• cümə, 26 Aprel, 09:42
  • Baku Bakı 12°C

Partiyaların hesabat dərdi

11.07.15 11:43 1392
Partiyaların hesabat dərdi
Əvvəllər Azərbaycanda siyasi partiyalar illik maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim edirdilər. Ancaq ötən il oktyabr ayının 1-də Milli Məclis “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklər etdikdən sonra vəziyyət dəyişib. Dəyişikliyə əsasən, siyasi partiyalar bu ildən başlayaraq illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməlidirlər. Eyni zamanda, MSK bu barədə məlumatları internet saytında yerləşdirməli və ictimaiyyəti məlumatlandırmalıdır. Bununla yanaşı, MSK maliyyə hesabatı təqdim etməyən partiyalarla bağlı Ədliyyə Nazirliyinə müraciət etmək hüququna da malikdir. Belə bir müraciət olduğu təqdirdə, Ədliyyə Nazirliyi maliyyə hesabatlarını təqdim etməyən siyasi partiyaların dövlət qeydiyyatını ləğv edə bilər.
Hazırda Azərbaycanda dövlət qeydiyyatına alınmış 55 siyasi partiya fəaliyyət göstərir. MSK sədrinin müavini Natiq Məmmədovun bu günlərdə mətbuata açıqlamasından bəlli olub ki, dövlət qeydiyyatına alınmış partiyalardan cəmi 43-ü keçən ilin maliyyə hesabatını MSK-ya təqdim edib. Buna görə də MSK 2014-cü ilin illik maliyyə hesabatını təqdim etməyən 12 siyasi partiya ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edib. MSK rəsmisi həmçinin onu da qeyd edib ki, təqdim edilən hesabatlarda da müəyyən nöqsanlar var. Bu nöqsanların bir qismi MSK-ya maliyyə hesabatlarının siyasi partiyalar tərəfindən ilk dəfə təqdim olunması, bir qismi partiyaların öz mövqeyi, bir qismi isə partiyaların fəaliyyətinin keyfiyyət xarakteri ilə əlaqədardır.
Sözügedən məsələ ilə bağlı siyasi partiyalar arasında sorğu apardıq. Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, partiyanın Mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bildirdi ki, təmsil etdiyi qurum tərəfindən ənənəvi olaraq hər ilin 6 ayı üzrə ayrı-ayrılıqda və ümumilikdə ilin sonunda yekun maliyyə hesabatları tərtib edilir. Onun sözlərinə görə, hazırlanan maliyyə hesabatı YAP-ın İdarə Heyətində müzakirə olunur və təsdiq edilir, sonradan həmin informasiyalar ictimailəşdirilir: “Partiyanın gəlir və xərcləri, o cümlədən onun büdcəsində qalan vəsaitlər barədə son qəpiyinə kimi ictimaiyyətə məlumat verilir. Hər bir partiya üzvümüz mənsub olduğu siyasi təşkilatın maliyyə fəaliyyəti barədə məlumatlı olur. Hesab edirik ki, bu yanaşma hər bir partiya üçün keçərli olmalıdır. Hər bir partiyanın fəaliyyəti şəffaf olmalıdır. Yeni Azərbaycan Partiyası ölkədə yeganə siyasi təşkilatdır ki, onun maliyyə fəaliyyətində nöqsan yoxdur, şəffafdır, ictimaiyyətin hər bir üzvü üçün o məlumatlar əlçatandır. Biz Yeni Azərbaycan Partiyası olaraq ölkədə fəaliyyət göstərən digər siyasi təşkilatların da maliyyə hesabatı verməsi barədə dəfələrlə məsələ qaldırmışıq. Lakin buna baxmayaraq, indinin özündə də bəzi partiyalar nəinki özünün maliyyə hesabatını ictimailəşdirməkdən çəkinir, hətta müvafiq dövlət orqanlarına da bu barədə məlumat vermirlər. Bu fakt onu göstərir ki, Azərbaycandakı həmin siyasi partiyaların fəaliyyəti qaranlıqdır. Bu partiyalar xarici dövlətlərdən, xarici təşkilatlardan, əsasən də Azərbaycanın uğurlarını, inkişafını qəbul edə bilməyən qüvvələrdən qrantlar alırlar. Həmin qrantlar hesabına da Azərbaycanın milli və dövlətçilik maraqlarına zidd fəaliyyət qururlar. Məhz bu kimi səbəblərdən qeyd olunan partiyalar öz maliyyə hesabatlarını gizlədir, ictimaiyyətə açıqlamaqdan çəkinirlər”.
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı partiyasının maliyyə hesabatının hər zaman vaxtında MSK-ya verildiyini bildirib. O, digər partiyalarla müqayisədə VHP-nin ən səliqəli şəkildə, bank yolu və kartlar vasitəsilə ilə mühasibatlıq əməliyyatları apardığını, şəffaflığı təmin etdiyini, buna görə də MSK-ya təqdim etdiyi maliyyə hesabatında hər hansı nöqsan tapılmadığını söyləyib. Onun dediklərinə görə, illik hesabat tərtib edilərkən audit yoxlaması da aparılıb və partiyadakı maliyyə şəffaflığı, mühasibatlığın səliqəli işi peşəkarlar tərəfindən yüksək qiymətləndirilib. Bütün bunlara rəğmən, millət vəkili deyib ki, hər ehtimala qarşı VHP nümayəndəsi təkrar MSK ilə əlaqə yaradacaq, hər hansı çatışmazlıq olarsa, dərhal onun da aradan qaldırılması istiqamətində iş aparılacaq.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə də rəhbərlik etdiyi təşkilatın maliyyə hesabatını vaxtlı-vaxtında verdiyini qeyd edib: “Qanunvericiliyə əsasən əvvəllər Maliyyə Nazirliyinə bu barədə hesabat verirdik. Lakin son dövrlər qanunvericilikdə dəyişiklik olunduğundan biz də hesabatımızı Mərkəzi Seçki Komissiyasına veririk. Hesabatlarımızda hər hansı çatışmazlıq, qüsur yoxdur. Ancaq hər ehtimala qarşı, birinci gün partiyamızın nümayəndəsi Mərkəzi Seçki Komissiyası ilə əlaqə saxlayacaq, bizim hesabatla bağlı problemin olub-olmamasını təkrar müəyyənləşdirəcək. Ümumiyyətlə, bu günə qədər bizim heç bir hesabatımızda problemlər, çatışmazlıqlar müşahidə olunmayıb. Çünki biz hökumətdən maliyyələşən partiya deyilik. Ona görə də AMİP-in maliyyə hesabatı o qədər də böyük deyil”.
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı da təmsil etdiyi təşkilatın vaxtlı-vaxtında maliyyə hesabatı verdiyini bildirib. Deyib ki, AXCP-nin MSK-ya təqdim etdiyi hesabatla bağlı onlara hər hansı irad bildirilməyib.
Müsavat Partiyası (MP) Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı da təmsil etdiyi siyasi təşkilatın bu günə qədər bütün maliyyə hesabatlarını vaxtında verildiyini bildirib. Qeyd edib ki, 2014-cü ilin maliyyə hesabatı da MSK-ya nəzərdə tutulan vaxtda təqdim edilib: “Ona görə də 2014-cü ilin illik maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına təqdim etməyən 12 siyasi partiya arasında Müsavat Partiyasının adı yoxdur. Biz hesabatımızı vaxtında vermişik. Hesabatdakı bəzi xırda çatışmazlıqlara gəlincə, bunlar qanunvericiliyə edilən əlavə və dəyişikliklərlə bağlıdır. Bundan irəli gələrək də Mərkəzi Seçki Komissiyasında əlavə sənədlər tələb olunur. Həmin sənədləri Müsavat Partiyasından da istəyiblər. Partiyamızın nümayəndəsi birinci gün həmin sənədləri müvafiq dövlət qurumuna təqdim edəcək”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər