• cümə, 26 Aprel, 04:55
  • Baku Bakı 16°C

Partiyalar büdcədən ayrılan pulları necə xərcləyəcək?

10.01.15 09:51 1555
Partiyalar büdcədən ayrılan pulları necə xərcləyəcək?
Bu günlərdə ölkə siyasi partiyalarına 2015-ci ildə ayrılan vəsaitin miqdarı açıqlanıb. Məlum olub ki, “Siyasi partiyalar haqqında” qanunun icrası üçün partiyaların fəaliyyətinə dövlət büdcəsindən 2,5 milyon manat vəsait ayrılıb. Biz də partiyaların bu vəsaiti hansı istiqamətlərdə xərcləyəcəkləri, ayrılan məbləğin yetərli olub-olmaması ilə maraqlandıq. Partiya sədrlərinin fikrincə, miqdar bir qədər az olsa da, texniki işlərin görülməsi üçün kifayət edir.
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı qəzetimizə açıqlamasında söylədi ki, partiyalar üçün pul vəsaitinin ayrılması onlara işlərini qura bilmək üçün ciddi şəkildə kömək edir: “Həmişə maliyyə vəsaiti ayrıldıqdan sonra məbləği əsasən partiyamızın təşkilati strukturlarının güclənməsinə xərcləyirik. Xüsusilə, bir sıra rayon və şəhər təşkilatlarımızın maliyyələşməsinə çalışırıq. Təəssüf ki, maliyyə çətinlikləri ucbatından müəyyən bölmələrimiz ofis aça, yer kirayələyə bilmirlər. Bizim üçün həmişə ən vacib məsələlərdən biri bu problemin aradan qaldırılması olub. Bu il ayrılan vəsaitlə də ilk olaraq belə məqamların həllinə çalışacağıq. Təbii ki, vəsait bu problemin tam olaraq aradan qalxmasına yardım etməsə də, xeyli dərəcədə azalmasına səbəb olacaq”.
F.Ağamalı qeyd etdi ki, haqqında danışdığı məsələ keçən il müəyyən qədər həllini tapıb: “Bu il də aradan qalxacağına inanıram. Artıq bir sıra rayon və şəhər təşkilatlarımız ofislə və texniki avadanlıqlarla təmin olunub. Sadəcə, bu işləri davam etdirməyə, daha doğrusu, sona çatdırmağa ehtiyac var. Bundan əlavə, qarşıda duran əsas prioritet məsələ partiyanın strukturunun möhkəmləndirilməsidir. Təbii ki, hər bir partiya sədrinin əsas diqqət verdiyi məqam rəhbərlik etdiyi təşkilatın maksimum şəkildə güclənməsidir”.
Müsahibimiz nəzərə çatdırdı ki, partiyasının daha çox konfrans keçirməsinə, tədbirlər təşkil etməsinə ehtiyac var: “İndiyə qədər dəfələrlə konfranslar təşkil etmişik. Amma bu say kifayət deyil və hesab edirəm ki, mütləq şəkildə artırılmalıdır. Çalışacağıq ki, bu il ayrılan vəsaitdən dediyim məsələ üçün daha çox pul ayıraq. Ana Vətən Partiyası bölgələrdəki təşkilatları üçün də ayrılan vəsaitin həcmini artıracaq. Əsas diqqət mərkəzində olan məsələ rayonlara ezamiyyət məsələsidir. Hər zaman partiyalar üçün ayrılan vəsaitdən bu istiqamətdə rahatlıqla yararlana bilmişik. Ayrılan pullar bu cür məsələlərin həllində xüsusilə əhəmiyyətli olur. Əminəm ki, bu il də təşkilati işləri yüksək səviyyədə həyata keçirəcəyik. Əvvəlki illərdə daha çox vəsaitin xərcləndiyi istiqamətlərdən biri partiya aparatının işinin yenidən qurulması olub. Bura peşəkar funksionerlərin cəlb olunması, ofisdə yerlə, texniki avadanlıqlarla təmin olunması, mərkəzi aparatda işlədiyinə görə əməkhaqqı ilə təmin olunması və s. aiddir. Dövlətdən ayrılan pullarla belə işləri yüksək səviyyədə görə bilmişik. İnanıram ki, bu il də uğurlu strategiya qura biləcəyik və vəsait partiya işinə töhfə verməklə əhəmiyyətli nəticələr qazanmağımıza yardım edəcək”.
Partiya sədrinin fikrincə, bu il təşkil ediləcək konfransların əsas mövzusu dövlətçilik, ölkə əhəmiyyətli işlər olmalıdır: “Onsuz da bu mövzular bizim üçün həmişə prioritet olub. Amma bu il ölkədə yaşananlar göstərdi ki, müxtəlif konfranslar zamanı sözügedən mövzular barədə ciddi şəkildə danışılmalıdır. Ona görə də biz də partiya məclisinin iclasları, təşkil etdiyimiz tədbirlər zamanı dövlətimizin güclənməsi ilə bağlı məsələlərə xüsusi diqqət ayıracağıq. Azərbaycana qarşı təzyiqlərin və təhdidlərin qarşısının alınmasına töhfə verə bilmək üçün çalışacaq, məsələnin həlli yollarını müzakirə edəcəyik. Ayrılan vəsait belə işlər üçün kifayət etsə də, təəssüf ki, seçki kampaniyası təşkil etmək üçün yetərli deyil. Əgər məbləğ bir qədər də çox olsaydı, təbliğatımızı daha geniş şəkildə qurardıq. Mənə elə gəlir ki, Ana Vətən Partiyasının güclənməsi dövlətçilik üçün də faydalı olar, müəyyən töhfə verər və ölkənin ictimai-siyasi həyatına əhəmiyyətli təsir göstərər. Ümidvaram ki, gələcəkdə ayrılan vəsaitin həcmi artırılacaq və bu vəsait siyasi partiyaların Azərbaycan siyasət sistemində əhəmiyyətli rol oynaması üçün geniş imkanlar yaradacaq”.
Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa da partiyalar üçün ayrılan vəsaitin həcminin az olduğunu dedi: “Bizə ayrılan pullar əsasən, rayon təşkilatlarına xərclənir. Təşkil etdiyimiz tədbirlər, həmçinin broşurların, kitabların çapı üçün bu pullardan yararlanırıq. Məlumdur ki, partiyanın ezamiyyət və bir sıra texniki məsələləri də xeyli maddi vəsait tələb edən işlərdəndir. Bunun üçün də ayrılan pullardan istifadə olunur. Vəsait partiyanın formalaşmasına, təşkilatlanmasına və bir sıra digər işlərini görməsinə xeyli dərəcədə kömək göstərmiş olur. Amma düşünürəm ki, maliyyə vəsaitinin həcmi bir qədər də çox olsaydı, daha yaxşı olardı. Çünki o zaman daha geniş şəkildə seçki kampaniyası aparmaq imkanımız olardı. Belə demək olar ki, ayrılan pullar daha uğurlu seçki kampaniyasından başqa, bütün qalan məsələlərdə çox işə yarayır. Bunlardan ən vacibi təşkilatlanma məsələləridir”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər