OPEC ölkələri bazara daimi nəzarət etməlidir
OPEC-in
Vyanadakı görüşü ərəfəsində 6-9 ay ərzində neft hasilatının ixtisarını davam
etdirmək barədə Səudiyyə Ərəbistanı, Rusiya və İraq razılığa gəldikdən sonra
neftin qiyməti dünya bazarında 3-4 faiz yüksəlib. "Brent” markalı neftin
fyuçersləri 2,93 faiz yüksələrək, bir barelə görə 66,64 dollara qalxıb. WTI
markalı Amerika neftinin fyuçersləri isə 2,96 faiz qalxıb və qiymət bir barelə
görə 60,20 dollara çatıb. Bunlar son beş həftə ərzində ən yüksək
göstəricilərdir.
Neft
ixrac edən ölkələr təşkilatı (OPEC) və onun müttəfiqləri, belə görünür ki,
2019-cu ilin sonuna kimi neft istehsalının ixtisarını davam etdirmək
niyyətindədirlər. Dünən aparıcı neft istehsalçıları qiymətin qalxmasına
yönəlmiş siyasəti bəyəndiklərini bildiriblər. OPEC, Rusiya və digər istehsalçılar
bu günlərdə görüşlər keçirərək, istehsalın azalmasını müzakirə edəcəklər.
Sözügedən qrup 2017-ci ildən başlayaraq, dünya iqtisadiyyatının zəifləməsi və
ABŞ-da istehsal həcmlərinin artması fonunda qiymətlərin aşağı düşməsinin
qarşısını almaq üçün neft hasilatını azaldır. Rusiya prezidenti Vladimir Putin
dünən bəyan edib ki, o, Səudiyyə Ərəbistanı ilə 6-9 aylıq mövcud hasilat
səviyyəsini sutkada 1,2 milyon barel ixtisar etmək barədə razılığa gəlib.
Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih bildirib ki,
sövdələşmə, çox güman ki, 9 ay müddətinə uzadılacaq və daha iri həcmdə ixtisara
ehtiyac yoxdur. Qeyd edək ki, ABŞ-da neft hasilatı aprel ayında sutkalıq rekord
həcmə - 12,16 milyon barelə çatıb.
Bəs
görəsən bu qərar neft bazarına necə təsir edəcək?
Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev söylədi ki, qarşıdakı aylar ərzində bazarlar ciddi analiz
edilməlidir: "OPEC-in Vyana toplantısı zamanı bir neçə məsələ müzakirə olundu
və bəzi qərarlar qəbul edildi. Qlobal neft bazarında OPEC və Vyana sazişinin
iştirakçısı olan dövlətlərin intervensiyasına böyük ehtiyac var. Çünki
hal-hazırda bazarda ağırlıq mərkəzi itib. 2016-cı ildən bu günə kimi balansı
bərpa etmək mümkün olmayıb. Digər bir
məsələ isə neftin qiymətini son dövrlərdə təhdid altına alan amillərin
olmasıdır. Dünyanın iki iqtisadi gücü – ABŞ və Çin arasındakı ticarət və tarif
qarşıdurması və bunun fonunda ÜDM-in artım tempinin yavaşlaması neftə olan
tələbatı aşağı salır. Beləliklə, rezervə alınan neft ehtiyatlarının həcmi
durmadan artır. Buna görə də OPEC+ ölkələrinin Vyana sazişinin müddətini 9 ay
müddətinə uzatması başadüşüləndir. Ümumiyyətlə, məncə, bu qərar mütləq şəkildə
qəbul edilməli idi. Əgər tərəflər neft bazarında tarazlığın bərpa olunmasını
istəyirlərsə, mütləq ağır və yüngül neft balansı qorunmalıdır. Eyni zamanda,
rezervə alınan kommersiya təyinatlı neft ehtiyatları minimuma endirilməli,
dünyanın bütün enerji bazarlarında neft məhsullarının həcmləri normaya
uyğunlaşdırılmalıdır. Hələlik OPEC və OPEC+ ölkələri 2016-cı ildə qarşıya
qoyulan bütün öhdəliklərə tam nail ola bilməyiblər. ABŞ-da şist neft hasilatı
durmadan artır. Təkcə Avropa Birliyinə daxil olan ölkələrdə rezervə alınan
kommersiya təyinatlı neft ehtiyatları 1 milyard bareldən çoxdur. Ona görə də
belə bir qərarın qəbul edilməsi vacib idi. ABŞ şist neft hasilatını hələ
2030-cu ilə qədər artım tempi ilə davam etdirəcək. Bu isə o deməkdir ki, OPEC
ölkələri 10 il bazara daimi nəzarət etməlidir. Hal-hazırda qlobal neft
bazarlarının tənzimlənməsi baxımından iki yanaşma irəli sürülür. İlk növbədə
Vyana sazişinin iştirakçıları bazarın tənzimlənməsində tələb və təklif
prinsipini əsas götürürlər. İkinci növbədə isə ABŞ əsas faktor kimi rol
oynayır. Bunun fonunda isə iki fərqli ağırlıq mərkəzi yaranır. Ona görə də
qarşıdakı aylarda bazarlar ciddi analiz edilməlidir. Hazırda bazarlarda ixrac
həcmləri ilə hasilat həcmlərinin dəqiq statistikasını aparmaq mümkün deyil.
Yəni, OPEC üzvləri və OPEC-dən kənar ölkələrin əksəriyyəti bəzən sazişin şərtlərinə
əməl etmirlər. Hasilat və ixrac həcmləri düzgün şəkildə nizamlanarsa, neftin
qiyməti sabitləşər. Burada söhbət neftin qiymətinin artmasından getmir.
Qiymətlərdəki artımlar süni artımlardır. Bu, birbaşa olaraq qəbul edilən bir
qərarla bağlı olan artımdır. Burada fundamental səbəb axtarmaq düzgün deyil.
Qiymət dalğalanmaları istehsalçı və istehlakçı dövlətlərin maraqlarına uyğun
deyil”.
"Neft Araşdırmaları Mərkəzi”nin rəhbəri İlham Şabanqeyd etdi ki, toplantıya qədər İran faktorundan qaynaqlanan bir narahatlıq var idi:
"Həmçinin dünyada gedən iqtisadi proseslər də müəyyən şübhələr yaradırdı. Dünya
iqtisadiyyatının inkişaf tempində düşmə meylləri müşahidə olunur. Enerjiyə
tələbatın azalmasından sonra ilin ikinci yarısından etibarən qiymətlərin aşağı
düşməsinə dair proqnozlar səsləndi. Belə bir şəraitdə bazar iştirakçıları
müəyyən narahatlıq keçirir. İyun ayı ərzində neft hasilatının azaldılmasına
dair sazişin müddətinin uzadılması haqqında yekdil fikir yox idi. Amma elə oldu
ki, məsələlərin çözümü bir-birinin ardınca gəldi. Əvvəlcə böyük 20-liyin zirvə
toplantısında ABŞ-la Çin liderlərinin görüşündən sonra müsbət təzahürlər ortaya
çıxdı. Donald Tramp müsbət siqnallar verdi və növbəti görüş üçün zəmin
yarandığını bildirdi. Uzun müddətidir ki, davam edən ticarət müharibəsindəki
gərginlik müəyyən yumşalmalara və ölkələr arasındakı əlaqələrin əvvəlki kimi
artımına doğru meyl göstərir. Bu da iqtisadiyyatın inkişafına əlavə stimuldur
ki, bu stimul enerjiyə olan tələbatı artırır. Bundan sonra Rusiya və Səudiyyə
Ərəbistanı liderləri ilin sonuna qədər hasilatın azaldılması ilə bağlı müsbət
qərarı açıqladılar. Müəyyən faktorlarla əlaqədar olaraq Rusiya prezidenti
Vladimir Putin bu qərarı 9 ay müddətinə uzatmağın mümkün olduğunu söylədi.
Vyanada keçirilən görüş bütövlükdə müsbət nəticələrlə yadda qaldı. Düşünürəm
ki, ilin ikinci yarısında proqnozların əksinə olaraq, neftin qiyməti 60-65
dollar dəhlizində qərarlaşacaq. Bu rəqəm alıcıların və istehsalçıların
maraqlarına uyğun gələn bir dəhlizdir”.
İqtisadçı ekspert Pərviz Heydərov deyir ki, bazarda təklif tələbi üstələyir: "Bu da o deməkdir ki,
neftin qiyməti təkcə iqtisadi səbəblərdən yüksəlmir. Neftin bazar qiymətinə
müxtəlif siyasi amillər də öz təsirini göstərir. Hətta siyasi amillər iqtisadi
səbəbləri üstələyir. Bir müddət qiymətlər 60, hətta 70 dolları keçdi. Yaxın
müddət üçün proqnozlar göstərir ki, mövcud vəziyyət qalmaqda davam edəcək.
Hətta qaynar siyasi proseslər qiymətləri uzun müddət öz təsiri altında
saxlayacaq. Belə olan təqdirdə isə qiymətlər 60 dollardan baha olacaq. Gələn il
üçün indidən proqnoz vermək bir qədər çətindir. Real mənzərə onu deməyə əsas
verir ki, hələ xeyli müddət siyasi səbəblər iqtisadi amilləri üstələyəcək. Ona
görə də qiymətlər bir müddət 60 dollardan yuxarı olacaq”.
Şəbnəm
Mehdizadə