AZE | RUS | ENG |

Paşinyan Koçaryanı azad etməyəcək

Paşinyan Koçaryanı azad etməyəcək
“Jamanak”: “Hakimiyyət ikinci prezidentlə bağlı qərara yenidən baxmaq fikrində deyil”

Konstitusiya Məhkəməsi keçmiş prezident Robert Koçaryanın həbsinin qanunsuz olduğu barədə hökm verəndən sonra onun azad olunması məsələsi gündəmə gəlib. Vəkillər müştərilərinin dərhal azad olunmalı olduğunu bildiriblər. Buna baxmayaraq, Koçaryanın işi üzrə birinci instansiya məhkəməsinin iclası sentyabrın 12-də keçiriləcək. Məhkəmə öz qərarının yalnız yekun hissəsini elan edib. Hökmün tam mətni indiyədək dərc olunmayıb. Hakimiyyət orqanları Konstitusiya Məhkəməsinin qərarına baxmayaraq, R.Koçaryanı azad etməyə tələsmir. Ermənistan ədliyyə nazirinin müavini Srbuhi Qalyan deyib ki, Konstitusiya Məhkəməsinin qərarı Koçaryan barədə həbs-qətimkan tədbirinin dəyişdirilməsinə əsas vermir. Xanım Qalyan bildirir ki, Konstitusiya Məhkəməsi R.Koçaryanın həbsinə əsas olmuş maddənin qanuna zidd olduğu barədə heç nə deməyib. Ədliyyə nazirinin müavini deyir ki, Konstitusiya Məhkəməsi eks-prezidentin məsələsinə ümumiyyətlə baxmamalı idi. Ermənistanın tanınmış vəkillərindən Tiqran Yeqoryan isə deyib ki, hazırkı Konstitusiya Məhkəməsinin qərarları tanına bilməz, çünki bu məhkəmənin heyət üzvləri keçmiş hakimiyyətin dövründə 1 mart hadisələri ilə bağlı hökumətin xeyrinə olan qərarlar verib. Keçmiş prezident Koçaryan 2008-ci ilin martında ölkənin konstitusiya rejimini devirməkdə ittiham olunur. Həmin vaxt prezident postunu tərk etməkdə olan Koçaryan ölkədə fövqəladə vəziyyətin elan olunmasına göstəriş vermiş və bundan sonra 8 nəfərin ölümü ilə nəticələnmiş toqquşmalar olmuşdu. Yeqoryan hələ ötən iyul ayında bildirmişdi ki, Konstitusiya Məhkəməsi bu hadisələr barədə əvvəllər qərəzli və ədalətsiz qərarlar çıxarıb.
Hakimiyyət isə görünən odur ki, eks-prezidenti azadlığa buraxmaq istəmir. Məsələn, "Jamanak” qəzeti yazır ki, Ermənistan hakimiyyət orqanları ikinci prezidentlə bağlı qərara yenidən baxmaq fikrində deyillər. "Bundan əlavə, hakimiyyət kuluarlarında parlamentdə Konstitusiya Məhkəməsi haqqında qanun layihəsinə dəyişikliklər edilməsi üzərində iş aparıldığı xəbəri dolaşır. Bu da məhkəmənin qəbul etdiyi qərarın əsassız olduğunu üzə çıxaracaq”, - deyə qəzet yazır.
Politoloq Ervand Bozoyan isə hesab edir ki, bu gün Ermənistanda baş verənlər sadəcə utancverici haldır: "Keçmiş prezidentin həbsxana divarları arxasında saxlamaq- biabırçılıqdır”.
Erməni mediası bu qənaətdədir ki, N.Paşinyan hökuməti üçün ciddi problemlər payız aylarında daha da artacaq. Bu ehtimalı irəli sürən "Qolos Armenii” yazır ki, Ermənistanda "qızmar” siyasi payız artıq yetişib. Siyasi texnoloq Vigen Akopyan Paşinyanın mətbuat katibi Vladimir Karapetyanın bəyanatını şərh edib. Mətbuat katibi bildirib ki, "qızmar” siyasi payız haqqında danışmaq çox da ciddi səslənmir. Onun qənaətincə, müxalifət küçələrə heç 20 nəfər yığmaq qabiliyyətində deyil. Siyasi texnoloq isə hesab edir ki, "əsas olan müxalifətin nə qədər insanı yığması deyil. Payız sadəcə yığılıb qalan mövzuların çoxluğundan "qızmar” olacaq”. Onun sözlərinə görə, həlli son il yarım müddətində yığılıb qalan çoxsaylı problemlər var. Akopyan əlavə edib ki, problemlərin nizamlanmasının son müddəti həm daxili vəziyyət, həm də xarici razılaşmalara söykənir: "Məsələn, hakimiyyət hələ də Amulsar qızıl yatağının işlənməsi, İstanbul konvensiyasının ratifikasiyası, Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı konsepsiyanı dəqiqləşdirməyə müvəffəq olmayıb. Digər mövzular sırasında erməni hakimiyyət orqanlarının separatçı qurumda "seçkilər” və bütövlükdə Yerevan-Xankəndi münasibətlərinə mövqeyini müəyyən etməməsi göstərilir. Eyni zamanda, Konstitusiya Məhkəməsi ətrafında yaranmış vəziyyət də həllini tapmayıb, Koçaryanın işi ilə bağlı proses də başa çatmayıb”.
Siyasi texnoloq daha bir məsələyə toxunur. Onun qənaətincə, problemlərin rəngarəngliyi və onların həllinin təxirəsalınmazlığı ciddi bir təhlükə yaradır. Bu da ondan ibarətdir ki, hakimiyyət təzyiqlər qarşında davam gətirə bilməyəcək: "Amulsar məsələsində hakimiyyət seytnot vəziyyətinə salınıb. Onlar hansısa bir addım atmağa cəhd göstərir, lakin hər bir gediş çuqçvanqa (oyunda istənilən gedişin məğlubiyyətə gətirən hal) gətirib çıxarır. Belə ki, hər hansı bir qərar ağır nəticələrə gətirib çıxara bilər”. Siyasi texnoloq da məhz bu amilləri nəzərə almaqla payızın "qızmar” keçəcəyini əsaslandırmağa çalışıb: "Bu o demək deyil ki, küçələrə minlərlə insan çıxaraq hakimiyyətin istefasını tələb edəcək”. Onun qənaətincə, mövcud məsələlər daxili siyasi proseslər, eləcə də, Ermənistanda alternativ siyasi qüvvələr üçün katalizator rolunu oynaya bilər. Öz növbəsində Ermənistanın Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov Paşinyanı Ermənistan-Rusiya münasibətlərinə zərbə vurmaqda ittiham edib. Qeyd edib ki, sorosçu bir adamın dəlicəsinə müttəfiqlik münasibətlərinə zərər verməsinə təəccüblənməyib: "Baş nazirin səlahiyyətlərini yerinə yetirən bir şəxsin bu münasibətlərin pozulmasını səssiz izləməsi də təəccüblü deyil. Təkcə o yox, bütün komandası səssizdir. Ermənistanın təhlükəsizliyinin qarantiyası olan Rusiya ilə münasibətlər tamamilə korlanıb, onlar isə buna səs çıxarmırlar”.
Son məlumatlara görə, ölkədə həqiqətən də siyasi payızın "qızmar” keçəcəyini təsdiqləyən hadisə baş verib. Yerevan yaxınlığında yerləşən Nubaraşen həbsxanasında məhkumlar üsyan qaldırıblar. Onlar koloniyada baş verən qanunsuzluqlarla, məhkumların saxlanılması şəraitinin acınacaqlı olmasına etirazlarını bildiriblər. Ölkənin Ədliyyə naziri Rüstəm Badasyan bildirib ki, həbsxanaya əlavə mühafizə dəstələri göndərilib və kollektiv üsyanın qarşısı alınıb. Onun sözlərinə görə, hazırda islah-əmək koloniyasında vəziyyət sabitdir. Erməni nazir əlavə edib ki, üsyançı məhkumlar yenidən itaətsizlik göstərəcəyi təqdirdə əlavə tədbirlər görüləcək.

Azər

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8811
GEL 1 1 Gürcüstan larisi 0.5753
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1227
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7109
KWD 1 1 Küveyt dinarı 5.595
TRY 1 1 Türkiyə lirəsi 0.2982