AZE | RUS | ENG |

Oxu mədəniyyətinə yeni töhfə - “LİBRAFF Park Akademiya” açıldı - Fotolar

Oxu mədəniyyətinə yeni töhfə - “LİBRAFF Park Akademiya” açıldı - Fotolar
"LİBRAFF” mağazaları əslində, yalnız kitab mağazası kimi fəaliyyət göstərməyib, kitabın üstün yer tutduğu çoxfunksiyalı bir məkandır, yeni konsepsiya əsasında yaradılmış sosial-mədəni platformadır. Bu layihə Azərbaycanda kitab ticarətini inkişaf etdirməklə bərabər, ədəbiyyatın və mütaliənin təbliğatı missiyasını daşıyır”. "LİBRAFF Park Akademiya” kitab mağazasının açılışı və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Cümhuriyyətin 100 illiyinə həsr edilmiş kitablarının sərgisinə həsr edilmiş tədbirdə  səslənən bu fikirlər iştirakçılara,  kitabın bütün dövrlər üçün əhəmiyyətli olduğunu bir daha qabartdı. 

Qeyd edildi ki, 2017-ci ildə yaradılmış "LİBRAFF” Azərbaycanda ən böyük modern kitab mağazaları şəbəkəsidir. "LİBRAFF”lar paytaxtımızın əsas görkəmli yerlərində, Heydər Əliyev Beynəlxalq Hava Limanında və tanınmış ticarət mərkəzlərində, həmçinin Gəncədə oxucuların xidmətinə verilib.   "LİBRAFF Park Akademiya” kitab mağazası isə bu şəbəkədən ən böyük mağazadır. 

"LİBRAFF”  kitab bölməsi azərbaycan, rus, ingilis, türk və digər xarici dillərdə olan zəngin kitabxanası ilə insanların xidmətindədir”-deyə Avropa Azərbaycan Cəmiyyətinin təsisçisi və sədri Taleh Heydərov  məlumat verdi: "Mağazalarda yerli və aparıcı dünya nəşriyyatlarının klassik əsərləri, xüsusi seçilmiş müasir ədəbiyyat nümunələri, uşaq və yeniyetmələrin fərdi inkişafına istiqamətlənmiş əyləncə və oxu materialları təqdim olunur. Mövzu zənginliyi, qabıq dizaynı, çap və kağız keyfiyyəti ilə uzun illər şəxsi kitabxanaların ayrılmaz hissəsi olacaq”. T.Heydərov qeyd etdi ki, "LIBRAFF”ın flaqman mağazası – "Park Akademiya”nın yerinin seçilməsindən, onun dizayn tərtibatına və xidmətin  təşkilinədək hər bir məsələ məqsədyönlü xarakter daşıyır: "Bu yer Azərbaycan Milli Elmlər Akademiyasının, Bakının çoxsaylı pedaqoji heyəti, tələbə-şagird kontingenti olan universitet və məktəblərin qovşağında yerləşir. İstər zahiri, istərsə də daxili etibarı ilə kitaba hörmət hissi yaradır”. "LİBRAFF”-ın adına və məramına uyğun olaraq, Azərbaycanda ilk dəfə oxucularına satışla bərabər, kitabxana xidməti də göstərəcəyini deyən T.Heydərov bildirdi ki, Akademiyanın əməkdaşları, universitet tələbələri və şagirdlər, ümumiyyətlə, hər bir müsafir bu məkanda ən son nəşrlərlə nəinki tanış ola biləcək, həmçinin onları mütaliə də edə biləcək: "Burada yerli və xarici müəlliflərin imza günləri və təqdimatlar keçiriləcək, kitabsevərlərin iştirakı ilə müzakirələr aparılacaq. Oxucular burada dünyanın ən görkəmli nəşriyyatlarının nəşrləri, müasir poliqrafiyanın son nailiyyətləri ilə tanış ola biləcəklər. Bununla da "LİBRAFF Park Akademiya” elmi-mədəni və kitab mərkəzi kimi formalaşacaq, Azərbaycanda xidmət səviyyəsinin yüksəldilməsinə, kitab mədəniyyətinin təbliğinə, inkişafına öz töhfəsini verəcəkdir”. T.Heydərov "LİBRAFF”ın yaranması yolunda "TEAS Press” Nəşriyyat Evinin mühüm rol oynadığını qeyd etdi. Belə ki, bu gün "TEAS Press”, nəinki Azərbaycanda, hətta onun hüdudlarından kənarda da tanınır: "TEAS Press”, "3 alma” və "Yay” markları ilə çıxan kitablar artıq oxucuların sevimli nəşriyyat brendlərinə çevrilib. "TEAS Press” "LİBRAFF” mağazaları ilə yanaşı, respublikanın digər kitab mağazalarını da ən yeni kitablarla təmin edərək, Azərbaycanda kitab nəşri və ticarətinə də dəstək verir. İstanbulda fəaliyyət göstərən "TEAS Yayınçılık” Türkiyənin ən qabaqcıl on nəşriyyatı sırasına daxil olub”. T.Heydərov "LİBRAFF Park Akademiya” nın açılışı ilə eyni zamanda, Avropa Azərbaycan Cəmiyyətinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş nəşrlərinin də təqdim olunduğunu vurğuladı: "TEAS” da bu tarixi hadisəyə öz töhfəsini hazırlayıb. Bu məqsədlə Azərbaycanda ilk dəfə yeni və əsaslı layihələr həyata keçirilib. Onların içərisində Türkiyə Respublikasının Osmanlı dövrü arxivləri və mətbuatından toplanmış sənəd və materiallardan ibarət 4 toplu mühüm yer tutur. Avropa Azərbaycan Cəmiyyətinin həyata keçirdiyi digər unikal bir layihə 1923-1927-ci illərdə Məmməd Əmin Rəsulzadənin rəhbərliyi və redaktorluğu ilə İstanbulda çıxmış mühacir "Yeni Kafkasya” dərgisnin bütün saylarını əhatə edən dörd cildlik kitabın nəşridir”. T.Heydərov  "LİBRAFF”ın Azərbaycan mədəni mühitində mühüm rol oynayacağına əminliyini ifadə etdi: "İnanıram ki, kitab həvəskarları bu kitab mağazasından faydalı surətdə yararlana biləcəklər”.

Mədəniyyət nazirinin müavini Vaqif Əliyev yeni kitab mağazasının açılışını ölkənin mədəni həyatında hadisə kimi qiymətləndirdi. Nazir müavini Cümhuriyyət İlinə həsr olunan kitabların nəşrini cümhuriyyətçilərin ruhuna töhfə kimi dəyərləndirdi: "Cümhuriyyətçilər  bu kitabların nəşrini görsəydilər çox sevinərdilər. Çünki onların amalı xalqa təhsil vermək, maarifləndirmək idi”. Kitab mağazasını Azərbaycanın inkişafının intellektual göstəricisi kimi dəyərləndirən V.Əliyev bu mağazanın insanların marağını mütaliəyə yönəltməyə xidmət edəcəyini vurğuladı: "Sevinirəm ki, belə bir müasir kitab mağazası açılıb və insanların  intellektual inkişafında rol oynayacaq”.

"Bizim gələcəyimiz kitablarla bağlıdır”- deyən Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev Azərbaycanın siyasətinin, iqtisadi yüksəlişinin, ordu quruculuğunun təhsildən, mütaliədən asılı olduğunu qeyd etdi: ”Kitab oxumayan xalqın gələcəyi ola bilməz. Biz ilk növbədə övladlarımıza kitab oxumağı aşılamalıyıq. Bu, bizi dünyada tanıdacaq. Yaxın illərə qədər Azərbaycanı dünyada kitab oxumayan ölkə kimi tanıyırdılar. Nə qədər kitab mağazası çox açılsa, o qədər də insanlarda intellekt inkişaf edəcək. Mən həmişə kitab mağazalarının azlığından şikayətlənirəm. İndi sevinirəm ki, artıq paytaxtda belə müasir kitab mağazaları var. Əvvəllər iş adamları başqa sahələrə maraq göstərirdilər. İndi sevindirici haldır ki, ziyalılar məhz kitab mağazasına maddi diqqət ayırırlar. Bu mağazalar şəbəkəsində dörd dildə kitab satılır. Bu cür kitab mağazaları nə qədər çox olacaqsa, ölkəmizin gələcəyi də o qədər parlaq olacaq”.

Professor Kərim Şükürov  "LİBRAFF Park Akademiya”nın açılışını ölkənin sosial-mədəni həyatında mühüm hadisə adlandırdı: "Bu mağazaya gələn insanlar  yüzlərlə kitabla tanış olmaq imkanı qazanacaqlar. Arzu edərdim ki, bu mağazalar ölkəmizin sərhədlərindən kənara  çıxsın və hər yerdə Azərbaycan kitabını tanıtsın!”

Millət vəkili Musa Qasımlı  "LİBRAFF” kitab mağazasını poliqrafiya mədəniyyətində yenilik kimi dəyərləndirdi: "Milləti ən çox tanıdan onun kitabıdır. İnsanlar nə qədər çox kitab oxusalar, o qədər intellektli  olar və ölkənin inkişafına təkan verərlər”.

Tədbirdə Cümhuriyyət İlinə həsr olunan kitabların təqdimatı keçirildi.  
 
Təqdimatda iştirak etdi
Təranə Məhərrəmova
 



Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6308
GBP 1 İngilis funt sterlinqi 2.2029
TRY 1 Türk lirəsi 0.2991
KWD 1 Küveyt dinarı 5.6028
SEK 1 İsveç kronu 0.1885
EUR 1 Avro 1.9474
CHF 1 İsveçrə frankı 1.7062
USD 1 ABŞ dolları 1.7000