Ordu quruculuğu, davamlı iqtisadi inkişaf siyasəti bizə uğur yaşatdı
44 günlük döyüş əməliyyatları
boyunca demək olar ki, dünya mediasının da qeyd etdiyi kimi hər iki tərəfin
silah-sursatı, ağır texnikaları, hava hücumundan müdafiə vasitələri az-çox bərabər
idi. Lakin arada böyük fərq vətən sevgisi ilə döyüşən Azərbaycan ordusunun ruh
yüksəkliyi idi. Azərbaycanın bu qədər mürəkkəb hərbi əməliyyatlar meydanında irəliləyəcəyini
düşünməyən müşahidəçilər üçün bu nəticə gözlənilməz oldu.
Xüsusilə Şuşa əməliyyatı bütün gümanları, məğlub
Azərbaycan xalqı və ordusu şüurunu alt-üst etdi. Şuşa Qarabağın açarı, müharibənin
taleyinin həlli idi. Birinci Qarabağ müharibəsi də vəziyyət belə idi, amma o
zaman silahlanma səviyyəsi tamamilə başqa idi. Həmin dövrdə Azərbaycan xalqı
sadəcə vətən sevgisi, ürəyi ilə savaşırdı. Hazırda isə vəziyyət tam fərqlidir.
Yüksək ordu quruculuğu, davamlı iqtisadi inkişaf siyasəti bizə uğur yaşatdı.
Dünya üçün hərbi əməliyyatın ilk mərhələsində
ordumuzun strateji şəhəri olan Şuşanı ələ keçirəcəyini və Ermənistanı faktiki
olaraq sülhə məcbur edəcəyini təsəvvür etmək çətin idi. Ancaq dövlətimizin
düşünülmüş və uzaqgörən siyasəti ilə bu təmin olundu. Biz uzun illər sülh
yoluna inanıb gözlədik, ancaq mərhələ-mərhələ bu qələbəyə də hazırlıq
görülürdü. Əvvəlcə xalqın dəstəyini hiss edərək çox inamlı islahatlar aparıldı
və siyasi müstəvidə artıq vəziyyət sağlamlaşdı. Beynəlxalq müstəvidə, xarici təşkilatlar
tərəfindən bizə sərf edən önəmli qərarlar və qətnamələr qəbul edildi. Qələbənin
təminatı və rəsmiləşdirilməsi üçün siyasi və hüquqi baza yaradıldı.
Unikallığı ilə seçilən Hərbi Qənimətlər Parkı
müharibənin bütün mərhələsini özündə əks etdirərək peşəkarcasına hazırlanıb.
Dünyanın əksər ölkələrində belə bir park var. Bu turistlərin də marağına səbəb
olur, səyahət etdikləri ölkələrin şanlı tarixini əyani şəkildə görürlər. Bu gün
Azərbaycan müharibə meydanında xalqımıza qarşı olunan bütün soyqırımların, faciələrin,
günahsız körpələrin, şəhidlərin, 1 milyona yaxın məcburi köçkünün qısasını
almış oldu. Hərbi Qənimətlər Parkında olan bütün qənimətlər göstərir ki, Azərbaycan
ordusu onun xalqına qarşı olan heç bir terroru unutmadı. Bizi düşmənimizdən fərqləndirən
əsas cəhət isə o idi ki, biz sivil xalqla deyil, terroristlərlə döyüşüb qisas
aldıq. Qəhrəman Azərbaycan ordusu döyüş meydanında böyük şücaət, sivil
insanlara qarşı isə mərhəmət göstərdi.
Müşfiq CƏFƏROV
Millət vəkili