AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Pandemiya dövründə məhsul bolluğu

Pandemiya dövründə məhsul bolluğu

İqtisadiyyat
24 İyun 2020, 18:32 618
Ekspertlər deyir ki, bu il kənd təsərrüfatı məhsullarının bol olması qiymətlərə də təsir edib

2020-ci ilin yanvar-may ayları üzrə Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 2165,1 milyon manat təşkil edib ki, onun da 1721,9 milyon manatı heyvandarlıq, 443,2 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür. Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,6 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,2 faiz, bitkiçilik məhsulları üzrə isə 5,3 faiz artıb. Yaz-tarla işləri ilə yanaşı kənd təsərrüfatı məhsullarının yığımına da başlanılıb. İyun ayının 1-nə kimi tarlalardan 57,1 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 63,1 faiz az taxıl, 196,1 min ton (13,7 faiz çox) kartof, 287,4 min ton (16,2 faiz çox) tərəvəz, 20,7 min ton (24,7 faiz çox) meyvə və giləmeyvə, 392,0 ton (22,0 faiz çox) yaşıl çay yarpağı yığılıb.
Bir müddətdir ki, davam edən pandemiya demək olar ki, bir çox sahələrə mənfi təsir etdi. Xüsusilə də, iqtisadiyyatın ciddi şəkildə geriləməsinə səbəb oldu. Hazırda bütün dünya mövcud vəziyyətdən çıxış yolu axtarır. Eyni hal ölkəmizdə də müşahidə edilir. Bir çox sahələr virus səbəbindən ciddi ziyan çəkdi. Lakin görünən odur ki, pandemiya kənd təsərrüfatı sahəsinə təsirsiz ötüşüb. İstehsalın artdığı qeyd olunur. Bu, hazırkı vəziyyətdə olduqca müsbət haldır. Maraqlıdır, bu artım bazardakı qiymətə necə təsir edib, həmçinin artımı kənd təsərrüfatının inkişafı istiqamətində stimullaşdırıcı amil hesab etmək olar?
Kənd təsərrüfatı məsələləri üzrə ekspert Qadir Bayramlı bildirir ki, məhsul istehsalı bol olsa da, onun bazarlara çatdırılmasında bəzi problemlər yaşanır: "Məhsulun bol olması onu göstərir ki, pandemiyanın fəsadları bölgələrdə şəhərlərdəki kimi böyük olmadı. Yəni rayonlarda məkan genişdir, istənilən halda sosial məsafə saxlanılır, həmçinin qoyulan qaydalara əməl edilir. Çünki onların başqa çarələri yoxdur, yeganə gəlir mənbələri istehsal etdikləri məhsuldur. Ona görə də, məsələyə hərtərəfli şəkildə ciddi yanaşırlar. Həmçinin qeyd etmək lazımdır ki, bu məhsullar keçən il, yəni pandemiyadan öncə əkilib, indi insanlar, sadəcə yığım üçün əkin yerinə gedirlər. Düşünürəm ki, Bakı, Sumqayıt, Gəncə kimi böyük şəhərlərdə əhalini tam təmin edəcək səviyyədə məhsul var. Bölgələrdə istehsalla məşğul olanların əsas problemi məhsulun bazara çatdırılmasında yaşanır. Belə ki, məhsullun şəhərlərə gətirilməsi üçün böyük yük maşınlarına icazə verirlər. Amma əvvəllər kiçik minik maşınlarında Bakıya məhsul daşınırdı. İndi bu maşınlarla məhsul gətirilməsinin qarşısı kəsilib. Bu məsələyə bir çarə tapılarsa, məhsulun gətirilməsi daha çox olar və qiymət də ucuzlaşar. Məsələn, hər rayonda müəyyən tədarük məntəqələri yaradıla və kəndli məhsulunu gətirib ora verə bilər. Daha sonra həmin tədarük məntəqəsindən böyük şəhərlərə paylanması daha məqsədəuyğun olar. Yaxud da, xüsusi icazə ilə meyvə-tərəvəzlərin gətirilməsinə izin verməlidir. Bunlar həyata keçirilərsə, həm fermerin məhsulu əlində qalıb xarab olmaz, həm də bazarda meyvə-tərəvəz bolluğu olar. Bu da qiymətlərdin 30-40% aşağı enməsinə imkan verər”.
Aqrar tədqiqatlar mərkəzinin direktoru Firdovsi Fikrətzadənin sözlərinə görə, məhsulun bol olması bazarda qiymətin aşağı olmasına şərait yaradır: "Bu artımın müsbət cəhəti odur ki, bu il yetişən faraş meyvələrin - yəni gilas, ərik, alça, çiyələk kimi məhsulların qiymətinə təsir edir. Keçən mövsümdə məhsul qıtlığımız olduğu üçün bazarda da qiymətlər baha idi. Bu il isə məhsulumuz boldur və qiymət ötən dövrə nisbətən ucuzdur. O cümlədən, kartof və soğan da keçən mövsümlə müqayisədə bir qədər ucuzdur. Amma bu ucuzluq fermerin gəlirinə mənfi təsir edəcək səviyyədə deyil. Əslində, mövcud vəziyyətlə bağlı, yəni pandemiyadan dolayı istixana rejimində yetişən pomidor, xiyarın ixracında problemlərin yaşanacağını düşünürdük. Təbii ki, belə bir problemin yaşanması qiymətə təsir edəcəkdi. Amma hazırda bu risk aradan qalxıb və ixrac tam şəkildə həyata keçirilir.  Ümumilikdə isə hələ ki, pandemiyanın yaratdığı problemlərin kənd təsərrüfatına ciddi mənfi təsirləri müşahidə olunmayıb. Yəni məhsullar lazımı səviyyədə istehsal olunub satışa çıxarılır”.
Direktor deyir ki, məhsulların bazara çatdırılması sahəsində də heç bir problem yoxdur: "Nazirlər Kabinetinin qərarına əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olanların, həm onlara aqrotexniki qulluq göstərənlərin, həm də kənd təsərrüfatı məhsullarının yığılması, bazara çatdırılması sahəsində çalışanların fəaliyyəti sərbəstdir. Bu istiqamətdə olan işlərə heç bir məhdudiyyət yoxdur. Ona görə də, istər daxili, istər xarici bazarda məhsul çatışmazlığı və ya məhsulun bazara çatdırılması sahəsində heç bir problem yaşanmır”.

Günel Azadə