• cümə, 26 Aprel, 22:14
  • Baku Bakı 22°C

Onu özlərinə lider seçənlər səhvlərini etiraf edib, üzr istəyəcəklər?

24.05.18 18:35 980
Onu özlərinə lider seçənlər səhvlərini etiraf edib, üzr istəyəcəklər?
Azərbaycanda hələ də erməniyə rəğbət göstərən, Qarabağın işğalına, Xocalı soyqırımına göz yumaraq bu millətlə dostluq etmək istəyənlərin olması çox təəssüf doğurur. Biz bunu bir müddət əvvəl Əkrəm Əylislinin "Daş yuxular” əsərindən görmüş olduq. Lakin bunun son olmadığını kinorejissor Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkilmiş "Qafqaz üçlüyü” adlı filmlə bir daha müşahidə etdik. Bu filmdə azərbaycanlılara nifrətin, ermənilərə rəğbətin növbəti dəfə şahidi olduq. Amma vaxtı ilə öz millətinə düşmən kəsilmiş R.İbrahimbəyovu, Azərbaycanda "böyük” siyasətə gətirmək, hətta onun prezident olmasını istəyənlər var idi. Məhz xaricdən alınan dəstəklə Milli Şura adlı qurum yaradıldı və R.İbrahimbəyov ona rəhbərlik etməyə başladı. Bu qurumda təmsil olunan müxalifət partiyaları hansı məntiqlə belə bir insanı dəstəkləyib, ölkə rəhbərliyinə gətirmək istəyirdilər? Görəsən, Milli Şurada təmsil olunanlar belə bir insana dəstək verdiyi üçün səhvini etiraf edəcəkmi?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Azərbaycan Vəhdət Partiyasının sədri (AVP), millət vəkili Tahir Kərimli bildirdi ki, özünü ziyalı adlandıran belə bir insanın öz millətinə qənim kəsilməsi heç bir əxlaqa sığmır: "Təsəvvür edin ki, Allah eləməmiş, belə bir insan prezidentimiz olardı. Bizim dövlətimizin aqibəti necə olacaqdı? Rüstəm İbrahimbəyovun "Qafqaz üçlüyü” filmi göz qarşısındadır. Eləcə də Roman Babayanla birgə azərbaycanlılar əleyhinə yeni bir film çəkmək istəyini də bəyan edib. Heç çəkinmədən cənab prezidentə bəri başdan müraciət edərdim ki, Rüstəm İbrahimbəyovu Azərbaycan vətəndaşlığından məhrum eləsin. Çünki bu insan Azərbaycan adına layiq deyildir. Bir halda ki, Rüstəm İbrahimbəyov bizə nifrət edir, azərbaycanlılardan xoşu gəlmir, deməli millətimizdən biri deyil. O, xoşu gəldiyi ermənilərin, başqa millətlərin yanına getsin”.

T.Kərimli əlavə etdi ki, R.İbrahombəyovla bağlı Milli Şura və orada təmsil olunan müxalifət partiyaları öz mövqeyini bildirməlidir: "Onların iki yolu var. Birincisi, Milli Şura və orada təmsil olunan müxalifət partiyaları öz səhvlərini etiraf etməlidirlər. Azərbaycana düşmən mövqeyində dayanan belə bir insanı özlərinə rəhbər seçməklə səhvə yol verdiklərini etiraf etməklə, xalqımızdan üzr istəməlidirlər. Heç olmasa, bu addımı ataraq, qismən də olsa da nüfuzlarını qoruyub saxlayarlar. Yox, əgər belə bir niyyətləri olmasa, deməli Milli Şura və orada təmsil olunan müxalifət partiyaları özləri əvvəlcədən və bilərəkdən Rüstəm İbrahimbəyov kimi antimilli ünsürü özlərinə rəhbər seçiblər. Eləcə də, onu Azərbaycana sırımaq istəyiblər. Bu, çox ciddi məsələdir. Biz zaman-zaman radikal müxalifətin deqradasiyaya uğradığını deyirdik. Milli Şura adlanan qurum özü "Milyarderlər ittifaqı” tərəfindən yaradılıb və bunu hamı bilirdi. Necə oldu ki, heç vaxt siyasətdə olmayan bir adam kimi Rüstəm İbrahimbəyov belə bir quruma rəhbər seçildi? Onu Azərbaycan ictimaiyyətinə sırımağa çalışdılar? Amma zaman elə gətirdi ki, heç nə sirr olaraq qalmadı, hər şey cəmiyyətə açıqlandı və Milli Şura adlanan qurumun siması bəlli oldu. Məhz bu hadisəyə görə, Milli Şura xalqdan üzr istəməyəcəksə, deməli, heç bir mənəvi siması qalmayıb. Onsuzda bunların hakimiyyətə gəlmək imkanları yoxdur və bu qurumda təmsil olunanlar xalqın gözündən düşüblər. Amma heç olmasa, insanlıqlarını qoruyub saxlasınlar. Öz xalqına bu qədər nifrət edən, onu aşağılayan, zaman-zaman ermənilərin qətliamına məruz qalan xalqının haqq işi mövcud olduğu halda, düşməni tərifləyən bir film çəkmək heç bir əxlaqa sığmır. Ola bilər ki, Rüstəm İbrahimbəyov xaricdə dayaq tapmış olsun. Ancaq Azərbaycan daxilində Rüstəm İbrahimbəyov adında bir şəxs yoxdur. Qeyd etdiyim kimi, Milli Şurada təmsil olunan müxalifətin yeganə çarəsi belə bir insanı Azərbaycan xalqına rəhbər kimi təqdim etdikləri üçün üzr istəməkdir”.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev bildirdi ki, başqa dövlətlərə uşaqlıq edənlər öz millətinə böyüklük iddiasında ola bilməzlər: "Millət onu qəbul edə bilməz. Bunlar başqa dövlətə uşaqlıq edirlər. Rüstəm İbrahimbəyov və onun vaxtı ilə başçılıq etdiyi Milli Şura da başqa dövlətlərə xidmət edirdi. İndi də o qurum var. Hətta vaxtı ilə Müsavat partiyası Milli Şuradan ayrıldı və bəyan elədi ki, biz sonradan bilmişik ki, bu qurumu Rusiya yaradıb. Bu da bir etiraf idi. Hamımız bilirik ki, Milli Şuranı Volodya yaratmışdı. O cümlədən hər kəsə bəlli idi ki, buna paralel olaraq "Milyarderlər ittifaqı” qurulmuşdu. Məqsəd isə Azərbaycanı təzyiq altında saxlamaq, ölkəmizdə xaricə, Rusiyaya bağlı adamları vəzifəyə gətirmək idi. O cümlədən Azərbaycanı parçalamaq, ölkəmizdə separatizmi gücləndirmək, bölücülük yaymaq və dövlətimizə zərbə vurmaq istəyirdilər. İndi görünür ki, adını ziyalı qoyan bu adamların əməlləri nədən ibarətdir. Diplomlu olmaq heç də ziyalı olmaq demək deyil. O qədər diplomu olmayan insanlar var ki, vətəninə bağlıdır və onlar paytaxtda və ya bölgələrdə ictimai lider ola bilər, cəmiyyət də onların arxasınca gedər. Amma savadlı olmaq, eləcə də vətənə qarşı olmaq, bu, çox təhlükəli məsələdir. Bir var savadsız adam bu yolda olur, bir də var ki, kifayət qədər savadlı, dünya görüşlü bir adam. Bu mənada oxumuş adamların hərəkətləri yanlış sayılmaz, bu, birmənalı şəkildə xəyanətdir, başqa dövlətin maraqlarına çalışmaqdır. Bunun ayrı bir adı yoxdur”.
F.Quliyev qeyd etdi ki, Rüstəm İbrahimbəyovun əvvəlki "xidmətləri” və çəkmiş olduğu "Qafqaz üçlüyü” filmi heç də təsadüf hesab olunmamalıdır: "Bu adam millətimizdən olmayan, xalqımıza xidmət etmək istəməyən xəyanət yolunu tutmuş qruplaşmanın tərkib hissəsidir. Belələrinə də yerini göstərmək lazımdır və onları Azərbaycanın insan resursundan, potensialından çıxarmaq lazımdır. Bunları bizim ziyalımız kimi təqdim etməli deyilik, onlar millətə qarşı olan adamlardır Hesab edirəm ki, bunlar barədə ölçü götürülməlidir, eyni zamanda ictimai qınaq öz sözünü deməlidir”.
Bəxtiyar MƏMMƏDLİ
banner

Oxşar Xəbərlər