“Onlayn media Azərbaycanın xaricdəki təbliğat vasitəsidir”
Milli Məclisin Hüquq siyasəti
və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman, Regional məsələlər,
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin büdcə zərfinə
daxil olan qanun layihələrinin müzakirəsinə həsr edilmiş birgə iclasındaMətbuat
Şurasının sədri, deputat Əflatun Amaşovonlayn mediaya dəstək məqsədilə
dövlət büdcəsindən maliyyə ayrılmasını təklif edib. Bu təklif və bundan irəli gələn
bir sıra məsələlərlə bağlı "Kaspi”nin suallarını millət vəkili Ə.Amaşov
cavablandırıb.
-
Əflatun müəllim, Milli Məclisdə irəli sürdüyünüz təklifi bir qədər geniş əsaslandırmanızı
istərdik. Hansı zərurətdən yaranıb bu təklif?
- Bu zərurət barədə dəfələrlə
açıqlamalarım olub. Çıxışlarımda da məsələdən ətraflı bəhs etmişəm. Əslində çox
sadə reallıq var. 2008-ci ildə "Azərbaycan Respublikasında kütləvi informasiya
vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası” qəbul edilib. Sənəddə
göstərilən vəzifələrin reallaşdırılması üçün Prezident yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondu yaradılıb. Gələn il biz Fondun fəaliyyətinin 10 ilini qeyd
edəcəyik. Ötən 10 ildə nə dəyişib? Yəni 10 il əvvəl biz KİV deyəndə daha çox
hansı informasiya məhsullarını nəzərdə tuturduq, indi hansıları? Təbii ki,
hazırda internet medianın cəmiyyətin informasiya təminatında xüsusi rol
oynadığı vurğulanmalıdır. Konsepsiyada KİV-lərə dəstək bir növ, stimuldur. Bu
stimul onları dövlət üçün vacib olan sahələri təbliğ etməyə yönləndirir. Belə
olan halda dövlət öz prioritetləri naminə nəyə görə daha effektiv təbliğat
vasitəsindən bəhrələnməsin? İkinci məqam ondan ibarətdir ki, onlayn media bu
gün faktiki olaraq Azərbaycanın xaricdəki təbliğat vasitəsidir. Hesab edirəm
ki, dövlət dəstəyi dedikdə məsələyə məhz bu aspektdən də yanaşmaq zəruridir.
Dövlət dəstəyi ilə internet KİV-lərimizin qlobal informasiya məkanına
inteqrasiyasına nail olmalıyıq. Həqiqətlərimizin dünyaya çatdırılması üçün daha
peşəkar platforma formalaşdırmalıyıq. Daha bir məqama da diqqətinizi çəkmək istərdim.
Yadınızdadırsa, illər əvvəl çap mediası ayrı-ayrı maraqlı siyasi qrupların alətinə
çevrilmişdi. Qəzetləri bu məngənədən qurtaran dövlət dəstəyi oldu. İndi eyni
xoşagəlməz mənzərə onlayn media orqanlarında da yaşanmaqdadır. Biz bunun
qarşısını almalıyıq. İmkan verməməliyik ki, bir-biri ilə ziddiyyətdə olan
maraqlı tərəflər onları özlərinin ruporuna çevirsinlər.
-
Sizcə, bu dəstək daimi olmalıdırmı?
- Əlbəttə, dövlət dəstəyi
daimi ola bilməz. Adından da göründüyü kimi, söhbət dəstəkdən gedir, himayədən
yox. Dəstək KİV-lərin müstəqilliklərinin qorunması üçündür. Bu tədbir müəyyən
dövrü əhatə etməlidir. Ciddi şəkildə baxılmalıdır ki, dövlət yardımından
faydalanan informasiya resursu özü öz potensialını artırmaq üçün nə edir. Kimlərsə
düşünsələr ki, dövlət maliyyə ayırır və o da rahatca bundan bəhrələnib gün
keçirir, buna imkan verilməməlidir. Nəzərə alaq ki, dövlət dəstəyi həm də əlavə
imkanlardır. Bu imkanları qazanmaq peşəkarlığa söykənməlidir. Yəni sistem elə
qurulmalıdır ki, hər bir xəbər saytı həmin imkanı qazanmaq üçün rəqabət aparsın.
Hesab edirəm ki, bu yolla həm hazırkı status baxımdan dövlət dəstəyindən faydalanmaq
kriteriyalarına cavab verənlər, həm də cavab verməyənlər bir növ rəqabətdə
olacaqlar. Heç kəs arxayın olmayacaq. Qəzetlərdə bu yanaşma tətbiq edilir. Mətbuat
indiki dövrdə daha çox salnamə xarakteri daşıdığından rəqabət mühiti o qədər də
duyulmur. Ancaq internet mediada rəqabət istər-istəməz görünəcək. Bu, inkişafa
aparan yol olacaq.
-
Siz təklifinizdə konkret 1 milyon manat məbləğ qeyd etmisiniz. Bu hesablama dəqiqdirmi?
Yəni, 1 milyon manat ümumilikdə onlayn medianın maliyyə dəstəyi üçün kifayətdirmi?
- İndiki mərhələdə əsas
olan internet media üçün vəsaitin ayrılmasıdır. Əlbəttə, vəsait nə qədər çox
olsa, bir o qədər yaxşıdır. Ümumən mediaya ayrılmış dövlət vəsaitinin
artırılmasına ehtiyac var. Dövlət büdcəsinə diqqət edəndə görürsən ki, digər sahələr
üzrə ayırmalarda kifayət qədər artım müşahidə edilməkdədir və bu
sevindiricidir. Eyni yanaşma mediaya münasibətdə də tətbiq edilməlidir. Sahənin
həddən artıq spesifikliyi nəzərə alınmalıdır. Bu mənada 1 milyon manat heç də
böyük rəqəm sayıla bilməz. Ancaq hesab edirəm ki, hələlik yetərlidir, hər bir
halda stimuldur, yeni ənənənin başlanğıcıdır.
-
Hökumət tərəfindən Sizin bu və buna qədər olan oxşar təkliflərinizə reaksiya
necə olub? Maliyyənin ayrılması ilə bağlı hər hansı ümid varmı?
- Buna qədər məsələ ilə
bağlı fikirlərimi bir neçə dəfə səsləndirmişəm. Eyni zamanda müəyyən müzakirələr
də aparmışam. Prinsipial məsələ budur ki, KİV-ə dövlət dəstəyi əsaslı şəkildə
artırılsın. Bu, baş verəcəksə, internet medianın hansı formada o dəstəkdən
faydalanacağı məsələsinə baxılacaq. Məqsədimiz internet medianı artımdan
faydalanan tərəf kimi müəyyənləşdirməkdir. Buna görə də çıxışlarımda məsələni məhz
internet mediaya yardımın ayrılmasının zəruriliyi şəklində ifadə edirəm. Fikirlərim
bir jurnalist deputat kimi istəyimdir və düşünürəm ki, bütövlükdə media
ictimaiyyətinin baxışını ortaya qoyuram. Ümid edirəm ki, reaksiya müsbət
olacaq.
-
Onlayn mediaya maliyyə yardımı ayrılacaqsa, hansı formada, hansı şərtlərlə
ünvanına çatdırılacaq? Bununla əlaqədar xüsusi planınız varmı?
- Düşünürəm ki, əsas
prinsiplər artıq işlənib. Söhbət "Azərbaycan Respublikasında kütləvi
informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”ndan gedir. Eləcə
də KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun müəyyən etdiyi prinsip və qaydalar
var. Təbii ki, internet mediaya uyğun müəyyən texniki düzəlişlər nəzərdən
keçirilə bilər. Əsas olan maliyyənin ayrılmasıdır. Maliyyə ayrıldıqdan sonra
daha konkret yanaşma ortaya qoyulacaq.
-
Onlayn mediaya maliyyə yardımın göstərilməsi "reket jurnalistika” probleminin
aradan qalxmasına necə təsir göstərəcək və ya hansısa formada göstərəcəkmi?
- Prinsipcə, bunlar fərqli
məsələlərdir. Amma az əvvəl bir məqama toxundum. Bildirdim ki, internet
informasiya resursları ayrı-ayrı şəxslərin, ziddiyyətli tərəflərin, hətta
xaricdən idarə olunan qüvvələrin ruporuna çevrilirlər. Bundan xilas olmaq üçün
dövlət dəstəyi mütləqdir. Çünki hazırkı reklamsızlıq şəraitində kimlərsə öz
yaşamlarını sürdürməkdə israrlıdırlar. Götürək elə peşəkarları. Hansısa peşəkar
jurnalist özünə sayt yaradır. Bir, beş, on gün, bir-iki ay fəaliyyət göstərir.
Sonra bəs? Reklam yoxdursa, nə etməlidir? Fəaliyyət göstərməməlidir? Axı bu
adamın işi jurnalistikadır. Özünü internet media orqanının rəhbəri kimi təsdiqləmək
istəyir. Çalışır, vuruşur, yaradıcılığını ortaya qoyur, bəlli oxucu
auditoriyası da toplayır. Ancaq nə olsun? Reklam verən yoxdur. Belədə istər-istəməz
alternativ variantlar üzərində düşünür və çıxış yolu yuxarıda qeyd etdiyim tərəflərin
maraq müstəvisində tapılır. Beləcə dəyərlər də itib-gedir. "Reket jurnalistika”
ilə isə hüquqi müstəvidə mübarizə aparılmalıdır. Başqa yol yoxdur. Hesab edirəm
ki, dövlət dəstəyi internet medianın timsalında bu tribunaların həm sayını
artıracaq, həm də keyfiyyətini yüksəldəcək.
Rufik
İSMAYILOV