa müddəti əyani şəkildə göstərən faktlardır.
Azərbaycan prezidenti İlham Əliyevin də vurğuladığı kimi, ATƏT bu kimi hallara biganə yanaşmamalıdır.
 
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bildirdi ki, ATƏT özü-özlüyündə Avropa üçün universal təşkilat olması ilə yanaşı, təəssüflər olsun, zəif təşkilatdır: "Söhbət ondan gedir ki, bu təşkilatda veto qoymaq hüququ var və ona görə də hansısa məcburi qərar qəbul etmək mümkün deyil. Bu təşkilatda sədrlər hər il dəyişir, ancaq baş katib demək olar ki, daim işin içindədir. Onun da Minsk qrupunun tərkibində nümayəndəsi var və bu da Kaspirşikdir. Baş katibin imkanı var ki, bütün məlumatları əldə edərək müəyyən mövqe formalaşdırsın. Əlbəttə ki, bu qurumun baş katibinin Azərbaycana gəlməsi vacib idi. Çünki bu təşkilatın birinci vəzifəsi Avropada sülhün və təhlükəsizliyin qorunmasıdır. O sülhə təhlükə yaradan Dağlıq Qarabağ münaqişəsidir və o təhlükənin aradan götürülməsinə maneə yaradan Ermənistandır. Azərbaycan prezidenti ATƏT baş katibi ilə görüşdən istifadə edərək açıq mesaj verdi ki, həmsədrlər bunu eşitməli və anlamalıdırlar ki, vəziyyət pozulacağı halda kim məsuliyyət daşıyacaq. Buna da səbəb Paşinyanın sərsəm yanaşması və mövqeyidir”.
 
 
 
R.Musabəyov qeyd etdi ki, Azərbaycan Paşinyanın ağıllanmasını gözləməli deyil: "Yaxud da ermənilər hər il hakimiyyət dəyişəcəklər, biz də onları gözləməliyikmi? Əlbəttə ki, xeyr. Azərbaycan prezidenti faktiki olaraq qeyd edir ki, ya bu danışıqlar mahiyyət üzrə nəticəyə hesablanıb aparılmalıdır, ya da sonra deməyin ki, vəziyyət ayrı bir müstəviyə keçdi. Hər il Azərbaycan Ordusu bir neçə dəfə irimiqyaslı hərbi təlimlər keçirir və sadəcə, bu, böyük əməliyyata çevrilmir. Ancaq vəziyyət belə davam etsə, keçirilən o təlimlər ayrı bir müstəviyə də keçə bilər”.
 
Millət vəkili, politoloq Elman Nəsirov bildirdi ki, Qarabağ münaqişəsi ilə bağlı ziddiyyətli açıqlamalar Paşinyanın növbəti avantürasıdır: "Prezident İlham Əliyev ATƏT-in baş katibi Tomas Qremingerlə görüşü zamanı da bu fikirləri səsləndirdi ki, Ermənistanın yeni rəhbərliyi açıq şəkildə qondarma rejimin danışıqlar tərəfi olmasını söyləyir. Paşinyan gözəl dərk edir ki, Azərbaycan heç bir zaman bu yanaşmanı qəbul etməyəcək. Əslində o, məsələni belə qoymaqla anlayır ki, belə halda hansısa danışıqlardan söhbət gedə bilməz. Deməli, Paşinyan danışıqları pozmaq niyyətindədir. Ona görə də belə bəyanatlar səsləndirir. Biz düşünmürük ki, ATƏT-in baş katibi imkan və potensialından istifadə edib münaqişənin həlli ilə bağlı köklü konstruktiv dəyişikliyə nail olsun. Amma biz onun fərqindəyik ki, informasiya əsridir və Azərbaycan o informasiyanı ATƏT-ə çatdırır ki, o da tərkibində olan Minsk qrupu həmsədrlərinin rəhbərliyinə bunları çatdırsın. Desin ki, Paşinyanın bu səpkili fikirlərinə öz bəyanatlarınızda yer ayırın, qiymət verin”.
 
 
 
E.Nəsirov vurğuladı ki, görüşdə dövlət başçısının bugünkü Ermənistan rəhbərliyinin ziddiyyətli davranışı, öz ölkəsində insan haqlarını total şəkildə pozması, siyasi opponentlərinə qarşı zor tətbiq etməsi ilə bağlı fikirləri AŞPA-da da səslənməkdədir: "Belə ki, bir neçə gün öncə AŞPA-da Ermənistan nümayəndə heyətinin rəhbəri bu qurumun siyasi və demokratiya üzrə komissiyasında çıxışı zamanı deyib ki, Ermənistanda yaşamaq mümkün deyil. O qeyd edib ki, indiki hakimiyyətdən deyilsənsə, onda sənə qarşı cəza üsulları işə salınır. Bundan sonra AŞPA-nın siyasi və demokratiya üzrə komissiyası qərar qəbul edib ki, Ermənistandakı mövcud vəziyyətə monitorinq komissiyasında baxılsın. Bu komissiya isə qərar qəbul edib ki, Ermənistana xüsusi nümayəndə heyəti göndərilsin və qanunun aliliyi, demokratiyanın vəziyyəti və sair bu kimi məsələlər araşdırılsın. Göründüyü kimi, AŞPA səviyyəsində Paşinyanın atdığı addımlara qiymət verilməkdədir. Əgər bir ölkənin daxilində insanlara qarşı bu cür təzyiq, təhdid və həbslər həyata keçirilirsə, onda təbii ki, həmin rejimlə danışıqlar aparmaq, münaqişəni həll etmək imkanları buxovlanmış olur. Prezident İlham Əliyevin məsuliyyətin Ermənistanın üzərinə düşməsini vurğulaması həm də onun ifadəsidir ki, biz sülh danışıqlarına sadiqik, lakin eyni zamanda BMT nizamnaməsinin 51-ci maddəsini əsas götürüb fərdi qaydada ərazi bütövlüyümüzü təmin edə bilərik. Hesab edirəm ki, bundan ilk növbədə Ermənistan rəhbərliyi və Minsk qrupu nəticə çıxarmalıdır. Əks təqdirdə, Aprel döyüşləri daha mürəkkəb ssenari üzrə təkrarlana bilər. Eyni zamanda bu müharibədə Ermənistanın biabırçı məğlubiyyəti labüd olacaq”.
 
Bəxtiyar MƏMMƏDLİ        

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6489
GBP 1 İngilis funt sterlinqi 2.2562
TRY 1 Türk lirəsi 0.2727
KWD 1 Küveyt dinarı 5.6171
SEK 1 İsveç kronu 0.1937
EUR 1 Avro 2.0024
CHF 1 İsveçrə frankı 1.7728
USD 1 ABŞ dolları 1.7000