• cümə, 26 Aprel, 04:41
  • Baku Bakı 16°C

Paşinyan-Çarukyan qarşıdurmasının pərdəarxası məqamları

17.06.20 16:23 736
Paşinyan-Çarukyan qarşıdurmasının pərdəarxası məqamları
"Nezavisimaya qazeta”: "Korrupsiyaya qarşı mübarizə adı altında mülkiyyətin yenidən bölgüsü aparılır”

Ermənistan bir tərəfdən koronavirus pandemiyasının, bir tərəfdən də baş nazir Nikol Paşinyanın rəqiblərinə qarşı həyata keçirdiyi zorakılıqların əlində qalıb. Parlamentin, ötən gün oliqarx Qaqik Çarukyanın deputat toxunulmazlığının götürülməsi barədə qərarı şok effekti doğurub. Dünən də erməni parlamentində təmsil olunan azsaylı deputatlar iclası boykot ediblər. "Çiçəklənən Ermənistan” fraksiyasının rəhbəri Qaqik Çarukyanın parlament toxunulmazlığından məhrum edilməsinə cavab olaraq, fraksiyanın deputatları qanunverici orqanın iclasını boykot edərək zaldan çıxıblar. Parlamentdə çoxluğa malik olan baş nazir Nikol Paşinyanın "Mənim addımım” bloku "Çiçəklənən Ermənistan” Partiyasının rəhbəri və eyniadlı fraksiyanın lideri Qaqik Çarukyanın deputat toxunulmazlığından məhrum edilməsinə və həbsinə icazə verilməsinə dair baş prokurorun təqdim etdiyi vəsatətlərin lehinə səs verib. "Təəssüf edirəm ki, demokratik dəyərlərin bərpası, söz və ifadə azadlığına hörmət şüarları ilə gələn əksəriyyət, siyasi müxalifləri susdurmağa çalışır. Bu, səhv yoldur və Ermənistanı iflasa aparır”, - deyə fraksiyanın deputatı Arman Abovyan bildirib. O, "Mənim addımım” blokundan olan həmkarlarının çoxunun bu qanunsuz səsvermənin əleyhinə olduğuna inandığını əlavə edib: "Ermənistanın diktaturaya çevrilməsi üçün resursları yoxdur. Biz həqiqi demokratik dəyərlər, vətəndaşların sosial, iqtisadi və siyasi hüquqları uğrunda mübarizə aparacağıq”. Abovyan Çarukyanın toxunulmazlığından məhrum edilməsinə dair səsvermənin siyasi repressiyadan başqa bir şey olmadığını deyib. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət məsələni yaxından izləyir.
Baş verənlərə Rusiya mediası geniş yer ayırmaqdadır. "Nezavisimaya qazeta” yazır ki, etiraz aksiyaları zamanı 100-dən çox şəxs həbs edilib. Onların arasında məşhur idmançılar, o cümlədən yunan-Roma güləşi üzrə ikiqat Avropa çempionu Roman Amoyan da var. İdmançıların hərəkəti də anlaşılandır. Axı Çarukyan həm də Milli Olimpiya Komitəsinin prezidentidir. İdmançıların yarışlarını maliyyələşdirib, onlara qayğı göstərib. Baş verənləri qəzetə şərh edən politoloq Andranik Tevanyan ölkədəki mövcud siyasi vəziyyətin, miqyaslı şəkildə mülkiyyətin və kapitalın bölgüsü ilə əlaqəli olduğunu bildirib. "2018-ci ildə oliqarx rejimini devirən qüvvə hakimiyyətə gəldi. Onların problemi varlanmaq idi və buna da iri kapital mane olurdu. Əgər baş nazir Nikol Paşinyan onların öhdəsindən gələ bilərsə, növbədə kiçik və orta biznes olacaq. Yoxsullar daha da pis yaşamağa başlayacaqlar və yalnız Paşinyanın populist çıxışları ilə yemlənəcəklər. Paşinyan dövlət pulu ilə komanda yoldaşlarını satın alır, mükafatlar paylayır, Çarukyana hücum isə özəl sektorun ələ keçirilməsidir. Hakimiyyət iddia edir ki, Ermənistanda mülkiyyət, xüsusən də iri kapital qanunsuz yolla əldə edilib. Korrupsiyaya qarşı mübarizə adı altında mülkiyyətin yenidən bölgüsü aparılır. Kapital əldə etmək üçün baş nazir ictimai təlatümlərə gedir. Bütün bunlar isə ərazilərin, hətta dövlətçiliyin məhvinə gətirib çıxara bilər. Bu isə o deməkdir ki, müxalif meydan birləşməlidir. Yeni hökumətin formalaşdırılması artıq ölkənin təhlükəsizliyi baxımından zəruridir”, - deyə erməni politoloq vurğulayıb. Analitik Boris Navasardyan isə tamam başqa cür fikirləşir. "Çarukyanın qanunla ciddi problemi olmadığına heç kim inanmaz. Onun məsuliyyətə cəlb edilməsi sırf siyasi konyukturadır. Çarukyana qarşı rəsmi ittihamlar əvvəlcə informasiya kampaniyası ilə başladı. Onun rəhbərlik etdiyi partiya müxalif sahədə tək maddi resurslarla deyil, həm də real elektoratı ilə seçilir. Pandemiya ilə bağlı ortaya çıxan çoxsaylı sosial-iqtisadi çağırışlar, Çarukyanın müxalifətin birləşməsi prosesində iştirakı hakim komandada narazılıq yaratmaya bilməzdi”, - deyə politoloq bildirib. Onun qənaətincə, belə bir taktika Nikola və tərəfdarlarına iki il bundan əvvəl, sözsüz ki, daha çox uğur gətirə bilərdi: "O zaman baş nazir indikindən daha çox dəstəyə malik idi. İndi isə Çarukyana qarşı həyata keçirilənlərə münasibət birmənalı deyil. Kimsə onu əvvəlki rejimə qarşı mübarizədə kompromissiz bir şəxs kimi görür, ona rəğbəti olmayan bir qrup isə baş verənləri repressiv addımlar hesab edir”.
"Kommersant” da Ermənistanda baş verənlərlə bağlı silsilə yazılar dərc edir. Qəzet yazır ki, bir vaxtlar "məxməri inqilab” zamanı Çarukyan Paşinyanı müdafiə edib, hətta ona kömək də edib. Baş prokuror Artur Davtyan bəyan edib ki, istintaqın versiyasına görə, Çarukyanla bağlı məsələ siyasi yox, cinayət məsələsidir. Əlavə edib ki, azadlıqda qalarsa, öz şəxsi əlaqələri və maliyyə resurslarından istifadə edərək işin gedişinə maneə yarada bilər. "Çiçəklənən Ermənistan” və "Maarifçi Ermənistan” Partiyasından olan deputatlar baş prokurora sual veriblər ki, nə üçün Çarukyanın cinayəti barədə fevralda məlumat əldə edəndə onu həbs etmədilər və məhz indi bu məsələni qabartdılar? O ki qaldı baş nazirin mövqeyinə, Nikol ilk dəfə olaraq Çarukyanın işi ilə bağlı məsələyə toxunub. Öz səhifəsində video yerləşdirib. Əlavə edib ki, hər kəs qanun qarşısında bərabərdir. Maraqlıdır ki, məhz Artur Davtyan iki il bundan əvvəl parlamentə müraciət edərək Paşinyanın toxunulmazlığının götürülməsi barədə vəsatət qaldırmışdı. O zaman o "Yelk” blokunu təmsil edirdi və antihökumət aksiyaları keçirirdi. Sonradan etiraf etmişdi ki, vəsatətini o zaman baş nazirin müavininin xahişi ilə geri götürüb. İstisna deyil ki, başqa bir cinayət işi "Çiçəklənən Ermənistan”ın baş katibi, parlamentin insan haqları və insan hüquqları komissiyasının sədri Naira Zohrabyana qarşı da həyata keçiriləcək. Milli Təhlükəsizlik Xidməti onu, seçiciləri pulla ələ almaqda ittiham edir. Artıq ona, kabinetində axtarış aparılacağı barədə xəbərdarlıq edilib. "Kommersant”a açıqlamasında Qafqaz İnstitutunun direktoru Aleksandr İsgəndəryan bildirib ki, baş verənlər elitanın dəyişməsidir: "Yeni elita onlara yad olan şəxslərə şübhə ilə yanaşır. Halbuki, inqilab vaxtı Çarukyanın partiyası Paşinyanı müdafiə edirdi. Bəllidir ki, inqilab öz övladlarını yeyir və biz bu prosesi görürük. Ermənistanın siyasi səhnəsini öz rəqiblərindən tam şəkildə təmizləmək Paşinyana qismət olmayacaq. Növbəti mərhələ yeni elita daxilində müxalifətçilərin ortaya çıxarılması olacaq”. Öz növbəsində rus siyasi analitik Aleksandr Skakov Ermənistanda baş verənlərə toxunarkən bildirib: "Hakimiyyət hesabları təmizləməyə və Çarukyandan qisas almağa başlayıb”. Skakovun sözlərinə görə, tamamilə anlaşılandır ki, Çarukyan hakimiyyətin sahə siyasətindən, koronavirusa qarşı mübarizəsindən narazılıq edərək və cəmiyyət arasında mövcud olan bənzər əhval-ruhiyyələri birləşdirərək Ermənistan müxalifətinin rəhbəri mövqeyini tutmağa çalışırdı. O qeyd edib ki, Ermənistan cəmiyyətinin hakimiyyətin fəaliyyətlərindən narazılığı və məyusluğu artır.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər