• çərşənbə, 08 May, 07:48
  • Baku Bakı 13°C

Paşinyan-Koçaryan qarşıdurması böyüyür

17.09.18 17:47 1061
Paşinyan-Koçaryan qarşıdurması böyüyür
Paşinyan-Koçaryan qarşıdurması artıq erməni gündəmini tutub. Rəqiblərinə qarşı mübarizədə aciz duruma düşən baş nazirə qarşı əvvəlki hakimiyyət partiyası, oliqarxlar birləşib. Ermənistanda tədqiqatçı jurnalist kimi ad çıxarmış və bir sıra nüfuzlu nəşrlərin müxbiri kimi tanınan Qriqor Atanesyan yazır ki, eks-prezident Robert Köçaryan konstitusion hakimiyyəti zorla devirmək üçün britaniyalı lobbistlərə müraciət edib. Həmin şəxslərin Rusiya ilə sıx münasibətlərə malik olduğunu da vurğulayıb. "1in.am” saytında dərc olunan materialda qeyd edilir ki, Fransada prezident Emmanuel Makron ilə görüş zamanı Avropanın iki saytında Koçaryanın, xidmətindən istifadə etdiyi Maykl Barelin məqaləsi dərc edilib. Burada Koçaryan siyasi təqiblərin qurbanı kimi qələmə verilir. Həmin məqalələrdə Makrondan Paşinyanla görüşdə Koçaryanı müdafiə etmək xahiş edilir. Ermənistanın ikinci prezidentinin tərəfdaşı qismində "British lobbyist and former VP of Edelman” və "APCO Worldwide APCO Worldwide” lobbist təşkilatları çıxış edir. Maraqlı olan odur ki, bu lobbistlər vaxtilə "Qazprom” şirkəti və rusiyalı oliqarx Andrey Melniçenko ilə əməkdaşlıq ediblər. Bu məqalələrin Makronda hansı təəssüratlar oyatdığı bəlli deyil. Lakin Paşinyan erməni diasporunun nümayəndələri ilə görüşdə ölkədaxili məsələlərin müzakirə edilmədiyini bildirib. "Bu lobbiçilər kifayət qədər baha qiymətə və milyarder müştərilər üçün xidmət göstərirlər. Bu isə özünü ağır göstərən Koçaryanın astronomik məbləğlər xərclədiyini və korrupsiya razılaşmalarına batdığını sübut edir. Koçaryan və komandasının lobbiçilər qarşısında hansı tapşırığı qoyduğunu söyləmək çətindir. Hazırda eks-prezidentin ilkin vəzifəsi yenidən həbsxanaya qayıtmamaqdır. Digər tərəfdən isə Koçaryan yaxşı başa düşür ki, o, əks-inqilabın revanşı nəticəsində məhkumluqdan yaxa qurtara bilər. İstənilən halda, Paşinyanın Rusiya rəhbərliyinin və şəxsən Putinin məsələyə qarışmasına göstərdiyi reaksiya onu göstərir ki, Paşinyan ölkənin daxili-siyasi gündəmində dayanan məsələyə görə, xarici müttəfiqlərinə güzəştə getməyəcək. Bundan əlavə, Putinlə görüşdən sonra Paşinyanın daxili-siyasi aksentləri daha da qətiləşdi. Bu isə onun ya Putinlə Koçaryan məsələsində razılaşdığını, ya da Putinin Ermənistanın daxili məsələlərinə qarışmamağa qərar verdiyini göstərir. Koçaryanın lobbiçilər tutmaq addımı keçmiş rejimin acınacaqlı vəziyyətindən xəbər verir. Xalq arasında heç bir dayağı olmayan rejim xilası özgə əllərdə axtarır. Ermənistanda əks-inqilab süquta uğrayıb və yalnız yeni 11-ci ordunun köməyinə ümid edə bilər”, - erməni jurnalist qeyd edib.
Hakimiyyətə gəlmək üçün Rusiyanın müəyyən dairələrindən dəstək alan Koçaryana qarşı isə Paşinyan tərəfindən növbəti sərt bəyanat səslənib. Onun sözlərinə görə, Ermənistanda Robert Koçaryan adlı siyasi faktor yoxdur. Serj Sarkisyan kimi Robert Koçaryan və onların ətrafları "siyasi meyitlər”dir. Amma bu o demək deyil ki, "siyasi meyitlər” qanun qarşısında məsuliyyət daşımamalıdırlar”, - deyə Paşinyan deyib. Baş nazir həmçinin Koçaryanın bu yaxınlarda onun barəsində "Paşinyan bizə ilişdiyinə görə peşman olacaq” deməsini də şərh edib. "Cənab Koçaryan bununla siyasi proseslərin qavranılmasında öz səviyyəsini göstərir. Bu, onlar üçün küçə davası deyil - hansı ki, uduzan gedəndə deyir ki, sən hələ peşman olacaqsan”, baş nazir vurğulayıb.
Lakin belə bir fikir var ki, Nikol Paşinyan "ədaləti” bərqərar edəcəyi barədə mülki əhalini və bundan xeyir götürənləri əmin etsə də, öz tərəfdarlarının böyük bir hissəsini itirir. Bu sözləri erməni ekspert Artur Kazinyan deyib. "23 aprel və 8 may hadisələri erməni xalqında keçmişin qara ləkələrindən qurtularaq gələcəyə inamla baxmağa imkan yaratdı. Qismət belə gətirdi ki, Paşinyan və onun komandasına bu vacib işdə tarixi bir rol oynamaq üçün şərait yarandı. Qarşıda isə 2 yoldan birini seçmək qalırdı – xalqın sevgi və hörmətini qazanmış, inqilabda qalib gəlmiş biri kimi yeni Ermənistan qurmaq və ya öz tərəfdarlarının istəklərini yerinə gətirməklə "ədaləti” bərqərar etmək. Birinci seçimdə Ermənistanda və onun hüdudlarından kənarda (diasporda) olan insanlarla yeni hakimiyyət quraraq keçid prosesini həyata keçirmək var idi. İkinci seçim isə Paşinyanı özündən əvvəlkilər kimi, cinayətkar olmağa aparır. Fikrimcə, cəmiyyətin və hakimiyyətdə təmsil olunmaq istəyən insanların "ədalət” istəyi özlərinin şəxsi maraqlarından başqa bir şey deyil. Bu, subyektiv xarakter daşıyır.
Subyektiv fikirlərə xidmət edən Paşinyan isə öz tərəfdarlarının böyük bir hissəsini itirməyə başlayır. Paşinyan yaxın zamanlarda həbs etdiyi insanları azad edə və onların əvvəlki vəziyyətlərini bərpa edə bilər. Bu isə ona inananların böyük bir qisminin itirilməsinə gətirəcək. Proses qırmızı cizgiyə yaxınlaşır və əgər Paşinyan kursunu dəyişməzsə, hadisələri idarə etmək mümkün olmayacaq”.
O da bildirilir ki, Paşinyan özünə aid səs yazılarının varlığından narahatdır. Bu barədə Respublika Partiyasının millət vəkili Armen Aşotyan danışıb. "Baş nazirin bəyanatları getdikcə qəribə xarakter almağa başlayır. Parlamentdə və Parisdə məşhur səs yazısı barədə danışan Paşinyan, ölkənin məhkəmə sisteminə birbaşa təsir göstərdiyini sübut etdi. Onun bu cinayət işi ilə bağlı bəyanatlarının dinamikası baş nazirin özünə aid səs yazılarının mövcudluğundan narahat olduğunu göstərir və Allah bilir ki, bundan sonra fəaliyyətdə olan rejim və Ermənistan üçün hansı təsirlər yaranacaq”, - Aşotyan bildirib. Artıq Ermənistan Xüsusi İstintaq Xidməti və Ermənistan polisinin 6-cı idarəsi "Yerevan.Today” portalında yoxlamalara başlayıb. Yoxlamalar Xüsusi İstintaq və Milli Təhlükəsizlik xidmətlərinin rəhbərləri arasında aparılan telefon danışığının yayılması ilə əlaqədar aparılır. Belə ki, məhz bu portal telefon danışığının səs yazısını yayan saytlardan biri olub. Axtarışların "Yerevan.Today”ın direktorunun evində də aparıldığı bildirilib. Qeyd edək ki, "Yerevan.Today” saytı Robert Koçaryana yaxınlığı ilə seçilir.



Azər NURİYEV
banner

Oxşar Xəbərlər