AZE | RUS | ENG |

“Orkestr-insan”ın sənətdəki novatorluğu

“Orkestr-insan”ın sənətdəki novatorluğu
Onun ram edə bilmədiyi musiqi aləti yox idi, amma içindəki səsi heç birində tapa bilmədi

Tanınmış musiqiçi Həsənağa Sadıqovun uzun sürən ağır xəstəlikdən sonra vəfatı xəbərinin yayılması təkcə musiqi ictimaiyyəti üçün deyil, ifaçının sənətini sevən və dəyərləndirən minlərlə dinləyici üçün kədərli oldu. Görkəmli musiqiçilər onun sənətinə yüksək qiymət verirdilər. Maestro Niyazi onu "orkestr-insan” adlandırmışdı. O zaman sovet dövrünün qəzetləri də tanınmış ifaçı haqqında yazılarını bu başlıqla verirdilər. Zarafat deyildi, istər nəfəsli, istər zərb, istər klavişli, istərsə də simli musiqi alətlərində məharətlə ifa edirdi. Musiqisi ölkənin sərhədlərini aşır, dünyanı dolaşırdı. İllər keçdikcə onun ifa etdiyi alətlərin sayı da artırdı, onu sevənlərin sırası da...
 
"Mahirlər” 
 
Həsənağa Sadıqov Salyan şəhərində müğənni ailəsində dünyaya göz açıb. Atası və babası milli aşıq sənətinin bilicilərindən olub. Babası Aşıq Qurbanxan Muğan bölgəsinin ən məşhur aşıqlarından olub. O, xalqımızın görkəmli el sənətkarı Mirzə Bilaldan dərs alıb. Sadıqov 6-7 yaşlarından atasının və babasının yanında toylara gedər, müxtəlif musiqi alətlərində ifa etməyi, istedadlı musiqiçilərdən öyrənməyə çalışardı. 

O, 1968-ci ildə Salyan şəhər 2 saylı orta məktəbi bitirib. Bakıda  ilk  kaseti çıxanda, zərb alətlərində bacarıqla çaldığı mahnılar və ritmlər məşhurlaşanda hələ çox gənc idi. Həsənağa Sadıqov bacarıqlı və istedadlı musiqiçi kimi nəzəri ixtisasının artırılmasına da xüsusi fikir verir. Azərbaycan Dövlət İncəsənət Universitetini mədəni-maarif işi ixtisası üzrə bitirən musiqiçi, 1985-ci ildə Ümumdünya Musiqi Festivalında iştirak edərək, münsiflər heyətinin və tamaşaçıların dərin rəğbətini qazanır, festivalın qızıl medalı ilə təltif olunur. Həsənağa Sadıqov Amerika Birləşmiş Ştatlarında, Norveçdə, Vyetnamda, Almaniyada, eləcə də Afrika qitəsinin bir çox ölkələrində geniş konsert proqramları ilə çıxış edib. Hazırda onun diskləri Amerika və Afrika ölkələrində, Norveç, Vyetnam, Almaniya və s. ölkələrdə satılır. Musiqiçi həmin ölkələrdə yaradıcılıq əlaqələri ilə bağlı müqavilələr bağlayırdı. Bu əməkdaşlıq hər şeydən əvvəl Azərbaycan musiqisinin tanınmasına səbəb olurdu.

1988-ci ildə Həsənağa Sadıqova Əməkdar mədəniyyət işçisi fəxri adı verilib. Onun dəstəyi və təşəbbüsü ilə "Mahirlər” ailə ansamblı yaradılıb və bu gün də fəaliyyət göstərir.
 
İnsanları yandırıb-yaxmasa...
 
"Mənim üçün elə bir musiqi aləti yoxdur ki, onu ram edə bilməyim. Bütün musiqi alətlərində necə lazımdır ifa edirəm” iddiasına heç kəsin şübhəsi yox idi. Tamaşaçılar televiziya ekranlarından,  bir çoxları da el şənliklərindən canlı ifalarını görüb valeh olmuşdular. "İstədiyin və mənim görmədiyim bir aləti mənə ver, onu çalım. Vaxtilə Azərbaycanın ən məşhur qarmonçalanlardan biri idim. Elə ən yaxşı çaldığım alət də qarmon idi. Sonra elə oldu ki, sağ əlimdə problem yarandı. Hətta deyilənə görə, o dövrün ən məşhur qarmonçalanlardan biri mənim əlim zədələnəndə qurban kəsibmiş. Əlim zədələnəndən sonra qarmonu bir kənara qoydum. Yeri gələndə, özündən deyən qarmonçalanlardan yaxşı çalıram, amma bir sənətkar kimi o ifanı ortalığa çıxarmağı özümə eyib bilirəm. Alət əlimdə yanıb, külə dönüb mənə yalvarmadısa, insanları yandırıb-yaxmadısa, o çalmaq deyil ki. Bir alətdə ifam xoşuma gəlmədisə, onu çalmıram” deyirdi. 
 
Balaca aşıq
 
Sənətə həvəsinin necə yaranmasından isə ifaçı həvəslə söz açırdı: "Mən bu sənətə qoşanağaradan başlamışam. Babam Aşıq Qurbanxan dövrünün məşhur sənətkarlarından olub. Babamla dəfələrlə Moskvada dövlət tədbirlərində, dekadalarda, festivallarda iştirak etmişəm. Babam mənim üçün aşıq paltarı da tikdirmişdi, hər yerdə məni "balaca aşıq” çağırırdılar. O illərin yadigarı kimi bir çox konsertlərin lent yazılarını tez-tez Az.TV-də göstərirlər, baxıb kövrəlirəm. Mənim hələ uşaq vaxtı çıxdığım səhnələri, insanların ayaq üstə alqışlamalarını indinin adlı-sanlı sənətkarının çoxu görə bilmir. O dövrdə qoşanağarada çala-çala, ansamblımızdakı musiqiçilərin alətləri ilə maraqlanmağı başladım. Babamın qorxusundan bu alətlərdə çalmağı gizlicə öyrənirdim. Elə vaxtlar olurdu ki, musiqiçilərdən biri hər hansı səbəbdən toya gedə bilmirdi. Mən babama deyirdim ki, onun alətini ver, özüm çalım. Nə isə, babam da artıq mənə bir söz demədi”. Babası onu musiqi məktəbinin tar sinfinə qoyanda artıq "Şur” muğamını gözəl çalırdı. "Həsənağa bir şey öyrənə bilirmi?”- deyə babası bir ay sonra məktəbə gəlib maraqlananda, direktor "buna not öyrənmək lazım deyil, özü hər şeyi çalır” deyib. "Beləcə, lağ-lağı edə-edə mənə notu öyrətmədi, amma balaca tarımı alıb, öz tarını mənə verdi”. Həsənağa o gündən daha həvəslə çalmağa başlayıb. Həm də ifasının düzgünlüyünə təkcə babasını deyil, çox adlı-sanlı musiqiçiləri də inandıra bilib. 

"1962-ci ildə Moskvadakı dekadada Niyazi, Bülbül və Rəşid Behbudovla səhnədə yan-yana dayanmışam. Bundan böyük xoşbəxtlik olarmı!?”- deyə yaddaşına ömürlük yazılan günü sevinclə xatırlayırdı.

İfaçı bütün musiqi alətləri ilə dostluq etməyə çalışırdı. Alətlərin arasında ögey-doğmalıq qoymurdu: "Fərq qoysam, sabah bir alət məndən elə küsər ki, ömrüm boyu yalvara-yalvara qalaram, sözümə baxmaz. Amma desəm ki, eyni vaxtda 6-7 alətlə əla səviyyədə çala bilirəm, yalan demiş olaram” kimi etirafı da vardı. Əgər heç bir alətə əlmi vurmayıb, təkcə saksofonu götürsəydim, onu elə günə salardım ki, adam kimi dil açıb dillənərdi. Amma mən bir alətlə məşğul olmuram axı. Mən içimdəki sənət ehtirasını bir alətin üstünə töksəm, alışıb yanar”. Musiqi alətlərini bir-bir sınaqdan keçirəndən sonra gözü nəlbəkiləri tutub. Onları da musiqinin dili ilə dilləndirməyi bacarıb: "İstəyirsən, mənə adi taxta ver, onda da melodiya yaradaram. Mənim evimdə arakəsmə vardı, onun şüşələrini elə taxdırmışdım ki, hər notun səsini almaq olurdu. Rəhmətlik Rafiq Babayev qonaq gələndə bu şüşələrdə muğam çaldım, məəttəl qaldı. Çay içdiyim yerdə əlimdəki karandaşı nəlbəkiyə vurdum,  gördüm ki, əla səsi var. Nəsə, ordan-burdan bütün notu verən nəlbəkiləri yığdım, bir gecəyə əməlli-başlı repertuar yaratdım”. Nə qədər alətlərdə ifa etsə də, içindəki səsi heç bir alətdə tapa bilməmişdi: "Hələ də içimdəki səsi heç bir alətdə tapa bilməmişəm. Bütün ömrüm boyu hər yeri gəzdim, ələk-vələk elədim, yenə də tapmadım. Əgər barmaqlarımda problemim olmasaydı, qarmonda o səsi tapacaqdım”.
 
İfaçılıqda yenilik
 
Həsənağa Sadıqovun ifası ev-ev, oba-oba gəzdikcə, daha çox tanınırdı. Dövlət konsertlərinə, el şənliklərinə dəvət edirdilər. Eyni zamanda bir neçə musiqi alətində mahir ifaçılığı ölkə musiqi sənəti üçün də yenilik idi. Ulu öndər Heydər Əliyev də Həsənağa Sadıqovun sənətinə yüksək dəyər verib. İfaçı ulu öndərlə görüşünü həmişə xoş xatirə kimi danışırdı: "1993-cü ildə Heydər Əliyev Sarayında konsert oldu. Onda Respublika Sarayı adlanırdı. Bütün böyük sənətkarlar orda idi. Konsertdən sonra rəhmətlik Heydər Əliyev səhnəyə çıxdı. Hamıya dedi ki, əla ifa etdiniz. Mənə çatanda dedi ki, bundan Azərbaycana gəlməyib, gəlməyəcək, onun qədrini bilin. Heydər Əliyev haqqımda çoxlu yaxşı sözlər dedi, soruşdu ki, 40 ildir Salyana gedib gəlirsən, Bakıda evin yoxdur? O vaxt mədəniyyət naziri olan Polad Bülbüloğlu dedi ki, yox, elə Salyanda qalır. Fatma Abdullazadə yaxınlaşıb "Həsənağanın xətrini o qədər çox istəyirik ki, onu elə Salyan qarışıq Bakıya gətirək” deyəndə, Heydər Əliyev gülə-gülə "Salyanla işiniz olmasın, elə özünü gətirin, kifayətdir” dedi. 

Günlərin birində rusiyalı müğənni İosif Kobzon Bakıda konsert verəndə Sadıqov da alətlərdə ifa edib. Bir neçə alətdə mahir ifa müğənnini heyrətə salıb: "İfamı qurtarandan sonra Kobzonla həyat yoldaşı ayağa durdu. Müğənni mənə yaxınlaşdı və qucaqlayıb öpdü, "bu, ifaçılıqda yenilikdir” dedi.
 
Başqa torpaqda qala bilmirəm
 
H.Sadıqov son illər onkoloji xəstə idi. Oğlu mətbuata müsahibəsində "Atamın qara ciyəri artıq sıradan çıxıb” deyirdi. Amansız xəstəlik öz işini gördü... 

Tanınmış ifaçı Salyanın Aşağı Noxudlu kəndindəki ailə qəbiristanlığında torpağa tapşırıldı. O, doğulub böyüdüyü yerlərə çox bağlı idi. "Mən başqa torpaqda qala bilmirəm. Bu günün özündə də Bakıda çox qala bilmirəm, qaçıram Salyana. Əsl sənətkarı sənət, kefin istədiyin kimi dolandırır. Ona görə də ora-bura qaçmaq lazım deyil. Mən Azərbaycanı öz iyindən tanıyıram. Gözümü yumum, məni hara istəyirsən apar, biləcəyəm ki, Azərbaycandayıq, yoxsa başqa yerə getmişik. Qurban olum Azərbaycanıma. 50 ildən yuxarıdır xalqın arasındayam, günü bu gün də çalğıma mat qalırlar, elə bil indi görürlər” deyirdi.

Tanınmış ifaçının ölümü haqqında sosial şəbəkələrdə yazılan statuslar, şərhlər də el sənətkarına dərin sevgi və hörmətdən xəbər verir. "Ustad sənətkar vəfat etdi”, "Novator ifaçı dünyasını dəyişdi”, "Xalqın sevimli sənətkarı xalqla vidalaşdı” yazırlar. İfaçı "mən xalqım üçün ifa etdiyim musiqilərdən ibarət böyük bir çələng yadigar qoymuşam” deyirdi. Bu gün Həsənağa Sadıqovun sənətini sevənlər, musiqisinə alidə olanlar o çələngi əbədi qoruyub saxlayacaqlar.  
 
Təranə Məhərrəmova
 
 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6321
GBP 1 İngilis funt sterlinqi 2.2216
TRY 1 Türk lirəsi 0.3012
KWD 1 Küveyt dinarı 5.6036
SEK 1 İsveç kronu 0.1892
EUR 1 Avro 1.9570
CHF 1 İsveçrə frankı 1.7059
USD 1 ABŞ dolları 1.7000