• şənbə, 27 Aprel, 03:05
  • Baku Bakı 14°C

Paşinyan baş nazir seçilmədi

24.10.18 17:19 830
Paşinyan baş nazir seçilmədi
Dünən Ermənistan parlamentində "Yelk” ("Çıxış”) parlament fraksiyası tərəfindən baş nazir vəzifəsinə namizədliyi irəli sürülmüş Nikol Paşinyanla bağlı səsvermə keçirilib. Qabaqcadan razılaşdırıldığı kimi onu baş nazir seçməyiblər. Ermənistan Respublika Partiyası (ERP) əvvəlcədən bəyan etdiyi kimi, Paşinyanın namizədliyi üçün səs verməyib. Səsvermədə ERP, "Daşnaksutyun” və "Çarukyan” blokunun fraksiyaları iştirak etməyiblər. Paşinyanın namizədliyinin lehinə deputatların heç biri səs verməyib, 11 deputat bitərəf qalıb, bir nəfər əleyhinə səs verib. Paşinyan əvvəlcədən bildirmişdi ki, onun namizədliyi baş nazirin seçilməsi üçün yox, seçilməməsi üçün irəli sürülüb.
Beləliklə, Paşinyanın seçilməməsi ilə parlamentin buraxılması yolunda ilk addım atılıb. Əgər həftə ərzində baş nazirliyə namizəd irəli sürülməzsə və yaxud oktyabrın 31-də də səsvermədə baş nazir seçilməsə, onda parlament Konstitusiyaya uyğun olaraq buraxılacaq. Belə olan halda növbədənkənar parlament seçkiləri dekabrın birinci yarısında keçiriləcək. Hazırda baş nazir vəzifəsini müvəqqəti icra edən N.Paşinyan, parlamentdə təmsil olunan digər üç fraksiya ilə namizəd irəli sürməmək haqqında razılıq əldə etdikdən sonra,oktyabrın 16-daistefa verib. Dünən parlamentdə onun namizədliyinin irəli sürülməsi ilə bağlı keçirilən müzakirələrdən əvvəl Paşinyan qəribə bir bəyanat səsləndirib. O xəbərdar edib ki, parlament elə olmalıdır ki, xalq onu mühasirəyə almasın. Yəni bu insan üçün hər hansı bir hüquqi qayda-qanun belə mövcud deyil. Artıq əksəriyyət hesab edir ki, Ermənistanda bu gün sabotajla sabiq iqtidar partiyası deyil, məhz Paşinyan özü məşğuldur. O, bütövlükdə Ermənistanın qanunvericiliyini, Konstitusiyasını, seçki sistemini alt-üst edib və insanları çaşdırıb. Belə baxanda Ermənistan Respublika Partiyası düzgün hərəkət edir. Mövcud parlament bir ildir ki, seçilib və onun buraxılmasına hələ 4 il var. Amma Paşinyan küçənin diqtəsi ilə parlamenti buraxmaq istəyir. Digər tərəfdən isə parlamenti Seçki Məcəlləsini başdan-başa öz xeyrinə dəyişdirməyə məcbur edir. Elə dünən Ermənistan prezidenti Armen Sarkisyan Milli Məclisin reqlamentinə düzəlişlərlə bağlı parlamentin qəbul etdiyi qanunu imzalamaqdan imtina edib. Bu barədə Ermənistan prezidentinin rəsmi saytında yerləşdirilən bəyanatda deyilir. Qeyd olunur ki, cəmiyyətin əksər hissəsinin narazılığı səbəbindən Sarkisyan prezident aparatına bu məsələ ilə bağlı beynəlxalq təcrübəni daha yaxşı incələməyi, adı çəkilən qanunda konstitusion problemlərin olub-olmadığını analiz etməyi, təklif edilən dəyişikliklərin konkret problemlərin həllinə gətirib-gətirməyəcəyini və onun təsirinin mümkün nəticələrini araşdırmağı tapşırıb. Tədqiqatın nəticələri müvafiq qanunda konstitusion problemləri üzə çıxarıb. Bütün bunları nəzərə alaraq və qanunun aliliyi prinsipinə söykənərək Ermənistan prezidenti Konstitusiya Məhkəməsinə təqdim edilən qanunun ölkə konstitusiyasının tələblərinə uyğunlunluğu məsələsini həll etməyi tapşırıb.
Yeri gəlmişkən, parlamentdə deputatların suallarını cavablandıran Paşinyan növbəti dəfə 1 mart hadisələrinə toxunub. Deyib ki, heç kimin 1 mart hadisələrinin tam açılacağına şübhəsi olmasın. O, yaxın zamanlarda ictimaiyyətə Ermənistan tarixinin ən böyük korrupsiya qalmaqalı haqqında məlumat veriləcəyini də bildirib. Onun sözlərinə görə, burada məsələ deputatlardan birindən gedir: "Həmin deputat həbs edilməlidir, amma bunun üçün sənəd lazımdır. İndiyə qədər istintaq bu sənədi əldə edə bilmir”.
Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da absurd fikirlər səsləndirib. "Mən Dağlıq Qarabağa görə məsuliyyət daşımıram. Mən Ermənistan adına görə məsuliyyət daşıyıram. Dağlıq Qarabağda danışıqlar aparmaq səlahiyyətinə sadə bir səbəbə görə malik deyiləm. Bu da Qarabağ xalqının Ermənistan hakimiyyətinin formalaşmasında iştirak etməməsidir. Bu o demək deyil ki, Paşinyan danışıqlarda iştirak etməyəcək. Mən bunu Ermənistan adından edəcəyəm”, – deyə o bildirib. Baş nazir əvəzi Qarabağ münaqişəsinin həllinin uzaqda olduğunu da deyib. Paşinyan Qarabağ münaqişəsi ilə bağlı xalqdan gizli razılaşma əldə olunacağına dair iddiaları da təkzib edib. Deyib ki, Azərbaycan prezidenti ilə aralarında operativ rabitə gündəlik rejimdə fəaliyyət göstərir. "Operativ rabitə barədə Düşənbə görüşündə əldə edilmiş razılaşma yerinə yetirilir. Əminliklə deyə bilərəm ki, belə rabitə qurulub. Biz faktiki olaraq gündəlik rejimdə situasiyanı müzakirə edirik”- deyə N.Paşinyan bildirib. Paşinyan əlavə edib ki, söhbət ancaq Ermənistan-Azərbaycan dövlət sərhədində insidentlərin qarşısının alınmasından gedir. Yəni operativ rabitə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin müzakirəsi üçün istifadə olunmur."Mən ictimaiyyətin, Milli Məclisin bu operativ rabitə barədə məlumatlandırılmasını mühüm hesab edirəm” - o qeyd edib.
Müşahidəçilər qeyd edir ki, Paşinyanın təsvir etdiyi həll mexanizmi absurddur və belə mövqe faktiki olaraq danışıqları pozmaqdır.Belə ki, Paşinyanın fikrincə, danışıqlar prosesində hansısa münasib həll modeli meydana çıxsa, əvvəlcə onu Ermənistan əhalisinin və parlamentinin müzakirəsinə çıxaracaqlar. Yəni Paşinyan həll planını Yerevanın mərkəzi meydanında xalqın müzakirəsinə çıxarmaq niyyətindədir. Əgər bu plan dəstək qazansa, Paşinyan onun əsasında danışıqlar apara bilər. Hansı ki, meydanda səsə qoyulan planın neçə faiz dəstək qazandığı necə müəyyən olunacaq, məlum deyil.

Azər
banner

Oxşar Xəbərlər