• cümə, 26 Aprel, 18:10
  • Baku Bakı 22°C

Paşinyan müxalif telekanallara qarşı hücuma keçdi

25.12.19 18:51 1008
Paşinyan müxalif telekanallara qarşı hücuma keçdi
Eks-prezident Serj Sarkisyanın qardaşı oğlu da həbs edildi

Nikol Paşinyanın müxalif, ona qarşı tənqidi fikirlər səsləndirən mediaya qarşı hücumları səngimir. Bu dəfə onun hədəfinə Ermənistanın "TV5” kanalının sahibi Armen Tavadyan düşüb. Kanal rəhbərinin saxlanılması barədə Ermənistanın Xüsusi İstintaq Xidməti məlumat yayıb. O, 1 mart 2008-ci il hadisələri ilə bağlı şahidlərdən birinə ifadəsini dəyişməsi üçün rüşvət verməkdə ittiham olunur. Daha əvvəl polis eks-prezident Robert Koçaryanın tərəfdarlarından birinin 2008-ci il hadisələriylə əlaqədar öz ifadələrini dəyişmələri üçün qurbanlara və şahidlərə rüşvət təklif etməsi haqda video-material yaymışdı. Faktla bağlı cinayət işi açılmış və Koçaryanın tərəfdarı olan Varujan Mkrtçyan həbs edilmiş, daha sonra girov qarşılığında sərbəst buraxılmışdı. Tavadyanın da məhz həmin səbəbdən saxlanıldığı bildirilib. Qeyd edək ki, Robert Koçaryan 2008-ci ilin martında etiraz aksiyaları zamanı konstitusion quruluşu pozduğuna görə iyunun 23-də həbs edilib.
Erməni siyasiləri və müxalifət dərhal telekanal rəhbərinin həbsinin siyasi sifariş olduğunu bəyan edib.
"Milli razılıq” partiyasının sədri Aram Arutyunyanın sözlərinə görə, hakimiyyət bununla "TV5” kanalı susdurmağa çalışır. Həbsə münasibət bildirən Arutunyan iki versiya irəli sürüb. "Birincisi, Paşinyan öz resurslarını tükəndirib və ondan narazı olan bütün kütləvi informasiya vasitələrini susdurmağa çalışır. Bu gün bütün tərəfsiz televiziya şirkətləri susdurmağa çalışırlar. Ermənistanda obyektiv xəbərləri "TV5” və "ArmNyus” telekanalı verir. Aydındır ki, təzyiqə məruz qalan növbəti telekanal da elə "ArmNyus” olacaq. İkinci versiya Robert Koçaryanın həbsi il bağlıdır. Belə ki, hakimlər hələ də Koçaryan barədə müvəqqəti azad olunma qərarının dəyişməməsi barədə qərarlarına izah verə bilmirlər. Mən bu qənaətdəyəm ki, Koçaryanın məsələsi geosiyasi məsələdir və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlıdır. Paşinyanın Qarabağ və Ermənistan arasında ziddiyyətlərin olması barədə bəyanatı ondan xəbər verir ki, baş nazir qondarma qurumda hakimiyyət başına öz adamının keçməsinə çalışır. Partiya sədrinin sözlərinə görə, insanları aldadıblar və onlar "məxməri” narkotiklərin altındadırlar. Aydındır ki, bütün bunlar uzun müddət davam edə bilməz”.
Öz növbəsində keçmiş baş nazir Qrant Baqratyanın sözlərinə görə, Ermənistan hakimiyyət orqanlarının siyasəti iqtisadi inqilaba deyil, iqtisadi qəbiristanlığa gətirib çıxaracaq. "Siyasi iqtisadiyyat” diskussiya klubunda çıxış edən eks-baş nazir bildirib ki, hakimiyyətin iqtisadi inkişaf barədə təqdim etdiyi rəqəmlər həddən artıq şişirdilib: "Ermənistan ümumdaxili məhsulunun strukturu köklü dəyişikliklərə gətirib çıxarmayıb. Məsələn, hökumət bəyan edir ki, idxalla bağlı biznes köhnə avtomobillərin ölkəyə gətirilməsi ilə bağlıdır. Bu isə ölkəni ucuz avtomobillərin zibilxanasına çevirir. Tək Yerevanda 600 min nəqliyyat vasitəsi yığılıb”.
İnvestisiyalar barədə danışan Baqratyan bildirib ki, buna dəqiq qiymət vermək lazımdır. O, Mərkəzi Bankı makroiqtisadi sabitliyi qoruyub saxlamaq üçün monetar siyasəti dəyişməyə çağırıb. Problemlərin çoxluğunu isə qeyri-effektiv idarəetmədə görüb. Belə ki, iqtisadiyyatla iqtisadi terminologiyanı bilməyən filoloqlar deyil, iqtisadçılar, maliyyəçilər, auditorlar, hesabdarlar məşğul olmalıdır.
"Qolos Armenii” isə yazır ki, Paşinyan "uğursuzluğa” düçar olub. Nəşr xatırladır ki, yeni il bayramları üçün baş nazir qızı üçün dövlət xəzinəsindən 27 min dollar məbləğində "cip” sifariş edib. Buna qədər isə hər birinin dəyəri 550 min dollar olan 2 zirehli "Mersedes” alıb. Bundan əlavə, mülkünü təmir edib, arvadını Sinqapura və Parisə aparıb. Anna Akopyanın fondları isə on milyonlarla dollar toplayıb. Nəşr yazır ki, "baş nazirin Ermənistan onun evidir, xalq isə ailəsi” şüarını cəmiyyət "dövlətin büdcəsi Paşinyanın ailə büdcəsinə çevrilib” kimi qəbul edir.
Öz növbəsində Ermənistan Respublika Partiyasının nümayəndəsi Eduard Şarmazanov bildirir ki, 2019-cu il siyasi planda verilən vədlərin yerinə yetirilməməsi kimi yada qalacaq. Onun sözlərinə görə, bir il sonra yalnız reallaşdırılmayan vədlər qalır. "Miqrasiya davam edir, bundan əlavə rəsmi məlumatlara görə, əhalinin sayı 12 min nəfər azalıb. İnvestisiyalar yoxdur, investisiyaların həcmi 60 mln. dollar azalıb. Paşinyanın elan etdiyi ciddi iqtisadi inqilab da yoxdur”, - deyən Şarmazanov eks-prezident Serj Sarkisyana qaldırılan cinayət işinin də saxtalaşdırıldığını bəyan edib. "Bu, partiyaya və onun liderinə qarşı siyasi sifarişdir”, - deyə o bəyan edib. Onun ardınca sabiq deputat Miqran Akopyan iqtisadi islahatlar planında ölkədə bir dənə də olsun ürəkaçan proses başlanılmadığını bildirib. "Eyni zamanda "ailə dövləti”nin yaradılması cəhdləri edilir. Bir ailənin hakimiyyəti yaranır”, - deyib.
Hakimiyyət isə Sarkisyana qarşı hücumlarına ara vermir. Bu dəfə Yerevanın ümumi yurisdiksiya məhkəməsi eks-prezidentin Çexiyadan silah və narkotik maddə saxlama, habelə digər şəxslərin əmlakını mənimsəmə ittihamı ilə Ermənistana ekstradisiya edilən qardaşı oğlu Narek Sarkisyanın həbsinə qərar verib. Bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb. "Yerevanın ümumi yurisdiksiya məhkəməsi Baş prokurorun vəsatətini təmin etdi və Narek Sarkisyanın həbsinə qərar verdi”, - deyə qurumdan bildirilib. Qeyd edək ki, Çexiya hüquq-mühafizə orqanları dekabrın 21-də N.Sarkisyanı Ermənistana təhvil verib. O, 5 iyul 2018-ci ildə silah və narkotik maddə saxlamaq, habelə digər şəxslərin əmlakını mənimsəmə ittihamı ilə axtarışa verilib. Ermənistanda barələrində cinayət işi açıldığına görə Rusiyaya qaçan yüksək vəzifəli keçmiş dövlət məmurlarının sayı isə 5-ə çatıb. "Novosti Armeniya” xəbər verir ki, Yerevanın Avan və Nor Nork rayonu məhkəməsinin keçmiş hakimi Samvel Uzunyan barəsində beynəlxalq axtarış elan edilib. Bildirilib ki, dekabrın 20-də Ermənistan baş prokuroru müavininin qərarı ilə S.Uzunyana qarşı Cinayət Məcəlləsinin rüşvət alma maddəsi ilə ittiham irəli sürülüb. O, 51 min dollar məbləğində rüşvət almaqda təqsirləndirilir. S.Uzunyan isə istintaqdan yayınmaq və Ermənistandan qaçmaq üçün fırıldağa əl atıb. Belə ki, o, əl yükünü Yerevanın Zvaretnos hava limanına göndərib. Keçmiş məhkəmə hakiminə məxsus bağlamadan güllə aşkarlanıb. Hüquq-mühafizə orqanları onu həbs etmək istəyiblər, amma tapa bilməyiblər. Dekabrın 23-də isə S.Uzunyanın Moskvaya qaçdığına dair məlumat yayılıb. Ehtimal edilir ki, S.Uzunyan keçmiş hakimiyyətin siyasi-iqtisadi maraqlarına dair müxtəlif qruplarla bağlı məlumata malikdir. Həmçinin o, hazırda həbsdə olan keçmiş prezident Robert Koçaryanın yaxın adamlarından sayılır. 2008-ci il matın 1-də baş verən hadisələrə görə barələrində ittiham irəli sürülmüş həmin olaylarla bağlı cinayət işini araşdıran istintaq qrupunun keçmiş başçısı Vaahan Arutyunyan, Ermənistanın keçmiş baş prokuroru Gervorq Kostanyan və keçmiş müdafiə naziri Mikael Arutyunyanın Rusiyaya sığındıqlarına dair məlumat yayılıb. Bununla yanaşı, istintaq təcridxanasının keçmiş başçısı Miqran Poqosyanın da Rusiyada gizləndiyi bildirilib.

Azər NURİYEV

banner

Oxşar Xəbərlər