AZE | RUS | ENG |

Paşinyan növbəti dəfə erməniləri aldatdı

Paşinyan növbəti dəfə erməniləri aldatdı
Ekspertlərin fikrincə, bu gün Ermənistan iqtisadiyyatının nə potensialı, nə də hökumətin aydın iqtisadi konsepsiyası var

Ermənistanın baş naziri Nikol Paşinyanın xarici siyasətlə bağlı etdiyi məntiqsiz çıxışlar günbəgün artmaqdadır. Bu günlərdə Gürcüstanın yeni baş naziri Mamuka Baxtadze ilə görüşdə Paşinyan ikitərəfli münasibətlərin ilbəil gücləndiyini qeyd edib. Hətta "sevindiyindən” bildirib ki, Ermənistanla Gürcüstan arasında ticarət dövriyyəsi 1 milyard dollara çatdırılacaq. Baş nazirin bu çıxışı Ermənistan mediasının gülüş hədəfinə çevrilib. Çünki Gürcüstanla Ermənistan arasındakı münasibətlər indiyədək qonşuluq siyasətindən o yana keçməyib. Həm də maraqlıdır ki, iqtisadiyyatı bərbad olan Ermənistan ticarət dövriyyəsini hansı potensialla artıracaq?
 
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili bildirdi ki, ümumiyyətlə Nikol Paşinyanın bəyanatları qeyri-ciddi, eyni zamanda populistdir: "O, əvvəllər başqa yerlərdə çalışıb, ona görə də iqtisadiyyatdan, geosiyasətdən tamamilə xəbərsiz bir insandır. Hətta onun son zamanlar Moskvada verdiyi, o cümlədən bütün başqa bəyanatlarına baxsanız, görərsiniz ki, dilə gətirdiyi rəqəmlər heç bir təhlilə əsaslanmır. Paşinyan hələ də mitinqlərin ab-havasındadır. O düşünür ki, mitinqlərdə çıxış etdiyi kimi, ciddi bəyanatlarda da eyni faktları, rəqəmləri deyəndə qəbul ediləcək. Ancaq iqtisadiyyat ciddi bir elmdir, onun əsasları, hesablanmış metodologiyası var. Bu gün Ermənistan iqtisadiyyatının potensialı çox cüzidir. Hazırda regionda bu ölkəyə iqtisadi maraq göstərən heç bir dövlət yoxdur. Çünki, ümumiyyətlə Ermənistanın iqtisadi potensialı yoxdur. Ona görə də düşünürəm ki, Ermənistan hökumət başçısının bu bəyanatları, sadəcə əhalini müəyyən dərəcədə iqtisadi problemlərdən yayındırmaq üçün verilən bəyanatlardır. Hətta son zamanlar diqqət etsəniz görərsiniz ki, Ermənistanda vətəndaşlar tərəfindən iqtisadi problemlərlə bağlı verilən suala Paşinyan hökumətinin bir cavabı var ki, biz korrupsiya ilə mübarizə aparırıq. Həm daxili, həm də xarici siyasətlə bağlı suala onların yeganə cavabı bundan ibarətdir. Yəni bu, o deməkdir ki, bizdən bu sualları soruşmayın. Ona görə də düşünürəm ki, bu gün Ermənistan iqtisadiyyatının nə potensialı, nə də hökumətin aydın iqtisadi konsepsiyası var”.
 
 
 
T.Mirkişili əlavə etdi ki, Paşinyan hakimiyyətə gələndə Ermənistana xarici investisiyanın gələcəyi ilə bağlı vədlər verirdi: "Hətta o, investorların daha çox cəlb olunacağını deyirdi. Deyərdim ki, Avropada olarkən də bu məsələlərlə bağlı fikirlər səsləndirmişdi. O düşünürdü ki, Ermənistanda guya inqilab ab-havası yaratmaqla xaricdən daha çox investorları ölkəsinə cəlb edəcək. Amma ötən ayın nəticələrinə diqqət etsək görərik ki, Ermənistana yatırılan az-maz investisiyaların da sayı kəskin surətdə azalıb. Yəni, məhz Paşinyan hökuməti dövründə bu azalma baş verib. Ona görə də bütün bunları aradan qaldırmaq və yaxud da yaranmış suallara cavab vermək üçün Paşinyanın yeganə edəcəyi bir şey insanları vədlərlə sakitləşdirməkdir. Çünki qarşıdan parlament seçkiləri gəlir və Paşinyan bu seçkilər vasitəsilə öz hakimiyyətini möhkəmləndirməlidir. Ancaq məsələ burasındadır ki, Ermənistan insanını siyasi məsələlərdən çox, iqtisadi problemlərin həlli maraqlandırır. İqtisadi problemlərlə bağlı suallara cavab vermək üçün sadəcə olaraq insanlara vəd vermək lazımdır ki, Paşinyan da bunu edir”.
 
Millət vəkili əlavə etdi ki, Gürcüstanla Ermənistan arasında ticarət dövriyyəsini indiki halda 1 milyard dollara çatdırmaq qeyri-mümkündür: "Ümumiyyətlə, qeyd edilən 1 milyard rəqəmi Ermənistan iqtisadiyyatının xarici ticarət dövriyyəsinin dörddə biri edir. Bu, kifayət qədər böyük rəqəmdir və bütövlükdə Gürcüstanla Ermənistan arasında bu dərəcədə iqtisadi potensial mövcud deyil. 2017-ci ildə Gürcüstanla Ermənistan arasında ticarət dövriyyəsi 489 milyon dollar olub. Paşinyan isə iki dəfə artımla 1 milyard dollar olacağını vəd edib. Ermənistan iqtisadiyyatının artımına, eyni zamanda investisiyaların gəlmə həddinə baxsaq, görərik ki, iki ölkə arasında əmtəə dövriyyəsinin iki dəfə artırılması məsələsi tamamilə populist, qeyri-real bir rəqəmdir. Ancaq Azərbaycan-Gürcüstan əlaqələrinə baxsaq görərik ki, iqtisadi potensial daha çoxdur. Ermənistan kiçik bir dövlətdir və Gürcüstanla ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması reallıqdan uzaqdır”.
 
Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxov bildirdi ki, Paşinyan özü-özlüyündə çoxdan gülüş obyektinə çevrilib: "Çünki onun ziddiyyətli bəyanatları, atdığı addımlar bunun əyani sübutudur. Bir var mitinqlərdə bəyanatlar səsləndirəsən, bir də var ölkəyə rəhbərlik edəsən. Paşinyan isə həm daxili, həm də xarici siyasətdə bir sıra məsələlərin həllində o qabiliyyətə qadir olmadığını sübut edir. Ermənistanın iki güc strukturu rəhbərlərinin ortaya çıxan səs yazısı da göstərir ki, Paşinyan faktiki olaraq məhkəməyə, hakimlərə təzyiq göstərilməsinə özü tapşırıq verib. İndi Ermənistanda hansı demokratiyadan, insan hüquqlarından danışmaq olar ki, baş nazir məhkəməyə birbaşa müdaxilə edir? Digər tərəfdən, Paşinyanın siyasi istiqaməti də cızılmayıb. Rusiyaya səfərindən sonra Moskva ilə münasibətlərinin yüksək səviyyədə olduğunu deyir. Amma reallıq tamam başqa cürdür. Paşinyan Ermənistanda Rusiyanın tərəfdarlarına qarşı cinayət işi açdırır və hətta həbs etdirir. Görünür, bu insanın ya psixi çatışmazlıq problemləri var, ya da siyasi diletantdır. Əgər bu şəkildə davam edərsə, ermənilər Paşinyanı devirəcəklər. Çünki o nəinki hansısa məsələyə aydınlıq gətirə bilmir, hətta idarəetmə qabiliyyəti də aşağıdır”.
 
 
 
F.Sadıxov vurğuladı ki, Gürcüstanla Ermənistan arasında iqtisadi münasibətlər hər zaman olub: "Amma onların müttəfiqlik məsələsi sual altındadır. Çünki bu iki ölkə heç vaxt müttəfiq olmayıb. Hazırda isə Gürcüstanın xarici siyasətdə seçdiyi istiqamət var. Bu ölkə Rusiyaya qarşı çıxış edir, NATO-ya daxil olmaq istəyir. Ancaq Ermənistan Rusiyanın forpostudur. Ona görə də bu iki ölkə arasında dərin fikir ayrılığı var. Digər tərəfdən, gürcülər başa düşməlidir ki, ermənilər onların da ərazilərinə göz dikib. Axalkalaki və digər ərazilərə qarşı iddialarla çıxış edirlər. Hesab edirəm ki, gürcülər bundan nəticə çıxaracaqlar. Sadəcə olaraq, iki ölkə arasında qonşuluq münasibətləri var, amma demək olmaz ki, bu, yüksək səviyyədədir”.
 
BƏXTİYAR

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9459
GEL 1 1 Gürcüstan larisi 0.6397
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1854
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1886
CHF 1 1 İsveçrə frankı 1.7119
KWD 1 1 Küveyt dinarı 5.5939
TRY 1 1 Türkiyə lirəsi 0.3191