AZE | RUS | ENG |

Orelia Buşez: Məqsədimiz sülh, rifah və tərəqqi üçün çalışmaqdır - Fotolar

Orelia Buşez: Məqsədimiz sülh, rifah və tərəqqi üçün çalışmaqdır - Fotolar
Fransanın Azərbaycandakı səfiri: "Əminəm ki, Prezident İlham Əliyevin iradəsi ilə başlayan islahatların davam etməsi dinamik, davamlı və balanslı iqtisadi artım üçün ən yaxşı imkanları verəcək 
 

Azərbaycanla Fransa arasında diplomatik əlaqələrin yaradılmasının 30 ilə yaxın tarixi var. Bu dönəm ərzində ölkələrimiz arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlıq yaranıb. Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez "Kaspi”yə müsahibəsində ikitərəfli münasibətlərin get-gedə inkişaf etdiyini vurğulayıb.
 
Birgə fəaliyyət üçün imkanlar
 
- Xanım səfir, yaxın illərdə Azərbaycanla Fransa arasındakı münasibətlərdə hansı yeniliklərin şahidi olacağımız gözlənilir?
- Fransa ilə Azərbaycan arasındakı münasibətlər möhkəmdir, yüksək keyfiyyətlidir və son illərdə bu əlaqələr şaxələnərək daha da möhkəmlənib. Ölkələrimizin prezidentləri və nazirlikləri arasında müntəzəm görüşlər keçirilir və siyasi dialoq dövlətin ən yüksək səviyyəsində yer tutur. Bildiyiniz kimi, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 11-13 mart tarixlərində Baş nazir Eduard Filipin dəvəti ilə Parisə səfər edib. Bu səfər zamanı xanım Mehriban Əliyeva Baş nazir ilə, Birinci xanım Brijit Makronla, Orsey muzeyinə fərdi ziyarət zamanı mədəniyyət naziri Frank Riester ilə, iqtisadiyyat və maliyyə naziri Brüno Lö Mer ilə, Milli Assambleyanın sədri Rişar Ferand və Senatın sədri Jerar Larşerlə görüşüb. Xanım Mehriban Əliyeva, həmçinin Fransa Respublikanın keçmiş prezidenti Nikola Sarkozi ilə görüşüb. Xanım Mehriban Əliyeva və onun nümayəndə heyəti bir neçə fransız şirkətlərinin başçıları ilə də görüşlər keçirib. İkitərəfli münasibətlərimizin ən mühüm məqamı kimi Prezident İlham Əliyevin 2018-ci il 19-20 iyul tarixlərində Parisə səfərini yada salmaq istərdim. O zaman Fransa və Azərbaycan prezidentlərinin ilk görüşü baş tutdu və bu görüş çoxlu ikitərəfli və regional məsələlər barəsində danışmağa imkan yaratdı. Minsk Qrupunun həmsədri kimi Fransa Dağlıq Qarabağ münaqişəsinin siyasi həllinə tamamilə sadiq qalır. Bütün mövzulara, xüsusilə terrorist riski də daxil olmaqla, regional və beynəlxalq əhəmiyyətli məsələlərə dair inamlı və açıq siyasi dialoqu və yüksək texnologiyalara geniş şəkildə yönəlmiş iqtisadi əlaqələrimizlə yanaşı, mədəni və təhsil əməkdaşlığımızı uğurla inkişaf etdirdik. İqtisadiyyat, təhsil, turizm sahəsində də mübadilələr aparmağa imkan verən Fransa və Azərbaycan əməkdaşlığına dəstək göstəririk. Xüsusilə akademik mübadilələrin necə aktiv və dinamik olduğunu vurğulamaq istərdim. Bir çox fransız universitetləri Azərbaycan universitetləri ilə əməkdaşlıq edir: məsələn, Strasburq və Ren 1, Monpelye 3, Tuluz 1 Lotrek, Sorbon, İNALKO və Parisdə Ticarət və Marketinq məktəbi, Lion-da Fransa-ABŞ Biznes məktəbi (CEFAM), Lil şəhərində yerləşən Biznes Ali Təhsil məktəbi (EDHEC) kimi biznes məktəbləri və s. Məzun (Alumni) şəbəkəsimiz də artıq zəngindir! Biz bu əməkdaşlıq üçün Azərbaycandan tərəfdaşlarımızın verdiyi dəstəyi yüksək qiymətləndiririk və bu, ölkənin gənc nəslinin gələcəyi üçün birgə fəaliyyət göstərməyə imkan verir. Bizim məqsədimiz sülh, rifah və tərəqqi üçün çalışmaqdır.
 

 
Dinamik, davamlı və balanslı iqtisadi artım 

- Sizə məlumdur ki, ölkəmiz iqtisadi islahatları həyata keçirərkən qeyri-neft sektorunun kənd təsərrüfatı sahəsinə xüsusi önəm verir. Azərbaycan iqtisadiyyatında mühüm yer tutan bir sıra fransız şirkətlərinin ölkəmizdəki fəaliyyətini nəzərə alsaq, Fransa hökuməti bu inkişafa təkan üçün daha hansı təşəbbüsləri irəli sürmək niyyətindədir?
- Azərbaycan Cənubi Qafqazda bizim əsas iqtisadi tərəfdaşımızdır. Fransız şirkətləri təkcə enerji sahəsində yox (TOTAL və SCHNEIDER ELECTRIC), həmçinin sürətlə inkişaf edən nəqliyyat (ALSTOM, THALES, IVECO, SYSTRA), kənd təsərrüfatı və qida sənayesi (LACTALIS, DANONE), otel sənayesi (ACCOR), ətraf mühit (SUEZ, CNIM), aeronavtika və kosmik (AIRBUS, THALES) və ya investisiya bankı (SOCIETE GENERALE) kimi sektorlarda mühüm mövqe tuturlar. Beləliklə də fransız şirkətləri Azərbaycan iqtisadiyyatının uğurlu diversifikasiyasına öz töhfələrini verirlər. Qeyd etmək istərdim ki, Parisdə xanım Mehriban Əliyevanın Baş nazir Filip Eduardla görüşündən sonra aşağıdakı sahələrə dair dörd müqavilə imzalandı: Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə Fransanın İnkişaf Agentliyi arasında Şimal-Cənub dəmir yolu xəttinin müasirləşdirilməsi (Bakı-Yalama), Bakı Metropoliteni ilə Thales şirkəti arasında "Xocasən” deposunun siqnalizasiya və telekommunikasiya sisteminin reallaşdırılması və Əməliyyat Nəzarəti Mərkəzinin yaradılması, "Azərbaycan Mərkəzi Bankı ilə "Rothschild & Co” Bankı arasında Strateji Əməkdaşlıq sazişləri. Fransa Azərbaycan üçün mühüm ticarət tərəfdaşıdır və həm də ölkədə ilk on xarici investorlardan biridir: bizim investisiyalarımız əsasən karbohidrogenlər və daha az dərəcədə tullantıların təmizlənməsi sahələrində cəmləşib (Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu). Fransa da iqtisadiyyatın şaxələndirilməsi üçün vacib olan yüksək texnologiyaların daşıyıcısı olan bir ölkədir: məsələn, Bakı-Tbilisi-Qars dəhlizi üzrə Alstom lokomotivləri və ölkənizin bütün aeroportlarında Thales radarlarının Azərbaycanın bölgədə əlaqələndirici mərkəz olmasına verdiyi töhfəni görməkdən məmnunam. Qaz sektorunda Abşeron qazının istismarı üçün ARDNŞ və TOTAL arasında böyük tərəfdaşlıq olduğunu bilirsiniz. TOTAL şirkəti yeni qaz yataqlarının gələcəkdə istismarı ilə maraqlanır. Azərbaycanın qaz hasilatının gələcəyinə qatılmaqdan məmnunuq və biz həm də Avropa üçün enerji təhlükəsizliyi və təchizatın şaxələndirilməsi amili olan "Cənub Qaz dəhlizi” layihəsini dəstəkləyirik. Azərbaycan Respublikası Energetika Nazirliyi və "Total Eren” şirkəti arasında fevral ayında bərpa olunan enerji sahəsinin inkişaf etdirilməsi məqsədi ilə Anlaşma Memorandumu (AM) imzalanıb. Həmçinin qeyd etmək istərdim ki, Prezident İlham Əliyev tərəfindən iqtisadi islahatların başlanmasından sonra, daha çox kiçik və orta fransız şirkətləri Azərbaycan bazarının inkişaf imkanları ilə maraqlanırlar və bu baxımdan biznes mühitinin yaxşılaşdırılması mühüm bir amildir. Fransada inkişaf edən iqtisadiyyatın xüsusi ehtiyaclarına - xüsusilə də kənd təsərrüfatı sektoruna uyğunlaşdırılmış xidmət və məhsullar təklif edən bir çox kiçik və orta müəssisələr var. Fransa kənd və qida təsərrüfatı kimi bir çox sahələrdə beynəlxalq tanınmış təcrübəyə malikdir. Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov Parisdə keçirilmiş 56-cı Beynəlxalq Kənd Təsərrüfatı Sərgisinə qatılıb və Lyon şəhərində şirkətlər və kooperativlərlə tanış olub. Əminəm ki, Prezident İlham Əliyevin iradəsi ilə başlayan iqtisadi islahatların davam etməsi qeyri-neft sektorunda xarici investisiyanı təşviq edəcək və Azərbaycana dinamik, davamlı və balanslı iqtisadi artım üçün ən yaxşı imkanları verəcəkdir.
 
 
 
Təhsildə əməkdaşlıq

- Azərbaycan dilinin Şərq Dilləri İnstitutunda (İnalco) tədrisi, Bakı Fransız Liseyinin, Azərbaycan-Fransız Universitetinin (UFAZ) fəaliyyəti, Strasburq Universiteti və Azərbaycan Dillər Universitet arasında əməkdaşlıq ölkələrimiz arasında təhsil əlaqələrinin inkişafından məmnunluqla danışmağa imkan verirmi? 
- Təhsil sahəsində ikitərəfli tərəfdaşlığımız uğurludur və nümunəvi bir dəyərə malikdir. Tərəfdaşlığımız poliqlot və yüksək səviyyəli azərbaycanlı məzunların nəslinin üzə çıxmasına töhfə verir və bu, ölkə iqtisadiyyatının şaxələnməsinin uğuru üçün zəruridir. Bu cür gənc oğlanlar və qızlar Azərbaycan şirkətlərinin gələcək mühəndisləri və digər kadrlarıdır. 2017-ci ilin sentyabrında Azərbaycan-Fransız Universitetinin (UFAZ) yeni binasının Avropa və Xarici İşlər Nazirliyi yanında dövlət katibi Jan-Batist Lömuən və o dövrün təhsil naziri olmuş Mikayıl Cabbarovun iştirakı ilə təntənəli açılışı baş tutmuşdur. UFAZ ikili diplomlar təklif edir və artıq 400-dən çox tələbə orada təhsil alır, biliklərinin yüksək səviyyədə olması tələbələrə beynəlxalq turnirlərdə ilk uğurlara imza atmağa imkan verib. UFAZ-ın yaranması Azərbaycan və Fransa prezidentləri tərəfindən 2014-cü ilin may ayında rəsmən elan edilmiş, bir tərəfdən Strasburq və Ren universitetləri, digər tərəfdən Bakı Dövlət Neft və Sənaye Universitetinin tərəfdaşlığından yaranıb. Kimya, geofizika, kompyuter və neft mühəndisliyi fənləri UFAZ-da tədris olunur və tələbələrə iki ölkə tərəfindən tanınan diplomlar verilir. Bir neçə şirkətlər - Thales, Bakı Metropoliteni, Schneider Electric və Schlumberger artıq UFAZ-ın bir sıra tədris işlərinə kömək edirlər və bu da iqtisadi dairələrin təhsilə olan marağının artmasını göstərir. 2014-cü ildə iki ölkə prezidentləri tərəfindən açılışı edilən Bakı Fransız Liseyi (LFB) Fransa Dünyəvi Missiya və ARDNŞ arasında olan tərəfdaşlığın nəticəsidir. Fransanın Milli Təhsil Nazirliyi tərəfindən təsdiqlənmiş və müəllimləri əsasən fransızlardan ibarət olan bu lisey azərbaycanlı və xarici ailələrin övladlarına fransız dilində və Fransanın milli tədris planına əsasən yüksək səviyyəli təhsil verir. Azərbaycanda fransız təhsil sistemi şagirdlərə maksimum seçim təklif etmək imkanı vermək üçün hazırlanmışdır. Bu Azərbaycanın ali təhsil sistemində (UFAZ da daxil olmaqla) və ya Fransada, fransızdilli bir ölkədə və ya Anglo-Saks ölkələrində təhsilin davam etdirilməsinə imkan verir: dünyadakı 500 Fransız liseyi, o cümlədən də Bakı liseyi yüksək dərəcədə bir çox xarici dillər tədris olunan nüfuzlu qurumdur. Fransız liseyi Azərbaycanın təhsil sistemində artıq yaxşı nüfuza malikdir və şagirdlərin sayı daima artmaqdadır. Həmçinin Azərbaycandakı Fransız İnstitutunun (İFA) fəaliyyətini qeyd etmək lazımdır. Onun vəzifəsi fransız dilini inkişaf etdirmək, Azərbaycanla Fransa arasında tədbirlər təşkil etmək və mədəniyyət sahəsində mübadilələr aparmaqdır. Azərbaycanda fransız dilinin tədrisi sahəsində İFA aparıcı qurumdur. O, eyni zamanda fransız dili (DELF, DALF, TCF) sertifikatlarını almaq üçün imtahan keçirən yeganə qurumdur. 
 
 
 
Bu tədbirlər bir-birimizi kəşf etmək imkanları yaradır 

- Fransa ilə Azərbaycanın mədəni əlaqələrinin inkişafı istiqamətində də müxtəlif layihələrə imza atılır. Fransanın Azərbaycandakı səfirliyi və Azərbaycandakı Fransız İnstitutu hər il Frankofoniya tədbirinin qeyd edilməsində fəal iştirak edirlər. Beynəlxalq Frankofoniya Gününün əhəmiyyətini necə qeyd edərsiniz?  
- Fransanın Azərbaycandakı səfirliyi və mədəniyyət mərkəzimiz olan Azərbaycandakı Fransız İnstitutu mədəniyyətimizi və dilimizi daha da yaxından tanıtmaq və Azərbaycan ictimaiyyətinə Fransanı turistik ölkə kimi təbliğ etmək istiqamətində bir sıra təşəbbüslər həyata keçirir. Beynəlxalq Frankofoniya Günü hər il 5 qitədə və 220 milyon frankofon (fransız dilli) üçün keçirilir. Beynəlxalq Frankofoniya Təşkilatına müşahidəçi və üzv olan ölkələrin səfirliklərinin təşəbbüsü ilə təşkil olunmuş bu tədbirlər Azərbaycanda aprel ayının əvvəllərində keçirilir. Bu il də 30 mart - 15 aprel tarixlərində 14 iştirakçı səfirliklər tərəfindən iyirmiyə yaxın (konsertlər, sərgilər, konfranslar, film nümayişləri) tədbirlər Azərbaycan ictimaiyyətinə təqdim olundu. Hər il iyun ayında Azərbaycanda Beynəlxalq Musiqi Festivalını qeyd edirik. Dünya miqyasında populyar olan, fransız mənşəli bu təşəbbüs artıq Bakı şəhərinin mühüm mədəni tədbirləri siyahısında yer tutur. Bütün bu tədbirlər bir-birimizi kəşf etmək imkanları yaradır və daha çox tamaşaçının bu tədbirləri izlədiklərini görməkdən məmnunuq.
 
 
 
Fransız yaşam tərzi

- Biz Azərbaycana gələn qonaqlara adətən İçərişəhəri, Qobustanı, Lahıcı, Şəkini və ölkəmizin digər tarixi məkanlarını gəzməyi tövsiyə edirik. Bəs Siz Fransaya ilk dəfə getmək istəyən turistə nələri məsləhət görərdiniz?
- Fransaya turistləri cəlb edən dayaqlardan biri qastronomiyadır. Turistlərin üçdə biri milli mətbəx üçün Fransaya gəldiklərini bəyan edirlər və beləliklə, dünya miqyasında ölkənin nüfuz qazanmasında fəal iştirak edirlər. Mətbəximizin zənginliyi və özünəməxsusluğu, yerli məhsullarımızın müxtəlifliyi, həm də "Fransızların qastronomik yeməyi"nin YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salınması Fransanın dünyanın turizm marşrutlarının önündə qalmasına yardım edən üstün cəhətlərdir. "Goût de France/Good France” ("Fransa dadı”) məşhur fransız aşbazı Alən Dükas (Alain Ducasse) və Fransanın Avropa və Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə həyata keçirilir, fransız yaşam tərzini və qastronomiyasının müxtəlifliyini daha yaxşı tanıtmasını qarşısına məqsəd qoyur. Turizm sahəsində inkişaf edən və dadlı ənənəvi mətbəxini təqdim edən Azərbaycanın qastronomiyası xarici qonaqlar üçün ölkənin cazibədarlığını artıra bilər.
 
 

- Ölkəmizdə olduğunuz müddətdə təbii ki, bölgələrə də səfər etmisiniz. Azərbaycanda daha haraları gəzmək, nələri görmək planınız var?
- Mən Azərbaycan regionlarının gözəlliyinə və müxtəlifliyinə valehəm. Məsələn, Şəkinin meşə və saraylarını, habelə zəngin mədəni irsi olan Qəbələ və Gəncə şəhərlərini, dadlı mandarinləri olan Lənkəranı, qədim məscidli Şamaxını, füsunkar peyzajı olan Naxçıvan kimi bölgələri kəşf etmək sevincini yaşamışam. Bir sıra regionlar var ki, üzümçülüyə sevgini Fransa ilə bölüşdürürlər. Şahdağdakı qış idman komplekslərinin çox uğurlu olduğunu bilirəm və üzgüçülük həvəskarı olduğum üçün təşkil olunmuş bir neçə çimərliklərdən zövq almaq imkanlarından dəfələrlə istifadə etmişəm. Lahıc və Leriyin kəndləri də çox cazibədardır.
 
 

- Dünya siyasətində qadınların yerini necə dəyərləndirirsiniz?
- Qadınların dünyada rolu vacibdir, ancaq bu amil daha yaxşı tanınmalı və daha da dəstəklənməlidir: ölkələrdən və dövrdən asılı olaraq böyük inkişafı, bəzən də narahatlıq doğuran prosesləri müşahidə edirik. Fransada gender bərabərliyinin prioritetlərdən biri olduğunu vurğulamaq istərdim, bu, bizim üçün ümummilli bir məsələdir. Mənim üçün sevindirici haldır ki, ötən ilin may ayında Azərbaycan Cümhuriyyətinin 100 illiyini qeyd etmək üçün Bakıya səfər etmiş Fransanın Avropa və xarici işlər naziri Cənab Lö Drianın 1918-ci ildə Azərbaycanda qadınlara səs vermək hüququnun verildiyini xatırlatmaq imkanı da oldu. 
 
Söhbətləşdi
Təranə Məhərrəmova


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056