• şənbə, 27 Aprel, 03:39
  • Baku Bakı 14°C

Paşinyan onu tənqid edən sosial şəbəkədəki səhifə sahibini tutdurdu

10.04.19 18:13 511
Paşinyan onu tənqid edən sosial şəbəkədəki səhifə sahibini tutdurdu
Ermənistanın inqilabçı baş naziri barəsində cəmiyyətə yeridilən "demokratik, qərbpərəst” imici artıq arxa plana keçməyə başlayır. Artıq baş nazir onu tənqid edən kütləvi informasiya vasitələrinə qarşı sərt mövqe nümayiş etdirməyə başlayıb. Bunu Qərbin nüfuzlu nəşrləri də xüsusi olaraq qabardırlar. "Eurasianet” nəşrində bununla bağlı dərc edilən məqalədə vurğulanır ki, baş nazir artıq qarşıdurmanın dərəcəsini artırıb. Xüsusi xidmət orqanlarına facebook sosial şəbəkəsində yumoristik səhifə rəhbərini həbs etmək əmri verib. Müəllif yazır ki, baş nazir "feyk” xəbərlərə qarşı irimiqyaslı hücum kampaniyasına start verib. Bu işdə isə ona xüsusi xidmət orqanları yardımçı olublar. Paşinyan onlara "feyk” xəbərlərlə bağlı sərt olmağı tələb edib. Satirik səhifə rəhbərinin həbsi söz azadlığı sahəsində çalışan təşkilatların narazılığına və tənqidlərinə səbəb olub. Müəllif yazır ki, öz administrasiyasının ünvanına səslənən iradlara ağrılı reaksiya verən Paşinyan artıq buna dözmək niyyətində deyil. "Baş nazir görünür avtomobillər üçün təbii qazın qiymətinin artırılacağı barədə xəbərlərdən təngə gəlib. Bu, hökumət üçün çox incə məsələdir. Yeni il qabağı Rusiya Ermənistana satdığı qazın qiymətini artırıb. Lakin Ermənistan hakimiyyət orqanları əhalini əmin edirdilər ki, bu, istehlakçılar üçün satılan qazın qiymətinə təsir etməyəcək. Hökumətin son iclaslarından birində Paşinyan belə bir fikir səsləndirdi ki, qiymət artımı yanacaqdoldurma stansiyalarının rəhbərlərinin təxribatı ola bilər. Lakin sonra diqqəti kütləvi informasiya vasitələrində qiymət artımı ilə bağlı gedən xəbərlərə yönəltdi”, - deyə məqalə müəllif bildirir. Baş nazir bildirib ki, Ermənistanda söz və mətbuat azadlığı təmin olunub. "Əgər bir sıra cinayətkar dairələr sosial şəbəkələrdə, KİV-də ictimai rəylə bağlı manipulyasiyalara yol vermək məqsədilə milyonlarla dollar sərf edəcəklərsə, bu, artıq milli təhlükəsizlik məsələsidir” – deyə baş nazir Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vaneçyana ünvanlanan müraciətində bildirib. Əlavə edib ki, "ümid edirəm ki, sizin orqan bu məsələdə konkret nəticələr əldə edəcək. Sosial şəbəkələrdə hətta inqilab bayrağı altında zorakılığa çağıran feyklər peyda olub. Bu cür manipulyasiyalar sərt antizərbə almalıdırlar. Hesab edirəm ki, Ermənistan qanunvericiliyi belə bir imkanı nəzərdə tutur”. Məqalədə bildirilir ki, Vaneçyan da baş nazirin bu sözlərini havada tutub. Müraciətin səhəri günü sosial şəbəkədə Paşinyan barəsində tənqidi materiallar dərc edən satirik səhifənin rəhbəri həbs edilib. Milli Təhlükəsizlik Xidmətinin rəhbəri bildirib ki, satirik səhifədə irqi, dini və milli-ədavət, düşmənçilik hissini yaymaq əlamətləri olub. Heç bir təfərrüatlı məlumat təqdim edilmədən səhifənin sahibi barəsində həbs qərarı çıxarılıb. Həmin səhifədə dərc olunan materiallardan birində bildirilir ki, "müqəddəs Nikol Paşinyan dərhal əvvəlki rejimdən milyardlarla dolar alan və bugünkü uğursuzluqları qələbə kimi verməyə çalışan feyk ordusunu aradan götürməyi əmr edib. Bu hökumətin vəzifəsi Ermənistanı məhv etmək və Böyük Turan qurmaq üçün yol açmaqdır”. Milli Təhlükəsizlik Xidməti səhifə rəhbərinin sonrakı taleyi barədə hər hansı məlumat verməyib.
Eurasianet.org rəhbərliyinin bununla bağlı etdiyi müraciətə də cavab verilməyib.
Məqalədə bildirilir ki, Paşinyan sərt metodlardan sonra ölkədə bu tipli xəbərlərlə bağlı mübahisələr başlayıb. Qeyd edilib ki, feyk xəbərlər tək Ermənistanda deyil, bütün dünya boyu mövcuddur.
İnformasiya təhlükəsizliyi məsələləri üzrə ekspert Samvel Martirosyanın qənaətincə, feyk xəbərləri həqiqətən də Ermənistanın problemlərindən biridir. "Lakin feyk xəbərlərə qarşı bu sərt formada mübarizə aparmaq da olmaz”, - deyə o, media.am saytında dərc etdiyi məqaləsində bildirir. "O ki qaldı təhlükəsizlik orqanlarının bu prosesə cəlb edilməsinə, mən hesab edirəm ki, Milli Təhlükəsizlik Xidməti feyklərlə mübarizəyə cəlb ediləcək sonuncu orqan olmalıdır. Halbuki, Ermənistanda birinci yerdə bu orqan gedir”, - deyə ekspert əlavə edib.
"Kafkazkiy uzel” saytına müsahibəsində İnformasiya azadlığı Mərkəzinin təsisçisi və direktoru Şuşan Doydoyan bildirib ki, "baş nazirin şifahi əmri ilə həyata keçirilən həbslər söz azadlığını təhlükə altına alır. İstənilən məhdudiyyət qanunla əsaslandırılmalıdır. Bundan əlavə, MTX-nin səlahiyyətinə internet üzərində nəzarət daxil deyil. Bu orqan isə hətta yalan xəbərlərin yayılmasına görə cəzaları belə müəyyən edir”. Paşinyan dəfələrlə onu tənqid edən KİV-ləri sosial şəbəkədəki səhifəsində tənqid edib. Məsələn, sentyabr ayında polis xəbər veb-saytının ofisində axtarış həyata keçirib. Hüquq-mühafizə orqanları saytı Vaneçyan və Paşinyan arasında gedən telefon danışıqlarının yayılmasında mənbə rolunda görüb. Məqalədə xatırladılır ki, yanvarda Davosa keçirilən Dünya İqtisadi Forumunun iclasında çıxış edən baş nazir bildirib ki, Ermənistanın media-mühiti feyk xəbərlər üçün açıqdır və bu, ölkənin həm daxildəki, həm də xaricdəki imicinə təsir edə bilər: "Düzünü deyim ki, mən belə olan halda nə etmək lazım olduğunu bilmirəm. Əgər kimsə bilirsə, bu, bizim üçün çox yaxşı xəbər olardı”.

Azər

banner

Oxşar Xəbərlər